31 mart
1918-ci il: tarix - olduğu kimi
Soyqırıma
qədərki şəraitə qısa baxış
Birinci dünya müharibəsinin sonlarına yaxın,
1918-ci ilin martında yaranmış mürəkkəb şəraitdə
Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak
və bolşevik dəstələri azərbaycanlı əhaliyə
qarşı kütləvi qırğınlar törətdilər. Anadoluda
törətdikləri soyqırımlar üçün cəzasız
qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri
rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri
ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü.
Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan
keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu
Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət
içərisində olduqlarından Bakı Sovetinin xidmətində
qalmağı vətənə dönməkdən
üstün tuturdular. Ordu silah və
sursatını ermənilərə və Bakı bolşeviklərinə
vermişdi.
1917-ci ilin payızından etibarən Cənubi Qafqazda -
tarixi Azərbaycan torpağı olan İrəvan
quberniyasında (indiki Ermənistan Respublikasında), Cənubi
Azərbaycanda, Borçalıda və indiki Azərbaycan
Respublikası ərazisində kütləvi
qırğınlar törətdilər. Erməni
silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı
əhaliyə qarşı törədilən kütləvi
qırğınların zirvə nöqtəsi 1918-ci ilin
martında oldu. Martın 30-da
axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və
erməni-daşnak dəstələri tərəfindən dinc
türk və müsəlman əhaliyə qarşı
kütləvi soyqırıma başlandı.
Soyqırımın
səbəbləri
Soyqırımın törədilməsinin bir sıra səbəbləri
vardi. Hər
şeydən əvvəl, hələ I Pyotr zamanından
başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini,
həmçinin Bakını işğal edib öz tərkibinə
qatmaq üçün guya Bakının və Azərbaycanın
digər yerlərinin fərqli mədəniyyət olduğunu
bildirirdi. Hətta “Bakı və Azərbaycan”
ifadələri dövriyyəyə buraxılmışdı.
İsti dənizlərə çıxmaq
üçün apardığı işğalçı
müharibələr nəticəsində Azərbaycanı
bölüşdürdükdən sonra Cənubi Qafqaza ermənilərin
yerləşməsi ilə təkcə demoqrafik vəziyyət
dəyişmədi, eyni zamanda onlar çarizmin Şərq
siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan
Müvəqqəti hökumət, ondan sonra isə bolşevik
Rusiyası da davam etdirdi. 1917-ci ilin
noyabrında Bakıda S.Şaumyan başda olmaqla sovet hakimiyyəti
quruldu. Bu, azərbaycanlıların əleyhinə
olan bir qurum idi. Lenin həmin ilin
dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli
komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası
üçün böyük əhəmiyyət kəsb
edirdi. Dünya müharibəsinin son mərhələsində
Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft
mənbəyi uğrunda hərbi əməliyyatlar
aparılırdı. Bunlardan biri Mosul, digəri
isə Bakı neft mənbəyi idi. Təsadüfi
deyildi ki, 1918-ci il mart ayının ikinci yarısında
V.İ.Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin
rəhbəri polkovnik R. Robinsonun “Rusiya Sovet Respublikası
üçün Bakının iqtisadi əhəmiyyəti nədədir”
sualına “Bu - neft, işıq və enerjidir”, - deyə cavab
vermişdi.
Mühüm coğrafi-siyasi mövqedə yerləşən
Bakıda bütün Cənubi Qafqazın taleyi həll
olunurdu. O
zaman Cənubi Qafqazda faktiki olaraq üç güc - Müvəqqəti
hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət
göstərirdilər. Bakıya hakim olmaq
bütün Cənubi Qafqaza nəzarət imkanı verər,
Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin
süqutuna kömək edərdi. Digər
tərəfdən, Bakıya yiyələnmək Xəzər
dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən
yola nəzarət etmək imkanı yaradardı. Dünyanın ürəyinə gedən yol
Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda qırğınların törədilməsinin
başlıca səbəblərindən biri Azərbaycanın
müstəqilliyinin qarşısının alınması
idi. Belə ki, azərbaycanlılar əvvəlcə
muxtariyyət, sonda isə müstəqillik uğrunda
mübarizə aparırdılar.
Qırğınların
törədilməsinin digər bir səbəbi əhalisi əsasən
türk və müsəlmanlardan ibarət olan Cənubi
Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun
buraxılmaması üçün Bakı və Bakı
quberniyasını yerli, aborigen əhalidən təmizləmək
idi.
Azərbaycan əhalisi isə silahlı düşmən
qarşısında əliyalın qalmışdı. Bakıda və
onun ətrafında azərbaycanlıların silahlı
qüvvəsi demək olar ki, yox idi.
Bəhanə
Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri
və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz
donanmasının motroslarını müsəlmanlara
qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə
axtarılırdı. Belə bir bəhanə general
Talışinski başda olmaqla müsəlman
diviziyasının Lənkəranda həlak olan silah
yoldaşları, böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini
“Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və
əsgərinin Bakı Soveti tərəfindən tərksilah
etməsi oldu. Müsəlman diviziyasının əsgər
və zabitləri silahların geri qaytarılmasını tələb
etsə də, nəticəsi olmadı. S.Şaumyanla
aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb
silahların qaytarılmasını tələb etdi.
Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri
Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Soyqırımın
həyata keçirilmə üsulları
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş
açıldı. Bakı Sovetinin qüvvələri ilə
yanaşı, qırğın başlananadək özlərinin
bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni
Milli Şurası, o cümlədən erməni kilsəsi
Bakı Sovetini müdafiə etdi. Nəinki
silahlı erməni əsgərləri, habelə erməni
ziyalıları da Bakı Soveti tərəfindən
döyüşə qatıldılar. Şaumyan bu hadisə
ilə bağlı yazırdı: bizim süvari dəstəyə
ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə
etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərədək silahlı
qüvvəmiz vardı. Həmçinin
Daşnaksütyunun 3-4 minə qədər milli hissələri
də bizim sərəncamımızda idi.
Daşnaksütyunun iştirakı vətəndaş
müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi.
Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə
qazansaydılar, şəhər Azərbaycanın paytaxtı
elan edilərdi.
Qırğın qəddarlıqla həyata
keçirildi.
Şəhər yerdən və havadan bombardman
edildi. Dinc azərbaycanlı əhali
diri-diri su və neft quyularına, yanar təndirlərə
atılır, hamilə qadınların qarınları
süngü ilə deşilir, körpə uşaqlar divarlara
mıxlanır, qadınlar hörüklərlə bir-birinə
bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi.
Silahlı dəstələr uşaqlara, qocalara
və qadınlara rəhm etmirdilər. Adamlardan
siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək
üçün “türk, müsəlman” olmaq kifayət
edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan
tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə
çatmışdı ki, daşnaklar “biz, bolşevik,
sosialist bilmərik, müsəlmansan, kifayətdir”, - deyə hətta
müsəlman sosialistlərini belə qırdılar...”.
Kütləvi qırğının gedişində azərbaycanlılara
məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət
ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin
redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza
yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi
əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların
ictimai hərəkatında mühüm rol oynayan Müsəlman
Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə”
binası yandırıldı. Təzəpir məscidinin
minarələri zədə aldı.
Qüvvələr bərabər deyildi. Bina görə
də martın 31-də azərbaycanlılar döyüşü
dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların
öldürülməsi davam edirdi. Qırğınlar
yalnız aprelin 2-də dayandırıldı.
Soyqırımın
nəticələri: avropalılar və amerikalılar nə
dedilər?
Bakıda törədilən soyqırımın
ağır nəticələri oldu. ABŞ-ın Harbord
missiyasının hesabatında yazılırdı ki, ermənilər
1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını
öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden
Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı
qətlə yetirdilər.
Mart
qırğınından bəhs edən ABŞ tarixçiləri
Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min
döyüşçünün iştirak etdiyi bu toqquşma
Bakıda 3 min nəfərin həyatına son qoymaqla, Sovetin qələbəsi
ilə nəticələndi.
ABŞ
tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin
8 mindən 12 minədək müsəlman
öldürdüyünü və şəhərin türk əhalisinin
yarısının qaçdığını yazırlar.
ABŞ kəşfiyyat mənbələrinə görə,
Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan
türkü qaçqına çevrildi və 420 müsəlman
kəndi dağıdıldı.
İngilis
nümayəndələrinin 1918-ci il
aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki,
ermənilər bolşeviklərlə birləşərək
özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara
qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki,
mart ayında Bakıda müsəlman əhalinin dörddə
biri öldürüldü. Həmin
dövrün statistik məlumatlarından aydın olur ki, bu
zaman Bakıda 280-300 min nəfər əhali
yaşayırdı. Onun 80-100 min nəfəri
azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə
siyasəti nəticəsində yerləşdirilənlər
idi. Deməli, 80-100 min nəfər azərbaycanlı
əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində
yazılanlar ilə eyniyyət təşkil edir.
Azərbaycan mənbələrində nə
yazılır?
Azərbaycan
mənbələrində də öldürülənlər
barədə çoxlu məlumatlar var. Məsələn, N.Nərimanov
1918-ci il mayın 23-də çap
olunmuş “Vətəndaş müharibəsinin milli rəng
almaması üçün nə etmək lazımdır”
adlı məqaləsində etiraf edirdi: “Fanatizmdən uzaq olan
hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş
müharibəsində 99 faiz bir millətin nümayəndələri
qırılır. İrəvan quberniyası, Lənkəran
qəzası, Quba, Şamaxı bölgələri mənim
dediklərimi tamamilə təsdiq edir”. N.Nərimanov daha
sonra 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza
hansı şüarla gedirik” və “Qafqazın
işğalına baxış” adlı məqalələrində
göstərirdi ki, bolşevizm şüarları altında
daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə
şəraitdə sovet hökuməti Bakıda vətəndaş
müharibəsinə başlamağa qərar verdi.
Vətəndaş müharibəsi adı
altında Bakıda qanlı hadisələr törədildi.
Bakıda sovet hakimiyyəti daşnakların əlində
alət idi.
Azərbaycan hökumətinin istintaq komissiyasının
sənədlərindən aydın olur ki, Bakıda ermənilər
mart hadisələri zamanı dinc müsəlman əhalini
siyasi mənsubiyyətə fərq qoymadan kütləvi surətdə
qırmışlar. Digər mənbələrə əsasən,
yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı
öldürülmüşdü.
Kütləvi qırğınlar yalnız Bakı ilə
məhdudlaşmadı. Azərbaycanın və Cənubi
Qafqazın digər yerlərində də azərbaycanlılara
qarşı qırğınlar törədildi.
Soyqırımı
törədənlər istəklərinə nail ola bildilərmi?
Erməni-daşnakların
və bolşeviklərin soyqırımı törətməkdə
başlıca məqsədi Azərbaycanın muxtariyyəti və
müstəqilliyinin elan edilməsinə yol verməmək,
Bakı neftinə, Xəzər dənizinə yiyələnmək,
Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi
Qafqazı əldən buraxmamaq idi.
Martda Bakıda törədilən kütləvi qırğın azərbaycanlıların iradəsini qıra bilmədi. Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsi dayanmadı. Bu mübarizə nəticəsini verdi və mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.
Azərbaycanın verdiyi qiymət
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumət 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür. Müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir.
Musa Qasımlı,
Milli Məclisin deputatı,
professor
Yenı
Azərbaycan.- 2016.- 31 mart.- S.3