Azərbaycan məktəblisi Dünya Əqli Mülkiyyət Təşkilatının mükafatına layiq görülüb

 

Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il müxtəlif formatlı tədbirlər keçirir. Bu tədbirlər sırasına 2015-ci ildən ilk dəfə məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə DƏMT mükafatının verilməsi də daxildir. Yeni qaydalara əsasən, müsabiqədə DƏMT-in üzvü olan ölkələrdə yaradıcılıq nailiyyətləri ilə fərqlənən məktəblilər iştirak edə bilərlər.

Ölkəmizin nümayəndəsinin həmin yaradıcılıq müsabiqəsində iştirakının təmin edilməsi ilə əlaqədar Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyi tərəfindən namizədin müəyyənləşdirilməsi üçün seçim turu keçirilib və nəticələrə əsasən Bakı Avropa Liseyinin yeddinci sinif şagirdi Hüseyn Hacıyev qalib olub. DƏMT-in ekspertləri Azərbaycan məktəblisinə bu qurumun mükafatının verilməsi barədə qərar qəbul ediblər. Mükafat qızıl medal, xatirə hədiyyəsi və DƏMT-in Baş direktoru Frensis Qarri tərəfindən imzalanmış sertifikatdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, mükafat fevralın 29-da Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə keçirdiyi tədbirdə məktəbli Hüseyn Hacıyevə təqdim olunub.

Tədbirdə çıxış edən MHA-nın sədri Kamran İmanov bildirib ki, Dünya Əqli Mülkiyyət Təşkilatının mükafatı milli təhsil və əqli mülkiyyət sistemlərimizin nailiyyəti, Azərbaycanın böyük uğurudur. Məktəbli H.Hacıyev DƏMT-in qızıl medalına informasiya texnologiyaları sahəsindəki nailiyyətlərinə görə layiq görülüb.

Kamran İmanov qeyd edib ki, müasir dövr rəqəmsal dövrdüronun yaratdığı kontent bu gün, eyni zamanda, həm əsas məhsul, həm də rəqəmsal iqtisadiyyatın mənbəyi hesab olunur. İnformasiya dövrü ilə bağlı hətta həm bazarda, həm də iqtisadiyyatda yeni termin - “asimmetriyatermini yaranıb, yeni nəzəriyyə meydana çıxıb. Məlumdur ki, əqli mülkiyyət yaradıcılıq və innovasiyalara investisiyaların yönəldilməsi üçün əlverişli mühitin yaradılmasında və yaradıcılıq, innovasiya məhsullarının yayılmasında başlıca vasitədir. Yaradıcılıq və yenilikçilik insanların müstəsna təbii resurslarıdır və mədəni irs xəzinəsini zənginləşdirən yeganə mənbədir. Yaradıcı fərdlərin zəkasının məhsulu, intellektual nailiyyətləri onların əsər, ixtira, müəlliflik və patent hüququ obyekti kimi ümummilli xəzinəyə daxil olur, xalqın intellektini zənginləşdirir. Millətin əqli nailiyyətləri isə ənənəvi mədəni nümunələrdə və ənənəvi biliklərdə cəmləşir, qeyri-maddi mədəni irsdə özünü ifadə edir.

Məlumat verilib ki, dünya miqyasında əqli mülkiyyət məsələləri ilə məşğul olan DƏMT BMT-nin ən iri ixtisaslaşmış təşkilatlarının biridir, 200-dək üzv-dövləti birləşdirən hökumətlərarası mühüm orqandır. Bu qurumun sərəncamında 25-dən çox əqli mülkiyyət üzrə beynəlxalq konvensiya və müqavilə cəmləşir. Dünya miqyasında əqli mülkiyyət üzrə əlaqələndirmə və mübadilə DƏMT-in dəstəyi və nəzarəti altında həyata keçirilir. DƏMT əqli mülkiyyətin ümumdünya dəyərini, onun bütün xalqlara məxsusluğunu bəyan edir.

Prezident İlham Əliyev yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib: “Hesab edirəm ki, bu gün ölkəmiz üçün yeni dövr başlayır. Əminəm ki, bu dövruğurlu olacaqdır. Bu postneft dövrüdür... İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq...Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək”.

Beləliklə, gələcəyə baxış kreativ və innovasiyalı cəmiyyətin formalaşması ilə bağlıdır. Bu isə o deməkdir ki, “biliklərə əsaslanan iqtisadiyyat”, “rəqəmli iqtisadiyyat” və “kreativ”, “innovativ iqtisadiyyat” cəmiyyətin davamlı və qüdrətli inkişafında aparıcı rol oynayacaq.

Dövlətimizin başçısının dediyi kimi, “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır”.

K.İmanov vurğulayıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulanPrezident İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi kimi, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş nümunəvi sistemlər sırasına daxil edilib. Bu sistemin ölkə Prezidenti tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında özünəməxsus yeri var. Burada əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və həmin sənədin altı bəndində əqli mülkiyyət sisteminin qarşısında qoyulan mühüm vəzifələr əksini tapıb. Bununla belə, əqli mülkiyyət mədəni hüquqların ayrılmaz hissəsidir, bu hüquqları dəstəkləyən isə Azərbaycanın multikultural siyasətidir. Multikulturalizm qədim diyarımızda tarixən yaşayan bütün sakinlər tərəfindən dəstəklənən ənənə və həyat tərzidir.

Ötən ilin noyabrında Bakıda ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışında Prezident İlham Əliyevin dediyi kimi, “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var... multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol sayıla bilməz...”.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, azərbaycanlı məktəblinin beynəlxalq təşkilatın yüksək mükafatına layiq görülməsi ölkəmizin həyatında çox mühüm hadisədir. DƏMT-in məktəbliləri xüsusi nominasiya üzrə mükafatlandırması elmin, təhsilin inkişafında, gənclərin istedadının üzə çıxarılmasında böyük əhəmiyyət daşıyır. On üç yaşlı məktəblinin qazandığı bu uğuru Azərbaycan təhsilində aparılan islahatların nəticəsi kimi dəyərləndirmək olar.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə həyata keçirilən təhsil siyasətindən, gənclərin inkişafına dövlət qayğısından danışıb, məktəblini qazandığı böyük uğur münasibətilə təbrik edib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib: “Hüseyn Hacıyev böyük nailiyyət əldə edib, ölkəmizin, xalqımızın adını ucaldıb. Bu, əslində, Azərbaycan xalqının təhsilə, elmə marağının göstəricisidir. Dövlətimiz təhsilin inkişafına daim böyük qayğı göstərir. Ölkədə hər il yeni məktəblər tikilir, təmir və bərpa olunur. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. On üç yaşlı məktəbli qazandığı uğur sayəsində indidən özünü istənilən ali məktəbin tələbəsi hesab edə bilər. Çünki bu nailiyyəti ilə o, artıq qəbul imtahanı vermədən ali məktəbə daxil olmaq hüququ qazanıb”.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məktəblinin layiq görüldüyü mükafatı ölkədə aparılan gənclər siyasətinə sanballı töhfə, gənclərin inkişafına dövlət dəstəyinin bəhrəsi kimi dəyərləndirib. Nazir müavini Bakı Avropa Liseyinin kollektivinişagirdin valideynlərini təbrik edib, Hüseyn Hacıyevə daha böyük uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, 13 yaşlı məktəblinin mötəbər beynəlxalq təşkilatın mükafatına layiq görülməsi respublika miqyaslı hadisədir, Prezident İlham Əliyevin illər uzunu apardığı islahatların nəticəsidir. Bu nailiyyət Azərbaycanda yeni intellektual nəslin yetişməsi ilə bağlı nikbin düşünməyə əsas verir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov son illər ölkədə elm və təhsilin inkişafından, şagirdlərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarından danışıb. Hüseyn Hacıyevin qazandığı bu nailiyyətin ölkəmizdə təhsilin və gənclərin inkişafı sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu bildirən akademik məktəblini təbrik edib, ona gələcəkdə Azərbaycan elminə Nobel mükafatı qazandırmağı arzulayıb.

Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova məktəbin yetirməsinin uğrundan duyduğu sevinci dilə gətirib, Hüseynin yaxşı oxumaqla yanaşı, məktəbin ictimai həyatında da fəallıq göstərdiyini diqqətə çatdırıb.

Şagirdin anası İlhamə Hacıyeva övladının keyfiyyətli təhsil almasına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

DƏMT-in mükafatının sevincini bölüşən Hüseyn Hacıyev bundan sonra da uğur qazanmaq, ona bəslənilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib, müəllimlərinə, valideynlərinə, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Yeni  Azərbaycan.- 2016.- 1 mart.- S.5