IV Qlobal
Bakı Forumunun
iştirakçıları “Yeddi gözəl”
baletinə tamaşa ediblər
Dördüncü Qlobal Bakı Forumunun iştirakçıları martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinə tamaşa ediblər.
AZƏRTAC xəbər verir ki, baletin nümayişindən əvvəl çıxış edən Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa növbəti dəfə Bakıda olmasından məmnunluğunu ifadə edib və dünya ədəbiyyatına böyük töhfələr vermiş ədiblərdən söz açıb. O deyib: “Avropada Servantes, Şekspir kimi ədiblər var ki, onlar nəinki öz ölkələrində, hətta dünya miqyasında şöhrət qazanıblar. Azərbaycanda isə belə şöhrət qazanmış ədiblərdən biri XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvidir”.
Dahi şairin irsi barədə danışan Vayra Vike-Freyberqa Nizami Gəncəvi yaradıcılığında yer alan yüksək humanizm ideyalarının Qərb və Şərq ədəbiyyatına xüsusi təsiri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində böyük söz ustasının həm orijinal əlyazmaları, həm də onların surətləri saxlanılır.
Sabiq Prezident deyib ki, IV Qlobal Bakı Forumu dialoq, müzakirə və debatların keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakı, eyni zamanda, Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxışında bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında mədəniyyətlərin qovuşuğunda yerləşir və tarixən sivilizasiyalar arasında körpü rolunu oynayan bir ölkədir. IV Qlobal Bakı Forumunun əhəmiyyəti barədə danışan R.Hüseynov vurğulayıb ki, bu Forumu təşkil edən beynəlxalq mərkəz dahi Nizami Gəncəvinin adını daşıyır. Hələ bir neçə əsr əvvəl bu dahi şəxsiyyət öz əsərlərində tolerantlıq, multikulturalizm və yüksək insani dəyərləri təbliğ edirdi.
Bildirilib ki, Forumun keçiriləcəyi iki gün ərzində bu mötəbər tədbirdə iştirak etmək üçün ölkəmizə gələn görkəmli ictimai, siyasi və dövlət xadimləri bizi birləşdirən ümumi dəyərlər, dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizm mövzularında müzakirələr aparacaqlar.
Daha sonra balet təqdim edilib. Səhnə əsərinin dirijoru
Xalq artisti Cavanşir Cəfərovdur.
Quruluşçu baletmeyster Estoniyanın
Əməkdar artisti, dövlət, beynəlxalq
mükafatlar laureatı,
UNESCO yanında Beynəlxalq
Rəqs Şurasının
üzvü Vasili Medvedyevdir. Tamaşada baş rolların
ifaçıları Xalq
artistləri Gülağası
Mirzəyev və Kamilla Hüseynovadır.
Qeyd edək ki,
Qara Qarayevin “Yeddi gözəl” baleti Azərbaycanın
dahi şairi və
mütəfəkkiri Nizami Gəncəvinin
800 illik yubileyinə həsr edilib və baletin
premyerası 1952-ci il noyabrın 6-da olub.
Yeni Azərbaycan.- 2016.- 10 mart.- S.7