Nərgiz Paşayeva: Şərqdə,
müsəlman dünyasında ilk demokratik respublika Azərbaycanda
yarandı
Professor Nərgiz Paşayeva Londonda Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri ilə növbəti görüş keçirib
Martın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar Palatasının yüksək səviyyəli tədbirləri keçirilən və İngiltərənin keçmiş Baş naziri Aleksandr Duqlas-Hyumun şərəfinə “Home Room” adlandırılan məşhur zalda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadan olan həmsədri, Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord German birgə “dəyirmi masa” keçiriblər.
Tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, jurnalistlər, alimlər, məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiolarda aparıcı kimi çalışmış, Ssenaristlər Gildiyasının mükafatı ilə təltif edilmiş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin müəllifi xanım Bettani Hyuz, Britaniya parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin, Baronessa Endryus, Baronessa O’Kahoyn, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda iki il əvvəl yaradılmış Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, institutun aparıcı professoru Robert Hoyland iştirak ediblər.
Xanım Bettani Hyuz “Qədim və Yeni Tarix” sahəsində dünyada tanınmış ekspert, bu yaxınlarda BBC-2 telekanalında böyük uğurla nümayiş etdirilən Budda, Konfutsi və Sokrat haqqındakı sənədli filmlərin ssenari müəllifidir. Bettani Hyuz tənqidçilər tərəfindən yüksək qiymətləndirilən qədim Yunanıstan haqqında iki kitabın müəllifidir.
Onun “Troyalı Yelena: ilahə, çariça, yolunu azmış qadın” adlı kitabı 10 dilə tərcümə olunub. “Sikuta fincanı: Sokrat, Afina və gözəl həyat axtarışı” adlı digər əsəri Radio BBC-4-də “həftənin kitabı” olub. Bu əsər “Nyu-York Times” qəzetinin reytinqində ən yaxşı satış siyahısına daxil olub və bir neçə nəşrlər tərəfindən həmin kitab “ilin kitabı” elan edilib.
Bettani Hyuz National Geographic, BBC, Discovery Channel, PBS, History Channel və Channel-4 kanallarında nümayiş etdirilən qədim və müasir tarixi hadisələrə həsr olunan çoxseriyalı sənədli filmlərin ssenari müəllifidir. Onun televiziyadakı fəaliyyəti yüksək qiymətləndirilib. 2009-cu ildə təhsillə bağlı televiziya proqramlarının yayımındakı uğurlu fəaliyyətə görə Bettani Hyuz “Naomi Sargeant Special Award” mükafatına layiq görülüb. 2010-cu ildə qədim yunan mədəniyyətinin tədqiqi sahəsindəki nailiyyətlərinə görə ona Yunanıstanın mədəniyyət departamentinin xüsusi mükafatı təqdim olunub. 2012-ci ildə isə bu sahədəki uğurlu işinə görə Tarixçilər Assosiasiyası onu “Norton Medlicott Award” mükafatı ilə təltif edib.
Xanım Hyuz artıq uzun illərdir ki, dövlət məktəblərində latın və yunan dillərinin tədrisinin təbliği ilə məşğul olan “Iris Project” təhsil və xeyriyyə cəmiyyətinin himayədarıdır. O, həmçinin Şərq və Qərb arasında birgə layihələrin həyata keçirilməsi işi ilə məşğul olan Elm, Texnologiya və Sivilizasiya Təşkilatının müşaviridir.
Baronessa Endryus Leyboristlər Partiyasının üzvü və “per” titulunun ömürlük sahibidir. O, İngiltərə irsi “English Heritage” Dövlət Komissiyasının ilk qadın sədri olub. 2000-ci ildə o, Şərqi Sasseks qraflığının Sautoverdən olan Baronessa Endryus kimi ömürlük per tituluna layiq görülüb. 1998-ci ildə o, Britaniya imperiyası ordeni ilə təltif olunub.
Lord Stiven Qrin “McKinsey & Co Inc” menecment-konsaltinq şirkətinin nümayəndəsi kimi Avropa və Şimali Amerikada işləyib. “HSBC Holdings Plc” şirkətinin icraçı direktoru olub. 2010-cu ildə o, Qərbi Sasseks qraflığının Herstpirpointdən olan Baron Qrin kimi ömürlük per tituluna layiq görülüb. 2010-cu il noyabrın 22-də Lordlar Palatasının üzvü olub.
Baronessa O’Kahoyn bir çox şirkətlərə
rəhbərlik edib. 1993-ci
ildə o, Britaniya imperiyası ordeni ilə təltif olunub.
1991-ci ildə o, Barbikandan olan Baronessa O’Kahoyn kimi
ömürlük per tituluna layiq görülüb. Həmin vaxtdan o, Lordlar Palatasının
üzvüdür. O, Konstitusiya və İqtisadi Əlaqələr
komitələri də daxil olmaqla, Lordlar Palatasının bir
çox komitələrində çalışıb. Hazırda Avropa İttifaqı komitəsinin
üzvü, həmçinin daxili bazar, infrastruktur və məşğulluq
üzrə alt komitənin sədridir. 2014-cü
ildə o, Britaniya parlamenti Lordlar Palatasının Avropa
İttifaqı məsələləri üzrə komitəsinin
sədri seçilib. 2010-cu ildə Baronessa
O’Kahoyn Prezident İlham Əliyev tərəfindən Azərbaycan
Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Adı
çəkilən iştirakçıların hər biri Azərbaycanın
Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi
məkanda yerləşən ölkə kimi əhəmiyyəti,
qədim Böyük İpək yolunun keçdiyi ərazi
olaraq tarixi rolu və bir çox məsələlər barədə,
bu vaxta qədər Azərbaycan mədəniyyəti və
tarixi haqqında bilmədiklərini, oxumadıqlarını
sual edərək, müzakirələrdə böyük
maraqla iştirak ediblər.
Lord German görüşü açıq elan edərək,
yüksək qonaqları salamlayıb və artıq mütəmadi
keçirilməsi nəzərdə tutulan bu
görüşün məqsədi barədə
iştirakçılara məlumat verib. Tədbirin mövzusunu səsləndirdikdən
sonra Lord German çıxış üçün
sözü Cəmiyyətin həmsədri, professor
Nərgiz Paşayevaya verib.
Professor Nərgiz Paşayeva iştirakçılara bu tədbirə
qatıldıqlarına görə təşəkkürünü
bildirib.
Humanitar əlaqələrin dünyada çox böyük əhəmiyyət
kəsb etdiyini, onların sarsılmaz və qırılmaz
olduğunu bildirən professor Nərgiz Paşayeva deyib:
“İqtisadi-siyasi əlaqələr qurula da bilər,
qırıla da bilər. İnsani münasibətlər,
vətəndaş cəmiyyətinin münasibətləri isə
bir təməl kimi həmişə etibarlı, yararlı
olur. Artıq on ilə yaxındır ki, mən
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədriyəm.
Bu illər ərzində çox şey
qazanmışam. Söhbət yalnız
bizim daxilində çalışdığımız, hələ
1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatından
getmir, mən böyük mənada İngiltərə cəmiyyətini
nəzərdə tuturam. Qədim ənənələrə,
şanlı tarixə və mədəniyyətə malik olan
bu cəmiyyəti yaxından, daxildən tanımağıma
çox şadam. Əminəm ki, bu
gün biliklərin mübadiləsi çox vacibdir. İnsanlar öz biliklərinin və müsbət
arzularının ardınca gedəndə mənəvi dəyərlərini
də aparırlar”.
Azərbaycan
haqqında növbəti görüşlərdə daha ətraflı
müzakirələr aparılacağına ümidvar
olduğunu bildirən professor N.Paşayeva deyib: “Mən bir
filoloq kimi XX əsrin əvvəllərindən başlayaraq 20
ili əhatə edən dövrü araşdırıram və
deyə bilərəm ki, 1905-1920-ci illər Azərbaycan
tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə
dövrü, tarixə qızıl hərflərlə
yazılan bir zaman oldu. Bu illərdə baş verən tarixi
hadisələr, yaranan dəyərlər olmasaydı, indi
gördüyümüz müasir Azərbaycan dövlətinin
və cəmiyyətinin mövcudluğu şübhə
altında ola bilərdi. Müasir,
mədəni, bədii-estetik, proqressiv, elmi-intellektual, insani və
ləyaqətli, mənəvi dəyərlərin məhz o
zaman, o dövr çərçivəsində bugünkü
təməli qoyuldu. Müsəlman Şərqində
ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC)
yarandı. Respublikanın ömrü, əfsuslar
ki, 23 ay çəkdi. Amma bu 23 ay tariximizin
milli qəhrəmanlıq kvintessensiyasına çevrildi.
Azərbaycanda çoxpartiyalı hakimi-mütləq
parlament yaradıldı. Qadın və kişilərin
bərabərhüquqluluğu, qadınların seçki
hüququ, söz və fikir azadlığı elan olundu,
bütün vətəndaşlar bərabər hüquqda
yaşamaq imkanı əldə etdi, senzuradan azad mətbuat
yaradıldı. 60-dan çox jurnal və
qəzet nəşr olunmağa başladı, tənqidi,
realist və demokratik ədəbiyyatımızın təməli
qoyuldu, Şərq ədəbiyyatı üçün yeni ədəbi
janrlar və formalar yaradıldı, satirik mətbuat və
karikatura janrı inkişaf etdi. Şərqdə
ilk opera yazıldı və 1908-ci ildə tamaşa səhnəyə
qoyuldu. Qadınlar çadradan azad oldular,
onlar aktrisa kimi səhnəyə çıxa bildilər,
qızlar üçün gimnaziya yaradıldı. Teatr sənəti inkişaf mərhələsinə
qədəm qoydu, siyasi, hərbi, hüquqi və iqtisadi
islahatlar aparılmağa başladı, vacib qanunlar qəbul
edildi. Birinci dünyəvi universitet
yaradıldi, konservatoriya açıldı. Avropa memarlıq üslubunda binalar tikildi.
Azərbaycanda demokratik düşüncəli ziyalı
elita hakimiyyətə gəldi. Onlar akademik təhsil
almış yüksək mənəvi dəyərlərə
malik insanlar idı. Böyük vətənpərvər
və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə
və onun parlaq çevrəsi Şərqdə ilk demokratik
respublikanın yaradıcıları kimi ali
ideyaları təlqin edirdilər. Bu, azadlıq və
hürriyyət, demokratiya və bərabərlik ideyaları
idi. Respublikanın əsas üstün cəhətlərindən
biri də onun Avropa inkişaf yoluna üstünlük verməsində
idi. Bir çox məqamlarda həmin ideyalar öz bəhrəsini
verdi.
Beləliklə, Şimali Azərbaycanda demokratik və
müasir ideyalar kök saldı. Təməli o zaman
qoyulan ideya və ənənələri biz hazırda
qorumağa çalışırıq. Tarixçilər
yaxşı bilirlər, 70 ildə bolşeviklərin əldə
edə bilmədiklərinə 23 ayda bu respublika nail oldu. Ədalətin, azadlığın, vətənpərvərliyin,
mədəni millətlər ailəsinə qovuşmaq istəyinin
əməldə, real həyatda təzahürünü verə
bildi. Bu dəyərlər həqiqi,
unudulmaz dəyərlər idi. Ona görə
də heç zaman sovet sisteminin 70 illik saxta ideologiyası
gücünə unudula bilməzdi və unudulmadı. Dövlətin himni yazıldı, bayrağı
qaldırıldı. Onu da xüsusi qeyd etmək istərdim
ki, 1918-ci il dekabrın 7-də üçrəngli
bayraq parlament binasında ucaldıldı. Üçrəngli
bayrağın qaldırılmasına o zaman Azərbaycanda olan
ingilis qubernatoru general Tomsonun böyük dəstəyi olub.
O, Bakının qubernatoru olan müddətdə insanlar
özünü daha rahat hiss edirdilər. Məhz
onun təlimatı əsasında üçrəngli
bayrağımız respublika devrilənə qədər daim
parlamentin binasında ucaldıldı. Həmin
bayraq indi də milli bayrağımızdır”.
Sonra “dəyirmi
masa”nın aparıcısı Lord German çıxış
üçün sözü Böyük Britaniyada Azərbaycanın
bütün sahələrdə öyrənilməsi üzrə
yeganə yüksək statuslu elmi-akademik qurum olan Oksford
Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tərəfdən
rəhbəri, Oksford Universitetinin Şərq fakültəsinin
professoru Robert Hoylanda verib. Professor Hoyland tədbir
iştirakçılarına qədim İpək Yolunun təşəkkül
tapmasında Qafqaz bölgəsinin rolu və konkret olaraq Azərbaycanın
əhəmiyyətindən danışıb. O,
maraqlı faktlardan biri kimi Cənubi Qafqaza daxil olmaq
üçün İpək Yolunda tarixən iki məkandan
istifadə olunduğunu qeyd edib. Bunların Rusiya
ilə Gürcüstan arasında dağ
aşırımları və daha rahat olan Xəzər dənizi
sahili boyunca Dərbənd və Azərbaycan əraziləri
olduğu diqqətə çatdırılıb.
Qədim Qafqaz Albaniyası haqqında danışan
professor Hoyland onun tarixi və müxtəlif mənbələrdən
müasir dövrümüzə qədər gəlib çatan
o dövrün abidələrindən bəhs edib. Bundan sonrakı müzakirələrdə
fəal iştirak edən tədbir
iştirakçıları tarixi faktları araşdırarkən
millətlər arasında bənzərliklərin aşkar
edilib diqqətə çatdırılmasının vacib
olduğunu qeyd ediblər və bu mənada tarixində bir
çox sivilizasiyaları, millətləri və ənənələri,
dəyərləri və adətləri özündə birləşdirən
Azərbaycan təcrübəsinin özünəməxsus və
öyrənilməyə layiq olduğunu qeyd ediblər.
Müzakirələrdə
iştirak edənlər məmnunluq hissi ilə iki
böyük universiteti təmsil edən və bütün fəaliyyətlərini
universitetə, təhsilə, tərbiyəyə, tələbəyə,
elmə həsr etmiş və hazırda isə Oksford
Universitetində Nizami Gəncəvi adına Elmi Mərkəzin
rəhbərləri olan hər iki professora və onların
simasında biliklərin daşıyıcıları,
qoruyucuları və ötürücüləri olan elm, maarif
əhlinə bəslədikləri böyük ehtiram və məhəbbəti
ifadə ediblər.
Bu gün burada Azərbaycan haqqında bilmədiklərini
eşidib məlumatlandıqları üçün peşəkar
həmsöhbətlərlə üz-üzə, səmimi
atmosferdə görüşdüklərindən məmnun
olduqlarını bildiriblər.
Tədbir zamanı N.Paşayeva dediklərinin sübutu
kimi toplaşanlara 1906-cı ildə nəşrə
başlayan “Molla Nəsrəddin” satirik jurnalının
nömrələrinin nüsxəsini, Bakının əsrin əvvəllərində
yaradılmış gözəl arxitektura görkəmi
haqqında çap edilmiş kitabları nümayiş etdirib.
Həmçinin Bərdədə həyata keçirilən
arxeoloji qazıntı işləri haqqında maraqlı
söhbətlər aparılıb. Qeyd edildiyi kimi, Bərdə
arxeoloji ekspedisiyası Oksford Universitetinin alim və mütəxəssislərindən
ibarət idi. Həmin heyətin rəhbəri,
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun
doktoru və Brasenose Kollecinin elmi tədqiqatçısı
P.Vordsvorsdır. Aparılan arxeoloji tədqiqatların
nəinki Azərbaycan, bütövlükdə Qafqaz bölgəsinin
tarixi və mədəni irsinin öyrənilməsi
baxımından yeniliklər vəd etdiyi diqqətə
çatdırılıb. Yaxın gələcəkdə
Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) heyəti Bərdə
şəhərində aparılmış tədqiqatların
nəticələri barədə Oksford Universitetində, daha
sonra MDU-nun Bakı filialında geniş elmi hesabat, eləcə
də ictimai təqdimatla çıxış etməyi
planlaşdırır.
Qeyd edək
ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji
ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin
rəhbərləri professor R.Hoyland və professor
N.Paşayevanın birgə təşəbbüsü ilə
Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without
Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni
irsin qorunması məqsədilə Bərdə Arxeoloji
Ekspedisiyasının işinə cəlb edilib. Bu
təşkilat dünyanın müxtəlif bölgələrində
bəşəriyyətin mədəni irsinin qorunması
üçün aparıcı mütəxəssisləri bir
araya gətirir və işlədiyi ölkələrdə
aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən
maddi mədəniyyət nümunələrinin qorunması və
mühafizəsini təşkil edərək gələcək
nəsillərə ötürülməsini təmin edir.
Məhz bu məqsədlə Bərdə Arxeoloji
Ekspedisiyası çərçivəsində “Sərhədsiz
İrs” təşkilatının Qəyyumlar
Şurasının üzvü və rəhbəri, arxeologiya
üzrə mütəxəssis doktor Dominika D’arkangelo ötən
il sentyabrın 15-20-də professor Nərgiz Paşayevanın dəvəti
ilə Bakıda və Bərdədə işgüzar səfərdə
olub.
Nizami Gəncəvi Mərkəzinin təşəbbüsü
ilə həyata keçirilən məşhur şərqşünas
alim Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami”
kitabının ingilis dilinə tərcüməsi Mərkəzin
planlaşdırdığı kimi artıq tamamlanıb. Bertelsin
“Böyük Azərbaycan şairi Nizami” əsərinin Oksford
Universitetində ingilis dilinə tərcümə edilməsi
Azərbaycanın elmi və mədəni həyatında
mühüm hadisədir və kitabın təqdimatının
yaxın gələcəkdə Londonda və Bakıda
keçirilməsi nəzərdə tutulub.
Beləliklə, bu tərcümə bundan sonra əsl
elmi həqiqətləri Azərbaycandan kənardakı oxuculara
çatdıracaq, beynəlxalq elmi dairələr tərəfindən
mənimsənilə biləcək. Ümid olunur ki, Azərbaycan
ədəbiyyatı klassiklərinin və alimlərimizin əsərlərinin
qeyri-akademik və peşəkarlıqdan uzaq, həvəskar tərcümə
işlərinə nəhayət son qoyulacaq.
Ötən
ilin noyabr ayında professor N.A.Paşayevanın Böyük
Britaniya Lordlar Palatasının yeddi üzvü ilə Londonda
görüşü zamanı Qlamorqan Universitetinin fəxri
doktoru, Uelsin məşhur Musiqili-Teatr Kral Kollecinin prezidenti Lord
Rou-Beddou professor N.Paşayevanı onun rəhbərlik etdiyi
Kral Kollecinin yerləşdiyi Uelsin paytaxtı Kardiffə dəvət
edərək həmin məktəbin fəaliyyəti ilə
tanış olmasını təklif etmişdi. Dəvətə
görə lorda təşəkkürünü bildirən
professor Nərgiz Paşayeva məmnuniyyətlə yaxın
zamanda Uelsə səfər edəcəyinə söz
vermişdi.
2016-cı il martın 4-5-də Nərgiz Paşayeva Uels Musiqili-Teatr Kral Kollecini ziyarət edib, bu təhsil müəssisəsinin direktoru, musiqi və incəsənət sahəsində tanınmış mütəxəssis Hilari Boldinq, kollecin musiqi üzrə direktoru Con Cranmer, beynəlxalq əlaqələr üzrə məsul şəxs Luiza Cons, eləcə də sözügedən təhsil müəssisəsinin tələbə və müəllimləri ilə görüşüb, musiqi dərslərində iştirak edib, Azərbaycan ifaçılıq sənətinə və musiqi mədəniyyətinə dair kitabları və diskləri kollecin kitabxanasına təqdim edib. Görüş zamanı professor Nərgiz Paşayevaya kollecin fəaliyyəti və tarixi haqqında geniş məlumat verilib. Professor N. Paşayeva ilə kollecin direktoru xanım Boldinq kollecdə azərbaycanlı tələbələrin təhsil almaq imkanları haqqında fikir mübadiləsi aparıblar. Həmçinin kollecin dram ixtisası üzrə təhsil alan tələbələrin Bakının ÜNS teatrının səhnəsində ingilis dilində tamaşa ilə çıxış etməsi məsələsi də müzakirə edilib.
Qeyd edək ki, bu kollec 1949-cu ildə Kardiff qəsrində Kardiff Musiqi Kolleci kimi yaradılıb, sonralar Kardiff Universitetinin yaxınlığındakı Byut parkında inşa olunan binaya köçürülüb. Sonralar kollecin adı dəyişdirilərək Uels musiqi və teatr kolleci adlandırılıb. “Kral kolleci” tituluna 2002-ci ildə layiq görülüb. Kollec bu titula layiq görülən 5-ci konservatoriya olub. 2013-cü ildə “Qardian” (The Guardian) qəzeti Uels Musiqili-Teatr Kral Kollecini Böyük Britaniyanın ən yaxşı beş musiqi konservatoriyası siyahısına salıb.
Kollecdə tədris aşağıdakı ixtisaslar üzrə aparılır: “Aktyorluq sənəti”, “Səhnə menecmenti” (işıq, səs və sair səhnə texniki tərtibat işləri), “Musiqili teatr”, “Teatr dizaynı”, “Bədii rəhbərlik”.
Kollecdə musiqi tədrisi ilə yanaşı, səhnə sənəti üzrə paralel, müştərək təhsil verilir. Burada tələbələr həm musiqiyə aid fənləri öyrənir, həm də teatr sənətinin sirlərinə yiyələnirlər.
Bu tədris müəssisəsində böyük müsabiqə var, bütün dünyadan öz biliklərini sınamaq üçün gənclər buraya gəlirlər. Komissiya 1500 nəfərdən yalnız 50 nəfəri seçir və qəbul edir. Bu Kral Kollecini bitirənlər, şübhəsiz ki, arzu olunan istedadlardır və ona görə də dərhal işlə təmin olunurlar.
Kollecin inzibati və tədris binalarının müasirləşməsinə və tikintisinə vəsait ayıran şəxslər arasında məşhur aktyor Entoni Xopkins də var. Kollecin qədim qəsrdən miras qalan və sonradan müasir musiqi məşq və səsyazma studiyalarına çevrilən bölməsinə bu aktyorun adı verilib. Kollecdə, həmçinin Dora Stoutzker konsert zalı, Reymond Edvard binası, Riçard Barton teatrı da fəaliyyət göstərir.
Kollec Böyük Britaniyanın All-Steinway konservatoriyalarından birincisidir və hazırda Lid Musiqi Kolleci ilə birlikdə oraya daxildir.
Sonda professor N.Paşayeva bu təhsil
ocağı tələbələrinin ifasında caz musiqisindən
ibarət konsert proqramına tamaşa edib. Kollecin tələbələri
hər cümə günü musiqisevərlər
üçün belə açıq konsertlər təşkil
edirlər.
Yeni Azərbaycan.-
2016.- 10 mart.- S.5