Azərbaycan Prezidentinin
cəbhə bölgəsinə səfəri dövlətimizin
başçısının Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin
göstəricisidir
Prezident İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət kimi çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Lakin hələlik münaqişənin həlli istiqamətində irəliləyiş əldə edilməyib. Çünki Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Daha da dəqiqləşdirsək, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Dünya ictimaiyyəti işğalçı Ermənistanın təxribatçı hərəkətləri və təcavüzkar mövqeyinin şahidi oldu
Bunlarla yanaşı, Azərbaycan öz qətiyyətli və prinsipial mövqeyini davam etdirir. Bunun qanunauyğun nəticəsi kimi, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Belə olan halda, işğalçı ölkə rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, müxtəlif manipulyasiyalarla Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır.
Bütövlükdə beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Onu da qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildiriblər. Bu da beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşü zamanı qeyd edib ki, biz indi güclü mövqedəyik: “Bizim işimiz haqq işidir. Beynəlxalq hüququn bütün norma və prinsipləri bizim mövqeyimizi dəstəkləyir. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu, artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasi və diplomatik sahələrdə böyük iş aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq. İndi hamı bilir ki, Azərbaycan torpaqları işğal edilib. Artıq bu məsələ ilə məşğul olan vasitəçilər də deyirlər ki, bu vəziyyət dözülməzdir. Biz bunu iyirmi ildən çoxdur ki, deyirik. Vəziyyət dəyişib. Təmas xətti artıq əvvəlki təmas xətti deyil. Bunu hamı bilir”.
Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur.
Beləliklə, bütün bunlara paralel olaraq son hadisələrin fonunda dünya ictimaiyyəti işğalçı Ermənistanın təxribatçı hərəkətləri və təcavüzkar mövqeyinin şahidi oldu.
Ermənistan silahlı birləşmələri atəşkəsin tələblərini və beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə qarşı cinayət tərkibli hərəkətlərə yol verirlər
Ermənistanın sülh istəməməsini və danışıqlar prosesini pozmağa çalışmasını göstərən amillərdən biri işğalçı ölkənin silahlı birləşmələrinin bölmələrinin mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutmasıdır. Ermənistan qoşunlarının təxribatçı hərəkətlərindən daha çox əziyyət çəkən isə yenə də cəbhə bölgəsində yaşayan mülki əhalidir. Məlum olduğu kimi, Ermənistan silahlı birləşmələri atəşkəsin tələblərini və beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə qarşı cinayət tərkibli hərəkətlərə yol verirlər.
Əlbəttə, düşmən tərəfin bu cür hərəkətlərinin başlıca səbəblərindən biri Azərbaycanı təxribata çəkməkdir. Amma işğalçı Ermənistan unudur ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Bundan öncə törədilən təxribatların qarşısının məharətlə alınması da bunu əminliklə söyləməyə əsas yaradır. Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ermənistanın təxribatlarına layiqli cavab verilməsi də bunu deməyə əsas yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək”.
Azərbaycan Prezidentinin qətiyyət və cəsarəti böyük ruh yüksəkliyi ilə qarşılandı
Bundan öncə qeyd etdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Azərbaycan Prezidenti hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüb, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər. Ümumiyyətlə, Azərbaycan Prezidentinin səfəri bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və müvafiq tapşırıqlar verir. Prezident İlham Əliyev hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.
Əminliklə qeyd etmək olar ki, dövlət başçısının cəbhə bölgəsinə səfəri orada yaşayan əhalinin, əsgər və zabitlərin əhval-ruhiyyəsini daha da yüksəltdi, orduda və insanlarda ruh yüksəkliyinə səbəb oldu. Bütövlükdə isə, Azərbaycan cəmiyyəti və Ordusunun döyüş əhvalı olduqca yüksəkdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə şəxsi heyətlə görüşü zamanı deyib ki, orduda nizam-intizam yüksək səviyyədədir: “Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik”.
Cəbhə bölgəsində yaşayan hər bir vətəndaş, səngərdə dayanan hər bir əsgər və zabit Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub
Beləliklə, Ali Baş Komandan böyük təhlükəyə baxmayaraq, bütün riskləri göz önünə alaraq təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedir, insanlarla görüşür. Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfəri, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşü dövlətimizin başçısının Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisidir. Azərbaycan Prezidenti cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar.
Bütövlükdə əminliklə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi altında vuruşan Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqların azad olunması, Vətən torpağının müdafiəsi üçün son damla qanına kimi vuruşacaq. Dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Ərazi bütövlüyü hər bir ölkə üçün əsas prinsipdir. Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcəkdir. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun. Biz buna çalışırıq. Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz indi daha da möhkəmdir. Bu gözəl vəziyyəti yaradan şanlı Ordumuza eşq olsun! Ordumuzun sizin kimi əsgərləri var, öz yerindən tərpənmirlər. Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, siz burada durmusunuz, möhkəm də duracaqsınız”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni azərbaycan.-
2016.- 4 may.- S.5