“Heydər
Əliyev irsi və multikultural dəyərlər”
Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümü
münasibətilə bu mövzuda konfrans keçirilib
Mayın
7-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı
ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümünə
həsr olunmuş “Heydər Əliyev irsi və multikultural dəyərlər”
mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində,
həmçinin “Heydər Əliyev irsi və multikultural dəyərlər”
kitabının təqdimatı olub. Konfrans
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək xalqımızın Ümummilli lideri,
müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə
gül dəstələri düzülüb.
Sayca XIII olan konfransda partiyanın rəhbərliyi və
üzvləri, dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət
göstərən dini icmaların rəhbərləri və
digər şəxslər iştirak ediblər.
Yeni Azərbaycan
Partiyası Sədrinin müavini - İcra katibi, Baş nazirin
müavini Əli Əhmədov konfransı giriş
sözü ilə açaraq Ümummilli lider Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz xidmətlərindən
danışıb, dahi rəhbərin anadan olmasının
93-cü ildönümünün respublikamızda və
ölkəmizdən kənarda dərin hörmət və
ehtiramla geniş qeyd olunduğunu vurğulayıb. O bildirib ki,
Ulu öndər Heydər Əliyevin doğum gününün
yüksək coşqu ilə qeyd olunması Azərbaycan
xalqının dahi şəxsiyyətin ölkəmiz
qarşısında xidmətlərinə verdiyi yüksək
qiymətin, Onun xatirəsinə hörmət və
ehtiramının təzahürüdür. Azərbaycan
xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad edəcək.
Əli Əhmədov konfransın multikulturalizm
mövzusuna həsr olunmasının əsas səbəbi kimi
Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda
elan edilən “Multikulturalizm ili”nə töhfə vermək
olduğunu göstərib. O, ikinci səbəb kimi Azərbaycanda
tolerantlığı dövlət siyasətinə çevirən
Ulu öndər Heydər Əliyevin ölkəmizdə
multikulturalizmin inkişafı sahəsində xidmətlərinin
dərindən öyrənilməsi olduğunu qeyd edib. Baş nazirin müavini deyib ki, Ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq
məfkurəsi özündə multikulturalizm və
tolerantlıq ideyasını əks etdirir. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev
tolerantlığı və multikulturalizmi cəmiyyətin
monolitliyini, möhkəmliyini şərtləndirən ən
vacib amil kimi görürdü.
Uzun illər
ərzində müxtəlif dinlərin və mədəniyyətlərin
nümayəndələrinin ölkəmizdə dinc və
qarşılıqlı anlaşma şəraitində
yaşadığını deyən YAP Sədrinin müavini
bildirib ki, Azərbaycanda xristian, yəhudi və digər
icmaların mövcud olması, onlar üçün əlverişli
şəraitin yaradılması bunun əyani göstəricisidir:
“Bu gün Azərbaycanın ictimai-siyasi həyatında
multikulturalizmə böyük önəm verilir. Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində
multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və
bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən
də uğurla davam və inkişaf etdirilir. Məhz Azərbaycanda multikulturalizm tarixən həyat
tərzi olub və bu ənənələr bu gün də
yaşamaqdadır. Multikulturalizm, eyni
zamanda, Azərbaycan cəmiyyətinin dünyaya
özünü tanıtdırmaq rəmzidir”.
Əli
Əhmədov bildirib ki, yüzilliklər boyu mədəniyyətlərin
və dinlərin münasibətləri
aktuallığını itirməmiş, xalqların fəlsəfi
görüşlərini, dünyabaxışlarını,
hiss və ehtiraslarını təyin edən ictimai hadisə
kimi dövrümüzə qədər gəlib
çatmışdır. Onun sözlərinə
görə, dövlətlər və millətlər
arasında əlaqə və münasibətləri müəyyənləşdirən
başlıca amillərin təbiətində köklü dəyişikliklər
baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası
dialoq ictimai müzakirələrin və siyasi proseslərin
ümumi istiqamətinə təsir göstərmək
imkanlarını saxlamaqdadır. Əli Əhmədov
qeyd edib ki, dövrümüzün ümumi sivilizasiya mənzərəsinə
öz möhürünü vuracağına böyük
ümidlər bəslənilən bu fenomen bəşəriyyətə
“multikulturalizm” adı ilə təqdim edilir: “Son illər ərzində
dünyada regional münaqişələrin artması, bir
çox Avropa ölkələrində ifrat milliyyətçilik
hərəkatlarının güclənməsi multikulturalizmin
gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli
dərəcədə azalmasına gətirib
çıxarmışdır. Dini tolerantlıq
və sivilizasiyalararası münasibətlərdə Azərbaycanın
nümunəsinin və ölkə rəhbərliyinin qəti
siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun
aradan qalxmasına ciddi təkan verəcəyi şübhə
doğurmur. Bu baxımdan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi
böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin daxili siyasi xəttində
multikulturalizmə xüsusi həssaslıq nümayiş
etdirilməsinin Azərbaycan dövlətinin tolerant dəyərlərə
dərin sədaqətindən irəli gəldiyini söyləsək,
yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bu siyasətin Heydər Əliyev tərəfindən
əsası qoyulan bünövrəsi ölkədəki
bütün dinlərə və mədəniyyətlərə
hörmətlə yanaşılması, onların bərabər
inkişafı üçün hər cür imkanların
yaradılması kimi dəyərlərə istinad edir”.
Baş nazirin müavini bildirib ki, azərbaycançılıq
ideologiyası ayrı-ayrı dinlərin və
sivilizasiyaların nümayəndələrinin vahid cəmiyyətdə
və dövlətdə bərabər hüquqlar şəraitində
yaşamasını, dini etiqad azadlığını təmin
edən dünyagörüşü kimi qəbul edilir. Onun sözlərinə
görə, Azərbaycanda multikulturalizmin bərqərar olub
inkişaf etdirilməsinə obyektiv səbəblərin
mövcudluğu mühüm rol oynamış və
oynamaqdadır: “Müxtəlif dinlərin və
sivilizasiyaların vahid məkanda yaşaması cəmiyyətimizin
aparıcı dəyərləri sırasında daim əhəmiyyətli
yer tutmuşdur. Burada ayrı-ayrı dinlərin,
dillərin və mədəniyyətlərin yaşamasına
hər hansı məhdudiyyətlər qoyulmamış, əksinə
bütün imkanlar təmin edilmişdir. Azərbaycanın
malik olduğu unikal coğrafi-mədəni mühiti
haqqında bəhs olunan multikultural dəyərlər sisteminin
formalaşmasına əlavə təkan vermiş, Qərblə
Şərqin, Asiya ilə Avropanın, İslam mədəniyyəti
ilə digər dinlərin qovuşduğu coğrafiya
missiyasını əsrlər boyu ləyaqətlə
daşımışdır. Bunun sayəsində
tolerantlıq, dini dözümlülük azərbaycanlıların
dünyagörüşünün ayrılmaz tərkib hissəsinə
çevrilmiş, cəmiyyətin zəngin mənəvi
koloritini formalaşdırmışdır”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan öz
müstəqilliyinə qovuşduqdan sonra ilk illərdə
milli dövlətçiliyin yarana bilməməsi həm də
lazımi təməl prinsiplərinin olmaması ilə izah
edilməlidir.
Onun sözlərinə görə, gənc,
müstəqil Azərbaycan dövlətinin təməl
prinsiplərinin müəyyən edilməsi də, həmin
prinsiplər əsasında yeni dövlətin qurulması da Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna
xidməti kimi tariximizə yazılmış oldu.
Əli Əhmədov bildirib ki, Azərbaycanın dövlət
müstəqilliyinin elan olunması cəmiyyətdə bir
sıra qorxulu meyillərin tüğyan etdiyi dövrə təsadüf
edirdi. Belə təhlükəli meyillərdən biri
“suverenlik paradı” adını almış yanlış
müstəqillik dünyagörüşünə əsaslanan
separatçılıq hərəkatı idi. Hər hansı obyektiv əsas və səbəb
olmasa da, separatçılıq Azərbaycandan yan keçməmişdi.
Onun sözlərinə görə, hakimiyyətdə
təmsil olunanların dardüşüncəliliyi və
siyasi prosesləri düzgün qiymətləndirə bilməmələri
həmin meyillərin genişlənməsinə və təhlükəli
parametrlər kəsb etməsinə bir növ zəmin
hazırlayırdı. Cəmiyyətə
birlik və monolitlik naminə ümumi birləşdirici ideya təqdim
edilməmişdi ki, bundan da separatçılar ustalıqla
qidalanırdılar. “Heydər Əliyevin
tarixi qayıdışı müstəqil Azərbaycan
dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm
siyasətin həyata keçirilməsinin
başlanğıcı oldu. Onun rəhbərliyi
altında həyata keçirilən çoxşaxəli layihələr
sırasında cəmiyyətin tolerantlıq kimi təməl
prinsipinin formalaşdırılması ayrıca qeyd
olunmağa layiqdir. Heydər Əliyevin
dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin
birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası
olmaqla yanaşı, eyni zamanda onun müasir dəyərlər
sistemini mənimsəməsinin, müasir imicinin bərqərar
olmasının mühüm parametri qismində
çıxış edir. Heydər
Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə
başa düşürdü ki, Azərbaycan kimi tarixən
çoxmillətli və çoxkonfessiyalı milli-mənəvi
struktura malik olan ölkənin həyat qabiliyyəti onun milli və
dini dözümlülük xarakterindən bilavasitə
asılıdır. Vaxtilə cəmiyyətə
“xalqlar dostluğu”, “beynəlmiləlçilik” adları ilə
təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan
müstəqil dövlətin təməl prinsiplərindən
biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim
edilirdi. Tolerantlıq şəraitində
istənilən dini və ya etnik birliyin nümayəndəsi
öz kimliyi zəminində inkişaf etmək, cəmiyyətə
daşıdığı milli və dini dəyərləri
sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu
qoruyub saxlamaq imkanlarına sahibdir. Bu
imkanlar, hər şeydən əvvəl, Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında hazırlanan Azərbaycan
Respublikasının Konstitusiyasında
tanınmışdır. Əsas Qanunun 25-ci maddəsində
qeyd olunur: “Dövlət irqindən, milliyyətindən, dinindən,
dilindən... asılı olmayaraq hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli,
dini... mənsubiyyətinə görə məhdudlaşdırmaq
qadağandır”. Qeyd etmək önəmlidir
ki, multikulturalizm anlayışı yalnız Azərbaycan vətəndaşlarının
konstitusion hüquqlarının bərabərliyi ilə kifayətlənmir.
Cəmiyyətdə qərarlaşmış dəyərlər
sistemi, müxtəlif mədəniyyətlərin
mövcudluğu və inkişafı üçün rəsmi
siyasət səviyyəsi ilə yanaşı, insanlararası
münasibətlər müstəvisində əlverişli
mühitin təmin edilməsi də, öz növbəsində,
multikulturalizmin fundamental şərtləri sırasında yer
tutmaqdadır”, - deyə YAP Sədrinin müavini
vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər
Əliyevin multikulturalizm sahəsində baxışları ən
ümumi şəkildə Onun müstəqil Azərbaycan
dövlətinin quruculuğu konsepsiyasının təməl
prinsiplərindən hesab olunan azərbaycançılıq
ideologiyası kontekstində nəzərdən keçirilə
bilər. Azərbaycançılıq cəmiyyətin mədəni,
dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi
toplumun formalaşmasını nəzərdə tutur. Bu ideologiya müxtəlif mədəniyyətlərin
birgə yaşamasını nəinki mümkün sayır,
habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi
xüsusiyyəti hesab edir. Əli Əhmədov
bildirib ki, azərbaycançılıq müstəqil dövlət
maraqları naminə və çərçivəsində fərqli
sivilizasiyaların, dinlərin və etnik birliklərin öz
xüsusiyyətlərini saxlamaqla vahid tam kimi
çıxış etməsi anlamında qavranılır.
Bu halda, müxtəliflik cəmiyyətin
kamilliyini, dövlətin isə gücünü və
qüdrətini ifadə edir. Azərbaycanın
müstəqil dövlət quruculuğunda tolerantlıq, sivilizasiyalararası
dialoq amilinin mühüm rol oynadığını söyləmək
üçün kifayət qədər əsaslar mövcuddur.
“Hazırda multikulturalizm adını
almış sosial hadisə Azərbaycanın təkcə
tarixi ənənəsi və milli-mənəvi xüsusiyyəti
deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun
və müasir cəmiyyətin formalaşmasının
fundamental-təməl prinsiplərindən biridir. Bu mənada,
Ümummilli lider Heydər Əliyevin yaratdığı
müasir Azərbaycanı, habelə onun inkişafını və
təkmilləşməsini multikulturalizm kimi mədəni və
mənəvi dəyərdən ayrılıqda təsəvvür
etmək qeyri-mümkündür”, - deyə Əli Əhmədov
vurğulayıb.
“Multikulturalizm Prezident İlham Əliyev tərəfindən
Azərbaycan cəmiyyətinin formalaşmış modelinə
yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir. Prezident
İlham Əliyevin baxışları kontekstində
multikulturalizm Azərbaycan cəmiyyətinin təbiətini, dəyərlər
sistemini, dünya birliyinə inteqrasiya istəklərini
bütün çılpaqlığı ilə dərk etməkdə
açar rolunu oynayır. Müasir Azərbaycan
cəmiyyətində multikulturalizm onun mədəniyyətinin
təbiətindən irəli gəlir”, - deyən Əli
Əhmədov bildirib ki, Azərbaycan mədəniyyəti və
bu mədəni dəyərlər əsasında qərar tutan
cəmiyyət təcridlikdən uzaq olması ilə
seçilir. Onun sözlərinə görə, Azərbaycan
torpaqlarının təxminən 20 faizinin Ermənistan
işğalçı qüvvələri tərəfindən
zəbt olunmasına, işğalın 25 ildən çox
davam etməsinə, on minlərlə insanımızın
etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə
baxmayaraq, cəmiyyətdə tolerantlığın mövqelərinə
zərbə vura biləcək dini, irqi, etnik
dözümsüzlük halları yayıla bilməmişdir.
İşğalçı Ermənistanın
monoetnik cəmiyyət modelinə Azərbaycanın
çoxmillətli, çoxkonfessiyalı, tolerantlıq əsasında
qərar tutmuş modeli qarşı durmaqdadır.
Əli
Əhmədov deyib ki, müxtəlif illərdə Bakıda
sivilizasiyaların, dinlərin və mədəniyyətlərin
dialoqu mövzusunda keçirilən beynəlxalq forumlar bir
yandan sözügedən sahədə Azərbaycanın unikal
təcrübəsini dünyaya təqdim etmək məqsədi
daşıyır, digər tərəfdən isə
multikulturalizmə Avropada, bütünlükdə Qərb
ölkələrində son zamanlarda müşahidə olunan
inamsızlığın aradan qaldırılmasına xidmət
göstərir: “Müəyyən mənada, Azərbaycanın
multikulturalizmin mühüm regional, hətta beynəlxalq mərkəzinə
çevrildiyini söyləmək həqiqətin etirafı
kimi qavranılmalıdır. Tam məsuliyyətlə
iddia etmək mümkündür ki, bir çox Avropa ölkələri,
beynəlxalq təşkilatlar ölkəmizi məhz
multikultural dəyərləri mənimsəmiş,
özünün həyat tərzinə çevirmiş və
bu sosial-mənəvi hadisəyə möhtəşəm
töhfələr verən cəmiyyət olaraq qəbul edir və
dəyərləndirir”.
O qeyd edib
ki, Azərbaycanda tolerantlıq və sivilizasiyalararası dialoq
mövzusuna ilk müraciət edən qurumlardan biri Yeni Azərbaycan
Partiyası olmuşdur. Əli Əhmədovun sözlərinə
görə, 2008-ci ildə partiyanın təşəbbüsü
və təşkilatçılığı ilə
“Sivilizasiyalararası dialoq: siyasi partiyaların rolu”
mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizdə
multikulturalizm probleminə həsr olunan ilk forumlar arasında
xüsusi rol oynayır. Konfransda 60-dan çox
ölkədən nümayəndənin iştirakı, Avropa,
Asiya, Amerika və Afrika qitələrinin təmsil olunması
onun beynəlxalq mənası və əhəmiyyəti
haqqında müfəssəl təsəvvür yaradır.
“Hazırda bütün dünyada multikulturalizm,
sivilizasiyalararası münasibətlər böhran
dövrünü yaşayır. Sivilizasiyaların və
dinlərin dialoqunu qarşıdurmaların əvəz etməsi
təhlükəsi artmaqdadır. İnkişaf
etmiş Qərblə maddi sıxıntılardan əziyyət
çəkən Şərq və Afrika arasında ziddiyyətlər
dərinləşir. “Yaxın Şərq baharı”
adını almış, mahiyyətcə isə bir sıra
ölkələrdə müharibələrin tüğyan etməsi,
on minlərlə insanın həlak olması, bir sıra
hallarda kənardan, əsas etibarilə Qərbdən olan
müdaxilələrin sabitlik yaratmaq əvəzinə, insan
faciələrinin miqyasının artmasına səbəb
olması deyiləni təsdiq edən çoxsaylı
faktların kiçik qismidir. Orta Şərqdən
və Afrikadan Avropaya məcburi çoxsaylı insan
köçü, əslində, humanitar fəlakətin
qurbanlarının baş verənlərə,
yaşamış olduqları məşəqqətlərə,
tökülən qanlara, viran olan məmləkətlərinə
görə ifadə edə bildikləri etiraz, bəlkə də
üsyandır. İndi Avropanın həmişə
təbliğ etməyə çalışdığı
tolerantlıq, multikulturalizm ağır sınaq
qarşısındadır. Qışın
soyuğunda Avropanın çöllərində
sığınacaq axtaran və çox zaman onu tapa bilməyən
on minlərlə insan, xüsusilə də azyaşlı
uşaqlar və qadınlar multikulturalizmə
baxışın kökündən dəyişdirilməsini
tələb edir. Qəti şəkildə inanıram ki,
Azərbaycanın təcrübəsi Avropanın bu sahədə
axtarışlarının daha düzgün və səmərəli
istiqamətdə aparılmasına töhfə ola
bilər”, - deyə Baş nazirin müavini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə konfransda
çıxış edərək Ulu öndər Heydər
Əliyevin Azərbaycanda bütün sahələrin, o
cümlədən mədəni və mənəvi həyatın
inkişafında misilsiz xidmətlərindən
danışıb. O bildirib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətləri
zaman yüzilliklər ərzində tək-tək
yetişdirir: “Müstəqil Azərbaycan dövlətinin
xilaskarı və qurucusu olan Ulu öndərimiz həyatı
boyu Azərbaycan naminə misilsiz xidmətlər göstərib.
Bu görkəmli şəxsiyyətin həyatı
boyu Vətənə, millətə xidmətinin cövhərində
yüksək mənəviyyat sahibi olması durur. Dahi şəxsiyyət olaraq milli-mənəvi dəyərlərin
xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini
gözəl dərk edən Ulu öndər hər zaman
ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə
bu dəyərli xəzinədən bəhrələnir, ona
qayğı ilə yanaşırdı. Ölkəmizin
yaşadığı o çətin zamanda Ulu öndər
dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi
kimi ümdə məsələlərlə yanaşı, mədəni-mənəvi
həyatın inkişafına xüsusi diqqət yetirirdi.
Heydər Əliyev Ümummilli lider
missiyasında ölkəmizi etnik separatçılıq, dini
zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək,
məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin
niyyətlərini puç edərək, dövlətçiliyimizi
xilas etdi. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşlarımızı
azərbaycançılıq məfkurəsi ətrafında
birləşdirərək Ulu öndər Azərbaycan dövlətçiliyinin
sarsılmaz bünövrəsini qoymuş oldu”.
Ulu
öndər Heydər Əliyevin prezidentliyinin ilk günlərində
Təzəpir məscidinə gəldiyini xatırladan
Allahşükür Paşazadə dahi şəxsiyyətin
ölkəmizdə dinə dövlət
qayğısının göstərilməsi, məscid və
ibadət yerlərinin bərpa edilməsi sahəsində xidmətlərinin
Azərbaycanda dövlət-din münasibətlərinin
inkişafı baxımından önəmini vurğulayıb.
Ulu öndərin Azərbaycan ilə İslam ölkələri
arasındakı münasibətlərin inkişafındakı
xidmətlərindən danışan QMİ sədri
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə digər
dinlərin nümayəndələrinə də yüksək
diqqət və qayğı göstərdiyini, məhz Onun dəvəti
ilə dünyanın dini liderlərinin respublikamıza səfərlər
etdiklərini vurğulayıb.
Ulu
öndərin iftar mərasimlərində, müxtəlif dini
bayramlarda və tədbirlərdə daim fəal iştirak
etdiyini deyən Allahşükür Paşazadə bildirib ki,
Azərbaycanda dini və milli monolitliyin möhkəmləndirilməsi
baxımından mühüm önəm daşıyan bu ənənə
bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Ölkəmizdə
multikulturalizmin inkişafında Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın da xidmətlərini yüksək qiymətləndirən
şeyxülislam Fondun istər respublikamızda, istərsə
də xarici ölkələrdə müqəddəs dini məkanların
bərpasına mühüm töhfə verdiyini söyləyib.
Konfransda
çıxış edən Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev
bildirib ki, Azərbaycanda normal multikultural əhvalın
olması, müxtəlif konfessiyaların, etnik birliklərin
dostluq və mehribanlıq şəraitində yaşaması
tarixin qədim dövrlərindən qidalanır. Onun sözlərinə görə, bir sıra Qərb
ölkələrində multikulturalizmin iflasa
uğramasının bəyan edildiyi dövrdə Azərbaycan
Respublikasında multikulturalizm dövlət siyasəti kimi
ortaya çıxır.
“Azərbaycanın müstəqilliyini bərpa etməsinin
ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın
gələcək uğurlu inkişafı üçün dəqiq
ideoloji hədəf seçdi. Öz siyasəti ilə
əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə
keçirdi. Bu müstəvi siyasət
müstəvisi idi.
Ulu
öndər Heydər Əliyev “Azərbaycan onun ərazisində
yaşayan bütün millət və xalqların ümumi vətənidir”;
“Azərbaycanın ən başlıca sərvətlərindən
biri, bəlkə də, ən başlıcası qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu
torpağa bağlayan müxtəlif dinlərə etiqad edən
adamlardır” kimi bəyanat xarakterli sözləri ilə, əslində,
multikulturalizmin siyasi bazasının konturlarını
cızırdı. Ümummilli lider Heydər
Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin
demokratik inkişafının tərkib hissəsi hesab edirdi.
O, Azərbaycan ərazisində yaşayan milli azlıqların
hüquq və azadlıqlarının, o cümlədən
etnik-mədəni dəyərlərinin qorunmasını
demokratiyanın mühüm prinsipi olan insanların hüquq və
azadlıqlarının qorunmasından irəli gəldiyini
göstərirdi”, - deyə K.Abdullayev vurğulayıb.
Dövlət müşaviri qeyd edib ki, Qərb ölkələrinin
bədbin bir şəkildə multikulturalizm siyasətindən
üz çevirdiyi bir dövrdə Azərbaycanda əsası
Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə
Prezident İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
multikulturalizm xalqımızın həyat tərzinə
çevrilmişdir. Onun sözlərinə görə,
multikulturalizmin vətəndaş cəmiyyətində həyat
tərzinə çevrilməsi onun inkişafının ən
yüksək mərhələsidir: “Bu mərhələdə
bəşəri dəyərlərin, mərhəmət,
şəfqət, acıma, dözümlülük, dəyər
vermə kimi hisslərin cəmiyyətdə yayılması
xüsusi miqyas kəsb edir. Multikulturalizm
ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycan multikulturalizminin inkişaf perspektivləri
ölkəmizin multikultural təhlükəsizliyinin sistemli
şəkildə inkişaf etdirilməsi, ilkin müxtəlifliyin
dövlət tərəfindən qorunması, müxtəlifliklərin
həmahəngliyinə nail olmaq istiqamətində
yığılan təcrübəni eyniliklərin münasibətinə
daxil edilməsi və əldə edilən nəticələrin
sosial-siyasi sabitliyə müsbət təsir etməsi ilə
bağlıdır”.
Dövlət müşaviri bildirib ki, Azərbaycan
multikulturalizminin prioritet istiqaməti təhsil üzərində
qurulub və bu sahədə bir sıra nailiyyətlər əldə
olunub.
Hazırda dünyanın 13 universitetində, ölkəmizdə
28 ali məktəbdə “Azərbaycan
multikulturalizmi” fənni tədris edilir. Xarici
ölkələrdə tədris olunan bu fənn ilk növbədə
əcnəbi tələbələrin Azərbaycana marağını
ölkəmizə məhəbbətə çevirmək məqsədini
güdməklə yanaşı, Azərbaycan lobbisinin daha da
güclənməsinə də xidmət edir.
Sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxış ediblər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladaraq bildirib ki, dahi şəxsiyyətin əziz xatirəsi həyatında hətta bir dəfə də olsa Onunla görüşmüş insanların qəlbində əbədi olaraq yaşayır. O, Ümummilli lider Heydər Əliyevin zəngin tarixi irsinin dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, multikulturalizm müasir termin olsa da, bu, Azərbaycanda minilliklər ərzində mövcud olmuş gündəlik həyat tərzidir: “Multikulturalizm” sözünün izahını məhz azərbaycanlıların yaşam tərzi əsasında daha aydın izah etmək mümkündür. Bu məsələdə Azərbaycanın çoxmillətli olması ilə daim fəxr edən Ulu öndər Heydər Əliyevin rolu böyükdür”.
A.İşein Ümummilli lider Heydər Əliyevin Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyətinə yüksək diqqətindən danışıb və dahi şəxsiyyətin kilsənin mərasimlərində iştirakını məmnunluqla xatırladıb. O diqqətə çatdırıb ki, Azərbaycana səfər edən əcnəbilər ölkəmizdə mövcud multikultural mühitə heyran olurlar.
Bakıdakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanda tarixən yəhudi icmasına göstərilən yüksək hörmət və diqqətdən danışıb. O bildirib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir-birinin yanında olub və bu, bu gün də davam edir. “Azərbaycanda “Multikulturalizm ili”nin elan edilməsi bütün dünyaya çağırışdır”, - deyən M.Yevdayev yəhudi dini icmasına göstərilən diqqət və qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O qeyd edib ki, dövlətimizin başçısı Qubaya hər səfərində yəhudi icmasının nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır.
Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Fekete çıxışında ölkəmizdə yaşayan bütün katoliklər adından Ulu öndər Heydər Əliyevin multikulturalizm siyasətini uğurla davam etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanın inkişafı və mövcud tolerantlıq mühiti ölkəmizə gələn xaricilər tərəfindən də yüksək qiymətləndirilir. V.Fekete Ümummilli lider Heydər Əliyevlə görüşlərini daim xoş hisslərlə xatırladığını vurğulayıb.
Qeyd edək ki, “Heydər Əliyev irsi və multikultural dəyərlər” kitabında eyni mövzuda keçirilən konfrans iştirakçılarının məruzələri yer alıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 11 may.- S.5