Regionlarda abadlıq-quruculuq işləri uğurla
davam etdirilir
Qəbul edilmiş Dövlət proqramları rayonların hərtərəfli tərəqqisinə təkan verib
Məlum olduğu kimi, ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların hərtərəfli inkişafını nəzərdə tutan Dövlət proqramlarının rolu əvəzsizdir. Məhz bu proqramlar çərçivəsində Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilib və hazırda da keçirilməkdədir. Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də rayonlardakı mövcud sosial infrastrukturun və kommunal xidmət sektorlarının tam yenidən qurulması sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb.
Məhz bunların fonunda hazırda regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla icra edilir. Sözügedən proqram çərçivəsində hazırda bölgələrimizdə tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Sosial obyektlər tikilir və əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır.
Öz növbəsində, Sumqayıt şəhərində də infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Yollar təmir edilir, yaşayış evlərinin fasadları üzlənir, dam örtüyü dəyişdirilir, yeni inzibati binalar tikilir
Şəhərin Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən üçmərtəbəli 18 yaşayış binasının fasadları, eyvanları, dam örtükləri zövqlə təmir olunur. Artıq 4 binada işlər tamamlanıb.
Hazırda 6, 9, 17 və 18-ci mikrorayonlardakı evlərin dam örtükləri dəyişdirilir və daha 100 binanın dam örtüyünün daxili imkanlar hesabına dəyişdirilməsi nəzərdə tutulub.
Sumqayıt şəhər İcra Hakimiyyətində hazırlanan xüsusi plan çərçivəsində 9-cu mikrorayonda Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir.
Heydər Parkında yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən şahmat və musiqi məktəbində də işlər sürətlə davam edir.
Uzun illərdən bəri təmir olunmayan Sumqayıt Dövlət Dram Teatrında da əsaslı təmir işlərinə başlanılıb. Teatrın dam örtüyü təzələnir, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılır. Əsaslı təmirdən sonra teatrın binası müasir görkəmdə tamaşaçıların istifadəsinə veriləcək.
Sumqayıtda yol-nəqliyyat infrastrukturu da müasirləşdirilir. Belə ki, Sülh küçəsinin yenidən qurulmasına başlanılıb. Küçə boyunca “Göyərçin” abidəsinə doğru uzunluğu 3,2 kilometr olan yol yatağının eni yenidən qurulduqdan sonra 22 metr olacaq. Aparılan təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının axıdılması üçün suötürücü küvetlər tikilir, qranit bardürlər düzülür. Burada müasir işıqlandırma sistemi quraşdırılacaq, piyada səkiləri inşa ediləcək, ətraf ərazilər abadlaşdırılacaq. Sülh küçəsinin genişləndirilməsi nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
Eləcə də Ağstafa rayonunda da ötən 2015-ci ildə abadlıq, quruculuq və yenidənqurma işləri diqqətdə saxlanılıb. Bu mənada Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilib. N.Nərimanov, S.Ağamalıoğlu, R.Əsədov küçələri yenidən qurulub, C.Cabbarlı, E.Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılıb, hər iki küçədə fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılıb. Ötən ildə məktəb və məktəbəqədər müəssisələrin, mədəniyyət obyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ağstafa şəhərində 300 şagird yerlik uşaq musiqi məktəbinin tikintisi başa çatdırılıb, rayonun Dağ Kəsəmən və Aşağı Kəsəmən kəndlərində uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilib. Rayon mədəniyyət evinin əsaslı təmiri və ətrafının abadlaşdırılması işləri yüksək səviyyədə yerinə yetirilib. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatdırılıb. Bundan başqa, Heydər Əliyev Muzey Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb.
2015-ci ildə Kürdəmir rayonunda da tikinti, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Belə ki, Kürdəmir şəhərində yerləşən Heydər Əliyev parkında Heydər Əliyev Muzeyinin qarşısındakı ərazi abadlaşdırılıb. Şəhərin “Kürdəmir Taxıl” Açıq Səhmdar Cəmiyyətinin ərazisindən “Bayraq meydanı”na kimi olan məsafədə yolun kənarlarına beton səki daşları düzülüb, 2 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılıb. Şəhərin “Bayraq meydanı” kompleksinin ərazisində də cari təmir işləri aparılıb, “Bayraq meydanı” və “Bayraq meydanı”ndan şəhər istiqamətində salınmış yolun sağ və sol tərəfindəki yamaclara ümumilikdə 6 hektar sahəyə qazon ot örtüyü salınıb, 15 mindən çox ağac və gül kolları əkilib.
“Bayraq meydanı” ərazisində müasir tipli suvarma sistemləri quraşdırılıb. “Ala qapı” baş giriş qapısı tikilib, ərazidə 2 ədəd müasir tipli fəvvarə qurğusu quraşdırılıb.
Kürdəmir şəhəri yaxınlığında 2 mərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılıb. Körpələr evi tam şəkildə inventar və avadanlıqlarla komplektləşdirilib. 2015-ci ildə rayonun “Qələbə parkı” yenidən qurulub. Abidə kompleksinin əlavə olaraq yeni məşəl qurğusu və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstünün postamenti yenidən işlənilib, məşəl qurğusu və postament mərmər üzlük materialı ilə üzlənib, parkın ərazisində 3 plafonlu müasir tipli işıqlandırma dirəkləri quraşdırılıb, yeni oturacaqlar qoyulub. Parkda diametri 10 metr olan dairəvi müasir tipli fəvvarə qurğusu quraşdırılıb. Rayonun Tarix Diyarşünaslıq Muzeyində təmir işləri aparılıb. 2015-ci ildə 624 şagird yerlik Atakişili kənd tam orta məktəbi tikilib istifadəyə verilib.
Ümumiyyətlə, qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizdə sosial həyatın yüksəldilməsində əhəmiyyətli rol oynayıb. Sosial müdafiəyə ehtiyacı olan insanların qayğı ilə əhatə edilməsi, eləcə də əlillərin və şəhid ailələrinin ev təminatının yaxşılaşdırılması yönümündə tədbirlər davamlı şəkil alıb. Bundan başqa, bölgələrimizdə sosial tipli infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülüb.
Ötən bir ildə regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin və ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib.
Bütün bunların fonunda bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Həyata keçirilən Dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2016.- 5 mart.- S.8