Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu azərbaycançılıq
ideologiyası özündə multikultural
dəyərləri də birləşdirir
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, müasir dövrdə sivilizasiyalararası dialoq prosesinin sürətləndiyi bir dönəmdə tolerantlıq və multikulturalizm məsələləri xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, tolerantlıq nümunəsi olan Azərbaycanın multikulturalizm təcrübəsinin sivilizasiyalararası dialoq və inteqrasiya prosesində kəsb etdiyi əhəmiyyəti necə qiymətləndirmək olar?
- Müasir dövrdə ictimai həyatın bütün sahələri kimi, mədəniyyətlər də getdikcə qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların Hantinqtonun deyimi ilə, sadəcə, “qarşıdurması” deyil, həm də inteqrasiyası baş verir. Bu prosesdən təcrid olunmaq, öz milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi, təbii ki, sivilizasiyaların taleyindən yan keçə bilməz. Belə ki, qloballaşan sosio-mədəni məkanda ölkələrin və sivilizasiyaların qarşılıqlı asılılığı daha da artır, miqrasiya prosesinin genişlənməsi ilə onların bir-birinə yaxınlaşması daha da intensiv səciyyə daşımağa başlayır, digər tərəfdən isə, xalqların sivilizasion özünüdərki prosesi geniş vüsət alır, milli və dini zəmində ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə bir ortamda hər bir sivil dövlət qloballaşmanın ortaya çıxardığı ziddiyyətlərdən və fəsadlardan qaçaraq bu axını xalqların iqtisadi, mədəni həyatının inkişafı üçün bir üstünlüyə çevirməlidir. Məhz bu amili nəzərə alaraq Ulu öndər Heydər Əliyev uzaqgörənliklə demişdir ki, “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”. Beləliklə, Ümummilli liderin Azərbaycan dövlətçiliyinin təməlinə yerləşdirdiyi azərbaycançılıq ideologiyasının birləşdirici və ehtivaedici xarakterinin aktuallığı günümüzdə daha artıq önəm və əhəmiyyət qazanır.
Bu baxımdan, sivilizasiyalararasi münasibətlərdə mənfi təsirlərdən uzaqlaşmaq və mümkün ziddiyyətləri aradan qaldırmaq üçün müxtəlif ölkələrin, eləcə də Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq kimi dəyərlərinin öyrənilməsi, əxz edilməsi məqsədəuyğun olardı. Şübhəsiz ki, ölkəmizdəki bu müxtəlif mədəni, dini konfessiyalararası dözümlülük xüsusiyyəti əsrlər, hətta minilliklər boyu formalaşmış və genefondumuzun vacib hissəsinə çevrilmişdir. Əxlaqımıza sirayət edən belə bir davranışı müxtəlif amillərlə - coğrafi, etnik, iqtisadi-siyasi və dini amillərlə izah etmək mümkündür.
Mütəxəssislər etiraf edirlər ki, hər bir xalqın ümumi xüsusiyyətlərinin formalaşmasında həmin xalqın yaşadığı ərazinin coğrafi quruluşu, iqlimi, təbiəti önəmli rol oynayır. Şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşmiş Azərbaycanın təbiəti də müxtəlif və rəngarəngdir. Ölkəmizdə 9 iqlim tipi mövcuddur. Bir həqiqətdir ki, təbiəti rəngarəng, iqlimi müxtəlif olan ölkənin insanları da, mədəniyyəti də rəngarəng olmalıdır. Eyni zamanda, yaşadığımız areal təkcə qitələrin - Avropa ilə Asiyanın deyil, həm də mədəniyyətlərin sərhədində yerləşir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin məhz bu unikal mövqeyini vurğulayaraq deyir: “Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəsin vətənidir”. Həqiqətən də, Azərbaycan İslam dünyasının və mədəniyyətinin Şimal qurtaracağı, Avropa-Qərb, eyni zamanda, Şərq mədəniyyətinin isə başlanğıcıdır. Belə bir coğrafi mövqedə, mədəniyyətlərin qovaşağında yerləşməsi ölkəmizdə multikulturalizmin və tolerant mühitin formalaşmasını şərtləndirən başlıca amillərdəndir. Tarixi və sosioloji tədqiqatlar sübut edir ki, İslam dünyasının mərkəzində yerləşən və yalnız müsəlman toplumlarla sərhəd olan xalqlarla müqayisədə müsəlman aləminin ucqarlarında başqa mədəniyyətə malik toplumlarla qonşu olan xalqlar daha tolerantdırlar.
- O da məlumdur ki, ayrı-ayrı mədəniyyətlərə, dinlərə və etiqad məsələlərinə münasibətin formalaşmasında etnik xüsusiyyətlər də mühüm rol oynayır...
- Bəli, hər bir xalqın ayrı-ayrı mədəniyyətlərə, dinə və ya etiqad məsələlərinə münasibətinin formalaşmasında etnik xüsusiyyətlər başlıca rol oynayır. Müxtəlif etnik və dini konfessiyaların mehriban birgəyaşayışı təcrübəsinin haradan qaynaqlandığını müəyyən etmək üçün xalqımızın etnik xüsusiyyətlərinə diqqət yetirməliyik. Azərbaycan xalqının nüvəsini və mütləq əksəriyyətini təşkil edən türklər tarixən bu ərazidə yaşayan bir çox etnik kimliklərlə yanaşı, sülh - əmin-amanlıq şəraitində yaşamış, həm də ortaq dəyərlər yaratmışlar. Türklərdə əxlaq anlayışı daha üstün anlam kəsb etdiyindən insanlara münasibətlərini hansı dinə və ya hansı etnik kimliyə mənsubluğa görə yox, əxlaqi keyfiyyətlərinə görə müəyyənləşdirmişlər. Ölkəmizdə multikulturalizmin təşəkkülündə türklərin, xüsusilə də Azərbaycan türklərinin dünyəvi yeniliyə açıq olmaları, elmə, təhsilə, mədəniyyətə, incəsənətə, ədəbiyyata və gender bərabərliyinə önəm vermələri vacib faktorlardandır. Azərbaycan ruhaniliyi də heç vaxt dünyəviliyə qarşı çıxmayıb. Bu, bizi müsəlman, hətta digər türk xalqlarından fərləndirən cəhətdir. Dünyəviliyə bu cür münasibətin nəticəsi idi ki, Şərqdə ilk demokratik cümhuriyyəti məhz Azərbaycan xalqı qurmuşdur. Diqqət çəkən məqam da məhz odur ki, Azərbaycanda həm maarifçi hərəkatın yaradıcılarının, həm də xalq cümhuriyyətin qurucularının və ideoloqlarının böyük əksəriyyəti ruhani ailəsindən çıxıb.
Tarixdə qadın-kişi bərabərliyinə, kişi ilə yanaşı qadının da təhsil almasına Azərbaycan türkləri qədər əhəmiyyət verən ikinci bir toplum tapmaq çətindir. Ancaq dünyəviliyə, müasirliyə, qadının təhsilinə və gender məsələsinə bu qədər əhəmiyyət verən xalq multikulturalizm və tolerantlıqdan bəhs edə bilər.
Azərbaycanın yerləşdiyi Qafqaz regionu etnik baxımdan dünyanın ən zəngin bölgəsidir. Bu regionda etnik qrupların sərhədi bəzən kəndlərlə müəyyən edilir. Bu etnik qruplar fərqli dillərdə danışırlar. Məsələn, 160 minlik əhalisi olan Quba rayonunda kompakt halda 10-a yaxın etnik qrup (tatlar, ceklər, yəhudilər, qırızlar, xınalıqlılar və s.) yaşayır. Azərbaycandakı bu etnik zənginlik multikulturalizmin formalaşmasında əhəmiyyətli rol oynayıb.
- Tarixən ayrı-ayrı xalqların mədəni-mənəvi intibahında sosial-iqtisadi amillər xüsusi rol oynamışdır. Azərbaycanda tarixən formalaşmış multikulturalizm və tolerantlıq mədəniyyətinin iqtisadi əsasları barədə nə deyə bilərsiniz?
- Sosial-iqtisadi zəmin olmadan hansısa mədəni və mənəvi intibahın baş verməsi qeyri-mümkündür. Bütün sahələrdə, o cümlədən mədəni və mənəvi aləmdə dirçəlişin əsasını iqtisadi amillər təşkil edir. Bu baxımdan Azərbaycanda tarixən formalaşmış multikulturalizm və tolerantlıq mədəniyyətinin iqtisadi əsasları olmuş, sosial-iqtisadi amillərlə şərtlənmişdir. Sosial-iqtisadi əsaslar olmadan tolerantlığın indiki yüksək səviyyəyə çatması mümkünsüz idi. Tolerantlığa zəmin yaradan iqtisadi amillərdən danışarkən, ilk növbədə, Azərbaycanın tarixi İpək yolunun üzərində yerləşməsi xüsusi qeyd olunmalıdır. Uzaq Çindən başlayan və Avropanın qurtaracağında bitən İpək yoluna təkcə ticarət yolu və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla həm ipək və müxtəlif məhsullar daşınmış, həm də insanlar, fərqli dinlər və mədəniyyətlərə səyahət etmişlər. Nəticədə Azərbaycan xalqı müxtəlif mədəniyyətlərlə, dini, fəlsəfi cərəyanlarla tanış olmuş, hətta bəzən onların nümayəndələrinə sığınacaq belə vermişdir.
Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda sərbəst ticarətlə məşğul olmuşlar. Onları ölkəmizə cəlb edən yalnız vergi güzəştləri deyil, eyni zamanda, mədəni və mənəvi mühit idi. Müxtəlif etnik və dini qruplara mənsub olan tacirlər heç bir ayrı-seçkiliyə məruz qalmır, rahat və təhlükəsiz şəraitdə öz inanclarına uyğun yaşayırdılar. Bu fikri təsdiqləyən ən bariz nümunə Azərbaycanda ticarətlə məşğul olan katoliklərin və atəşpərəstlərin ölkəmizdə öz inanclarına uyğun ibadət etmələri üçün monastır və atəşgah tikmələridir. Xəzər dənizindən Tiflisə qədər, Dərbənddən Həmədan və Zəncana, Gilandan İraqa, Anadoluya kimi uzanan bu ərazilərdə azərbaycanlılarla qonşuluq edən və iç-içə yaşayan onlarla xalq və yüzlərlə etnik qrup olmuşdur. Bu xalqlar arasında formalaşmış sosial-iqtisadi münasibətlər və mədəni mühit son nəticədə multikulturalizmi daha da möhkəmləndirmişdir.
- Bu gün multikultural dəyərlərdən və tolerantlıqdan bəhs edərkən din amilinə xüsusi diqqət yetirilir. Azərbaycanda da əsrlər boyu multikultural dəyərlərin formalaşmasında milli-mənəvi dəyərlərlə yanaşı, din faktoru mühüm rol oynamışdır...
- Multikulturalizm və tolerantlığın formalaşmasında, təbii ki, dini-mədəni amilin də təsirini xüsusilə qeyd etməkdə fayda var. Din insanların, ümumilikdə cəmiyyətin digər dinlərə və xalqlara münasibətini müəyyənləşdirən başlıca faktordur. Çünki insanların dünyagörüşü, əxlaqı, həyat tərzi daha çox din əsasında yüksəlir. Təsadüfi deyildir ki, belə bir fikir səsləndirirlər: dini tolerant olmayan xalqın özü tolerant ola bilməz. Bəlkə də, bu fikrin təsdiqinin ən gözəl nümunəsi Azərbaycan xalqı və İslam dinidir. Şübhəsiz ki, İslam tolerant din olmasaydı, onun mənsublarının yaşadığı Azərbaycanda indiki səviyyədə dözümlülük mədəniyyəti formalaşa bilməzdi. Bu baxımdan, Azərbaycan xalqının tolerantlığının əsas səbəblərindən biri də din amili - İslamla bağlıdır. İslamdakı multikulturalizmin, tolerantlığın səbəbini bu dinin əsas qaynaqlarında - “Qurani Kərim”, Məhəmməd peyğəmbərin sünnəsi və hədislərdə axtarmaq lazımdır. Həqiqətdir ki, İslam seçim azadlığına, bərabərliyə, insan ləyaqətinə, din azadlığına, etnik fərqliliklərlə hesablaşmağa xüsusi önəm verir. Təsadüfi deyil ki, hələ VII əsrdə müsəlman və yəhudilər arasındakı ictimai-iqtisadi və hüquqi münasibətləri tənzimləyən “Mədinə müqaviləsi” bu gün də istənilən konfessiyalararası məsələlərə həsr edilmiş beynəlxalq müqavilə üçün normativ baza rolunu oynaya biləcək qədər müasirdir. Dinimizə görə, bütün insanlar və millətlər bərbərdir, ali irq, ali millət anlayışı yoxdur. İslama görə, əsl müsəlman əlindən, dilindən başqasına ziyan dəyməyən insandır. Tarixdə müsəlmanlarla digər dinlərin mənsublarının birgə fəaliyyətinə, əməkdaşlığına və eyni şəhərdə, kənddə qarşılıqlı hörmət şəraitində yaşamalarına dair minlərlə fakt mövcuddur. Mənbələrdən əldə olunan maraqlı bir məqamı qeyd etməkdə fayda var. Belə ki, Raşidi xəlifələrin dövründə bir kilsənin ərazisinin bir hissəsi zəbt olunur və orada məscid inşa edilir. Xristianlar məhkəməyə müraciət edirlər və nəticədə məhkəmənin qərarı ilə məscid sökülür, həmin ərazi yenidən kilsəyə qaytarılır. Bütün qeyd olunanlar göstərir ki, İslamın dözümsüz din olduğunu söyləmək ən azından ədalətsizlikdir.
İslamdan gələn bu cür dözümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çulğalaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir. İslam Azərbaycan xalqının ondan öncəki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. Bunun nəticəsidir ki, İslam Azərbaycanda yayıldıqdan sonra Qafqazda tikilmiş ilk kilsə olan Şəkidəki Kiş məbədinin ətrafında bir nəfər də olsun xristian yaşamamış, amma Azərbaycan xalqı onu qoruyaraq bu günədək gətirib çıxarmışdır. Yaxud İslamın Azərbaycanda ən güclü olduğu dövrdə, XVIII əsrdə Bakıda atəşpərəstlər tərəfindən məşhur Atəşgah məbədi tikilmişdir.
Azərbaycan xalqının multikultural mədəniyyəti həm də onun özünəxas dini dərki ilə bağlıdır. Digər müsəlman xalqlarından fərqli olaraq, biz İslamı sufilərdən əxz etmişik və bunun nəticəsidir ki, bizim dini baxışımızda yaradana xatir sevən, inancından asılı olmayaraq, kamil insan yetişdirməyi qarşısına məqsəd qoyan irfan mədəniyyəti daha üstündür. Yaradılana bəslənən sevgi bütün məxluqatı əhatə edir və o, dinlərin, məzhəblərin fövqündədir. Odur ki, azərbaycanlılar məscid, kilsə, sinaqoq fərqi qoymadan, bütün dinlərin məbədlərinə Allah evi kimi yanaşır, onu tikdirəni isə xeyirxah adam kimi qəbul edirlər. Təsadüfi deyildir ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev hazırda Qafqazın ən böyük rus-pravoslav kilsəsi olan Mironosets məbədini tikdirəndə müsəlmanlar onu nəinki qınamamışdır, Bakıda Aleksandr Nevski kilsəsi inşa edilən zaman onun tikintisində yaxından iştirak etmişlər.
- Yeri gəlmişkən, Azərbaycan dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçılarından biridir...
- Tamamilə doğrudur, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri idi. Ölkəmiz iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu nəzərə almaqla bu istiqamətdə bütün səyləri dəstəkləyir və mümkün köməyini əsirgəmirdi. Amma son on ildə Azərbaycan bu prosesin aktiv iştirakçısı yox, əsas təşəbbüskarı və lokomotivi kimi çıxış edir. Bu baxımdan əminliklə söyləmək olar ki, ötən müddət ərzində Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində nəinki hədəflərini dəyişib, hətta qarşıya qoyduğu məqsədə doğru xeyli irəliləyə bilib. Hazırda dünya ictimaiyyəti həm Azərbaycanı tolerant, multikultral ölkə kimi qəbul edir, həm də bu dəyərlərin dünyada təşviqi istiqamətində hökumətin qazandığı uğurları etiraf edir.
Şübhəsiz ki, bu sahədə qarşıya qoyulmuş böyük hədəflərə çatmaq üçün əvvəlcədən müəyyən şərtlər təmin olunmalıdır. Məsələn, aktiv xarici siyasət yürüdülməli, maraqlı olan qüvvələri müxtəlif formalarda bir araya gətirməli, məsələnin nəzəri və praktiki tərəfləri üzərində işləyən strukturlar yaradılmalı, ciddi maliyyə ayrılmalı və s. Son illər bu istiqamətə yönəlmiş tədbirləri nəzərdən keçirdikdə qeyd olunan şərtlərin tam təmin olunduğu qənaəti formalaşır. Belə ki, hazırda Azərbaycanın aktiv xarici siyasət yürütməsi, beynəlxalq təşkilatlarla yaxından işləməsi, regional və beynəlxalq səviyyədə ciddi təşəbbüslərlə çıxış etməsi hər kəsə bəllidir. Bunun bariz nümunəsi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Həmin seçkilər zamanı Azərbaycanı 155 dövlətin dəstəkləməsi ölkəmizin xarici siyasət sahəsindəki ən böyük uğurlarından biridir.
Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikultralizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxaq və regional konfrans, forum və simpoziumlar düzənləyib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxal aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.
Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.
İndiyədək sözügedən sahədə fəaliyyət göstərən strukturların formalaşdırılması və onların işinin koordinasiya olunması istiqamətində də ciddi və əhəmiyyətli qərarlar qəbul olunub. Bu baxımdan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə yanaşı, qeyd olunan rəsmi qurumların yaradılması və bu prosesə cəlb edilməsi Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir.
- Multikulturalizmdən bəhs edərkən paralel olaraq insan hüquqları məsələsi də gündəmə gəlir. Bu mənada, multikultural dəyərlər və insan hüquqları məsələsində Azərbaycan təcrübəsini necə qiymətləndirmək olar?
- Multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahid və üstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiliklə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün - konstitusion təminat altındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində Azərbaycanda “fərqliliklər”in qorunmasına yönələn dövlət siyasəti aydın şəkildə öz əksini tapmışdır.
- Bütövlükdə, multikulturalizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları barədə yekun olaraq nə deyə bilərsiniz?
- Bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq qanlar, insanların bu münaqişələr ucbatından öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi və multikulturalizm dəyərini bütün xalqlara aşılayaq və bu yolla dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına öz töhfəmizi verək. Məhz bu missiyanı həyata keçirmək məqsədi ilə ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir. Eyni zamanda, respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın fədakar fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir sıra mötəbər tədbirlərin, konfransların və beynəlxalq forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2007-ci il aprelin 3-4-də keçirilən “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans, 2008-ci il dekabrın 2-də keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans, 2009-cu il noyabrın 6-7-də keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans, 2009-cu il noyabrn 11-də keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda konfrans, 2010-cu il aprelin 26-27-də keçirilən Dünya Dini Liderlərin Bakı Sammiti, 2011-ci il aprelin 7-9-da keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər öz miqyas və əhəmiyyətinə görə regional və qlobal əhəmiyyətli layihələrdir. Bu il isə “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda II Beynəlxalq Bakı Forumunun keçirilməsi nəzərdə tutulur.
Yuxarıda sadalanan fikirlərdən
bir daha aydın olur ki, dövrümüzün
mühüm
çağırışlarından olan multikultralizmin Azərbaycanda tarixən
formalaşmış zəngin ənənələri və
möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran
vəzifə bu hərtərəfli
potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib oluduğumuz təcrübəni
regional və qlobal məkanda
uğurla paylaşmaqdır.
Yeni Azərbaycan.-
2016.- 7 may.- S.4