Azərbaycanın
regionlarında geniş abadlıq-quruculuq
işləri aparılır
Cari ilin birinci rübündə Aran iqtisadi rayonunda infrastrukturun yenilənməsi əhalinin kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr həyata keçirilib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Bütün bunlar isə ötən dövr ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğundan xəbər verir. O mənada ki, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Bu hədəfə çatmaq üçün isə ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Daha dəqiq desək, əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb.
Vurğulamaq lazımdır ki, bu ilin ilk üç ayında ölkəmizin Aran iqtisadi rayonuna daxil olan bir sıra regionlarında da mühüm yenidənqurma və abadlıq işləri görülüb. Məsələn, Aran iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunda bu ilin birinci rübündə əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin I rübündə 106 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 9000 p/metr olmaqla 19 210 kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. Rayon mərkəzində, eləcə də rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kampaniyası davam etdirilib, 4000 ədəd ağac və 3000 ədəd gül kollarının əkilməsi həyata keçirilib.
Bu ilin ilk üç ayında Hacıqabul rayonunda 9 ədəd çoxmənzilli yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri aparılıb. Eləcə də Hacıqabul şəhərində M.Əsədov küçəsində yola 100 kubmetr qum-çınqıl qarışığından əsas verilməklə yolun qreyderlə hamarlanması, M.F.Axundaov küçəsində 500 metr yola 60 kubmetr qum-çınqıl qarışığından əsasın verilməsi və qreyderlə hamarlanması, I Udullu kəndində su axınının 5 km hissəsinin qazılması və 10 km hissəsinin lildən təmizlənməsi işləri görülüb. Eləcə də M.B.Nadim küçəsində 800 metr yola qum-çınqıl qarışığından əsas verməklə yol qreyderlə hamarlanması, M.Ə.Rəsulzadə küçəsində 500 metr yola hissə-hissə qum-çınqıl qarışığından əsas verilməklə yol qreyderlə hamarlanması, H.Həmidov küçəsində 1,2 km yola hissələrlə qum-çınqıl qarışığından əsas verilməklə yolun qreyderlə hamarlanması, Hacıqabul şəhəri M.P.Vaqif küçəsində 300 metr yola, M.S.Ordubadi küçəsində 400 metr yola, Talış kəndində 200 metr yola qum-çınqıl qarışığından əsas verilməklə yolun qreyderlə hamarlanması həyata keçirilib.
Aran iqtisadi rayonunun başqa bir bölgəsində - Kürdəmir rayonunda elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin I rübü ərzində 35/10 kv-luq Muradxan və Mollakənd yarımstansiyalaında cari təmir işləri aparılıb, şəhər ərazisində 1.2 km 10 kv-luq hava xətti və 2.4 km 0.4 kv-luq hava xətti yenidən quraşdırılıb, Qarasaqqalı, Çöhranlı, Xırdapay kəndlərində istismara yararsız dayaqlar, izolyatorlar və naqillər yenisi ilə əvəz olunub, rayon ərazisində 12 ədəd elektrik transformatoru əsaslı, 36 ədəd isə cari təmir olunub. 2016-cı ilin birinci rübündə rayonun Xırdapay kəndi ərazisində hazırda istismarda olan təqribən 245 p/m yerüstü həyətlərdən keçən diametri 40 mm olan qaz xətti sökülərək küçə xətti ilə əvəz edilib. Rayon ərazisində müxtəlif diametrli 252 p/m qaz xətti təmir olunub.
Bundan başqa, Dövlət proqramına uyğun olaraq bu ilin birinci rübündə şəhərin Heydər Əliyev prospekti, Həzi Aslanov, Bakı prospekti, M.Ə.Sabir küçəsi, İ.Məmmədov küçəsi, Aran qəsəbəsi, Nizami küçəsindəki mərkəzi kanalizasya xətti üzərindəki baxış quyuları lildən təmizlənib, sınmış qapaqlar dəyişdirilib, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulub.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Kürdəmir rayonunun yaşayış fonduna daxil olan 21 çoxmənzilli yaşayış binalarının əsaslı təmiri ilə əlaqədar 3 milyon manat vəsait ayrılıb. Sərəncama uyğun olaraq rayonun 21 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparmaq məqsədi ilə layihə-smeta sənədləri hazırlanaraq tender elan edilib, çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılıb. Bu ilin ilk üç ayında şəhərin Babək küçəsindəki 5 və 7 saylı 45 mənzilli, Aran qəsəbəsindəki 1 və 3 saylı 60 mənzilli, 2 saylı 45 mənzilli, 25 və 26 saylı 16 mənzilli yaşayış binalarında 338,6 m3 dəmir-beton kəmər tökülüb, 9924 m2 müasir mansard tipli dam örtüyü vurulub, 20 ədəd giriş dəmir qapıları quraşdırılıb, pilləkən qəfəsində 80 ədəd, mansardda 12 ədəd plastik pəncərə qoyulub. 2016-cı ilin birinci rübündə Kürdəmir Telekommunikasiya Qovşağı üzrə rayonun Muradxan, Köhünlü, Şilyan və Sığırlı kənd EATS-lərinin daxili xətt şəbəkələrində cari təmir işləri aparılıb, ümumilikdə 50 ədəd telefon xətti texniki normaya gətirilib. Kürdəmir Poçt filialı tərəfindən cari ilin 3 ayında rayonun Sığırlı, Muradxan və Topalhəsənli poçt şöbələri əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.
Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin ilk rübündə 14 saylı Kürdəmir Yol İstismarı İdarəsi “Azəryolservis” ASC-nin xətti ilə rayon ərazisində fiziki göstəricisi 532 m2 olmaqla avtomobil beton qarışığı ilə çala təmir işləri görüb. Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda və Bakı-Ələt-Qazax magistral yolunun rayon ərazisinə düşən hissələrində yol nişanlarının köhnələri yenilənib, Söyüdlər, Sor-sor, Muratxan və Yenikənd kəndlərində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun gediş-gəliş hissələri və çiyinləri avtoqreyderlə hamarlanıb.
Aran iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda da bu ilin üç ayında abadlıq və quruculuq işləri həyata keçirilib. Belə ki, hazırda üçmərtəbəli otel binasının, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin Ağcabədi Xidmət Mərkəzinin inzibati binasının, Olimpiya İdman Kompleksinin və Bayraq muzeyinin tikintisi işləri aparılır. Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun tikintisində son tamamlama işləri görülür. Rayonda yerləşən 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir həyata keçirilir. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi tikilib, ərazidə abadlıq quruculuq işləri görülüb. Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun başlanğıcında tağvari giriş qapısının tikintisi başa çatmaq üzrədir.
Adıçəkilən iqtisadi rayonun başqa bir bölgəsində - Bərdə rayonunda da bu ilin ilk üç ayında mühüm göstəricilər əldə edilib. Belə ki, Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpü tikilib istifadəyə verilib. Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə, Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə, 25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar yolunun tikintisi davam etdirilib. Eləcə də 5 kəndin qazlaşdırılması, 6 kəndin elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində işlər aparılır.
1150 şagird yerlik şəhər 2 saylı, 1150 şagird yerlik şəhər 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası, İmamzadənin, kommunal binaların təmiri davam etdirilib. Hazırda rayonun Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir, Mollaəhmədli kəndində daxili yolların əsaslı təmiri, Qəhrəmanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Şirvanlı kəndində suvarma kanalının lildən təmizlənməsi üçün hazırlıq işləri aparılır.
Göyçay rayonunda da hesabat dövründə şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər tam başa çatdırılıb, şəhərin bütün ərazisinə yeni su mənbəyindən içməli suyun verilməsi təmin edilib. Hazırda rayonun Şəhadət kəndində çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi aparılır. Ötən üç ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Qəbələ-Müskürlü, Mallı-Şıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində sutəmizləyici qurğuların quraşdırılması işləri davam etdirilib. Daha 12 kənddə belə qurğuların tikilməsi üçün müvafiq torpaq sahələri ayrılıb. Cari ilin birinci rübündə İnçə və Alpout kəndlərinə təbii qaz verilişi bərpa edilərək, rayon üzrə təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 33-ə çatdırılıb. Hazırda daha 13 kəndə yeni qaz xətti çəkilir.
Aran iqtisadi rayonuna aid olan İmişli rayonunda 2016-cı ilin birinci rübündə mühüm işlər görülüb. İmişli şəhərinin M.Müşviq və Q.İsmayılzadə küçələrinə asfalt örtüyü vurulub. Rayon mərkəzində 3 ədəd ikimərtəbəli və 3 ədəd beşmərtəbəli yaşayış binalarında təmir işlərinə başlanılıb.
2016-cı ilin 3 ayında İmişli-dolama yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton vurulub. Rayona giriş yolunda 7 km sahədə əsaslı təmir işləri aparılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub.
Bu ilin ilk üç ayında İmişli rayon Məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi işləri başa çatıb, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin inzibati binasının tikintisi nəzərdə tutulub.
Neftçala rayonunda 2016-cı ilin birinci rübündə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsi diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 2,8 milyon manat təşkil edib. O cümlədən tikinti quraşdırma işlərinin həcmi 2,7 milyon manat yerinə yetirilib.
47 saylı Yol İstismar İdarəsi tərəfindən 2016-cı ilin birinci rübü ərzində xidmət etdiyi respublika əhəmiyyətli R-46 Salyan-Neftçala avtomobil yolu üzrə 58 min manatlıq və yerli əhəmiyyətli avtomobil yolu üzrə 37.3 min manatlıq cari təmir işləri görülüb.
Azərbaycan Respublikası Prezidentinin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamına əsasən Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 hektar torpaq sahəsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış torpaq sahəsində tikinti işləri davam etdirilib. Bundan başqa, Neftçala şəhər Heydər Əliyev prospektində Kənd Təsərrüfatı Nazirliyinin Neftçala rayon inzibati-laboratoriya binasının, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon şöbəsinin yeni inzibati binasının tikintisində son tamamlanma işləri davam etdirilir.
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri davam etdirilir. Yolda 23 suötürücü boru tikilib, 35 km hissəsində torpaqtökmə işləri aparılıb.
Bu ilin ilk üç ayında Neftçala şəhəri M.Əsədov 4Q ünvanında olan yaşayış binasının ön tərəfində mini futbol stadionunun tikintisinə başlanılıb və hal-hazırda tikinti işləri davam etdirilir.
Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəhərin mərkəzi hissəsində yerləşən uzunluğu 3,7 km və sahəsi 34 hektar olan “Axmaz gölün” təmizlənməsi və dərinləşdirilməsi istiqamətində də işlər görülür.
Biləsuvar rayonunda da tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər bu ilin birinci rübündə davam etdirilib. Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi davam etdirilərək yolun 2.5 kilometrinə asfalt örtük salınıb. Yolun tikintisində artıq son tamamlama işləri aparılır. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd Uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi, Əsgərabad kənd tam orta məktəbin və Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər də başa çatdırılıb. Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülərək bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib. Əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində də rüb ərzində müəyyən işlər görülərək ayrı-ayrı yaşayış məntəqələrində 130 ədəd elektrik dirəkləri quraşdırılıb, 9 ədəd elektrik transformatoru təmir edilib, 5.5 km hava verilişi xətləri dəyişdirilib. Elektrik şəbəkəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib.
Aran iqtisadi rayonunun digər rayonunda - Sabirabad rayonunda da əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə mühüm yenidənqurma işləri aparılıb. Hazırda rayon mərkəzinə və 52 kəndə təbii qaz verilir. Şəhriyar və Güdəcühür köçkün qəsəbələrində məskunlaşan 434 abonentə də təbii qaz verilişi təmin olunub.
Rayonun məktəblərində də əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək tam orta məktəblərinin tikintisi davam etdirilir. 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində isə əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulur.
Bununla yanaşı, rayonun Axısxa, Çöl Beşdəli kəndlərində fəaliyyət göstərən hər biri 40 yerlik olmaqla uşaq bağçalarında əsaslı təmir işləri görülüb. Rayon mərkəzində yerləşən 140 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri yekunlaşıb. 40 yerlik Qarağac kənd uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Təmir olunmuş əksər uşaq bağçalarına yeni inventar və avadanlıqlar verilib.
Qeyd edildiyi kimi, məhz görülən işlərin nəticəsidir ki, ötən illər ərzində regionlarımızda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, istifadəyə verilən obyektlərin böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Yəni ötən 13 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir.
Bəli, ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret bu proqram və layihələrin rolu əvəzsizdir. Qeyd edildiyi kimi, hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturun və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib.
2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının uğurlu icrası ümumi inkişafımızla yanaşı, regionlarda abadlıq-quruculuq işlərinin də davamlılığına, yeni infrastrukturların qurulmasına yol açıb. Bu gün bölgələrimizdə tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilir, sosial obyektlər tikilir və əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.- 6 may.- S.8