Ölkənin şimal
bölgəsinin enerji təminatı daha da
yaxşılaşdırılır
Görülən işlər
istehlakçıların davamlı, etibarlı və təhlükəsiz
elektrik enerjisi ilə
təminatında böyük dönüş yaradıb
Azərbaycanın hazırkı mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizdə dövlət siyasətinin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən insan amili, bütün respublika boyu ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi əsas götürülür. Bu strateji kursa uyğun olaraq son 13 ildə respublikanın getdikcə artan iqtisadi potensialına əsaslanaraq paytaxt Bakıda və bölgələrdə geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı, məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal ehtiyaclarının dolğun şəkildə ödənilməsi ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Hazırda bölgələrin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Bu da qlobal iqtisadi çətinliklər fonunda ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasında, daxili istehsalın genişləndirilməsində mühüm rol oynayan faktor qismində çıxış etməklə yanaşı, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin sürətli iqtisadi inkişafı fonunda infrastruktur layihələrinin icra olunmasından məmnunluğunu ifadə edərək deyib: “Demək istəyirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik”.
Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. 2015-ci il ərzində ölkənin enerji gücləri tərəfindən 22,5 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib. Respublikamızda elektrik enerjisinin ən iri istehsalçısı olan “Azərbaycan İES” MMC-nin kollektivi 2015-ci ilin bütün texniki-istehsalat proqnozlarını yerinə yetirib. Müəssisədə il ərzində enerji bloklarından 7 milyard 402,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Son 13 ildə ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində artıq Bakı şəhərində abonentləri ən çətin hava şəraitində belə yüksəkkeyfiyyətli enerji ilə təmin etmək mümkün olur. Prezident İlham Əliyev isə qarşıya bölgələrin də enerji təminatını Bakının səviyyəsinə çatdırmaqla bağlı vəzifə qoyub.
Onu da qeyd edək ki, bölgələrin elektrik enerjisi sisteminin yenidən qurulması istiqamətində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir sıra işlər reallaşdırılıb və hazırda da davam etməkdədir. Bu yöndə ASC şimal regionunda da irimiqyaslı işlər həyata keçirib. Əvvəlcə qeyd edək ki, “Azərişıq” ASC fəaliyyətə başladığı ilk aylar ərzində paytaxt Bakı və bütün regionlar üzrə əhəmiyyətli dəyişikliklərə nail olub. Hazırda isə görülən işlərin miyqası daha da genişlənib. Bu sırada Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq, öz fəaliyyəti dövründə yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların əksəriyyəti test edilib, 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb. Sumqayıt Elektrik Şəbəkəsinin əhatə zonasına daxil olan Corat, Saray qəsəbələrinin, Yaşma bağları, Stansiya Sumqayıt və Xəzər bağları yaşayış massivlərinin, Sumqayıt şəhəri 50-ci məhəllə, 11 və 12-ci mikrorayonlarının elektrik təchizatında uzun illər ərzində problemlər yaşandığını, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmin ərazilərdə müxtəlif gücə malik ümumilikdə 23 ədəd yeni güc mərkəzləri yaradılıb. Bu müddət ərzində ərazilərdə 2648 ədəd 0,4 kV-luq dayaq basdırılıb, 42 km SİP kabel xətti, 5,1 km 10 kV-luq xətt çəkilib, yeni qeydiyyata alınmış abonentlərə 579 ədəd sayğac quraşdırılıb. Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində 10 kV-luq 143 və 66 saylı KTM-lər arası, 10 kV-luq Saray -8, TM 120 və KTM-67, 6 kV-luq 46 və 47 TM-lər arası hava xətlərində yenidənqurma işləri görülüb. Stansiya Sumqayıt ərazisində əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin daxili imkanları hesabına gərginliyi 35/10 kV-luq, gücü 2,5 MVA olan 138A saylı yarımstansiya tikilib istismara verilib. Eləcə də, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında bu istiqamətdə əhəmiyyətli işlər görülüb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin bu günlərdə verdiyi məlumata görə, “Şimal” RETSİ yenidənqurma işlərini davam etdirir. Belə ki, “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsi “Azərişıq” ASC tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, yarımstansiyaların, KTM-lərin, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərinin, onların mühafizə-avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi dönüş yaradıb. Qeyd edək ki, şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyətinin kommutasiya dövrələri sazlanaraq mühafizələri yüksək həddə çatdırılıb.
Hal-hazırda da Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan Sumqayıt, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma işləri aparılır. Elektrik şəbəkələrində 8 ədəd 35/10-6 kV-luq yarımstansiya inşa edilib. 58,15 km 2 və 1 dövrəli hava xətti çəkilib, 81 ədəd transformator təmir olunub, 165 ədəd 10/6-0,4 kV-luq KTM quraşdırılıb, 17 926 ədəd dəmir-beton dayaq basdırılıb. 646, 435 km uzunluğunda müxtəlif tipli elektrik xətləri çəkilib. Regionda 9055 ədəd yeni tipli sayğac da quraşdırılaraq istifadəyə verilib. 8641 ədəd dəmir-beton dayaq rənglənərək normal hala gətirilib. Görülən işlər istehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatında böyük dönüş yaradıb.
Bundan başqa, yerlərdə tikilmiş yeni inzibati binalar da xüsusi əhəmiyyət daşıyır. Yeni ofislərdə abonentlərə xidmət ən yüksək səviyyədə qurulub. “Şimal” RETSİ üzrə Siyəzən və Xızı rayonlarında yeni ofis binaları artıq tikilərək istifadəyə verilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan binalar energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Burada elektrik şəbəkəsinin əməkdaşlarının asudə vaxtlarını rahat keçirmələri üçün hər çür iş şəraiti yaradılıb. İnzibati binaların ətrafında abadlıq işləri aparılıb və yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
2016-cı ildə Şimal RETSİ üzrə görüləcək işlər sırasında Siyəzən şəhərində 35/10 kV-luq 2x10 MVA gücündə yeni “Siyəzən “ YS-nın tikilməsi, 110 kV-luq “Siyəzən” YS-dan 3,5 km uzunluğunda 2 dövrəli 35 kV hava xəttinin çəkilməsi nəzərdə tutulub. Abşeron rayon, Saray qəsəbəsi YPX-nin yanında 35x10 kV-luq 2x10 MVA gücündə “Saray” YS-nın, Şabran rayonu, Əmirxanlı kəndində 35/10 kV-luq 1x2,5 MVA gücündə “Əmirxanlı” YS-nın, Quba rayonu Afurca kəndində 35x10 kV-luq 1,8 MVA gücündə “Afurca” YS-nın tikintisi planlaşdırılıb. 35 kV-luq Siyəzən-Altıağac EVX-də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Qarşıdakı aylarda “Şimal “ RETSİ üzrə 144 ədəd 10/6-0,4 kV-luq KTM-lər quraşdırılacaq, 29 ədəd 6-10 kV-luq EVX-lərdə də yenidənqurma işləri aparılacaq.
Hal-hazırda “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin yenidən qurulması və yeni şəbəkələrin qurulması istiqamətində işlər davam etdirilir.
Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə praktiki işlər aparılır. Məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatlılığını və nümunəvi xidməti yaratmaqdır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2016.- 12 may.- S.8