Azərbaycanın regionlarında əhalinin elektrik enerjisi, su, qaz təminatı istiqamətində işlər davam etdirilir

 

Artıq ölkə üzrə qazlaşdırmanın səviyyəsi 90 faizə yaxınlaşıb, yaxın perspektivdə respublikanın bütün şəhərləri 24 saat fasiləsiz su ilə təmin olunacaq, eyni zamanda, bölgələrin enerji təminatı paytaxtdakı səviyyəyə çatdırılacaq

Müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasətinin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən insan amili, bütün respublika boyu ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi əsas götürülür. Bu strateji kursa uyğun olaraq son 13 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanılaraq paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsi ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin sürətli iqtisadi inkişafı fonunda infrastruktur layihələrinin icra olunmasından məmnunluğunu ifadə edərək deyib: “Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik”.

Azərbaycan üçün strateji hədəflərdən biri ölkədə etibarlı su təchizatına nail olmaqdır

Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.

Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyədə bir uşaq həyatla vidalaşır. Ümumiyyətlə, müxtəlif ölkələrdə xəstəliklərin 80 faizi içməli suyun keyfiyyəti ilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.

Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Ölkənin əksər bölgələrində genişmiqyaslı su-kanalizasiya layihələri həyata keçirilir

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq son 13 ildə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində irimiqyaslı su-kanalizasiya layihələri həyata keçirilib. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su-kanalizasiya layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su-kanalizasiya layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb. Son 13 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələrinin icrasına başlanılıb və artıq bir sıra şəhərlərdə bu layihələrin icrası yekunlaşdırılıb. “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanıb və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s saylı Sərəncamı ilə təsdiq edilib. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq layihə çərçivəsində nəzərdə tutulan bir sıra işlər yekunlaşdırılıb, ayrı-ayrı ünvanlarda isə işlər uğurla davam etdirilir. Hazırda Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi də böyük müvəffəqiyyətlə reallaşdırılır.

Qeyd edək ki, əvvəlki Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində yaranan möhkəm baza əsasında hazırlanan və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət proqramında da içməli su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının arxada qalan iki ili ərzində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. Bu sahədə həyata keçirilən ən böyük layihələrdən biri Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisidir. Bəhs olunan Dövlət Proqramı çərçivəsində həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Yeni Dövlət Proqramının icrası çərçivəsində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə smart tipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar. Rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib.

Son illərdə ölkəmizdə reallaşdırılan yeni su layihələrindən biri də Oğuz-Qəbələ-Bakı su kəməridir. Oğuz-Qəbələ-Bakı su kəmərinin icrasına Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli müvafiq Sərəncamı ilə start verilib.

Layihə çərçivəsində tikinti işlərinə 2007-ci ilin martında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına 779,6 milyon manat vəsait ayrılıb. Kəmərin rəsmi açılış mərasimi 2010-cu il dekabrin 28-də keçirilib. Qarşıya qoyulan hədəf isə ondan ibarətdir ki, ölkənin bütün şəhərlərində abonentlərə 24 saat fasiləsiz su verilməsi təmin olunmalıdır. Reallaşdırılan layihələr onu deməyə əsas verir ki, yaxın perspektivdə bu məqsədə çatmaq mümkün olacaq. Bu məqamda qeyd edək ki, ölkə ərazisində içməli su təchizatının yaxşılaşdırılmasında modul tipli qurğulardan, o cümlədən də subartezian quyularından geniş istifadə olunur. Ötən il 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində subartezian quyusu qazılıb. Ümumiyyətlə, son illər ərzində ölkə ərazisində 1500-ə yaxın subartezian quyusu qazılıb. 2015-ci ilin sonunda isə bu məqsədlə daha 10 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində regionlarda istifadəyə verilən subartezian quyularını önəmli infrastruktur layihəsi kimi səciyyələndirərək vurğulayıb: “Keçən il 300 subartezian quyusu qazılmışdır. Bu da çox önəmli infrastruktur layihəsidir. Eyni zamanda, keçən il 60-a yaxın kənddə, bu günə qədər isə 384 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Çaylar boyu yerləşən bu kəndlərdə insanlar təmiz içməli sudan qıtlıq çəkirdilər. Ümumiyyətlə, son illər ərzində 625 min nəfər bu yolla təmiz içməli su ilə təmin edilib”.

Respublikada qazlaşdırmanın səviyyəsinin 90 faizə yaxınlaşması böyük nailiyyətdir

Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda qazlaşmanın səviyyəsindən məmnunluğunu ifadə edərək deyib: “Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.

Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bir sıra layihələr reallaşdırılır. Bu proses 2015-ci ildə də intensiv şəkildə davam etdirilib. Son bir ildə ölkə ərazisində 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, eyni zamanda, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 400 kilometrdən çox qaz kəmərləri əsaslı təmir edilib.

Bütün ölkə boyunca geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 767 min 919-a çatıb. Onu da vurğulamaq yerinə düşər ki, qaz satışı üzrə yığım istər əhali, istərsə də qeyri-əhali sektorlarında 100 faizi ötüb.

Novruz ərəfəsində evlərində ilk dəfə “mavi yanacaq” alovlanan sakinlər ikiqat bayram sevinci yaşayıblar

Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq bütün ölkə boyu reallaşdırılan qazlaşdırmanın ən səciyyəvi əlaməti isə ondan ibarətdir ki, artıq bu proses regionlarda indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Qeyd etmək yerinə düşər ki, qarşıya qoyulan hədəfə uyğun olaraq son vaxtlarda çoxlu sayda kəndin sakinləri mənzillərində “mavi yanacağ”ın ilk dəfə alovlandırılmasının sevincini yaşayıblar. Aparılan tikinti-quraşdırma işləri nəticəsində təkcə 2016-cı ilin yanvar-fevral aylarında 27 yaşayış məntəqəsi qazlaşdırılıb. Novruz bayramı ərəfəsində ölkənin müxtəlif regionlarında əvvəllər qaz almayan kəndlərə “mavi yanacaq” verilməsi isə sakinlərin ikiqat sevincinə səbəb olub. Bayram ərəfəsində Kürdəmir rayonunda 585 nəfər əhalisi olan Mehdili və 679 nəfər sakinin yaşadığı Qoçulu kəndlərinə təbii qaz verilib. Beləliklə, rayonda 49 yaşayış məntəqəsi üzrə 17391 abonent və ya rayon əhalisinin 81,1 faizi “mavi yanacaq”dan istifadə edir. Ötən il rayonun 22, cari ilin əvvəlindən isə 5 kəndə təbii qaz verilib. Hazırda daha 9 kənddə - Muradxan, Çöl-Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Dayıkazımlı və Axtaçı-Qarabucaq kəndlərində qazlaşdırma işləri aparılır. Budəfəki Novruz bayramının gəlişi Cəlilabad rayonunun Həziabad kənd sakinləri üçün də düşərli olub. Kənd sakinləri bayram ərəfəsində mənzillərində “mavi yanacağ”ın alovlanmasına görə ikiqat sevinc hissi yaşayıblar. Layihəyə əsasən, 367 abonenti olan kənddə 25 min 548 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qazlaşdırma layihələri Cəlilabad rayonunun digər yaşayış məntəqələrində də geniş vüsət alıb. Təkcə son bir ildə rayonun 42 kəndinə təbii qaz verilməsi təmin olunub.

“Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, ölkənin yaşayış məntəqələrinin maksimum səviyyədə qazlaşdırılmasını təmin etmək üçün Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xüsusi proqram həyata keçirilir. Çalışırıq ki, imkan olan bütün yaşayış məntəqələrini qazlaşdıraq. Ölkə üzrə qazlaşdırmanın 90 faizə çatdırılması üçün 125-ə yaxın yaşayış məntəqəsi qalıb. Proqram üzrə işlərin başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir”. Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şəki rayonunun İkinci Biləcik kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində deyib.

Novruz günlərində kəndə təbii qazın verilməsinin sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu vurğulayan SOCAR-ın prezidenti bildirib ki, yaxın günlərdə Şəkinin daha 3 kəndinə “mavi yanacaq” veriləcək. Bundan əlavə, 10 kəndə qaz xəttinin çəkilişi davam etdirilir. Gələn ilin əvvəlində Şəki rayonu üzrə qazlaşdırma artıq 85 faiz təşkil edəcək. Bu da dağ rayonu üçün yüksək göstərici hesab olunur.

Ölkədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib

Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. 2015-ci il ərzində ölkənin enerji gücləri tərəfindən 22,5 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib. Respublikamızda elektrik enerjisinin ən iri istehsalçısı olan “Azərbaycan İES” MMC-nin kollektivi 2015-ci ilin bütün texniki-istehsalat proqnozlarını yerinə yetirib. Müəssisədə il ərzində enerji bloklarından 7 milyard 402,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Son 12 ildə ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində artıq Bakı şəhərində abonentləri ən çətin hava şəraitində belə yüksək keyfiyyətli enerji ilə təmin etmək mümkün olur. Prezident İlham Əliyev isə qarşıya bölgələrin də enerji təminatını Bakının səviyyəsinə çatdırmaqla bağlı vəzifə qoyub. Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə, kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək”.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 30 mart.- S.8