Regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır

 

Bu istiqamətdə əldə edilən uğurlardan cəbhə bölgəsində yerləşən rayonlara da pay düşüb

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 2015-ci iliuğurlarla başa vurub. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edildiyi kimi, ötən ildə də qarşıda duran bütün vəzifələr icra olunub. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın vəsait qoyulub. Keçən il ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanı neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Bütün bunlar isə müstəqil Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin, yüksəlişin, sosial-iqtisadi sahədəki müvəffəqiyyətlərin məntiqi nəticəsidir. Və bu uğurlardan ölkəmizin cəbhə bölgəsində yerləşən rayonlara, o cümlədən Tərtərə də pay düşüb.

Beləliklə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində 2015-ci ildə Tərtər rayonunda da bir sıra işlər görülüb, xüsusilə də tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində mühüm addımlar atılıb. Belə ki, bəhs edilən dövrdə Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Eyni zamanda, Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri aqlay daşı ilə üzlənib, pəncərələri dəyişdirilib, binanın fasadı gecə işıqlanması sistemi ilə təchiz edilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hesabat ilində Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb, ərazi təmizlənib, ərazidən keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılıb. Həmçinin Famil Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılıb, ümumi uzunluğu 3,5 km olan istinad divarları 7000 kvadratmetr aqlay və bəzək daşları ilə üzlənib, küçədə olan kommunikasiya xətləri səliqəyə salınıb. Mahir Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyür düzülərək, səkilər salınıb. Eyni zamanda, Heydər Əliyev prospekti, Elman Səfərov, Mübariz İbrahimovFamil Qulami küçələrində ümumi uzunluğu 3 kilometrdən çox olan yeni səki daşları düzülüb, küçələr genişləndirilib. Heydər Əliyev prospekti, Famil QulamiMahir Əsədov küçələrində səkilərə 3500 kvadratmetr tamet daşları döşənib.

Rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzindədir. Belə ki, yerli əhəmiyyətli bir sıra yollarda təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhərinin Vəzir Orucov, Teymur Rəhimov, Səməd Vurğun, Rövşən Kərimov və Mehdi Hüseynzadə küçələrində 21,9 min kvadratmetr asfalt beton örtüyü salınıb.

Bəhs edilən dövrdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılıb, istinad divarları bəzək daşları ilə üzlənib, gecə işıqlanma sistemi quraşdırılıb, yola asfalt örtüyü çəkilib və küçənin girişində Vəzir Orucovun barelyefi quraşdırılıb. Bundan başqa, Milli Qəhrəman Mübariz İbrahimov və “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adlarına yeni verilmiş küçələrdə də onların barelyeflərinin quraşdırılması üçün hazırlıq işləri görülür. Gənclər Mərkəzi və Təhsil şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənib və gecə işıqlanması sistemi ilə təchiz edilib.

Qafur Məmmədov küçəsindəki beşmərtəbəli yaşayış binasının həyətində geniş abadlıq işləri aparılıb, ərazidə olan müxtəlif materiallardan qanunsuz tikilmiş pərakəndə və səliqəsiz yardımçı tikililər sökülüb, tullantı və alaq otlarından təmizlənib. Hazırda həmin yaşayış massivində abad məhəllənin yaradılması işləri görülür. Eyni zamanda, Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri də davam etdirilir.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, ötən il Tərtər rayonunda ümumi məhsul istehsalının həcmi 125,8 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 15,1 faiz çoxdur. İstehsal olunmuş məhsul və xidmətlərin adambaşına düşən həcmi 11 min 591,3 manat təşkil edib. Son beş ildə rayonda adambaşına düşən məhsul buraxılışı 35,8 faizya 419,5 manat artıb.

Ümumi məhsulun 5,6 milyon manatını sənaye, 48,1 milyon manatını kənd təsərrüfatı, 26,4 milyon manatını tikinti və quraşdırma işləri təşkil edib. Sənaye məhsulunun həcmi 1,9 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 7,2 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə çoxalıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Hazırda tingçilik təsərrüfatında yaz işləri aparılır. Calaqların polietilen sarğısı, həmçinin calanmış ağacların gözdən yuxarı hissəsi kəsilib atılır, tinglərin dibi yumşaldılır. Yeri gəlmişkən, Tərtər rayonunda 1180,6 hektar meyvə bağları və 11,1 hektar üzümlük var. Son bir ildə rayon ərazisində 7 hektar yeni meyvə bağları və 2,8 hektar giləmeyvəlik salınıb, 1 milyon 505 min 872 ədəd meyvə və 141 min 344 ədəd dekorativ bitki tingi yetişdirilib.

Ümumiyyətlə rayon iqtisadiyyatının 38,1 faizini kənd təsərrüfatı təşkil edir. 2015-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının həcmi 48,1 milyon manat olub. Əvvəlki ilə nisbətən onun həcmi 7,2 faiz artıb. Kənd təsərrüfatı məhsullarının 60,8 faizi bitkiçiliyin, 39,2 faizi heyvandarlığın hesabına formalaşır.

26462 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib ki, onun da 11,2 min hektarı dənli və dənli paxlalı bitkilər, 2.2 mini texniki bitkilər, 1,5 min hektarı kartof, tərəvəz və bostan bitkiləri, 11,5 min hektarı yem bitkiləri olub. 5610 hektar buğda sahəsinin hər hektarından 37,1 sentner, 5233 hektar arpa sahəsinin hər hektarından 34,5 sentner məhsul götürülüb.

Rayonda 26,6 min baş iri mal, 73,1 min baş qoyun-keçi, 261,8 min baş müxtəlif növ quşlar, 2817 arı ailəsi, 725 baş at var. İri malın sayı 405 baş, qoyun-keçilərin sayı 1165 baş artıb. 2015-ci ildə diri çəkidə 2,8 min ton ət, 17,7 min ton süd, 7,8 milyon ədəd yumurta, 124 ton yun istehsal edilib. Ət istehsalı 2 faiz, süd istehsalı 21,6 faiz, yumurta istehsalı 0,8 faiz, yun istehsalı 0,6 faiz artıb.

Bir sözlə, kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir və bu kontekstdə keçən il İqtisadiyyat Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına görə 34 sahibkara 359,2 min manat güzəştli kreditlər verilib. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun kəndlərində 14 subartezian quyusu qazılıb, 6 quyu bərpa olunub.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il Tərtərdə infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində tədbirlər də uğurla davam etdirilib. 2015-ci ilin iyun ayından uzun illərdən bəri problem olaraq qalan Tərtər şəhəri və ətraf 11 kəndin içməli sukanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılıb. Layihədə 110 km içməli su xəttinin və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulub. Bu günə kimi Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılıb, 25974 metr magistral kanalizasiya xətti, 3627 metr artezianlararası və təzyiqsiz magistral su xətti, 25867 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilib.

Ötən il ərzində əhali və istehsalat sahələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunub. Tərtər şəhərində 10 ədəd, Qapanlı kəndində 3 ədəd yeni transformator quraşdırılıb, Çaylı kəndində məskunlaşmış məcburi köçkünlər üçün 22 dayaq basdırılaraq yeni 1.55 km 6 kv-luq hava xətti və kəndin içində 2,5 km 0.4 kv-luq hava xətti çəkilib. Rayonun Hacıqərvənd, Qapanlı, Yuxarı Qaradağlı kəndlərində isə elektrik xətləri kabelləşdirilir.

Həyata keçirilən tədbirlər sırasında rayonun qaz təsərrüfatının əsaslı şəkildə yeniləşdirilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların “mavi yanacaqla fasiləsiz təminatı istiqamətində görülən işləri xüsusi qeyd etmək olar. Məlumat üçün bildirək ki, təkcə ötən il Tərtər rayonunun 14 yaşayış məntəqəsi - İsmayılbəyli, Evoğlu, Təzəkənd, Hacıqərvənd, Kəngərli, Balakəngərli, Mamırlı, Poladlı, Borsunlu, Yuxarı Sarıcalı, Bayandurlu, Cəmilli, Qaradağlı, Köçərli kəndləri qazlaşdırılıb. Seydimli-Borsunlu kəndləri istiqamətində diametri 315 millimetrlik yeraltı daşıyıcı polietilen qaz xəttinin çəkilişi başa çatdırılıb.

Bildirmək yerinə düşər ki, qazlaşdırma ilə bağlı işlər 2016-cı ildə də uğurla davam etdirilir. Belə ki, bu günlərdə Tərtər rayonunun qazlaşdırılan yaşayış məntəqələrinin sırasına Bəyimsarov kəndi də əlavə olunub. 691 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 969 metr müxtəlif diametrli polietilenmetal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Seydimli, Sarov, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar kəndlərində qazlaşdırma işləri davam etdirilir.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 12 mart.- S.8