Azərbaycanın
regionlarında özəl bölmənin inkişafına
güclü dəstək verilir
Son 13 ildə ölkəmizdə sahibkarlara 1,7 milyard manat güzəştli kreditlər ayrılıb, cari ildə isə iş adamlarına daha 300 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur
Son illərdə Azərbaycanın qlobal təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitə uğurla adaptasiya olunması və sosial-iqtisadi inkişafın davamlılığını təmin etməsi bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində ölkəmizdə özəl bölmənin inkişafının davamlı şəkildə dəstəklənməsi mühüm yer tutur. Zamanında respublikanın bütün bölgələrində iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin inkişafının stimullaşdırılması bu gün etibarlı platforma qismində çıxış edərək ölkəmizin yeni qlobal çağırışlara yüksək dayanıqlılığına möhkəm təminat yaradır.
Ölkə iqtisadiyyatının 80 faizdən çoxu özəl bölmədə cəmləşib
Son 13 ildə sahibkarlığın, özəl
sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin
prioritet istiqamətlərindən birini təşkil edib.
Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə
malik özəl bölmənin inkişafı məqsədyönlü
şəkildə stimullaşdırılır və geniş
təşviq olunur. Dövlət bu sahənin inkişafına
həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf
etdirilməsi məqsədilə özəlləşdirmə
həyata keçirilib, ayrıca proqramlar qəbul edilib,
hüquqi-qanunvericilik bazası möhkəmləndirilib.
Ölkədə sahibkarlığın inkişafının təşviq
edilməsi məqsədilə Sahibkarlığa Kömək
Milli Fondu təsis edilib. Son bir ildə fond tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə
qaytarılmış vəsaitlər hesabına verilib.
Respublikada sahibkarlığın inkişafına digər
vasitələrlə də dəstək verilir. Son illərdə
256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas
artırması təşkil olunub. Təkcə
2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara
metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin
göstərilməsi məqsədilə ölkədə 3 mindən
artıq sahibkarın iştirakı ilə 132 tədbir
keçirilib. Regionlarda sahibkarların uzun illərdir
banklarda üzləşdikləri girov probleminin həlli
üçün kiçik həcmli güzəştli kreditlərin
girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı
əməkdaşlığa cəlb edilib və onların
vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit
verilib. İnvestisiya imkanlarının təşviqi
və yeni bazarlara çıxış məqsədilə
84-ü xaricdə olmaqla, 261 biznes forum, sərgi, “dəyirmi
masa” və bu qəbildən olan digər tədbirlər
keçirilib. Bəhs olunan tədbirlərdə
ölkənin investisiya mühiti təqdim olunub.
Göründüyü kimi, ölkəmizdə özəl
bölmənin inkişafına göstərilən dövlət
qayğısı çoxşaxəlidir. Prezident İlham Əliyev
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına
həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən
respublikamızda sahibkarlara böyük dəstək göstərildiyini
nəzərə çatdıraraq deyib: “Biz
sahibkarlığın inkişafına böyük dəstək
vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq 2
milyard manat təşkil edəcəkdir”.
Respublikamızda özəl bölməyə göstərilən
dövlət dəstəyi bu sahədə diqqətəlayiq
uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə
respublikamızda məşğulluqda və vergi
daxilolmalarında özəl bölmənin çəkisi 70
faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin
sayı 2004-cü illə müqayisədə 2,6
dəfə artaraq 386 minə çatıb.
Ölkədə sahibkarlığın dəstəklənməsinin
güclü potensiala malik aqrar sektorun və
bütövlükdə regionların inkişafında
mühüm rol oynadığını da ayrıca qeyd etmək
lazımdır. Sahibkarlıq subyektlərinin artması sayəsində
regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə
çoxalıb, həmçinin xərclərini yerli gəlirlər
hesabına maliyyələşdirən şəhər və
rayonların sayı 6-ya çatıb. Ümumiyyətlə,
son 13 ildə ölkə üzrə sahibkarlara verilən
kreditlərin 78 faizi, açılan iş yerlərinin isə
81 faizi regionların payına düşüb.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri
uğurla fəaliyyət göstərir. Son illərdə dövlətin
güzəştli kreditləri hesabına 43 müasir
quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv
bağçılıq təsərrüfatının, 53
logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz
emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin,
28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun
və digər müasir müəssisələrin
yaradılması aqrar sektorda dönüşün əldə
olunmasına, ixrac potensialının artmasına, idxaldan
asılılığın azalmasına, ümumilikdə ərzaq
təhlükəsizliyinin möhkəmlənməsinə səbəb
olub.
Beləliklə, özəl bölmənin dinamik
inkişaf etdirilməsi fonunda ölkə iqtisadiyyatının
strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verib. Prezident İlham Əliyev
yuxarıda bəhs olunan konfransdakı nitqində hazırda
ölkə iqtisadiyyatının 80 faizdən çoxunun
özəl bölmədə formalaşdığını
vurğulayaraq bunu respublikamızda həyata keçirilən
siyasətin nəticəsi kimi səciyyələndirib:
“Sahibkarlığın inkişafı üçün
çox işlər görülübdür. Bu
gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi
- 80 faizdən çoxu özəl sektorda formalaşır.
Bu, son illər ərzində
görülmüş işlərin nəticəsidir”.
Sahibkarlığın
dəstəklənməsi sayəsində ölkənin
regionlarında yeni kənd təsərrüfatı sistemi
formalaşır
Azərbaycanda sahibkarlığın dəstəklənməsi
sayəsində regionlarda yeni kənd təsərrüfatı
sistemi formalaşmaqdadır ki, bu da istər
bütövlükdə ölkənin iqtisadi inkişafı,
istərsə də ərzaq təminatının daxili istehsal
hesabına təmin olunması baxımından çox önəmlidir. Regionlarda
sahibkarlığın dəstəklənməsi dünya
miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin
ölkəmizin aqrar sektorunda da geniş şəkildə tətbiqinə
imkan yaradıb. Bu baxımdan
respublikanın müxtəlif bölgələrində iri
fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq
haldır. Azərbaycanın regionlarında iri fermer təsərrüfatlarının
yaradılmasına Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib.
Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının
yaradılması respublikamızda kənd təsərrüfatı
məhsulları istehsalının artırılmasını
stimullaşdırmaq və əhalinin ərzaq təminatını
yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi
daşıyır. Dövlətimizin
başçısının tapşırığına
uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir,
Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan,
Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri
fermer təsərrüfatları yaradılır.
İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə
29 iri fermer taxılçılıq təsərrüfatının
yaradılması başa çatıb və məhsuldarlıq
hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir
və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ
üzrə işlər yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı
nitqində yeni yaradılan iri fermer təsərrüfatlarında
məhsuldarlığın artmasından xüsusi məmnunluq
ifadə edərək vurğulayıb ki, belə təsərrüfatların
yaradılması cari ildə də davam etdiriləcək: “Məhsuldarlıq
artmışdır, xüsusilə
taxılçılıqda. İri fermer təsərrüfatlarının
fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən
iki dəfə çoxdur. Ona görə,
bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının
yaradılmasını bu il də davam
etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan
asılılığı azaldaq”.
Regionlarda
sahibkarlara dəstək tədbirləri cari ildə daha intensiv
hal alıb
Ölkəmizin regionlarında sahibkarlara dəstək tədbirləri
2016-cı ilin əvvəlindən etibarən daha intensiv hal
alıb. Ölkə miqyasında özəl bölmənin dəstəklənməsinin
hüquqi bazasının möhkəmləndirilməsi ilə
paralel surətdə, sahibkarlıq subyektlərinin maliyyə təminatının
gücləndirilməsi istiqamətində də intensiv tədbirlər
həyata keçirilir. Sahibkarlığa
Kömək Milli Fondu regionlarda sahibkarlığın
inkişafının dəstəklənməsi tədbirləri
çərçivəsində ötən ay Qax rayonunun Zəyəm
kəndində işgüzar forum təşkil edib. Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat
güzəştli kredit verilib. Verilən
kreditlər əsasən, taxılçılıq,
heyvandarlıq, arıçılıq,
bağçılıq, mineral su, qapı-pəncərə
istehsalı sahələrinin inkişafına yönəldiləcək.
Maliyyələşdirilən investisiya layihələrinin
reallaşdırılması hesabına 50-yə yaxın yeni
iş yerinin açılması mümkün olacaq. 70-ə
yaxın sahibkarın iştirak etdiyi forumda əvvəlcə
Qax rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədi ilə prioritet hesab
olunan iri fermer, bağçılıq, cins heyvandarlıq,
tütünçülük və arıçılıq təsərrüfatlarının,
çörək istehsalı və meyvə emalı müəssisələrinin
təşkili, otellərin yaradılması üzrə
nümunəvi investisiya layihələrinin təqdimatı
keçirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb. Bildirilib ki,
kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin
100 faizədək hissəsi dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcək.
Forumda məlumat
verilib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala
iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin 1900-dən çox investisiya layihəsinin
maliyyələşdirilməsinə 96,6
milyon manat güzəştli kredit verilib. Bu
kreditlər hesabına iqtisadi rayonda müasir texnologiyaların
tətbiqinə əsaslanan taxıl anbarının, cins
iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq
fabriklərinin, üzümçülük və
bağçılıq təsərrüfatlarının, ət
və süd emalı, tikinti materiallarının istehsalı
müəssisələrinin yaradılması və digər
sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində Qax
rayonunun Qarabaldır kəndində ildə 6 min ton süd emal
etmək gücündə olan heyvandarlıq müəssisəsinə
baxış keçirilib. Ümumilikdə, indiyədək
illik emal gücü 207,4 min ton olan 9 süd emalı zavodunun
maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli
kredit verilib.
Cəbhə
və sərhəd bölgələrində sahibkarların
investisiya layihələrinin maliyyələşdirilməsi
diqqət mərkəzində saxlanılır
Sahibkarlığa Kömək Milli Fondu bu günlərdə
cəbhə və sərhəd bölgələrində fəaliyyət
göstərən sahibkarların investisiya layihələrinin
maliyyələşdirilməsi və həmin ərazilərdə
yaşayan insanların məşğulluğunun təmin edilməsinə
kömək göstərmək məqsədilə Tərtər
rayonunda işgüzar forum keçirib. Sahibkarlığın
güzəştli kreditləşdirilməsinə dair
işgüzar forumda sahibkarlara güzəştli kreditlərin
verilməsi mexanizmi barədə məlumat verilib, Tərtərdə
həyata keçirilməsi məqsədəuyğun hesab
olunan nümunəvi layihələr təqdim olunub,
sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Yüz
iyirmiyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində
Tərtər rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab
olunan intensiv bağçılıq, tərəvəzçilik,
cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduzlu
otelin və pendir istehsalı müəssisəsinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin
ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb.
Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad
Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində
577 sahibkara 45,5 milyon manat güzəştli kredit verilib ki, bu
kreditlərdən istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması 950-dən çox yeni iş
yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək
Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə
29,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə
yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan
logistik mərkəzlər, iri fermer təsərrüfatları,
quşçuluq fabriki, cins heyvandarlıq kompleksləri,
üzümçülük təsərrüfatları və
digər sahələr üzrə investisiya layihələri
maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində
Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən
40 sahibkara 260 min manatdan çox güzəştli kredit
verilib. Verilmiş kreditlər əsasən,
pambıqçılıq, heyvandarlıq sahələrinin
inkişafına yönəldiləcək. Tədbir çərçivəsində Tərtər
rayonunda güzəştli kredit ayrılmış
pambıqçılıq təsərrüfatlarına
baxış keçirilib. Ümumilikdə, indiyədək
pambıqçılığın inkişafı ilə
bağlı 190-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə
59 milyon manata yaxın, o cümlədən 5 iri fermer təsərrüfatına
23 milyon manat, 170-dən çox kiçikhəcmli
pambıqçılıq təsərrüfatına 2,1 milyon
manat, pambığın ilkin emalı ilə bağlı 7
sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7
tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.
Yeni
texnikalar istifadəçilərin mülkiyyətinə verilir
Respublikanın bölgələrində fermerlərin
texnika ilə təminatı da diqqət mərkəzində
saxlanılır. “Aqrolizinq” ASC regionlarda sahibkarların
müxtəlif növ kənd təsərrüfatı
texnikası ilə təmin olunmalarına hər cür dəstək
verir. Elə bu günlərdə kənd təsərrüfatı
naziri Heydər Əsədov Şəmkir rayonunda “Aqrolizinq”
ASC-dən kənd təsərrüfatı texnikalarını
lizinqə götürən hüquqi və fiziki şəxslərlə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Gəncə şəhəri,
Samux, Goranboy, Göygöl, Şəmkir, Tovuz, Gədəbəy,
Qazax, Ağstafa rayonlarından olan 80 istifadəçiyə
lizinqə verilmiş, ümumilikdə, 2 milyon 443 min 230 manat məbləğində
172 ədəd müxtəlif kənd təsərrüfatı
texnikalarına 891 min 773 manat məbləğində güzəşt
tətbiq edilib. Xüsusi Komissiyanın qərarına
əsasən tətbiq olunan güzəşt əsasında
istifadəçilərlə yeni lizinq müqavilələri
bağlanıb. Güzəşt tətbiq
edildikdən sonra 69 ədəd müxtəlif kənd təsərrüfatı
texnikası istifadəçilərin mülkiyyətinə
verilib. Onlar Baş Dövlət Texniki Nəzarət
Müfəttişliyinin rayonlar üzrə bölmələrində
qeydiyyata alınıb və sənədlər vətəndaşlara
təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən
lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı
texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş
istifadəçilərə də güzəşt
üçün elektron ərizə verilməsi ilə
bağlı xidmət göstərilib. “Aqrolizinq” ASC-dən
kənd təsərrüfatı texnikalarını lizinqə
götürən hüquqi və fiziki şəxslər tərəfindən
daxil olmuş elektron müraciətlər üzrə Xüsusi
Komissiyanın qərarına əsasən 5228 istifadəçinin
lizinqə götürdüyü kənd təsərrüfatı
texnikasına, ümumilikdə, 61 milyon 748 min 911 manat məbləğində
güzəşt tətbiq edilib.
Görüşdə
həmçinin Qarabağ müharibəsi veteranı Vaqif
Nağıyevə növbədənkənar “Belarus-89,2” markalı traktorun sənədləri təqdim
edilib.
Sonra nazir Heydər Əsədov və Şəmkir rayon
İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov
Şəmkir bələdiyyəsinin təsis etdiyi iri nümunəvi
taxılçılıq, bitkiçilik təsərrüfatı
“Ceyrançöl” MMC-nin açılışında
iştirak ediblər.
Mərasimdə
bildirilib ki, “Ceyrançöl” MMC tərəfindən
torpağın əkilib-becərilməsi, aqrotexniki tədbirlərin
aparılması üçün müasir tələblərə
cavab verən 10 ədəd “NEW Holland” markalı traktor, 44 adda
müxtəlif kənd təsərrüfatı texnika və
avadanlıqları lizinq yolu ilə alınıb.
Diqqətə çatdırılıb ki, hazırda təsərrüfata
məxsus 671 hektar sahəyə şəkər
çuğunduru əkilib. Eyni zamanda, 120 hektar sahədə tərəvəz
əkilməsi üçün şitillik hazırlanıb və
bağçılığın inkişafı məqsədilə
20 min zeytun, 30 min əncir, 60 min nar çubuğu tingi əkilib.
Bundan
başqa, əvvəllər istifadə olunmayan torpaq sahələri
əkinə yararlı hala gətirilib, 550 hektar sahədə
taxıl əkilib, eyni zamanda, pivot suvarma sistemlərinin
quraşdırılması üçün 1000 hektar torpaq sahəsi
müəyyənləşdirilib və bununla da 2000 hektar
torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Təsərrüfatda 65 nəfər daimi, 205 nəfər
isə mövsümi işlə təmin olunacaq.
Fermerlər
bazarlara keyfiyyətli məhsul çıxarırlar
Ölkənin regionlarında dövlət dəstəyindən
bəhrələnən fermerlər öz təsərrüfatlarını
getdikcə genişləndirərək istehlak bazarlarına
çıxartdıqları ekoloji cəhətdən təmiz
məhsulların həm çeşidini, həm də həcmini
getdikcə artırırlar. Belə təsərrüfatlardan
biri də Şəki rayonunda fəaliyyət göstərən
“Fauna” Məhdud Məsuliyyətli Cəmiyyətin müasir
istixana kompleksidir. Yerli sahibkar Alim Əhmədov tərəfindən
qurulan təsərrüfat iki il əvvəl
fəaliyyətə başlayıb. Ümumi ərazisi 6 hektar
olan kompleksin 2,5 hektarında istixana təsərrüfatı
yaradılıb. İstixananın illik istehsal
gücü 850 tondur və burada yüksək standartlara cavab
verən pomidor sortları yetişdirilir.
Kompleksin tərkibinə xüsusi konstruksiya əsasında
qurulan müasir istixana, qazanxana, 180 tonluq su anbarı, inzibati
bina, yeməkxana, anbar və yardımçı tikililər
daxildir. Kompleksdə Türkiyə istehsalı olan ən
müasir avadanlıq quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam
avtomatlaşdırılmış şəkildə idarə
olunur.
Təsərrüfatın rəhbəri Alim Əhmədovun
bildirdiyinə görə, istixananın əkin
texnologiyasında ən son holland üsulu tətbiq edilir. Məhsul
kokopit substraktından istifadə olunmaqla, tam torpaqsız
mühitdə yetişdirilir. Təbii və
orqanik mənşəli bu substrakt kokos qabığından
hazırlanır. Minerallarla zəngin kokos
qabığı və bitkinin yetişdiyi torpaq Şri-Lankadan
paketlənmiş formada gətirilir. Məhsulun
becərilməsində heç bir gübrədən, kimyəvi
qatqıdan istifadə olunmur, bitkiyə yalnız minerallar
verilir.
Sahibkarın dediyinə görə, pomidorun yetişdirilməsində
müasir texnologiyaların tətbiq olunması yüksək məhsuldarlığa
və istehlakçıların ilboyu ekoloji təmiz məhsulla
təmin edilməsinə imkan yaradır. Burada
yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac
olunur.
Yeni təsərrüfatlar
yaradılarkən bölgələrin xüsusiyyətləri
nəzərə alınır
Aqrar sektorda məhsuldarlığın
artırılmasında hər bölgənin fərqli ənənələrinin
və coğrafi-iqlim xüsusiyyətlərinin nəzərə
alınmasının böyük əhəmiyyəti var.
Prezident İlham Əliyev aqrar sektorda məhsuldarlığın
artırılması, ixrac imkanlarının genişləndirilməsi,
bu yolla ölkəyə valyuta daxilolmalarının
çoxaldılmasına nail olmaq üçün
qarşıya konkret vəzifələr qoyub. Dövlət
başçısının gündəmə gətirdiyi
vacib məsələlərdən biri hər bölgənin
öz potensialına və ənənələrinə
uyğun ixtisaslaşmanın aparılması və
ayrı-ayrı iqtisadi zonalar üçün fərqli
subsidiya paketinin hazırlanması ilə bağlıdır.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə
edən Prezident İlham Əliyev deyib: “Azərbaycan
çoxiqlimli bir ölkədir. Doqquz iqlim
zonamız var. Məxsusi olaraq hər bir zona üçün
xüsusi kənd təsərrüfatı məhsulları
yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi
zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı
ixtisaslaşmış şəkildə və daha
böyük səmərə ilə inkişaf edəcək”.
İri fermer təsərrüfatları yaradılarkən
respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri,
o cümlədən də tarixən formalaşan ənənələri
əsas götürülür. Bu baxımdan zəngin
çayçılıq ənənələri olan Astarada
“Astaraçay” kənd təsərrüfatı müəssisəsinin
fəaliyyətə başlaması təsadüfi deyil. Təsərrüfatın ümumi əkin sahəsi
640 hektardır. Çay plantasiyalarında
müasir suvarma şəbəkəsi yaradılıb və
hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi
mövcuddur. Əkilən “Kolxida” çay
toxumları Gürcüstanın Batumi şəhərinin
Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə
sahəsindən toplanıb. Toxumlar
sınaqdan keçirilərək yerli şəraitə
uyğunlaşdırılıb. Azərbaycanın
dilbər guşələrindən olan Lənkəranın
sitrus bağlarının şöhrəti ölkəmizin
hüdudlarından uzaqlara yayılıb. Sovet
dönəmində burada yetişdirilən müxtəlif
növ sitrus meyvələri keçmiş ittifaqın
ayrı-ayrı regionlarına və uzaq xaricə göndərilirdi.
Hazırda rayonun əlverişli coğrafi-iqlim
xüsusiyyətlərinə və ənənələrinə
uyğun olaraq burada yeni sitrus bağları salınır.
“Gilan aqro-sitrus” təsərrüfatı buna
nümunədir. Yeni sitrus təsərrüfatının
ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə
“Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan
gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və
“Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2016.- 4 may.- S.8