Milli mənəvi dəyərlərimizin qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində dövlət siyasətinin rolu

 

Hər bir ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, onun müstəqil dövlət kimi möhkəmlənməsində düşünülmüş gənclər siyasəti olduqca mühüm əhəmiyyət kəsb edir. Gənclik Vətənin müdafiəsi, ölkənin inkişafı deməkdir. Bu baxımdan intellektual potensiala malik gənclərin yetişdirilməsi böyük önəm daşıyır. Gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacibaktual vəzifələr bu gün dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Son illər Azərbaycanda gənclərlə sahəsində həyata keçirilən tədbirlər ölkə gəncliyinin inkişafında mühüm rol oynayıb.

Azərbaycanda təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində mühüm nailiyyətlər əldə olunub. Ulu öndər Heydər Əliyev gənclərə daim sonsuz diqqət və qayğı ilə yanaşıb. Bu sahə ilə bağlı mühüm əhəmiyyət kəsb edən Fərman və sərəncamlar imzalayan Ümummilli lider gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə həssaslıqla yanaşıb. Dahi şəxsiyyət çıxışlarının birində gənclər barədə belə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik”.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması barədə imzaladığı Fərman gənclərimizin mənəvi tərbiyəsi və inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycan gənclərinin təşkilatlanması və fəaliyyətlərinin əlaqələndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Bu Fərmanın ardınca - 1996-cı ildə müstəqil Azərbaycan Respublikası gənclərinin Birinci Forumu keçirildi. Sonralar bu forum mütəmadi xarakter alaraq gənclər siyasətinin müəyyənləşdirilməsində əhəmiyyətli platforma rolunu oynadı. Hər il fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu məhz Ümummilli liderin gənclərə sonsuz qayğısının göstəricisi idi.

1998-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri təyin olunması ilə Azərbaycanda idmanın bütün sahələrində və Olimpiya hərəkatında canlanma başlandı, gənclər arasında idmana maraq kütləvi hal aldı.

Azərbaycanda dövlət gənclər siyasəti 2003-cü ildən etibarən yeni mərhələyə qədəm qoyub. Bu sahəyə diqqət və qayğını uğurla davaminkişaf etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində paytaxt Bakı ilə yanaşı, bölgələrdə də nəhəng idman infrastrukturunun yaradılması, Olimpiya İdman komplekslərinin açılması ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinə, idmançılarımızın Olimpiyadünya çempionatlarında uğurlu çıxışlarına yol açdı. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi digər gənclərin də idmana marağının artmasına təkan verdi.

Gənclərin məşğulluğu, dövlət idarəçiliyi sistemində geniş təmsil olunması məqsədilə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə olan dövlət qayğısının davamı idi. Sərəncamın icrasının nəticəsi olaraq gənclərin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ilielan edilməsi müasir Azərbaycan gəncliyinə ölkə rəhbərliyi tərəfindən göstərilən qayğının növbəti təzahürü oldu. Dövlətimizin başçısı çıxışlarında Azərbaycan gəncliyinin savadına, bacarığına, peşəkarlığına, gələcəyinə böyük inam bəslədiyini dəfələrlə diqqətə çatdırıb. Bu məqsədlə gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması, onların müasir biliklərə, informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına yiyələnməsi də diqqət mərkəzində saxlanılan istiqamətlərdəndir. Bu baxımdan Prezidentin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın qabaqcıl universitetlərində təhsillərini başa vuraraq ölkəmizin dinamik inkişafına öz töhfələrini verirlər.

Gənclərin fəaliyyətlərinin stimullaşdırılması və düzgün istiqamətləndirilməsi məqsədilə yaradılan Prezident yanında Gənclər Fondu onların potensialından səmərəli istifadə olunmasında əvəzsiz rol oynayır. Son dörd ildə Fond tərəfindən 5 mindən artıq layihə qəbul olunub, 2333 layihə dəstəklənib. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 13,5 milyon manatdan çox vəsait sərf olunub. Həmin dövrdə - 2011-2015-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən 542 layihə dəstəklənib. Bu da bütövlükdə Azərbaycanda gənclər təşkilatlarının uğurlu inkişafını təmin edib.

Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” yeni dövrün çağırışları nəzərə alınmaqla ölkəmizdə gənclərin intellektual və mənəvi inkişafını, innovativ ideya və təşəbbüslərinin tətbiqi, gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, işlə təmin edilməsi, ixtisas və peşə seçimi istiqamətində mühüm baza rolunu oynayır.

Paytaxt Bakı ilə yanaşı, regionlarda da gənclərin təşəbbüskarlıqlarının artırılması, fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılan Gənclər evləri onların fəallıqlarının artırılmasına, ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına mühüm töhfə verməklə yanaşı, mühüm elmi-mədəni və ictimai mərkəzlərə çevrilib. Artıq sayı 30-dan çox olan həmin mərkəzlər gənclərimizin Azərbaycanın şanlı tarixini, zəngin mədəni dəyərlərini öyrənərək, müxtəlif elmi biliklərə və peşə vərdişlərinə yiyələnərək milli ruhda yetişmələrində mühüm rol oynayır.

Bu gün milli vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncləri vahid amal ətrafında sıx birləşərək Vətənimizin inkişafında yaxından iştirak edir, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlərin, yarışların təşkilinə mühüm töhfə verirlər. Artıq ölkəmizdə sıralarında minlərlə gənci birləşdirən güclü könüllülər ordusu formalaşıb. Gənc könüllülərimiz dünya idmanının və Azərbaycanın tarixində parlaq səhifə olan “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilində əvəzsiz rol oynadılar. Bu gün müxtəlif könüllü təşkilat və qurumların sıralarında birləşən gənclərimiz Azərbaycan dövlətinin yürütdüyü siyasətin paytaxt Bakı ilə yanaşı, bölgələrdə də uğurla həyata keçirilməsi işində fəal iştirak edirlər. Dövlətimizin başçısı birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırılma mərasimində könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “....Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər”.

Bu il də Azərbaycan gənclərinin həyatında əhəmiyyətli və yaddaqalan dövr olacaq. “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” ilə əlaqədar ölkəmizə gələcək avropalı qonaqlara qədim tarixi, zəngin mədəniyyəti, sarsılmaz tolerantlıq ənənələri ilə dünyada nümunə olan Azərbaycanın milli mənəvi dəyərlərini təqdim etmək baxımından gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti dərindən dərk edən Azərbaycan gəncləri onların Avropaya inteqrasiyasına, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayan bu mötəbər tədbirə ciddi hazırlaşırlar.

Dövlət gənclər siyasətinin ən mühüm uğurlarından biri artıq mütəşəkkil, dinamik qüvvəyə çevrilən, Azərbaycan həqiqətlərini dünyada təbliğ edən yüksək intellektli, vətənpərvər gənclərin yetişməsidir. Bu gün xaricdə təhsil alan və fəaliyyət göstərən gənclərimiz yaşadıqları ölkələrdə Azərbaycanın mədəniyyətini, adət-ənənələrini, multikultural dəyərlərini geniş təbliğ edir, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi və s. həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında yüksək fəallıq nümayiş etdirirlər.

Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond fəaliyyət göstərdiyi 12 il ərzində digər sahələrlə yanaşı, istedadlı gənclərin üzə çıxarılması, gənclərimizin milli ruhda tərbiyəsi, onların yüksək təhsil alması və s. sahələrdə mühüm layihələr və tədbirlər həyata keçirir. Xaricdə yaşayan gənclərimizin doğma vətənlə bağlılıqlarının güclənməsində, onların fəaliyyətlərinin əlaqələndirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xidmətləri danılmazdır. Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasında fəal iştirak edən gənclərimiz dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin, anım mərasimlərinin təşkilində fəallıq göstərməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işinə öz töhfələrini verirlər.

Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında əksini tapmış vacib məqamlardan biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsidir. 2011-2015-ci illərdə üç mindən çox gənc sahibkara 200 milyon manatadək güzəştli kreditin verilməsi bu diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyev 2016-cı il yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə vətənpərvərlik ruhunda yetişən gənclərimizin xalqa, dövlətə bağlılığını, azərbaycançılıq amalları ilə yaşayaraq respublikamızın inkişafına əvəzsiz töhfə vermələrini yüksək qiymətləndirib.

Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı onları doğma yurdu sevməyə, yüksək təhsil alaraq ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirir. Məhz bu diqqət və qayğının nəticəsində bu gün gənclərimiz cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış edirlər.

Məmməd  İsayev

Yeni azərbaycan.- 2016.- 4 mart.- S.6