“Ertuğrul
1890” filminin Bakı premyerası
Martın 2-də “Nizami” Kino Mərkəzində Yaponiyanın və Türkiyənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə iki dövlətin müştərək istehsalı olan “Ertuğrul 1890” filminin qala-gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 2015-ci ildə tarixi dram janrda çəkilən film Yaponiya ilə Türkiyənin dostluğunu gücləndirən tarixi hadisələrdən bəhs edir.
Gecədə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri, xanım Meral Barlas filmin çəkilmə səbəblərindən söz açıb. İki ölkə arasında mədəni sahədəki əlaqələrinin inkişafına toxunan M.Barlas Türkiyə tarixində böyük faciələrdən sayılan belə bir hadisənin ekranlaşdırılmasından məmnunluğunu ifadə edib.
Qeyd olunub ki, 1889-cu ildə Sultan II Əbdülhəmidin Yaponiyaya saf dostluq niyyəti ilə göndərdiyi “Ertuğrul” döyüş gəmisi geri qayıdarkən qəzaya uğrayıb və 500-dək türk əsgəri şəhid olub. Hadisə nəticəsində şəhid olmuş insanların belə bir möhtəşəm filmlə xatırlanması tarix olaraq gələcək nəsillərin yaddaşında yaşayacaqdır.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib ki, film iki ölkə arasında dostluq əlaqələri ilə yanaşı, həm də həqiqətlərə əsaslanan bəşəri dramdır. Diplomat belə ekran əsərlərinin xalqları daha da bir-birinə yaxınlaşdıracağını söyləyib.
Ötən ilin noyabrında Türkiyədə premyerası olan filmin yaponiyalı kinosevərlər tərəfindən də maraqla qarşılandığını vurğulayıb və belə bir dəyərli ekran əsərini araya-ərsəyə gətirənlərə minnətdarlığını bildirib.
Yaponiyalı rejissor Mitsutoshi Tanakanın quruluşunda təqdim olunan filmdə tanınmış aktyorlar - Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert rol alıb.
Filmin mövzusunu
Yaponiya və Türkiyənin əlaqələrinə
möhür vuran və
iki ölkə arasında dostluğun
möhkəmlənməsində böyük
rol oynayan iki gerçək tarixi
hadisə təşkil edir. Belə
ki, filmdə 1890-cı ildə yapon sularında batan
Osmanlı savaş gəmisi “Ertuğrul”un qəmli hekayəsi
və yaponların gəmi heyətini qurtarmaq
səyləri, eyni zamanda
1985-ci ildə Səddam Hüseynin təhdidi
ilə Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının
Turqut Özalın təlimatı nəticəsində
Türk Hava Yolları
tərəfindən İran-İraq
müharibəsindən qurtarılmasından bəhs edilir.
Yeni Azərbaycan.-
2016.-3 mart.- S.4