Ümummilli lider Heydər Əliyevin ideyaları
daim Azərbaycanın
inkişafının önündə gedəcək
Milli Məclisin
deputatı Nizami Cəfərov
- Nizami müəllim, bugünlər Azərbaycan növbəti bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakı şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti nədən ibarətdir? Sizcə, bu tipli tədbirlər dünya ictimayyətinə nə kimi mesajlar verir?
- Əlbəttə ki, belə bir nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin kökündə Azərbaycanın dünya miqyasında artan imicinin göstəricisidir. Forumda sivilizasiyalar arasında dialoqun, multikulturializmin dünyanın indiki mürəkkəb şəraitində nə qədər vacib olduğunu bir daha vurğulandı. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı ili ölkəmizdə «Multikluturalizm ili» elan etməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan xalqı yüz, hətta min illər boyu multikultural bir xalq kimi formalaşıb, Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub. İkincisi ona görə ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə həmin siyasətin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Üçüncüsü ona görə ki, beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac vardır.
Multikulturalizm bəşəriyyət və hər bir bəşər övladı üçün genetik baxımdan təbii bir hadisə olmalıdır. İlk növbədə ona görə ki, bu gün bəşəriyyəti fərqləndirən mədəni xüsusiyyətlər tarixi diferensiasiyanın nəticəsidir. Həmin fərqliliklərin genetik əsasında kifayət qədər güclü eynilik dayanır ki, bu da müasir dövrdə sürətlə gedən inteqrasiya proseslərinin ümumi məntiqində əks olunur.
Fikrimizcə, Azərbaycanın multikulturalizmin tarixi vətəni olması özünü ilk növbədə aşağıdakı sferalarda və ya birgəyaşayış münasibətlərində göstərir: etnoqrafik münasibətlər; dil-ünsiyyət münasibətləri; dinlərarası münasibətlər; sosial-siyasi münasibətlər. Məlum olduğu kimi, Azərbaycanda ən qədim dövrlərdən həm Qafqaz, həm İran, həm də türk etnosları məskunlaşmışlar. Bu məskunlaşma prosesinin çoxspektrli yekunu müasir Azərbaycan cəmiyyətidir ki, müxtəlif etnosların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasının klassik təcrübələrindən birini nümayiş etdirir.
Multikulturalizmin Azərbaycan təcrübəsi sübut edir ki, müxtəlif mənşəli etnoslar eyni, yaxud oxşar etnoqrafik məkan yaratmaq imkanlarına malikdirlər, öz dillərinin ünsiyyət sferasını qorumaq şərtilə regionda daha geniş yayılmış Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi rahat istifadə edirlər, hər bir din təmsilçisi digər dinlərə mənsub olan azlıqlara tamamilə dözümlü yanaşır və eyni sosial-siyasi münasibətlərin subyekti olmaqla Azərbaycan Respublikasının vətəndaşıdırlar. Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar səviyyəsində davam etdirilməkdədir.
- Hazırki dövrdə bu siyasətin davamı Azərbaycana nə nailiyyətlər, dividentlər gətirir?
- Bu gün Heydər Əliyev siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan təcrübəsində multikulturalizmin istinad nöqtəsi, təbii ki, sivilizasiyanın məhsulu və subyekti olan insandır. Sosial-siyasi münasibətlər “mən”i inkişaf etmiş cəmiyyətlərdə, hər şeydən əvvəl, vətəndaşdır. Ona görə də müasir dövrdə insanın ən mühüm göstəricisi məhz bundan ibarətdir ki, həmin ən mühüm göstəricini insan və dövlət münasibətləri müəyyən edir. Müstəqil Azərbaycan dövləti, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməllənməsini təmin edir. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı müəyyən təbii etnoqrafik mühitin subyekti olmaqla hər hansı etnoqrafik mühitə hörmət edir, müəyyən dil-ünsiyyət mühitinin subyekti olmaqla digər dil-ünsiyyət mühitlərinə hörmətlə yanaşır, müəyyən dinə (əsasən İslam dininə) mənsub olmaqla yanaşı digər dinlərə də tolerant münasibət nümayiş etdirir. Eləcə də, Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatında bir vətəndaş olaraq fəal iştirak etməklə yanaşı özünü bu dünyanın övladı hiss edir. Bütövlükdə isə Azərbaycan Respublikasının multikulturalizm siyasəti və təcrübəsi öz zəngin ənənələri ilə bütün dünyada öyrənilməyə və tətbiq olunmağa tamamilə layiqdir.
- Nizami müəllim, məlum olduğu kimi, may ayının 10-da Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür. İstərdik ki, Ulu öndərimizin Azərbaycanın inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...
- Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən ümumən dünyada çox böyük hadisələr baş verdi. Mən düşünürəm ki, bu hadisələri belə səciyyələndirmək olar ki, dünyada milli azadlıq hərəkatlarının artıq aşkar şəkildə getməsi və imperiyaların dağılması prosesi getdi. O cümlədən, dünyanın ən böyük imperiyası olan sovetlər birliyində də bu istiqamətdə hadisələr cərəyan etdi. Sovetlər birliyinin dağılacağını birliyin rəhbərləri bəlkə də daha yaxşı proqnozlaşdırırdı. Ümummilli lider Heydər Əliyev də belə bir dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışırdı və görürdü ki, sovetlər birliyi daxilindəki millətlərin düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə öz möhkəmliyini itirirdi. Ona görə də, gənc yaşlarından istedadlı, tarixi yaxşı bilən, tarixi prosesləri düzgün dəyərləndirmə qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox xalqın milli xüsusiyyətlərinə və onların müdafiəsinə verirdi. Biz bəzən Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində də o qədər uğurlu nəticələr əldə etmişdi ki, istər-istəməz Azərbaycanın özü Heydər Əliyevin Azərbaycanına çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan faktora çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi. Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki Ümummilli lider Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni, Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyukturasının böyük rolu olur.
- Ümummilli lider Heydər Əliyevin 1993-cu ildə hakimiyyətə qayıdışıdan sonra Azərbaycanda istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı. Amma istərdik ki, siz ideoloji sahədə müşahidə olunmuş dəyişikliklər, qəbul olunmuş böyük qərarlar haqqında danışasınız...
- 1990-cı illərin əvvəlində müəyyən
qüvvələr Azərbaycan xalqının Ümummilli
lideri haqqında çirkin
təbliğat aparırdılar. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından
birinə rəhbərlik
edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər
ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi
Azərbaycanın demokratikləşməsi
istiqamətində gedən
prosesin qarşısını
alacaq. Amma bütün hallarda
onlar Heydər Əliyevin böyük şəxsiyyət olması
reallığını inkar
edə bilmirdilər.
Hətta ən inkarçı adam
belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Amma heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən
hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan
SSR-in rəhbəri kimi
fəaliyyət göstərdiyi
dövrlərdə ancaq
quruculuq işləri ilə məşğul olub. Ona görə də,
Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət
etməlidir. Amma Ulu öndər Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni
tarix əvvəlki tarixin davamıdır.
Yəni,
xalq kökündən
dəyişilməyib, Azərbaycana
başqa xalq gətirilməyib, əvvəlki
xalq tarixə çevrilməyib. Və bu
xalqı da Heydər Əliyev yaxşı tanıyırdı.
Ona görə də, Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, O, əvvəllər
gördüyü işləri
yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, Onun gördüyü
böyük işlər,
planlar, istiqamətlər
var idi və
bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz
xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək,
iqtisadiyyatı dirçəltmək,
cəmiyyəti, onun milli - mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli
idi. Heydər Əliyev hər
şeydən əvvəl
azərbaycançı idi.
Heydər Əliyev azərbaycançılıq
ideyasını həyata
keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır.
Bu xüsusi bir
hadisədir. Heydər Əliyev
həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü
göstərib, istər
Sovet dövründə,
istərsə də yeni dövrdə. ümumiyyətlə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf
etdirən, müstəqilliyini
möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı.
Bütün sahələrdə çox genişmiqyaslı
tədbirlər görüldü,
islahatlar aparıldı.
Heydər Əliyevin fəaliyyəti,
Onun Azərbaycan dövlətçiliyi, xalqımız
qarşısındakı xidmətləri
o qədər zəngindir
ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq
mümkün deyil.
Zaman keçdikcə,
biz Ümummilli liderimizin
fəaliyyətinin məntiqini,
mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev
heç bir işini yarımçıq
qoymurdu. O hansı
işə başlayırdısa,
yüz ölçüb
bir biçib, tələsmədən və
gecikmədən həyata
keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin
aradan qaldırılmasından
başlanmış, təsərrüfat
həyatının qaydaya
salınmasına qədər
özünü göstərdi.
Bu ancaq böyük
dövlət adamlarına
aid xüsusiyyətdir. Heç də təsadüfi deyil ki, Heydər
Əliyev bu fəaliyyət tipologiyası
ilə dünyanın
ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər
Əliyevin fəaliyyətini
Atatürkün fəaliyyəti
ilə müqayisə
edirlər. Mən Heydər
Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən
danışarkən demişdir
ki, Türkiyə Cümhuriyyəti Atatürkün
sadəcə fəaliyyətinin
nəticəsi deyildi.
Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin,
cəsarətinin nəticəsi
idi. Eynilə, Azərbaycan dövlətinin
yaranması, Azərbaycan
müstəqilliyinin möhkəmlənməsi,
sadəcə bir dövlət başçısı
kimi Heydər Əliyevin fəaliyyətinin
yox, həm də Heydər Əliyevin mübarizəsinin,
cəsarətinin, böyük
siyasi iradəsinin nəticəsidir.
Bu gün
isə bu işləri Prezident
İlham Əliyev uğurla
davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə
inkişaf yoluna qədəm
qoyub. Ölkəmizdə böyük
quruculuq işləri həyata keçirilib və vətəndaşların sosial rifah halı əvvəlki
dövrlərlə müqayisə olunmayacaq
qədər yüksəkdir. Qazanılan bu
uğurlar bütün
sferalarda özünü
göstərir. Təbii ki, bütün bu uğurlar və bundan
sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər
Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə
söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə
bu inkişafın önündə gedəcək.
Yeni Azərbaycan.-
2016.- 3 may.- S.6