Regionlarda
yeni infrastruktur layihələri həyata keçirilir
Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli
kreditlər verilir
Azərbaycanın iqtisadi inkişafının əsas
baza sütunlarından birinə çevrilən regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
(2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair)
respublikamızın sıçrayışlı
inkişafını təmin etməklə yanaşı,
insanların sosial həyatının
yaxşılaşması, bölgələrin simasının
əhəmiyyətli dərəcədə dəyişərək
yeni proqressiv çalarlar almasında mühüm rol
oynayıb.
Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və yeni sənaye obyektlərinin
yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin
artırılması, regionların inkişafı
üçün zəruri infrastrukturun yaradılması, aqrar
sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər
kənd təsərrüfatı işçilərinə dəstək
məqsədilə müxtəlif servis mərkəzlərinin,
investorların regionlara cəlb olunması üçün əlverişli
şəraitin yaradılması, yeni iş yerlərinin
açılması və digər kompleks tədbirlərin
görülməsi nəticəsində regionların
sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi
inkişafı bütövlükdə respublikanın
ümuminkişaf göstəricilərinə təsir edən
mühüm faktordur. Məlum olduğu
kimi, dövlət başçısı İlham Əliyev
2003-cü ildə vəzifəsinin icrasına başlayarkən
regionların sosial-iqtisadi inkişafını
Özünün fəaliyyətinin əsas istiqamətlərindən
biri kimi elan etdi. Və bu hədəfə çatmaq
üçün ötən dövrdə regionların
sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli
Dövlət Proqramı uğurla həyata keçirilib,
hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır.
Əksər ekspertlərin də vurğuladıqları kimi,
2004-cü il fevralın 11-də təsdiqlənmiş
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nı bölgələri
dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq
olar. O da qeyd edilməlidir ki, məqsədyönlü və səmərəli
fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə
edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə
vaxtından tez çatmaq mümkün olub. Regionların
sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramının uğurla həyata keçirilməsinin
ardınca isə 2009-cu il aprelin 14-də
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiqləndi. Və həmin
proqramda qarşıya qoyulan vəzifələr də
uğurla yerinə yetirildi. Nəticədə,
yerlərdə istehsal və emal potensialı gücləndirildi.
Ötən dövr ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə,
investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə
artdı.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən
Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz
ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə
nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra
sahələrdə sıçrayışlı inkişafa da
təkan verib. Digər tərəfdən,
ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi
ölkə iqtisadiyyatının dayanıqlı
inkişafını təmin etməklə yanaşı, yeni
infrastrukturun qurulmasına, eləcə də regionlarda
abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə
zəmin yaradıb. Ötən illər ərzində
regionlarda 500-dən çox sənaye müəssisəsi, o
cümlədən Sumqayıtda texnologiyalar və tekstil
parkları, Naxçıvanda sement, mərmər və
avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda
gips və gips məhsulları, Mingəçevirdə
polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız
emalı, bitki yağları, günəş panelləri,
Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik
plitələr, Gədəbəy və Daşkəsəndə
qızıl emalı, Oğuzda qarğıdalı emalı və
qlükoza, İmişlidə şəkər, bitki
yağları və qarışıq yem zavodları,
Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı,
mebel, emal, çörək zavodu və digər müasir
müəssisələr fəaliyyətə başlayıb. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi,
istifadəyə verilən obyektlərin böyük əksəriyyəti
regionlarda fəaliyyət göstərir. Yəni ötən
12 ildə respublikada açılan yeni iş yerlərinin,
yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti
bölgələrin payına düşüb ki, bu da bölgələrin
daha da yüksək səviyyədə inkişafına yol
açır. Bu gün yeni tikilən və ya təmirdən
çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların
xidmətinə verilir.
Yeri gəlmişkən, Şəmkir rayon Mərkəzi
Xəstəxanasının şüa-diaqnostika şöbəsinin
əsaslı təmirdən sonra açılışı
olub. Şöbədəki 16 kabinet və 4
yardımçı otağın hamısı müasir
avadanlıqlarla təchiz edilib.
Gəncə şəhərində isə Gəncə
çayının sahilində tikilən bulvar gənclərin
və şəhər sakinlərinin ixtiyarına verilib. Layihəyə
uyğun olaraq görülən işlər çərçivəsində
Gəncə çayının şəhər ərazisindən
keçən hissəsində sahilbərkitmə işləri
aparılıb. Çayın yatağı təmizlənib,
məcrası isə yenidən qurularaq, hər iki tərəfdə
ümumi uzunluğu 2,4 kilometr olan betondan
istinad divarı çəkilib. İstirahət məkanında
Bayraq meydanı, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə
və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat
qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran
və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr
quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər
qoyulub, ağaclar əkilib, çoxsaylı dekorativ
çiçək və gül kollarından ibarət
yaşıllıq salınıb. Vaxtilə Gəncə
çayının sağ və sol hissəsini birləşdirən
piyadalar üçün metal konstruksiyadan tikilmiş
körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib.
Bulvarda velosipedçilər üçün
xüsusi veloxətt salınıb.
İmişli rayonunun Məzrəli kənd tam orta məktəbinin
binası isə əsaslı təmir olunur. 40 il
öncə inşa olunan 60 yerlik təhsil ocağının təmirinə
ötən ilin dekabrında başlanılıb. Qısa müddətdə binanın dam
örtüyü vurulub, qapı və pəncərələr
yeniləri ilə əvəz olunub. 33 sinif
otağından ibarət ikimərtəbəli binada hazırda
suvaq işləri görülür, elektrik və kommunikasiya xətləri
təzələnir, istilik sistemi quraşdırılır.
Binada daimi su təminati üçün hər
birinin tutumu 100 kubmetr olan 2 su çəni
quraşdırılıb. Ümumi sahəsi
727 kvadratmetr olan məktəbin həyətinin hasarlanması və
ətrafında abadlıq işlərinin görülməsi də
nəzərdə tutulub. Təmir işləri
başa çatdıqdan sonra təhsil ocağı təzə
inventarlarla təchiz ediləcək.
Eləcə də İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) martın 17-də
Yevlax rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi
məsələlərinə dair işgüzar forum
keçirib. Forumda SKMF tərəfindən hazırlanmış və
güzəştli kreditlər hesabına maliyyələşdirilməsi
məqsədəuyğun hesab olunan sahələr üzrə
(cins heyvandarlıq, pendir istehsalı, arıçılıq
və balın emalı, çörək və şirniyyat məhsullarının
istehsalı müəssisələrinin yaradılması)
nümunəvi investisiya layihələrinin təqdimatı
olub. Bu investisiya layihələrinin
ümumi dəyərinin 100 faizinədək hissəsinin
dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi,
istehsal və emal müəssisələrinin
avadanlıqlarının alınaraq gətirilməsi və
quraşdırılmasına dəstək göstəriləcəyi
qeyd edilib, sahibkarlara nümunəvi layihələr, metodiki
materiallar paylanıb. Qeyd edilib ki, indiyədək 1830 məcburi
köçkün sahibkara 38,7 milyon manat
güzəştli kredit verilib. Bu kreditlərin
reallaşdırılması nəticəsində 3400-dən
çox yeni iş yeri yaradılıb. İşgüzar
forum çərçivəsində müvəkkil kredit təşkilatları
vasitəsilə Kəlbəcərdən olan 20 məcburi
köçkün sahibkara 100 min manat güzəştli kredit
verilib. Tədbir çərçivəsində
güzəştli kreditlər hesabına maliyyələşdirilmiş
məcburi köçkün sahibkarların Yevlax rayonu Malbinəsi
kəndində yerləşən heyvandarlıq təsərrüfatlarına
baxış keçirilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu Xaçmaz rayonunda da sahibkarlardan prioritet hesab olunan
sahələr üzrə investisiya layihələrinin qəbuluna
başlayıb. Layihələrdə müasir istixana
kompleksinin, intensiv bağçılıq və cins
heyvandarlıq təsərrüfatlarının, süd
emalı və şirniyyat məhsullarının istehsalı
müəssisələrinin,
ixtisaslaşdırılmış “yaşıl market”in
yaradılması məqsədəuyğun hesab edilib.
Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunda yerləşən “Şərur-3” MMC-yə də
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
2012-ci ilin martından başlayaraq mərhələlərlə,
ümumilikdə, 180 min manat dövlət maliyyə dəstəyi
göstərilib. Şərur rayonunun Məmmədsabir kəndində
istehsal müəssisəsi üçün əlverişli
yerdə 4 min 950 kvadratmetr torpaq sahəsi ayrılıb, burada
müasir layihə əsasında 630 kvadratmetr ərazidə
emal bölməsi, istehsal və qablaşdırma sahələri,
xammal və hazır məhsulların saxlanılması
üçün anbar, yeməkxana, laboratoriya və digər
yardımçı otaqlardan ibarət ikimərtəbəli
bina tikilib istifadəyə verilib.
Həmçinin
müəssisənin həyətində 420 kvadratmetr ərazidə
taraların saxlanılması üçün çardaq
qurulub, meyvə, giləmeyvə və təbii bitkilərdən
hazırlanmış cövhərlərin Günəş
şüası dəymədən saxlanılması məqsədilə
yeraltı anbar tikilib, həyətdə abadlıq işləri
aparılıb. Müəssisədə 2 istehsal sahəsi -
likör və araq istehsalı üçün lazımi şərait
yaradılıb, Türkiyə Respublikasından
alınmış, istehsal gücü saatda 2 min ədəd
şərti butulka olan müasir texnoloji avadanlıq
quraşdırılıb, istehsal prosesi
avtomatlaşdırılıb.
Müəssisədə şüşə butulkalarda
olmaqla, muxtar respublikada bitən və yetişən albalı, ərik,
şaftalı, heyva, qara tut, zirinc, kəklikotu, baldırğan
cövhərlərindən və yüksəkkeyfiyyətli
spirtdən hazırlanmış 3 çeşiddə likör
və 14 çeşiddə araq istehsal edilir. Məhsullar
gümüş filtrdən keçirilərək standartlara
uyğun süzülüb 100, 250 və 500 millilitrlik
şüşə butulkalara qablaşdırılır.
Xüsusi dizayn və nəfis tərtibatla bəzədilmiş
taralar Bakı şəhərindən, Rusiya, Moldova və
Ukrayna respublikalarından, qapaqlar isə Bakı şəhərindən,
Türkiyə və Moldova respublikalarından idxal olunur.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.- 29 mart.- S.8