Qədimlik rəmzi, Oğuz möhürü - Şərur yallısı

 

Şərur Naxçıvan Muxtar Respublikasının üçüncü böyük rayonu, Azərbaycanın qədim tarixə və mədəniyyətə malik bir diyarıdır. Onun qədimliyi təkcə arxeoloji maddi-mədəniyyət nümunələri ilə ölçülmür. Şərur həm də mədəniyyətimizin incisi və qədim folklor rəqsləri - yallıları ilə öyünür.

AZƏRTAC xəbər verir ki, Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında yallının vətəni kimi tanınıb. Ulu öndər Heydər Əliyev yallıları “Naxçıvanın tacı” adlandırıb. Yallılara Şərurun qədimlik rəmzi, Oğuz möhürü də deyirlər. Dahi bəstəkar Üzeyir Hacıbəyli Şəruru Azərbaycan folklor mədəniyyətinin beşiyi adlandırırdı. Xalq artisti Əminə Dilbazi isə xatirələrində yazırdı ki, “Yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır”.

Şərur yallısının 100-dən çox növü var

Yallını Şərurda xüsusi ustalıqla və həvəslə oynayırlar. Burada Xalq Yallı Ansamblı fəaliyyət göstərir. Şərurda yallının yarandığı yer Çərçiboğan kəndi hesab olunur. “Nurani” rəqs qrupu bu kəndin ağsaqqallarından təşkil edilib. Qrupda ən cavan ifaçının 61, ən qocaman ifaçının isə 80 yaşı var.

Yaşı 60-ı keçmiş Əməkdar mədəniyyət işçisi Səttar Əhmədov Şərur Xalq Yallı ansamblının “Nurani” rəqs qrupunun üzvüdür. Qocaman rəqqas hazırda bu qədim rəqsin sirlərini gənclərə öyrədir.

Şərur toylarını yallısız təsəvvür etmək çətindir. Bu rəqsi yeddidən yetmiş yeddiyə hər kəs böyük həvəslə oynayır. Ansamblın direktoru Kimya Babayeva deyir: Şərurda hətta elə kəndlər var ki, sakinləri arasında yallı oynamağı bacarmayan bir-iki nəfər ola bilər.

Bir vaxtlar burada yallının 100-dən artıq növü olub: “Çolağı”, “Üç addım”, “Köçəri”, “Dönə Yallı”, “Qaz-qazı”, “El Yallısı”, “İki ayaq”, “Qaladan-qalaya”, “Şəranı” və s. Adlarını saymaqla bitməyən bu yallıların çoxu yenidən bərpa olunaraq ansamblın repertuarına salınıb.

Folklor irsimiz yallı bu gün də yaşadılır

Neçə illərdir ansamblın əsas yükünü çəkənlərdən biri, nağaraçalan İsgəndər Əliyev deyir ki, bu sərvətin itib-batmaması üçün kəndbəkənd, oba-oba gəzib, qədim rəqsləri, yallıları toplayaraq repertuara daxil ediblər. Bu gün yallılar nota alınır, qədim folklor incimiz kimi qorunub saxlanılır.

Ansamblın əsası 1924-cü ildə qoyulub. Daha sonra böyük səhnəyə qədəm qoyan ansambl el-el, oba-oba gəzib dolaşıb. Bədii rəhbər Əfsər Novruzov deyir ki, kollektiv dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edib, diplommükafatlara layiq görülüb.

Yallı adi rəqs deyil. O həm də birlik rəmzidir. Bu rəqslər xalqımızın dünəninin, bu gününün, milli adət-ənənələrimizin ifadəsidir. Qədimlik rəmzi, Oğuz möhürü adlandırılan, əsirlərin o üzündən ötürülə-ötürülə müasir günümüzədək gəlib çıxan bu folklor irsimizi qoruyub saxlamaq böyük zəhmət tələb edir. Bizbu yolda zəhmət çəkən hər kəsə uğurlar arzulayır, “yorulmayasınız” deyirik.

Yeni Azərbaycan.- 2016.- 5 mart.- S.8