Naxçıvan-Təbriz-Tehran-Məşhəd
sərnişin qatarının fəaliyyətə
başlaması ilə bağlı müzakirələr
aparılıb
Martın 3-də Naxçıvan şəhərindəki Duzdağ otelində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun və İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathalihanın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı texniki məsələlərlə əlaqədar müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, görüşdə Cavid Qurbanov Naxçıvanın Azərbaycan tarixinə, Azərbaycan dövlətinə böyük şəxsiyyətlər bəxş etdiyini deyib. Bildirib ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində muxtar respublika 24 ildir blokada şəraitində yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mehriban qonşuluq münasibətlərinin daim inkişaf etməsi, həm də bu mənada hər iki tərəfin maraqlarına xidmət edir.
Bu il fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfərini xatırladan Cavid Qurbanov deyib ki, səfər zamanı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən müqavilələr imzalanıb. Həmin sənədlərdən “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”, “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması baxımından böyük önəm daşıyır. “Şimal-Cənub” beynəlxalq dəmir yolu xətti ilə sərnişin daşımaları da həyata keçiriləcək. Bu baxımdan Naxçıvan ilə İran arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması önəmlidir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri fəaliyyətə başlayacaq dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçiriləcəyini qeyd edərək deyib ki, bu, həm iqtisadi, həm ekoloji, həm də təhlükəsizlik baxımından sərfəlidir.
Sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında olmağından məmnunluğunu ifadə edən İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha İran ilə Azərbaycan arasındakı münasibətlərin gündən-günə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılıb və müvafiq razılaşma əldə olunub.
Sonra Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məqsədilə təşkilati işlərin həlli, İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi, Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması məsələləri müzakirə olunub, iclasın protokolu imzalanıb.
Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin
mart ayı ərzində təkərdəyişmə
məntəqəsinin yerləşdiyi Culfa
stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan
və İran dəmir yollarının sərnişin
bilet satışı sistemlərinin
uyğunlaşdırılması imkanlarının araşdırılaraq
müzakirəyə çıxarılması və növbəti
görüşün aprel
ayında keçirilməsi qərara alınıb.
Yeni azərbaycan.-
2016.- 4 mart.- S.7