Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir

 

Nəzrin Mehdiyeva: YAP tərəfindən təqaüdə layiq görülməyim məni çox sevindirir

Azərbaycanın sürətli inkişafı, ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Tələbə-gənclərin təqaüdlərinin artırılması, aliorta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.

Eyni zamanda, bu gün ölkəmizin inkişafın özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir. Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqəti cəlb edir. Məlumat üçün bildirək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Sözügedən müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək YAP tərəfindən təqaüd verilir. Artıq YAP-ın təqaüdünü alanların sayı 43 nəfərdir və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsindən qürur duyduqlarını bildiriblər.

YAP-ın təqaüdünü alan tələbə-gənclərdən biri də Nəzrin Əmirxan qızı Mehdiyevadır. Balakən rayonunda anadan olan Nəzrin rayonun Nizami adına 1 saylı orta məktəbində təhsil alıb və 2014-cü ildə həmin məktəbi qızıl medalla bitirib. O, “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində iki dəfə iştirak edib və hər dəfə də uğur qazanıb. Belə ki, N.Mehdiyeva 9-cu sinifdə oxuyarkən 2-ci, 11-ci sinifdə oxuyarkən isə 3-cü yerin qalibi olub. Ümumiyyətlə, təhsilinə ciddi fikir verən Nəzrin orta təhsil müddətində digər müsabiqələrdə də iştirak edərək uğur qazanıb. Belə ki, Nəzrin 2012-ci ildə respublika fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II, 2013-cü ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi “Sərhədlərimiz müqəddəsdir” inşa-yazı müsabiqəsində I yerə layiq görülüb. O, həmçinin fəallığına və uğurlarına görə dəfələrlə Balakən rayon İcra Hakimiyyəti, YAP Balakən rayon təşkilatı tərəfindən diplomlarmükafatlarla təltif olunub.

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi olan Nəzrin deyib ki, müsabiqənin keçirilməsi haqqında ona məktəbdə məlumat verilmişdi: “Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. Yazdığım hər iki inşa Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqədə qiymətləndirildi”.

N.Mehdiyeva müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində həvəslə iştirak etdiyini deyib: “Tədbirdə hədiyyə və diplom aldım. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra bizim üçün sevindirici olan bir xəbəri də elan etdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli müəllim, həmçinin müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də bildirdi”.

Beləliklə, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbəsini stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni bu təqaüdü almaq üçün daha çox çalışmalı, inşa müsabiqəsində qazandığım nailiyyətə layiq olmalıydım. Axı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idimbu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim. YAP tərəfindən təqaüdə layiq görülməyim məni çox sevindirir”.

Beləliklə, bu çalışqanlıq, məsuliyyət nəticə verib. Nəzrin Mehdiyeva tələbə adını qazandıqdan sonra YAP-ın təsis etdiyi təqaüdü almaqdadır.

Göründüyü kimi, partiyamızın Azərbaycan gəncliyinə diqqət və qayğısı yüksək səviyyədədir. Bunu YAP-ın təqaüdünə layiq görülən gənclər də xüsusi vurğulayırlar. Bu, o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Məhz yuxarıda adını çəkdiyimiz layihələrdə iştirak edən gənclərin YAP tərəfindən qiymətləndirilməsi də bu reallığın bariz göstəricisidir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 30 mart.- S.-5