Azərbaycanın regionlarının turizm potensialından geniş istifadə olunur

 

Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti bölgələrdə yerləşir

Respublikamızda qlobal mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafının prioritetliyindən söhbət açarkən bütün ölkə boyu turizm sektorunun inkişaf perspektivlərini ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, ölkəmizdə turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, ölkəmizdə turizmin inkişafı daha sürətlə getməlidir. Turizmin inkişafının həm respublikanın tanınması, həm də ölkəyə daha çox valyuta daxil olması baxımından əhəmiyyətinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər”.

Həyata keçirilən tədbirlər regionların turist cəlbediciliyini artırır

Əlamətdar haldır ki, ölkəmizin paytaxt Bakı da daxil olmaqla əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub.

Təbii amillərlə yanaşı, son illərdə görülən bir sıra məqsədyönlü işlər də ölkəmizin regionlarının turizm cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, respublikamızda turizmin inkişafı dövlət tərəfindən güclü şəkildə dəstəklənir. Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkədə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Belə ki, Milli Məclis 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edib. Ölkə Prezidentinin 2002-ci il 27 avqust tarixli müvafiq Sərəncamı ilə respublikamızda 2002-2005-ci illərdə turizmin inkişafına dair ayrıca Dövlət Proqramı təsdiq olunub. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” müvafiq Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır.

Azərbaycanın regionlarının turist cəlbediciliyinin artmasında həmçinin bütün turist marşrutları üzrə yaradılan mükəmməl infrastruktur da mühüm rol oynayır. Respublikamızda turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına böyük diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turistyerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir.

Son illərdə Azərbaycanda müxtəlif turist marşrutları üzərində beynəlxalq səviyyəli turizm mərkəzlərinin yaradılması ölkəmizin turizm reytinqini əhəmiyyətli dərəcədə yüksəldib. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yaradılan “Şahdağ” Qış-Yay Turizm Kompleksi məhz belə yüksək səviyyəli turizm obyektlərindən biridir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi mərhələli şəkildə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Layihə çərçivəsində indiyədək “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur qurulmuş, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.

Ölkəmizdə müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend otellərin tikintisini də ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 516-ya çatıb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.

Qəbələdə cari yay turizm mövsümü izdihamlı keçir

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yay turizm mövsümünə rəsmən iyunun 15-də start verilib. Növbəti yay turizm mövsümünün başladığı elə ilk gündən turistlərin bu diyara intensiv axını müşahidə olunur.

Qəbələdə bir gündə 2500-dən çox qonağı yüksək səviyyədə qəbul etmək imkanına malik 5, 4 və 3 ulduzlu 20 hotel fəaliyyət göstərir. Rayonda təbiət qoynunda rahat şəkildə ailəvi istirahət etmək üçün həmçinin kiçik hotellər, bir neçə istirahət və əyləncə mərkəzi, turist bazaları da var. Ümumilikdə isə irili-xırdalı 100-dən artıq turizm obyekti turistlərin xidmətindədir. Gün ərzində bu obyektlərdə qonaqlara milli, türk və Avropa yeməklərinin də daxil olduğu restoran xidmətləri, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət təklif olunur. Bundan əlavə, turistlər “Qəbələnd” istirahət və əyləncə mərkəzinin, hotellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnə bilərlər.

Qəbələdə turizmin inkişaf dinamikasına nəzər salsaq, görərik ki, 2008-ci ildə rayona 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə isə xarici və yerli turistlərin sayı 50 mini ötüb. Turist axınının artmasına səbəb olan amillərdən biri də əvvəlki illərlə müqayisədə hotel və restoran xidmətlərinin qiymətlərində endirimlərlə bağlıdır. Qiymətlərin aşağı düşməsinə səbəb rayonda turizm obyektlərinin çoxluğu və onlar arasındakı rəqabətlə əlaqədardır.

Qaxda turistlər üçün bütün rahatlıqlar yaradılıb

Son illər Qax rayonunda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, rayona gələn qonaqların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Xüsusilə yay aylarında öz istirahətlərini Qaxda keçirmək arzusunda olanların sayı xeyli artıb.

Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsini icra edən Dilarə Əzizova AZƏRTAC-a müsahibəsində turizm obyektlərinin yay turizm mövsümünə hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qurumun rəsmisinin bildirdiyinə görə, hazırda Qax rayonunda 12 turizm obyekti fəaliyyət göstərir. 2015-ci ildə “Berqs” istirahət mərkəzinin fəaliyyətə başlaması, “El Resort” hotelində və “Eden” istirahət mərkəzində əlavə korpusların, 2016-cı ilin mayında “Səngər qala” ailəvi istirahət mərkəzində 39 mənzilli 90 yerlik binanın istifadəyə verilməsi nəticəsində rayonun turizm obyektlərində yerlərin sayı artırılaraq 800-ə çatdırılıb. Rəsmi statistikaya görə, 2015-ci ildə rayona 25 minə yaxın turist gəlib. 2014-cü ildə isə bu göstərici 20 min olub. Statistik məlumata görə, cari ilin ötən dövrü ərzində rayonu 5 mindən çox turist ziyarət edib. Evlərdə qalan turistlərin sayını da bura əlavə etsək, bu göstərici daha da artacaq.

Hazırda rayonun turizm mərkəzlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında müəyyənləşdirilib. Mövsüm ərzində qiymətlərdə endirimlərin olacağı da istisna edilmir.

Dilarə Əzizovanın bildirdiyinə görə, yay mövsümündə turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin, əyləncəli proqramların, gəzintilərin həyata keçirilməsi nəzərdə tutulub. Turistlərin rayonun tarixi məkanlarına, gəzməli-görməli yerlərinə ailəvi və kollektiv ekskursiyalarını təşkil etmək məqsədi ilə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 6 istiqamət üzrə marşrut müəyyənləşdirilib. Bu marşrutlardan istifadə olunması üçün turizm obyektlərinin rəhbərlərinə proqramlar təqdim edilib, tövsiyələr verilib.

Yay aylarında turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri Qax şəhərinin qədim tarixi hissəsi - “İçəribazar” Turizm Mədəniyyət Mərkəzinin ərazisidir. Burada fəaliyyət göstərən sənətkarlıq emalatxanaları - tətbiqi sənət, ağacoyma, toxucu, xalçaçı, Şərq şirniyyatı və təndirxana otaqları daim turistlərin xidmətindədir. Tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, təkəlduz və toxuculuq nümunələri, suvenir xalçalar nümayiş olunur. Yerli sakinlərin və turistlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün yay aylarında buradakı yay səhnəsində hər gün konsertlərin, əyləncəli proqramların keçirilməsi nəzərdə tutulur.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 23 iyun.-S.8.