Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatıb
Qurultayda mühüm sənədlər qəbul
edilib
İyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iclasda çıxış edərək bildirib ki, iki gün davam edən qurultayda səmərəli müzakirələr aparılıb, maraqlı ideyalar səsləndirilib. Qurultayın açılışında Prezident İlham Əliyevin tarixi nitq söylədiyini vurğulayan Komitə sədri deyib ki, bu nitq diaspor üzvlərinin gələcək fəaliyyəti üçün proqram xarakterli oldu.
Sonra Qurultayın “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri”, “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya”, “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində”, “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzularında keçirilən panel iclaslarının moderatorları müzakirə olunan məsələlər barədə qısa məlumat veriblər. Bildirilib ki, bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, əlaqələndirməni daha da möhkəmləndirmək üçün gözəl platforma oldu. Panel iclaslarda vurğulanıb ki, dövlətimizin başçısının qurultaydakı nitqi vahid qüvvəyə çevrilmək və Azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. Moderatorlar qeyd ediblər ki, qurultayın iştirakçıları bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada yayılmasında səylərini əsirgəməyəcəklərini bildiriblər.
Qurultayın əhəmiyyətindən danışan, bu tədbirdə iştirak edən azərbaycanlıların diasporumuzun avanqard hissəsi olduğunu deyən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının yaranma tarixindən söhbət açıb. Qeyd edib ki, azərbaycanlıların birliyi və həmrəyliyi ideologiyası Ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman həyata keçirilib: “1998-ci ildə Ulu öndər dünya azərbaycanlılarının qurultayının keçirilməsi ideyasını gündəmə gətirəndən sonra biz bu mühüm iş üçün üç il hazırlaşdıq. Biz istəyirdik ki, dünyanın bütün guşələrində yaşayan azərbaycanlılar unudulmasın, onların təşkilatlarını formalaşdıraq, əlaqələrini yaradaq. O dövrdə biz çətinliklərlə də üzləşirdik, çünki dünya azərbaycanlılarının həmrəyliyinə qarşı çıxan qüvvələr var idi. Ancaq bu işin öhdəsindən layiqincə gəldik. Ulu öndərin böyüklüyü onda idi ki, dünya azərbaycanlılarının birliyi ideyasının təməlinə təkcə Azərbaycan xalqının birliyi və həmrəyliyini qoymadı, eyni zamanda, dünya azərbaycanlılarının yaxşı bir nümunəsinin bünövrəsini qoydu. Ümummilli lider dünya azərbaycanlılarının birliyini dövlət siyasəti səviyyəsinə qaldırdı. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bunun sübutudur”.
Ulu öndər fəaliyyətində diaspor quruculuğu işinə daim xüsusi diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycançılıq ideyası bir dövlət ideyası kimi formalaşdı, onun məzmunu və forması müəyyənləşdirildi. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, onların təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə bağlı son on ildə 17 Sərəncam imzaladığını bildirən Prezidentin köməkçisi vurğulayıb ki, dünya azərbaycanlılarının bir araya gəlməsi onların Vətənlə bağlılığının, birlik və həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Əli Həsənov qeyd edib ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal və nümunəvi olmalı, həmçinin bu ölkələrin cəmiyyətlərinə inteqrasiya etməlidirlər. Prezident İlham Əliyevin nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Əli Həsənov vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi məsələsi çox önəmlidir. Bu, Azərbaycançılıq ideyasının qorunması, möhkəmləndirilməsi və inkişafı baxımından vacibdir. Dünya azərbaycanlılarının birliyi ona görə vacibdir ki, onlarda azərbaycançılıq hissləri, Vətənlə bağlılıq möhkəmlənsin, ana dilimiz, mədəniyyətimiz, multikultural, tolerant ənənələrimiz daha da inkişaf etdirilsin, həmçinin yaşadıqları ölkələrin cəmiyyətlərində onların vasitəsilə bu ideyalar təlqin olunsun. Azərbaycan Prezidentinin qarşıya qoyduğu digər vəzifələrdən biri də budur ki, artıq müasir dünyanın çağırışlarına müvafiq şəkildə fəaliyyət göstərmək, informasiya məkanına çıxmaq lazımdır. Dünya azərbaycanlıları arasında virtual informasiya əlaqələrinin yaradılması dövlətimizin başçısının Azərbaycan diasporu qarşısında qoyduğu ən önəmli vəzifədir. Bu əlaqələr təkcə dünya azərbaycanlılarının bir-biri ilə ünsiyyətinə deyil, istədiyimiz informasiyanın dünya informasiya məkanına, qlobal virtual məkana çıxarılması vəzifələrinin icrasına xidmət etməlidir. Bundan başqa, diaspor təşkilatları arasında tərəfdaş mühitin formalaşması, əlaqələndirmə işi də vacibdir. Həmçinin dünya azərbaycanlı iş adamları birliyinin yaradılması məsələsi də çox önəmlidir. Artıq bu birliyin yaradılmasının və onun Bakıda təsis konfransının keçirilməsinin, iş adamlarının imkanlarının səfərbər edilməsinin zamanı gəlib çatıb.
Sonra təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olunub.
İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından Prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul ediblər.
Daha sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub.
Qurultay iştirakçıları növbəti dəfə Prezident İlham Əliyevi yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçiblər.
Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqlənib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icra katibi vəzifəsinə seçilib.
Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri diplomları təqdim olunub.
Bununla da,
Dünya Azərbaycanlılarının IV
Qurultayı başa çatıb.
Yeni Azərbaycan.- 2016.- 7 iyun.- S.8