Regionlarda yeni infrastruktur layihələri həyata keçirilir

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlər verilir

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Və bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. O da qeyd edilməlidir ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca isə 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Və həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal və emal potensialı gücləndirildi. Ötən dövr ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artdı.

Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Ötən illər ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, istifadəyə verilən obyektlərin böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Yəni ötən 12 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir.

Yeri gəlmişkən, Şəmkir rayon Mərkəzi Xəstəxanasının şüa-diaqnostika şöbəsinin əsaslı təmirdən sonra açılışı olub. Şöbədəki 16 kabinet və 4 yardımçı otağın hamısı müasir avadanlıqlarla təchiz edilib.

Gəncə şəhərində isə Gəncə çayının sahilində tikilən bulvar gənclərin və şəhər sakinlərinin ixtiyarına verilib. Layihəyə uyğun olaraq görülən işlər çərçivəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb. Çayın yatağı təmizlənib, məcrası isə yenidən qurularaq, hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib. İstirahət məkanında Bayraq meydanı, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər qoyulub, ağaclar əkilib, çoxsaylı dekorativ çiçək və gül kollarından ibarət yaşıllıq salınıb. Vaxtilə Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib. Bulvarda velosipedçilər üçün xüsusi veloxətt salınıb.

İmişli rayonunun Məzrəli kənd tam orta məktəbinin binası isə əsaslı təmir olunur. 40 il öncə inşa olunan 60 yerlik təhsil ocağının təmirinə ötən ilin dekabrında başlanılıb. Qısa müddətdə binanın dam örtüyü vurulub, qapı və pəncərələr yeniləri ilə əvəz olunub. 33 sinif otağından ibarət ikimərtəbəli binada hazırda suvaq işləri görülür, elektrik və kommunikasiya xətləri təzələnir, istilik sistemi quraşdırılır. Binada daimi su təminati üçün hər birinin tutumu 100 kubmetr olan 2 su çəni quraşdırılıb. Ümumi sahəsi 727 kvadratmetr olan məktəbin həyətinin hasarlanması və ətrafında abadlıq işlərinin görülməsi də nəzərdə tutulub. Təmir işləri başa çatdıqdan sonra təhsil ocağı təzə inventarlarla təchiz ediləcək.

Eləcə də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) martın 17-də Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda SKMF tərəfindən hazırlanmış və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr üzrə (cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması) nümunəvi investisiya layihələrinin təqdimatı olub. Bu investisiya layihələrinin ümumi dəyərinin 100 faizinədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi qeyd edilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb. Qeyd edilib ki, indiyədək 1830 məcburi köçkün sahibkara 38,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 3400-dən çox yeni iş yeri yaradılıb. İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Kəlbəcərdən olan 20 məcburi köçkün sahibkara 100 min manat güzəştli kredit verilib. Tədbir çərçivəsində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarların Yevlax rayonu Malbinəsi kəndində yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda da sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Layihələrdə müasir istixana kompleksinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, süd emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması məqsədəuyğun hesab edilib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən “Şərur-3” MMC-yə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2012-ci ilin martından başlayaraq mərhələlərlə, ümumilikdə, 180 min manat dövlət maliyyə dəstəyi göstərilib. Şərur rayonunun Məmmədsabir kəndində istehsal müəssisəsi üçün əlverişli yerdə 4 min 950 kvadratmetr torpaq sahəsi ayrılıb, burada müasir layihə əsasında 630 kvadratmetr ərazidə emal bölməsi, istehsal və qablaşdırma sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət ikimərtəbəli bina tikilib istifadəyə verilib.

Həmçinin müəssisənin həyətində 420 kvadratmetr ərazidə taraların saxlanılması üçün çardaq qurulub, meyvə, giləmeyvə və təbii bitkilərdən hazırlanmış cövhərlərin Günəş şüası dəymədən saxlanılması məqsədilə yeraltı anbar tikilib, həyətdə abadlıq işləri aparılıb. Müəssisədə 2 istehsal sahəsi - likör və araq istehsalı üçün lazımi şərait yaradılıb, Türkiyə Respublikasından alınmış, istehsal gücü saatda 2 min ədəd şərti butulka olan müasir texnoloji avadanlıq quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb.

Müəssisədə şüşə butulkalarda olmaqla, muxtar respublikada bitən və yetişən albalı, ərik, şaftalı, heyva, qara tut, zirinc, kəklikotu, baldırğan cövhərlərindən və yüksəkkeyfiyyətli spirtdən hazırlanmış 3 çeşiddə likör və 14 çeşiddə araq istehsal edilir. Məhsullar gümüş filtrdən keçirilərək standartlara uyğun süzülüb 100, 250 və 500 millilitrlik şüşə butulkalara qablaşdırılır. Xüsusi dizayn və nəfis tərtibatla bəzədilmiş taralar Bakı şəhərindən, Rusiya, Moldova və Ukrayna respublikalarından, qapaqlar isə Bakı şəhərindən, Türkiyə və Moldova respublikalarından idxal olunur.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 19 mart.-S.7