Regionlarda əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir

 

Etibarlı su təchizatına nail olunması ölkəmizin strateji hədəflərindən biridir

Son illərdə Azərbaycanın regionlarının inkişafından söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Belə ki, respublikamızda müxtəlif sahələrdə infrastruktur layihələrinə böyük sərmayə qoyulur. Daha dəqiq desək, ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən layihələr sayəsində bu gün Azərbaycan güclü, ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Digər tərəfdən, yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, bölgələrin iqtisadi potensialından səmərəli istifadə olunması, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Onu da vurğulamaq yerinə düşər ki, son illərdə regionlarda həyata keçirilən infrastruktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılmasına lazımi qədər vəsait ayırır. Bundan başqa, Dövlət Neft Fondundan da su layihələrinin yerinə yetirilməsinə kifayət qədər irihəcmli maliyyə tranşları yönəldilir. Bakı şəhərinin və onun ətraf qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 13 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su layihələri reallaşdırılıb. Onu da qeyd edək ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Beləliklə, dövlət başçısının sözügedən istiqamətdəki tövsiyə və tapşırıqlarına uyğun aidiyyəti qurumlar, o cümlədən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mühüm işlər həyata keçirilib.bu istiqamətdə işlər davamlı xarakter daşıyır. Hər halda ötən ilbu ilin birinci rübü ərzində görülən işlər də belə deməyə əsas verir. Məlumat üçün bildirək ki, ötən il içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib, istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Məsələn, 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilib. Görülən tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlib.

Eyni zamanda, 2016-cı ilin yanvar-mart aylarında istehlakçılara 66,7 milyon kubmetr həcmində su verilib, 47,2 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 170 kilometr içməli su, 138 kilometr kanalizasiya xətləri çəkilib, 2 su anbarı tikilib, 4 ədəd subartezian quyusu qazılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə abonent sayı 52,4 min artıb, sayğaclaşma səviyyəsi 62,5 faizə yüksəlib.

2016-cı ilin birinci rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı isə ötən ilin əvvəli ilə müqayisədə 9850 və ya 0,7 faiz artıb. Belə ki, aprelin 1-nə ölkə üzrə 1 milyon 387 min 096 abunəçi sukanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 330 min 979-u və ya 95,9 faizini əhali, 56 min 117 və ya 4,1 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Yanvar-mart ayları ərzində abunəçi sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli sukanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Aprelin 1-nə “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi əhali qrupu abunəçilərinin 61,7 faizi, qeyri-əhali qrupuna aid abunəçilərin isə 80,3 faizi sayğacla təmin olunub. Bütün abunəçi qrupları üzrə sayğaclaşma səviyyəsi 62,5 faizə yüksəlib.

Bununla yanaşı, beynəlxalq layihələr çərçivəsində Qusar və Tərtər şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi icra edilibson mərhələyə qədəm qoyub. Uzun illər içməli sudan əziyyət çəkən Salyan şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən magistral xəttin tikintisinə başlanılıb. Təsdiqlənmiş plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisi, həmçinin Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində 1,4 kilometr uzunluğunda magistral, 2 kilometr uzunluğunda paylayıcı xətlərin inşasına başlanılıb.

Layihənin icrasına aprel ayının ikinci yarısından başlanılıb və qısa müddət ərzində 710 millimetr diametrli magistral kəmərin 750 metrdən artıq hissəsinin tikintisi yekunlaşıb, eyni zamanda şəhərdaxili şəbəkədə müxtəlif diametrli borularla 800 metr uzunluğunda yeni xətt inşa edilib. Layihə üzrə işlərin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub. İşlər başa çatdıqdan sonra yeni çəkilmiş magistral xətt mövcud şəbəkəyə birləşdiriləcək və bununla da Salyan şəhərinin 12 mindən artıq sakini Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli içməli sudan istifadə edəcəklər. Şəhərə yeni mənbədən suyun verilməsi təmin edildikdən sonra 1972-ci ildən istismarda olan sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Şirvan-Muğan qrup su kəmərinin təməli 2012-ci ilin iyul ayında Prezident İlham Əliyev tərəfindən qoyulub, 2013-cü ildə bu kəmərdən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə, Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, SalyanNeftçala şəhərlərinin, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.

Eyni zamanda, Masallı rayonunun 5 kəndini keyfiyyətli içməli su ilə təmin etmək üçün layihənin icrası davam etdirilir və tezliklə həmin kəndlərə suyun verilməsi təmin ediləcək.

Yeri gəlmişkən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir. Cəmiyyət tərəfindən Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatıb və layihə çərçivəsində mayın 6-da kənddə yeni subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, 1200 ev təsərrüfatından ibarət olan və 6500 sakinin yaşadığı Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilib və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb. 2011-ci ildə kənddə bir ədəd artezian quyusu qazılıb və polad borularla 2,4 kilometr uzunluğunda su xətti çəkilib. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla, 945 sakin dayanıqlı içməli su ilə təmin edilib.

Diqqətə çatdırılıb ki, kəndin digər hissəsini su ilə təmin etmək üçün 2016-cı ildə yeni subartezian quyusu qazılıb və 16 kubmetr tutumu olan bir ədəd su çəni quraşdırılıb. Su mənbəyindən kəndə polietilen borularla 1 kilometr uzunluğunda su xətti çəkilib. Bununla da 200 ev təsərrüfatı içməli su ilə təmin edilib. Ümumiyyətlə, Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində, ümumilikdə, 2200 nəfərə yaxın sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Kəndin digər hissəsi isə hazırda yerli bələdiyyənin balansında olan su təchizatı sistemlərindən istifadə edir.

Bu məqamda bildirək ki, ötən illərdə olduğu kimi, hazırda da içməli su ilə yanaşı, ölkə ərazisində kəndlərə suvarma suyunun verilməsi üçün də lazımi addımlar atılır. Məsələn Şərur rayonunun Xanlıqlar, Ələkli, Vərməziyar kəndlərinə yeni boru xəttinin çəkilişi davam etdirilir. Boru xəttinin artıq 3 kilometrlik hissəsinin çəkilişi başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət MeliorasiyaSu Təsərrüfatı Komitəsindən AZƏRTAC-a bildirilib ki, boru xəttinin sonundakı paylayıcı qurğudan 1 kilometr Ələkli istiqamətində, 800 metr Vərməziyar istiqamətində 500 millimetrlik azbest boru xətlərinin çəkilməsi təmin edilib. Suvarma boru xəttinin tikintisinə 2015-ci ilin dekabr ayında başlanılıb, 2016-cı il aprel ayının əvvəlində işlər tamamlanıb.

Həyata keçirilən tədbirlərə sıradan çıxmış boru xətlərinin təmiri də daxildir. Köhnə xətlər istismar müddətini bitirdiyindən suvarma suyunun əkin sahələrinə verilməsində və ərazilərin suvarma suyu ilə təminatında çətinliklər yaradırdı. Buna görə də sıradan çıxmış 3 kilometr boru xətti yenisi ilə əvəz olunub və Xanlıqlar kəndi ərazisinin suvarılması üçün 3 ədəd yeni siyirtmə quraşdırılıb, 150 hektar ərazi suvarma suyu ilə təmin edilib. Vərməziyarda 222 hektar, Ələkli kəndində isə 217 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunub. Həmçinin su kanallarının təmizlənməsi işləri həyata keçirilib.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 11 may.- S.8