Avropanın Gənclər
Paytaxtı Gəncədə “Qadınlar zirvədə”
adlı görüş keçirilib
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində mayın 5-də Gəncədə “Qadınlar zirvədə” adlı görüş keçirilib. Görüşdə əsas diqqət gender bərabərliyinə yönəlib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, görüşün gənc qızların həyatın bütün sahələrində irəliləməsinə dəstək olacağına əminliyini bildirib. Ölkədə həyata keçirilən qadın siyasətindən danışan komitə sədri deyib ki, Azərbaycan qadını müxtəlif dövrlərdə həyatın bütün sahələrində cərəyan edən proseslərdə kişilərlə bərabər fəal iştirak edib. 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib. Bundan sonrakı illərdə də qadınların bütün sahələrdə irəliləməsi üçün lazımi şərait yaradılıb. Ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulub, dövlət komitəsi yaradılıb, qanunlar və proqramlar, normativ sənədlər qəbul olunub.
“Əgər ölkəmizdə ilk bələdiyyə seçkisində qadınlar 4 faiz təşkil edirdisə, aparılan iş sahəsində növbəti seçkidə bu rəqəm 25 faizə, sonuncu seçkidə isə 38 faizə yüksəlib”, - deyən H.Hüseynova respublikamızda qadınların bu gün yüksək vəzifələrdə təmsil olunmasından, onların rayon icra strukturlarındakı təmsilçiliyindən də söz açıb. Əlavə edib ki, Azərbaycanda 200-dən çox qadın təşkilatı fəaliyyət göstərir. Qeyd olunub ki, hazırda qadınların biznes sahəsində uğur qazanması üçün tədbirlər görülür. Bunun üçün regionlarda xüsusi resurs mərkəzləri yaradılıb. Artıq ölkədə qadın sahibkarların sayı 20 faizə çatıb.
Tədbirdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan qadınının üzləşdiyi çətinliklər barədə də məlumat verilib.
“Gender bərabərliyi hər zaman dövlətin diqqətindədir”, - deyən Milli Məclisin deputatı Pərvin Kərimzadə isə bildirib ki, Azərbaycan qadını beynəlxalq aləmdə də öz sözünü deyir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm iş aparır. P.Kərimzadə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə görülən işləri də xüsusi vurğulayıb.
Avropa Gənclər Forumunun İdarə heyətinin üzvü Lora Lyubanova qadın məsələlərində gənc qızların iştirakını, onların fəallığının artırılmasını vacib sayıb.
“Biz qadınlar gələcək nəslin necə yaşamasını müəyyənləşdiririk”, - deyən Böyük Britaniyanın Beynəlxalq Gənclər təşkilatının nümayəndəsi Pegah Moulana isə gənc qızların müxtəlif sahələrdə uğurlar əldə etməsi üçün mövcud stereotipləri qırmaqla bağlı öz təcrübəsindən söhbət açıb.
Estoniyanın Milli Gənclər Şurasının nümayəndəsi Kristen Aiqro gender bərabərliyinin təmin olunması üçün mövcud təcrübələrdən danışıb.
Dünya Skaut qızlar Assosiasiyasının nümayəndəsi İlmi Salminen və Avstriya Milli Gənclər Şurasının nümayəndəsi Karina Autenqruber diqqəti Avropada gender bərabərliyi sahəsində mövcud problemlərə, məişət zorakılığına yönəldiblər. Qeyd edilib ki, məişət zorakılığı bütün cəmiyyət üçün aktual problemdir və buna qarşı birgə mübarizə aparılması daha səmərəli olacaq.
Tədbirdə ekspertlər
iştirakçıların suallarını
cavablandırıb.
Yeni Azərbaycan.-
2016.- 6 may.- S.2