Tələbələr üçün IDEA İctimai
Birliyinin fəaliyyəti ilə
bağlı təqdimat keçirilib
IDEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində Bakı Dövlət Universitetinin torpaqşünaslıq və ekologiya fakültəsinin tələbələri üçün IDEA İctimai Birliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, təqdimat torpaqşünaslıq və ekologiya fakültəsinin 4-cü kurs tələbələrinin təcrübə proqramı çərçivəsində təşkil olunub və 30 nəfər tələbəni əhatə edib.
Tədbirdə IDEA-nın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq təcrübəsi, 5 illik fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlər barədə danışılıb. Qeyd olunub ki, gənclər bir qayda olaraq, IDEA-nın layihələrinin əsas aparıcı qüvvəsi və uğurlarının təminatçısıdır. Bu xüsusda, tələbələrə İctimai Birliyin fəaliyyətində iştirak yolları barədə məlumat verilib.
Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, IDEA İctimai Birliyinin ekoloji tədris proqramının tərkib hissəsi olaraq ətraf mühit və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə fəaliyyət göstərən gənclərlə mütəmadi olaraq bu cür görüşlər, ekoloji mövzuda elmi seminarlar, təlimlər, müsabiqələr, təqdimat və mühazirələr təşkil edilir.
IDEA ətraf mühit sahələrində təhsil alan bütün gəncləri ekoloji problemlərə və xüsusilə onların həlli yollarına, bu yöndə həyata keçirilən tədbirlərə cəlb etmək, öz sahələrinə marağı artırmaq, ətraf mühitin mühafizəsində əvəzedilməz rola malik olduqlarını nümayiş etdirmək baxımından tələbələrlə keçirilən bu cür görüşləri səmərəli hesab edir.
Respublikamızın digər ali
təhsil müəssisələrində təhsil alan tələbələr üçün
də 2016-cı il ərzində oxşar təqdimatların keçirilməsi
planlaşdırılır. Bu barədə
ətraflı məlumat mütəmadi olaraq
mətbuatda yayılacaq.
Yeni azərbaycan.-
2016.- 4 mart.- S.7