“İslam
bizi vəhdətə səsləyir” layihəsi
çərçivəsində maarifləndirmə tədbiri
keçirilib
Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonunun Sabunçu qəsəbəsində “Cümə” məscidi dini icması tərəfindən “İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə qazısı Musa Qasımov, Sabunçu qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Zahir Mehdiyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Məhəmməd Əsədov həyata keçirilən layihənin əhəmiyyətindən söhbət açıb və belə tədbirlərin böyük maraq kəsb etdiyini bildirib.
DQİDK-nın nümayəndəsi Ceyhun Əliyev vəhdət anlayışı və onun İslam dinindəki yeri haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə mövcud olan vəhdət mühiti Heydər məscidində qılınan vəhdət namazı ilə daha da güclənib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dinə və dindarlara göstərilən qayğının vəhdət mühitinə böyük töhfə verdiyi də iştirakçıların diqqətinə çatdırılıb.
QMİ-nin Sabunçu rayonu üzrə qazisi Musa Qasımov dindarlar tərəfindən bu tədbirlərin alqışlandığını bildirib.
Sonda Sabunçu qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Zahir Mehdiyev dindarlar adından minnətdarlığını bildirərək layihənin böyük uğurla icra olunduğunu qeyd edib.
Tədbirdə geniş fikir mübadiləsi aparılıb və
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.
Yeni Azərbaycan.-
2016.- 30 mart.- S.5