Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edilib

Bayram tədbirinin “Multikulturalizm ili”nə önəmli töhfə olduğu vurğulanıb

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün həyatımızın bütün sahələrində özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yenilənir, müasirləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilib. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, sürətli inkişaf strategiyasının reallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atmış Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonu üzrə nəzərdə tutulan işlərin, eləcə də digər sosial yönümlü proqram və layihələrin icrasının ölkəmizin inkişafında əsas rol oynadığını bir çox çıxışlarında xüsusi olaraq qeyd edib. Bu kontekstdən yanaşdıqda Pirallahı rayonunda son üç ildə icra edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Bu günlər Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunub. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda Novruz bayramı artıq dördüncü dəfə qeyd edilir. Pirallahı rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq martın 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunub. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılıb, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilib. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, məcburi köçkünlərə, ümumilikdə yüzə yaxın ailəyə bayram sovqatı çatdırılıb.

Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılıb, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanıb. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 ¹-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunub. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunub, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilib. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli inamlar, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaradıb.

Pirallahı rayonunda Novruza həsr olunmuş silsilə tədbirlərin kulminasiyası olan ümumrayon Bahar bayramına martın 18-də Gənclər Parkında start verilib. Günorta saatlarından etibarən üçrəngli bayraqlarla, eləcə də mavi, qırmızı və yaşıl lentlərlə bəzədilmiş mərkəzi küçə boyu hərəkət edən milli geyimli atlılar sakinləri bayram tədbirinə dəvət ediblər. Bayramsayağı bəzədilmiş Gənclər Parkına daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkilləri Aydın Mirzəzadə, Rauf Əliyev və Hikmət Babaoğlunu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi və digər qonaqları Bahar qızı bayram xonçası ilə qarşılayıb. İlk olaraq, qonaqlar Pirallahının dünənini və bu gününü əks etdirən fotostendlə tanış olublar. Kosa və Keçəl, milli geyimli çaparlar, zurnaçılar dəstəsi bayram tədbirinə xüsusi rövnəq verirdi. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdiriblər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, Kempo-karate ustaları öz məharətlərini göstəriblər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılanıb. “NeftçiİSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqləniblər...

Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi süzür, cəhrədə ip əyirir, xına yaxırdı. Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, mədəniyyət ocaqları öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər düzənləyiblər. Burada mövzusu Novruzla bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Qədim kilimarası oyunu daha böyük marağa səbəb olub. Rəssamlıq dərnəyinin üzvləri 10 molbert üzərində Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdiriblər...

Qonaqları hörmətlə qarşılayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim edibrayon İcra Hakimiyyətinin başçısı bayram tonqalını alovlandırıb. Pirallahı sakinlərini və qonaqları milli bayram münasibətilə təbrik edən V.İmanov qədim və ulu Novruz haqqında geniş məlumat verib, əski zamanlardan başlayaraq Azərbaycanda və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulayıb, Novruz adətləri barədə danışıb. Bildirilib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanılması üçün böyük işlər görmüşdür.

Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaradıb, hər il Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərmağan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olub. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib. Pirallahı rayonunda Novruz bayramının yüksək səviyyədə keçirilməsinin Prezident İlham Əliyev tərəfindən elan edilmişMultikulturalizm ili”nə önəmli töhfə olduğu vurğulanıb.

Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bugünkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif İmanov bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə edib, Pirallahı sakinlərini Novruz bayramı münasibətilə bir daha təbrik edərək, rayon sakinlərinə yeni-yeni uğurlar arzulayıb.

Daha sonra rayonun sosial-iqtisadi, mədəni inkişafında və ictimai-siyasi həyatında fərqlənmiş bir qrup sakinə, eləcə də milli bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmış idmançılara Pirallahı rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib. Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, hərbi orkestrin, o cümlədən tanınmış müğənnilərin iştirak etdiyi konsert proqramı və xalq gəzintisi ilə davam edib, qədim yallı rəqsi və bayram atəşfəşanlığı ilə yekunlaşıb. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilib.

İlqar MƏMMƏDLİ

Yeni Azərbaycan.- 2016.- 18 mart.- S.5