Heydər Əliyevin ömür yolu milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan tarixdir

 

Milli Məclisin deputatı Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:

- Böyük şəxsiyyətlərin ideyaları qələbələrə aparan yolun başlanğıcıdır. Dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri Ulu öndərin hakimiyyətinin hər iki dövründə dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının aydın ifadəsini yaradır. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların möhkəm təməli kimi dəyərləndirilən 1969-1982-ci illərə bir baxış keçirməyinizi istərdik...

- Təbii ki, Ulu öndərin xidmətlərini bir yazı çərçivəsində qeyd etmək mümkün deyil. İllər bir-birini əvəzlədikcə bu xidmətlərin miqyasının genişliyi daha aydın görünür, yeni-yeni araşdırmalar, tədqiqatlar aparılır. Ümumiləşdirilmiş ifadə budur ki, 1969-1982-ci illərdə, eyni zamanda, o bünövrə əsasında 1993-2003-cü illərdə başlanmış islahatlar, irəli sürülmüş təşəbbüslər bugünkü reallığı mümkün edib.

Bu reallıq hər zaman böyük fəxr və inam hissi ilə önə çəkilir ki, Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Dahi şəxsiyyət Azərbaycanı həm dirçəldir, yenidən qurur, həm də onun gələcəyi barədə düşünürdü. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan bir-birindən əhəmiyyətli uğurlar Ulu öndər Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirləri həmin dövrün ümumiləşdirilmiş ifadəsidir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül, əslində, təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir”.

Keçmiş sovetlər birliyi dövründə ən məşhur dəmir yolunun - Baykal-Amur magistralının çəkilişinə rəhbərlik edən, Bakıda ittifaq əhəmiyyətli məişət kondisionerləri zavodu kimi onlarla müəssisənin tikintisinə, Azərbaycanda sənayenin inkişafına nail olmaq üçün fədakarlıq göstərən Ulu öndər Heydər Əliyevin çəkdiyi zəhmətləri sadalamaqla bitməz. “Ümummilli lider Heydər Əliyev Azərbaycanın memarıdır” sözləri təsadüfən işlənmir. Nadir şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevin gələcəyi görmək qabiliyyətinin güclü olması, natiqlik və hazırcavablıq məharətinin yüksək dəyərləndirilməsi, hədəfi düzgün seçən qərarların qəbulundakı dəqiqliyi Onun şəxsi keyfiyyətlərini tamamlayırdı.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, milli-mənəvi dəyərlərə bağlılığın, ictimai şüurun formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan, 70-ci illərdən etibarən milli təfəkkürün qorunub saxlanılması üçün vətəndaşlıq yanğısı ilə xalqına bağlılığını bütün sahələrdə hiss etdirən müdrik siyasətçi respublikaya birinci rəhbərliyi dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, Azərbaycana intibah dövrünü yaşatdı. Xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri, düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdırdı.

Ulu öndər Heydər Əliyev Öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu öndərin hakimiyyətə gəlişindən sonra başlamışdır.

- Məhz bu uğurlara söykənərək böyük qətiyyətlə bildiririk ki, Ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu...

- Azərbaycanın 25 ilə yaxın müstəqillik dövründə keçdiyi inkişaf yolunun təhlilini vermək hər zaman günümüzün tələbidir. Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaos, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdır. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdır. Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Ulu öndər Heydər Əliyev idi. Milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan tarix - 15 iyun 1993-cü il xalqı böhrandan, ağır durumdan xilas edən gün oldu. O gündən etibarən müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən dahi şəxsiyyət Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, suverenliyimizin etibarlı qarantına çevrildi.

Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi naminə Ümummilli liderin həyata keçirdiyi inkişaf strategiyasının daha da təkmilləşdirilməsi nəticəsində bu gün Azərbaycan tək neft-qaz hasil və ixrac edən ölkə kimi deyil, rəqabətədavamlı iqtisadiyyata malik respublika kimi də tanınır. Ulu öndərin uğurlu daxili siyasəti nəticəsində ölkədə yaradılan sabitlik 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanmasına yol açdı. Azərbaycanın gələcəyinə inamın artması fonunda ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan əməkdaşlıq məkanına çevrildi. Məhz müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və tanınmış beynəlxalq təşkilatları ilə qarşılıqlı etimad və inama əsaslanan ikitərəfli münasibətlər formalaşmış, inkişaf etmiş, təkmilləşmişdir. İqtisadiyyatı tənəzzülə düçar olan, işsizlik və inflyasiyanın törətdiyi problemlər içərisində qalan Azərbaycanı hakimiyyətə qayıdışı ilə çətinliklərdən xilas edən Ulu öndər siyasəti, müdrikliyi, dövləti idarəetmə təcrübəsi ilə qısa müddətdə xalqı əziyyətlərdən qurtardı. Onun rəhbərliyi ilə ölkəmizin gələcək inkişaf yolu müəyyənləşdirilmiş, apardığı islahatlar nəticəsində misilsiz nailiyyətlər qazanılmış, dünya birliyinə yolun parametrləri dəqiqləşdirilmişdir. Onun elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində diaspor quruculuğu prosesi həyata keçirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm addımlar atıldı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Ulu öndər Heydər Əliyev ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının cəsarətlə aparılması üçün güclü ordunun olmasını vacib amil kimi önə çəkdi. Bir faktı da qeyd edək ki, hərbi kadrların hazırlığı istiqamətində də ilk addımlar Ümummilli liderin Azərbaycana hakimiyyətinin birinci dövründə atılmışdır. Onun gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır.

Dahi şəxsiyyətin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyası böyükdür. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanın bu istiqamətdə atdığı addımlar da göz qabağındadır. Azərbaycanın demokratiya yolu heç də hamar olmayıb. Bütün təzyiqlərə baxmayaraq, Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti Azərbaycanın bu istiqamətdə də yoluna işıq salmış, bütün maneələr dəf olunmuş, demokratik dəyərlərə sadiqliyinin təsdiqi kimi ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın müstəqilliyinin daimi, əbədi olması, bir dövlət olaraq dünya birliyində layiqli yer tutması, müasir, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, müasir idarəetmə üsullarının tətbiqi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik etdiyi dövrlərdə müstəqilliyimizin əbədiliyi, canından artıq sevdiyi Vətəninin inkişafı naminə bütün çətinliklərə qalib gələn müdrik siyasətçi, təcrübəli dövlət başçısı kimi fəaliyyəti təcrübə məktəbi olan Ümummilli lider Heydər Əliyev irsi gələcək nəsillər üçün də örnəkdir.

- 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamı kimi dəyərləndirilir. Son 12 il Azərbaycan tarixinə hansı uğurları yazıb?

- Son 12 ildə Ulu öndər Heydər Əliyevin siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu dövlət, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkə, beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınır və nüfuz qazanır. Tarix baxımından o qədər də böyük olmayan son on iki il ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyub, etibarlı tərəfdaş kimi, dünyada yüksək nüfuza malik ölkəyə, regionun bütün iqtisadi və siyasi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilib. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır. Kosmik klubun üzvüdür. Qeyd etdiyimiz kimi, beynəlxalq əhəmiyyətli konfransların, forumların keçirildiyi bir məkandır. Hətta dünyanın iri dövlətlərinin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir. Ölkəmizin sosial-iqtisadi inkişafına ciddi töhfələr verən məqsədli Dövlət proqramlarının icrası əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan bir-birindən əhəmiyyətli addımların nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölmənin payı 85 faizdən yüksəkdir. Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən çoxunu təşkil edir. Azərbaycanın iqtisadi inkişafını təmin edən amillərdən biri yaradılmış biznes və investisiya mühitidir. Ölkəmizin etibarlı tərəfdaş olması, investorların hüquq və əmanətlərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 180 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. İqtisadi qüdrəti artmış Azərbaycan artıq xarici investisiya yatıran ölkəyə çevrilib. Ölkəmizin uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan son illərdə ardıcıl olaraq MDB ölkələri arasında liderliyini qoruyub saxlamışdır. Müstəqilliyin atributlarından sayılan Silahlı Qüvvələrin formalaşdırılması, hərbi islahatların aparılması, bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Cənab Prezident İlham Əliyev müdafiə qabiliyyətimizin gücləndirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bu gün böyük iftixar hissi ilə deyirik ki, Milli Ordumuz respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını ləyaqətlə qoruyur.

Diplomatik uğurlarımızın da miqyası genişdir. Şərqi Avropa qrupundan ən nüfuzlu təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 dövlətin dəstəyini qazanaraq seçilməsi Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə yazıldı. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmiz Avropa Qonşuluq və “Şərq tərəfdaşlığı” kimi çoxtərəfli formatın iştirakçısıdır. Azərbaycan sivilizasiyalararası dialoq məkanı kimi də maraq doğurur. Ölkəmizdə keçirilən müxtəlif istiqamətli beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Bakıda və bölgələrdə keçirilən Mədəniyyətlərarası Dialoq forumları, din və dövlət mövzusunda beynəlxalq konfranslar, Qəbələdə beynəlxalq müsiqi festivalları, ötən il ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və s. kimi bir-birindən əhəmiyyətli hadisələr Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun təqdimatlarıdır. Azərbaycanın uğur salnaməsinə yazılan göstəricilərin, hadisələrin kiçik bir qismini sadalamaqla bir daha bildirmək istəyirik ki, dünyanın heç bir ölkəsində respublikamızın qazandığı uğurlarla müqayisə olunacaq inkişaf qeydə alınmayıb. Prezident İlham Əliyev qarşıdakı hədəfləri düzgün müəyyənləşdirərək bildirir ki, Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Bütün bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır.

- Azərbaycan tarixən əməkdaşlıq məkanı olmuşdur. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan irəli gəlir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bir daha təsdiqlədi ki, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti inkişaf edir, təbliğ olunur. Forumla bağlı fikirlərinizi bilmək istərdik...

- Azərbaycanın əlverişli coğrafi ərazidə yerləşməsi ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Şərq və Qərb, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud olmuş, müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh şəraitində yaşamışlar. Ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdə iştirak edən qonaqlar bu həqiqətin şahidi olmaqla Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinə heyranlıqlarını da etiraf etmişlər. Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki, 25-27 aprel tarixlərində Bakıda dünya ölkələrini təmsil edən 2000 nümayəndənin iştirakı ilə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bir sıra yenilikləri ilə fərqləndi. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: Çağırış və məqsəd” şüarı altında baş tutan 3 günlük Forum çərçivəsində ilk dəfə biznes simpoziumu təşkil olundu. Belə mötəbər tədbir üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki davamlı inkişaf mərhələsinə qədəm qoyan, yeni siyasət yürüdərək inkişaf etmiş dövlətlərlə sıx əməkdaşlıqda maraqlı olan Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi, güclənən rolu artır.

Təbii ki, ölkəmizin səsinin ən yüksək tribunalardan eşidilməsi gərgin əməyin və düşünülmüş siyasətin nəticəsi olmaqla diplomatiyada qazanılan uğurun məntiqi nəticəsidir. Müasir dövrdə cəmiyyətlərin birgəyaşayış çağırışları və məqsədlərinin müzakirəsinə həsr olunan forumlarda multikulturalizmin inkişafında Azərbaycan təcrübəsinin təbliğinə geniş yer verilməsi də ölkəmizə maraqdan yaranır. Bu sahədə böyük təcrübəyə malik paytaxtımızda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, mədəni müxtəlifliyin öyrənilməsində tətbiq olunan metodlar xalqımızın zəngin mənəvi irsindən qaynaqlanır. Bu günədək respublikamızda Beynəlxalq Humanitar forumlar, Dünya Dini Liderlərinin Zirvə Görüşü, Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasında təmsil olunan ölkələrin mədəniyyət nazirlərinin də dəvət olunması, “Bakı prosesi”nin davam etdirilməsi qarşılıqlı əməkdaşlıqda maraqlı olan Azərbaycanın sülhsevər siyasətinin uğurudur. Dünyanın belə qarışıq zamanında, xüsusilə Şərq ölkələrində gərginliyin, qarşıdurmaların gücləndiyi, terror hadisələrinin artdığı, qlobal problemlərin doğurduğu məsələlərin müzakirəsinə ehtiyac duyulduğu bir vaxtda multikulturalizmin müsbət gələcəyi ilə bağlı dəyərli fikirlərin, təkliflərin müzakirəsinə daha çox tələbat var. Qloballaşan müasir dünyamızda qəbul olunan yeni ideologiyaların təbliği, problemlərin elmi, XXI əsrin çağırışlarına uyğun müasir texnologiyalardan istifadə etməklə aradan qaldırılması, dünya ictimaiyyətini düşündürən vacib məsələlərin müzakirəsi üçün Azərbaycanın seçilməsi ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına da eyni məsuliyyətlə hazırlaşır. Bir sözlə, Şərq və Qərb dəyərlərinin sintezi, Azərbaycanın demokratiya modelinin xüsusiyyətləri ölkəmizə marağı artırmaqla sübut edir ki, bəşəri dəyərlərə ictimai-siyasi inkişafın əsas istiqamətləri kimi diqqət göstərilir. Multikultural cəmiyyətin formalaşması Azərbaycanın dövlət siyasəti, həyat tərzidir.

Sonda onu da vurğulamaq istərdim ki, bir neçə gün öncə cəbhə bölgəsinə səfəri çərçivəsində erməni təxribatları nəticəsində dağıdılmış evləri nəzərdən keçirməsi, bu təxribatlardan ziyan çəkmiş kənd sakinlər

Yeni azərbaycan.- 2016.- 4 may.- S.5