Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSM) toplantı keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müasir tariximizin fəxr və qürur hissi doğuran parlaq bir səhifəsi olduğunu vurğulayıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə Ulu öndərin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Nazir 1993-2003-cü illərdə əhalinin rifahının keçid dövrünün çətinliklərindən müdafiəsi və milli iqtisadiyyatın sosialyönümlü inkişafı yönündə mühüm tədbirləri həyata keçirən Ulu öndər Heydər Əliyevin bu dövrdə müstəqil Azərbaycanın mütərəqqi prinsiplər əsasında sosial qanunvericilik bazasının formalaşdırılması üçün fundamental əsasların yaradılmasını təmin etdiyini də diqqətə çatdırıb.

S.Müslümov Ulu öndərimiz Heydər Əliyevin sosial sahə ilə bağlı ideyalarının və Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində gələcəkdə də mühüm nailiyyətlərin qazanılmasına əsas yaratdığını diqqətə çatdırıb.

Digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi, respublikamızın sosial-iqtisadi, mədəni tərəqqisi, əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması, habelə vahid azərbaycançılıq ideologiyası əsasında milli həmrəyliyin gücləndirilməsi, xalqın milli-mənəvi dəyərlər sisteminin qorunub saxlanması və inkişafı, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə sahib olması və s. istiqamətlərdə göstərdiyi mühüm tarixi xidmətlərdən söz açıblar.

 

 

Yeni Azərbaycan.- 2016.- 7 may.- S.7