Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının hesabat-seçki konfransı keçirilib
Martın 9-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üçüncü hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, gənclər təşkilatlarının və QHT-lərin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təbrik məktubu oxunub. Məktubda torpağına məhəbbətlə yanaşan, dövlətinə sadiq xidmət edən gənclərin İttifaqın sıralarında birləşdiyi xüsusi vurğulanıb, cəmiyyətimizin ön sıralarında olan gənclərimizin Azərbaycanın dövlət müstəqilliyinin qurulmasında, ölkəmizin inkişafında həmişə fəal iştirak etdikləri qeyd olunub. Diqqətə çatdırılıb ki, gənclərimizin birgə fəaliyyət göstərdiyi qeyri-hökumət təşkilatlarının nəinki ölkəmizdə, hətta onun xaricində də nüfuz dairəsi ilbəil artmaqdadır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Biz birlikdə güclüyük” çağırışı bütün gəncləri dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak etməyə, həmrəyliyə səsləyir.
Sonra ATGTİ-nin fəaliyyətinə dair film nümayiş olunub, qurumun nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib. Qeyd edilib ki, hesabat dövründə uğurla fəaliyyət göstərən ATGTİ-də idarə heyəti və nəzarət-təftiş komissiyasından əlavə, əsasən könüllülərin çalışdığı 9 departament, 10 işçi qrup və üç mərkəz var. Hazırda İttifaqın sıralarında 35 mindən çox üzv birləşib. İttifaq hesabat dövründə müxtəlif tədbirlər, təlimlər, seminarlar, görüşlər, sorğular, mədəniyyət günləri keçirməklə ölkəmizin ictimai həyatında fəal iştirak edir.
ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək qurumun ötən üç ildə fəaliyyəti barədə məlumat verib. O bildirib ki, İttifaq fəaliyyət istiqamətlərinə və dövlət gənclər siyasətinə uyğun olaraq uğurla fəaliyyət göstərir. Hazırda sıralarında 100-dək təşkilatı birləşdirən ATGTİ ümumilikdə 200 mindən çox tələbəni əhatə edən 350-dən çox layihə, tədbir, görüşlər keçirib, sorğular reallaşdırıb. ATGTİ tələbələrin elmi layihələrə cəlb olunması istiqamətində də bir sıra konfrans və elmi layihələr həyata keçirib.
Ş.İsmayılov deyib ki, ölkənin ictimai-siyasi həyatında, dövlət əhəmiyyətli tədbirlərdə fərqlənən ATGTİ 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar gənclərin maarifləndirilməsi istiqamətində mühüm tədbirlər keçirib, birinci Avropa Oyunlarına hazırlıq prosesində fəallığı ilə seçilib. İttifaq birinci Avropa Oyunlarına hazırlıq dövründə və yarışların keçirildiyi günlərdə müxtəlif layihələr reallaşdırmaqla bu mötəbər idman yarışının uğurlu təşkilinə töhfə veriblər. ATGTİ Dağlıq Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm layihələr həyata keçirən Virtual Qarabağ Mərkəzini formalaşdıran beş tərəfdaşdan biridir. Beynəlxalq əməkdaşlığı da uğurla inkişaf etdirən İttifaq 1200-dən çox tələbənin xaricdə keçirilən tədbirlərdə iştirakına şərait yaradıb. Bundan başqa, qurum müxtəlif dövlət orqanları ilə birgə tələbə təcrübə proqramları da həyata keçirib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşdırılan dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Nazir dövlət gənclər siyasətinin əsas hədəfləri olan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual inkişafı, sosial problemlərinin həlli, onların qərarvermə prosesində iştirakı, beynəlxalq əlaqələrinin genişləndirilməsi və s. istiqamətlərdə son illərdə mühüm tədbirlərin görüldüyünü qeyd edib. A.Rəhimov Azərbaycan Gəncləri Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevin gənclərin bir qrupu ilə görüşünü, onların fəaliyyətini yüksək qiymətləndirməsini gəncləri daha da həvəsləndirdiyini vurğulayıb. ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirən nazir deyib ki, İttifaq üzvlərinin bacarıq və təşəbbüslərini ümumiləşdirərək vahid məqsədə yönəldən güclü qüvvəyə çevrilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov altı il əvvəl yaradılan qurumun məqsədinin müxtəlif ali məktəblərdə pərakəndə şəkildə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətini əlaqələndirmək və gənclərimizin ictimai fəallığını daha da stimullaşdırmaq olduğunu qeyd edib. ATGTİ-nin üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini vurğulayan T.Süleymanov İttifaqın fəaliyyəti dövründə minlərlə gənci əhatə edən yüzlərlə layihə reallaşdırdığını xüsusi qeyd edib. Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş 300-dən çox gənclər təşkilatının olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi 35 min üzvü olan ATGTİ-nin bu baxımdan gənclər sektorunda ən böyük qüvvə olduğunu qeyd edib. T.Süleymanov Azərbaycan gənclərinin yüksək təhsil alması, onları elmi araşdırmalar aparmağa həvəsləndirilməsi istiqamətində ATGTİ-nin Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və digər aidiyyəti qurumlarla səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.
Ulu öndər Heydər Əliyevin yüksək intellektli, vətənpərvər azərbaycanlı gənclərin yetişməsinə daim xüsusi diqqət yetirdiyini bildirən T.Süleymanov ATGTİ-nin bu istiqamətdə səylərini daha da gücləndirməsinin zəruriliyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev həmişə gənclərin bütün sahələrdə irəli çəkilməsinə xüsusi önəm verir. Ona görə də onları indidən dövlət idarəçiliyinə, müxtəlif sahələrdə rəhbər vəzifələrə hazırlamaq lazımdır. Bu baxımdan gənclər təşkilatları, QHT-lər mühüm rol oynayırlar. Məhz bu amillər nəzərə alınaraq böyük struktura malik olan ATGTİ-nin rolu mühüm əhəmiyyət daşıyır”.
ATGTİ-nin bütün bu məsələlərin həllində həmişə öndə olduğunu xatırladan T.Süleymanov qurumun fəaliyyətinə uğurlar arzulayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov ATGTİ-nin ölkəmizin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği, gənclərin fəallığının gücləndirilməsi və s. istiqamətlərdə rolunu yüksək dəyərləndirib. O qeyd edib ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açıb. Azərbaycan Prezidentinin gənclərə böyük diqqət və qayğı göstərdiyini vurğulayan deputat respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlərin görüldüyünü söyləyib.
Müasir dünyada elmin, təhsilin rolundan bəhs edən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ulu öndər Heydər Əliyevin həmin sahələrin inkişafına böyük əhəmiyyət verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.
Ölkəmizdə gənclərə göstərilən qayğıdan danışan rektor bu gün ən müasir tələblərə cavab verən, yüksək ixtisaslı, bacarıqlı, zəngin idarəçilik təcrübəsinə malik vətənpərvər gənclərin yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb, bu baxımdan ATGTİ-nin mühüm rolu olduğunu vurğulayıb. BDU-da Tələbə Gənclər Təşkilatının (TGT) uğurla fəaliyyət göstərdiyini qeyd edən A.Məhərrəmov TGT-nin universitetdə bir sıra layihələr reallaşdırdığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (GF) icraçı direktoru Fərhad Hacıyev Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Prezident İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” konsepsiyası üzrə görülən işlərdən bəhs edən F.Hacıyev ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirib, İttifaqın Fondla səmərəli əməkdaşlığından və həyata keçirilmiş layihələrdən söhbət açıb.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, İttifaqın əlaqələndirmə şurasının, idarə heyətinin, nəzarət-təftiş komissiyasının tərkibi seçilib. Daha sonra ATGTİ-nin sədri vəzifəsinə səsvermə keçirilib və Şahin İsmayılov yenidən sədr seçilib. Konfransda, yeni üzvlərin qəbul olunması məsələsinə də baxılıb. Bakı Ali Neft Məktəbinin Tələbə Senatı, Dövlət Gömrük Akademiyasının və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər təşkilatları İttifaqa yeni üzv qəbul edilib. Beləliklə, ATGTİ-yə üzv təşkilatların sayı 97-yə çatıb.
Konfransa yekun
vuran Ş.İsmayılov ona
göstərilən etimada görə təşəkkürünü
bildirib, bundan sonra da əzmlə
çalışacağını qeyd edib.
Yeni Azərbaycan.- 2016.- 10 mart.- S.7