Günay Əfəndiyeva: Türk xalqları
arasında əməkdaşlığın inkişaf
etdirilməsi üçün bütün imkanlardan
istifadə edilməlidir
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) baş katibi İlyas Dəmirçi və onun müavini Murad Saracyaquboğlu təmsil etdikləri qurumun Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq məsələlərinin müzakirə edilməsi məqsədilə ölkəmizdə səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində martın 11-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə qarşılıqlı əməkdaşlığın perspektivləri mövzusunda görüş keçirilib. Görüşdə 2016-cı ildə Bakıda keçiriləcək TDMMB-nin növbəti qurultayına hazırlıq, eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və digər mühüm məsələlər müzakirə olunub.
Baş katib İlyas Dəmirçi bildirib ki, təmsil etdikləri qurum tərəfindən 2016-cı ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar, yaxın vaxtlarda Türkiyədə geniş tədbirlər təşkil olunacaq. Qonaq, həmçinin Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayının növbəti tədbirinin Bakıda təşkil olunması ilə bağlı təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparıb.
G.Əfəndiyeva qonaqları salamlayaraq, onları yenidən Bakı şəhərində görməkdən məmnunluğunu ifadə edib və bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mənəvi türk birliyinin yaradılmasında xidmətləri, eləcə də şəxsi nüfuzu nəzərə alınaraq 2016-cı ilin “Heydər Əliyev ili” elan edilməsi türk dünyası üçün böyük əhəmiyyətə malikdir. G.Əfəndiyeva qeyd edib ki, türk xalqları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaradılmış bütün imkanlardan istifadə edilməlidir. O, rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə qardaş ölkələrin müvafiq dövlət qurumları və institutları ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib.
Sonra ikitərəfli əməkdaşlığın
müxtəlif aspektlərinə dair geniş fikir mübadiləsi
aparılıb.
Yeni Azərbaycan.-
2016.- 12 mart.- S.8