Regionlarda aqrar sektorun inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradıb

 

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması strateji əhəmiyyət kəsb edir və həyata keçirilən ardıcıl islahatlar bu istiqamətdə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib

Azərbaycanda həyata keçirilən institusional islahatlar davamlı və dayanıqlı inkişafı təmin edən başlıca amillərdəndir. Bütün sahələrin paralel inkişafı ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsalemal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Sadalananlara paralel olaraq Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Eyni zamanda, son 12 il ərzində ümumi daxili məhsul 3 dəfədən çox, qeyri-neft sektoru 2,6, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə düşüb. Respublikamızda işsizlik cəmi 5 faiz civarındadır. Hazırda Azərbaycan geniş maliyyə imkanlarına malik ölkələr sırasında yer alır. Paralel surətdə Azərbaycanın idxaldan asılılığı aradan qalxıb və ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə geniş potensialı bərqərar olub.

Bəhs olunan istiqamətlər sırasında ərzaq təhlükəsizliyinin təmin olunması isə strateji əhəmiyyət kəsb edirbu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində qarşıya kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı ötən il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin cari ilin avqustunda imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütövlükdə, davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Təkcə son illərdə Şirvanda Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonundaMillasüd məhsulları və dondurma istehsalı zavodlarının, Gədəbəydə “Halal Qidasüd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması kompleksinin tikintisi başa çatdırılıb. Ağcabədi rayonundaAqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda isə meyvə tədarükü və emalı ilə məşğul olan yeni limonad, su, kompot və mürəbbə sexi tikilib.

Ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb

Qeyd etdiyimiz kimi, son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır və istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Onu da qeyd edək ki, son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib.

Ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur

Əlbəttə, milli təhlükəsizlik strategiyası kontekstində müəyyən olunmuş prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindəndir. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülürmühüm nəticələr əldə edilməkdədir. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı özünəməxsus, müstəsna əhəmiyyət kəsb edir və ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2016.- 2 mart.- S.8