Azərbaycanı işıqlı gələcəyə aparan yol Heydər Əliyev yoludur

 

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova

- Azərbaycan ənənəvi Bakı Qlobal Forumuna ev sahibliyi ilə bir daha dünya ictimaiyyətinin diqqətini özünə yönəldi. Dünyanın tanınmış siyasətçilərinin, dövlət və hökumət başçılarının qatıldığı bu Forumun qlobal məsələlərin həllinə təsir imkanlarını necə şərh edərdiniz?

- Azərbaycan bir neçə ildir ki, müxtəlif mövzularda beynəlxalq tədbirlərin təşkilatçısı rolunda çıxış edir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan regionda sülh, əminamanlıq, əməkdaşlıq məkanına çevrilib və bu məkanda getdikcə daha geniş spektrli, rəngarəng mövzuları əhatə edən beynəlxalq tədbirlər keçirilməkdədir. Həqiqətən də, keçirilən tədbirlər ən müxtəlif mövzuları əhatə edir. Buraya idman, siyasət, regional əhəmiyyət kəsb edən məsələlər, o cümlədən dünyanın siyasi gündəmini zəbt edən mövzular daxildir.

IV Bakı Qlobal Forumu da  xüsusi əhəmiyyətli tədbirlərdən oldu. Azərbaycan  həm də sivilizasiyalararası dialoqun formalaşmasına xidmət edən ənənələrin yaranmasını, xalqların, dövlətlərin yaxınlaşmasının yeni yollarını düşünən ölkə kimi çıxış edir. Hesab edirəm ki, müəyyən müddət keçəcək, bu tədbirlər daha çox ölkələri əhatə edəcək. Dördüncü  dəfə keçirilən Bakı Qlobal Forumu bunu açıq şəkildə  göstərir. Prezidentlərin,  baş nazirlərin, keçmiş dövlət başçılarının, siyasətçilərin, alimlərin, ekspertlərin, müxtəlif təbəqələrin nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir dünyanın çox narahat dönəminə təsadüf edir. Hansı ki, dünyanın bir sıra məkanlarında qarşıdurmalarla müşahidə olunan bir şəraitdə bu tədbirin Bakıda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycan çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələrinin uzun illər bir arada qardaşlıq şəraitində yaşadığı bir ölkədir.

- Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə «Multikulturalizm ili» elan edildi. IV Bakı Qlobal Forumunun multikulturalizmi dövlət siyasətinin əsası kimi qəbul edən Azərbaycanın bu sahədəki təcrübəsinin təbliğində rolunu, ümumilikdə, Azərbaycanın multikultural cəmiyyətlərin inkişafına töhfələrini necə dəyərləndirirsiniz?

- Dövlət başçısı tərəfindən  2016-cı ilin «Multikulturalizm ili» elan olunması təsadüfi deyil. Cənab Prezident bu qərarı verməklə Azərbaycan xalqının minilliklər boyu mövcud olan ənənələrinə söykənib. Bu, bir siyasi qərarla əldə olunan nəticə deyil. Bu siyasi qərarların qəbul edilməsini vacib edən ənənələr var və verilən qərarlar da məhz bu ənənələrə əsaslanır. Azərbaycanda tolerant cəmiyyət formalışb. Ona görə də, IV Qlobal Forum və onun gündəliyinə daxil olan məsələlər aktuallığı ilə fərqlənib. Belə ki, gündəlikdə dünyada baş verən iqtisadi böhran, Ukraynada, Suriyada yaranan durum və dünyada mövcud digər  problemlər müzakirə predmeti olub. Yəni, bu foruma maraq təkcə nümayəndələrin çoxluğunda deyil, müzakirə olunan məsələlərin çoxluğu, vacibliyi və aktullağına görədir. Tədbirin açılışından da göründü ki, iştirakçıların bu məsələləri müzakirə etməyə çox böyük marağı var. Xüsusilə, Azərbaycanın təşkilatçı kimi çıxış etməsi və ölkəmizin özünün nailiyyətlərindən əldə etdiyi təcrübəni bölüşməsi baxımından da bu, çox vacib və əhəmiyyətli tədbirdir. Foruma ünvanlanmış təbriklər də deməyə əsas verir ki, Azərbaycan çox vacib tədbirə ev sahibliyi etdi. Bu təşəbbüslərin nəticəsində də mövcud problemlərin həlli yollarının aranması, yeni mexanimlərin tapılması, bizi qarşıdurmalara yox, əməkdaşlığa aparan yollarının aranması baxımından belə forumların çox böyük əhəmiyyəti var. Çünki bu forumların iştirakçıları çox ciddi fiqurlardır, onlar öz ölkələrində və dünya siyasətində aparıcı şəxslərdir.

Hesab edirəm ki, hazırda multikultural dəyərlərin iflasa uğradığı, bu dəyərlərdən geri çəkilmiş Avropada gedən proseslərin alternativi olaraq ölkəmizdə gedən prosesləri təqdim etmək əslində bir mesajdır. Bizi ayıran dəyərlərə yox, birləşdirən dəyərlərə üstünlük verməliyik. Hesab edirəm ki, IV Bakı Qlobal Forumunun böyük iqtisadi, siyasi və mənəvi əhəmiyyəti var.

-  Dünya siyasətçilərinin «yumşaq güc» adlandırdığı ikili siyasətin nəticələrini Azərbaycan aydın hiss edir. ATƏT-in də ölkəmizə ikili standartlardan yanaşması inkaredilməzdir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qurumun sessiya və iclaslarında belə məkirli siyasətin aradan qaldırılması və yeganə ağrılı problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönümündə görülən işlər barədə fikirlərinizi bilmək istərdik..

- Azərbaycan o ölkələrdəndir ki, dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə normal əməkdaşlığa üstünlük verir və siyasətini bu istiqamətdə qurur. Azərbaycan müstəqil siyasət yürütdüyü, doğru yolla getdiyi üçün bir çox hallarda belə ədalətsiz münasibətlə üzləşir. Bu yanaşma Dağlıq Qarabağ probleminə  münasibətdə də özünü göstərir. Doğrudur, Ukrayna hadisələrindən sonra bu məsələlərə baxışda ciddi dəyişikliklər baş verməyə başlayıb. Biz əvvəllər beynəlxalq hüququn prinsiplərindən danışan tək-tək ölkələrdən olurduqsa, hazırda bunun vacibliyini vurğulayan ölkələrin dairəsi genişlənir. Çünki hər kəs artıq dərk etməyə başlayır ki, beynəlxalq hüquqa riayət olunmursa, təhlükə bütün ölkələr, xalqlar üçün var. Ona görə, bizim ikili standartlar adlandırdığımız məsələlərdə də dəyişikliklər baş verir. Və artıq mövqe dəyişikliyi özünü göstərməkdədir.

O cümlədən, bu məsələ ilə əlaqədar ATƏT çərçivəsində tək səslə danışırdıqsa, indi bizə qoşulanlar var. Xüsusilə böyük dövlətlər, ATƏT-in Minsk konfransının üzvü olan dövlətlər bu məsələlərin, münaqişələrin  həllinin vacibliyini vurğulayırlar, beynəlxalq hüquqa istinad edirlər. Qeyd olunur ki, əgər mövcud problemlər həll olunmasa, yeni münaqişələrin baş verəcəyi istisna deyil.

Problemlər o qədər çoxalıb ki, yeni münaqişələr köhnə münaqişələri kölgədə qoyur. Maraqlı güc mərkəzləri isə əlbəttə ki, köhnə münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini də unudurmağa çalışırlar. Bu, bizi narahat edir. Amma vəziyyətin kəskin dəyişməsi yeni yanaşmaları meydana çıxardığı üçün bizim də fəaliyyətimizdə yeniliklər olur. Ona görə də, bu ölkələrin vahid şəkildə çıxış etməsinin mexanizmini axtarırıq. Bu yöndə müxtəlif təkliflər olur. Bunların sırasına ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsindən tutmuş, bu formatdan tam imtina edilməsi məsələsi də daxildir.

Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, biz heç zaman sayıqlığı itirə bilmərik

Azərbaycan hələ ki, bu formatı yeganə mümkün variant hesab edir. Bununla belə, digər beynəlxalq müstəvidə fəaliyyəti də mümkün sayır. Ermənistan tərəfi isə yalnız Minsk formatına üstünlük verərək ayrı-ayrı beynəlxalq qurumların münaqişənin həlli ilə məşğul olmasını özləri üçün təhlükəli hesab edirlər. Çünki belə olduğu təqdirdə münaqişələrin həlli ilə məşğul olan beynəlxalq alyans yaranır. Təəssüf ki, AŞPA-da Qarabağla bağlı məsələ müzakirəyə çıxarılan zaman Minsk qrupunun həmsədrləri  başqa təşkilatların bu proseslə məşğul olmasının danışıqlar prosesinə mənfi təsir edəcəyi haqda  bəyanat verdi. Bu o deməkdir ki, həmsədrlər bu məsələni monopoliyaya alır. Biz isə belə yanaşmanı qəbul etmirik. Çünki bu, təhlükəli tendensiyadır. Belə yanaşma münaqişənin həllinə töhfə verə biləcək digər imkanların, mexanizmlərin istifadəsini minimuma endirir. Bu da yalnız Ermənistana sərf edir.

Ölkəmizlə bağlı ikili standartları əks etdirən qərəzli sənədlər də ermənipərəst dairələrin maraqlarına xidmət edir, onlardan qaynaqlanır. Bu dairələrin marağındadır ki, Azərbaycan cəmiyyətində inkişafı, demokratiyanı ləkələsin, guya ölkəmizdə insan hüquqları pozulur. Bununla da, dolayısı yolla Qarabağ erməni icmasının Azərbayanın tərkibində yaşamasının mümkünsüzlüyünü sübut etməyə çalışırlar. Biz belə məkrli planlara qarşı mübarizə aparırıq. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, biz heç zaman sayıqlığı itirə bilmərik. Odur ki, bir çox hallarda beynəlxalq tədbirlərdə çıxışlarımız kəskin notlarla müşahildə olunur və bizə atılan böhtanlara qətiyyətlə cavab veririk. 

- Demokratik inkişafı əsas yol seçən Azərbaycanda qanunun aliliyi yüksək səviyyədə qorunur. Ölkənin hərtərəfli inkişafında ayrı-ayrı sahələri əhatə edən qanunların qəbulu mütləqdir. Bu baxımdan, yaz sessiyasında Milli Məclisin qanunvericilik işlər planına daxil olan məsələlər haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz ki, artıq Milli Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planı  təsdiq olunub  və fevral ayından sessiya öz işinə başlayıb. Bu müddət ərzində islahatların yeni mərhələsi ilə əlaqədar xüsusilə iqtsadi və sosial sahələri əhatə edən qanunlar müzakirəyə çıxarılaraq qəbul olunub. Bu baxımdan, 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər əhəmiyyətlidir. Büdcədə neftin qiyməti 25 dollardan götürülüb.

İş planında həmçinin, ənənəvi olaraq hökumətin, ombudsmanın, bələdiyyələrin fəaliyytinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatları öz əksini tapır. Millət vəkilləri bu hesabatlara münasibət bildiriblər. Yeni parlament komitələri yaranıb ki, bu da fəaliyyət dairəmizin genişlənməsi deməkdir.

Eyni zamanda, parlament diplomatiyası sahəsində xeyli uğurlar əldə etmişik. Milli Məclisdə 80-dən çox dostluq qrupu fəaliyyət göstərir. Dostluq qurpları səfərləri, keçirilən tədbirlər, parlamentlərlə aparılan işlər çərçivəsində Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının tanınması istiqamətində yeni qərarların qəbul olunmasının şahidi oluruq.

Azərbaycanla bağlı istər qərəzli, istərsə də müsbət qərarlar bir qayda olaraq parlament assambleyalarında qəbul olunur. Ona görə də, parlament diplomatiyasının önəmi artır. Bu sahədə işimizi gücləndirik.

Müstəqiliyn 25 illiyi ərəfəsində Azərbaycanın nailiyyətlərini əks etdirən qərarların qəbul olunmasına öz töhfəmizi verməyə çalışırıq. Həmçinin, bütün sessiyalar ərzində seçicilərimizin müraciətlərini, onların problemlərinin həllini diqqət mərkəzində saxlayırıq.

- Bahar xanım, təmsil olunduğunuz Yeni Azərbaycan Partiyası ilə Azərbaycanın dinamik inkişafı bir- birini nə dərəcədə tamamlayır?

- Cəmiyyət və insan həyatı belədir ki, o, ənənələrlə nə qədər bağlıdırsa, bir o qədər yeniliyə, müasirliyə, inkişafa meyilldir. YAP da adında əks olunan fəaliyyəti sərgiləyir. Partiyamız nəinki, yeni Azərbaycanın quruculuğunda iştirak edir, əslində yeni Azərbaycanın qurucusu kimi çıxış edir. Bu gün ölkənin və YAP-ın qarşısında dayanan hədəflər eynidir. Hesab edirəm ki, nə qədər nailiyyətlər əldə ediriksə, biz YAP-ın  zamanında yaranan partiya olduğunu bir daha dərk edirik.

Təbii ki, xalqımızın partiyamıza böyük inam və etimadı var. Bu inamın ən güclü əsası Ulu öndər Heydər Əliyevin ideyalarıdır. Heydər Əliyev ideyaları partiyanın uğurlarını şərtləndirən əsas amildir. Bu ideyaları daha dinamik həyata keçirən Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin siyasəti nəticəsində uğurlarımız  daha da artır. Xalqın Prezidentimizə olan inamı, Onun Sədri olduğu partiyaya da inamını şərtləndirir. Bu mənada ötən seçkilərdə seçicilər də partiyanın irəli sürdüyü namizədlərə etimad göstərdilər. Hesab edirəm ki, bu inamı fəaliyyətimizlə, əldə olunan nailiyyətlərlə qazanmışıq.

Biz inanırıq ki, Azərbaycan uzun illər Heydər Əliyev yolu ilə inkişaf edəcək. Ona görə ki, xalqımızın mütləq əksəriyyəti bu yolun doğruluğuna inanır. Radikal, öz maraqlarını milli maraqlardan üstün tutan kiçik qrup istisna olmaqla, bütün Azərbaycan vətəndaşları inanır ki,  Azərbaycanı işıqlı gələcəyə aparan yol yalnız Heydər Əliyev yoludur. Bu yolda hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Qarşıdan ən əziz bayramımız olan Novruz bayramı gəlir. Mən bu bayram münasibətilə bütün xalqımızı,  o cümlədən YAP üzvlərini ürəkdən təbrik edirəm, işlərində uğurlar, hər bir insanın arzularına çatmasını diləyirəm. Arzu edirəm ki, hər bir vətəndaş Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etsin. 

- Bakıda keçirilməli olan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının məlum səbəblərdən Ankarada baş tutması Prezident İlham Əliyev tərəfindən xüsusi jest kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Türkiyə Respublikasına son səfəri ölkələrimiz arasında münasibətlərin analoqu olmayan səviyyəsini bir daha nümayiş etdirdi. Siz necə düşünürsünüz, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi ölkələrimiz arasında əməkdaşlığın daha intensiv inkişafına və bütövlükdə regionda gərginliyin aradan qaldırılmasına hansı töhfəni verə bilər?

- Düşünürəm ki, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti Prezident İlham Əliyevin bu addımını, həqiqətən də tarixi əhəmiyyətli dostluq və qardaşlıq nümunəsi kimi dəyərləndirir. Hər birimizə qürur və məmnunluq hissləri yaşadan bu jest təkcə bu iki dövlət və xalq arasındakı münasibətləri səciyyələndirmir, həm də siyasi baxımdan regionda baş verən hadisələrin gedişinə təsir göstərə biləcək amildir. Azərbaycan və Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə strateji müttəfiqliyi Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “bir millət, iki dövlət” şüarı altında yanaşı duran  bu ölkələrin paralel olaraq gücünü və nüfuzunu əhəmiyyətli dərəcədə artırır və beynəlxalq miqyasda bu müttəfiqliyə yeni keyfiyyətdə yanaşmanı ortaya qoyur. Bununla da Azərbaycana münasibətdə Türkiyə, Türkiyəyə münasibətdə isə Azərbaycan faktoru daha vacib şərt kimi qəbul olunur. Bundan dolayı yaranan yeni geosiyasi vəziyyət, təbii ki, bir tərəfdən Bakı – Ankara münasibətlərinin daha yüksək səviyyəyə qalxması, digər tərəfdən isə bütövlükdə  regionda sülhün, əmin-amanlığın təmin olunması, o cümlədən Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində birgə səmərəli fəaliyyət üçün münbit siyasi şəraitin formalaşmasını şərtləndirir. Beləliklə də, cənab İlham Əliyevin praqmatik siyasi təfəkküründən doğan və Azərbaycan – Türkiyə münasibətlərində yeni eranın başlanğıcı kimi qiymətləndirilən müdrik təşəbbüsü çağdaş tariximizin ən yaddaqalan məqamlarından olacaqdır.

Yeni azərbaycan.- 2016.- 18 mart.- S.2