Müstəqil Azərbaycan Ulu öndərin şah əsəridir
Bugünkü reallıqlara və baş verənlərə əsasən demək olar ki, dünyamız tamamilə dəyişib. Fərqli düşüncələr, fərqli yanaşmalar bəzən xalqların və bunların fonunda dövlətlərin parçalanmasına, lokal münaqişələrin, müharibələrin baş verməsinə gətirib çıxarır. Belə bir ziddiyyətli, qarışıq məqamda dünyada liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətlərə tələbkarlıq artır, xalqları irəli apara və dövlətləri inkişaf etdirə biləcək liderlərə ehtiyac duyulur. Bu baxımdan, Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, nəsibinə Heydər Əliyev kimi fenomen, dahi şəxsiyyət çıxıb. Müstəqil Azərbaycanı qorumaq və tərəqqi yoluna çıxarmaq missiyasını da məharətlə yerinə yetirən Ümummilli liderimizin çoxminillik tariximizdə yeri ən uca mərtəbədədir. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki O, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual, kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Birmənalı şəkildə demək olar ki, Ulu öndər Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola bilməz. Həm də onu qeyd etmək olar ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bu yerdə Ulu öndərin dediyi tarixi fikri yada düşür: “Mənim həyatım xalqıma məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Müstəqillik təhlükə qarşısında olanda
1988-1990-cı illərdə dövlət müstəqilliyinin bərpası ərəfəsində Azərbaycanda xalqın oyanışında Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq əhəmiyyətli addımlar atdı. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıya hərbi müdaxilə edərək, yüzdən artıq vətəndaşımızı qətlə yetirməsinə və çoxsaylı insanı yaralamasına ilk etiraz səsini qaldıran, imperiya rəhbərliyini kəskin tənqid edən Ulu öndər Heydər Əliyev oldu. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və oradan xalqa müraciət etməsi, bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq və istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı. Ancaq 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çoxlu problemlər və dərin kataklizmlərlə üzləşdi. Səriştəsiz və səbatsız AXC-”Müsavat” cütlüyünün siyasi həngamələri xalqın sabaha olan inamını sarsıtmışdı, hakimiyyətin bütün strukturlarında əyləşmiş siyasətçilərin səriştəsizliyi ucbatından cəmiyyəti hərc-mərclik bürümüşdü. Qanunsuz hərbi birləşmələr istədiklərini edirdilər. Respublikada yaranmış xaos Ermənistanın ərazilərimizi işğal etməsinə imkan yaradırdı. Çətin və mürəkkəb vəziyyətlə üzləşmiş Azərbaycan xalqı yenə də ən məsuliyyətli məqamda öz xilaskar oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Bütün varlığı ilə xalqa və doğma Azərbaycana bağlı olan Heydər Əliyev xalqın arzu və istəyini, ölkənin mürəkkəb durumunu nəzərə alıb yenidən hakimiyyətə qayıtmağa razılıq verdi. O, bütün gücünü, səy və bacarığını səfərbər edərək xalqın üzləşdiyi təhlükəli problemləri aradan qaldırmağa müvəffəq oldu. Ulu öndər, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail olundu. Atəşkəsin əldə edilməsindən sonra Ümummilli lider Heydər Əliyev ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. Aparılan düzgün, məqsədyönlü siyasətin ana xəttini isə qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi. Ümummilli lider Azərbaycanda hamının eyni dərəcədə inandığı və qəbul etdiyi bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün, ilk növbədə, ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. Məhz Ulu öndərin gərgin əməyi və zəhməti hesabına 1969-1982-ci illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın İttifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün düşünülməmiş səhv siyasəti səbəbindən yeraltı-yerüstü sərvətlərin ayrı-ayrı işbazlar tərəfindən talan edilməsi nəticəsində iqtisadi tənəzzül yaranmışdısa, Ulu öndər Heydər Əliyevin apardığı qətiyyətli və düzgün sosial-iqtisadi siyasət nəticəsində xalqın sərvətini xalqa qaytarmaq mümkün oldu.
Dünənin, bu günün və gələcəyin partiyası - Yeni Azərbaycan Partiyası
Birmənalı şəkildə demək olar ki, Ulu öndər Heydər Əliyevin qısa müddətdə əldə etdiyi iqtisadi-siyasi uğurlarda artıq ümumxalq partiyası adını qazanmış Yeni Azərbaycan Partiyasına (YAP) arxalanması xüsusi rol oynamışdır. O ağır və çətin dövrdə Yeni Azərbaycan Partiyasını yaratmaq heç də asan olmamışdır. Anarxiya və xaosun, vətəndaş itaətsizliyinin hökm sürdüyü dövrdə respublikamızda 30-dan artıq siyasi partiya rəsmi qeydiyyatdan keçsə də, onlar Azərbaycan dövlətçiliyini qoruyub möhkəmləndirəcək amalda və iqtidarda deyildilər. Nə Vəzirov-Mütəllibov hakimiyyəti, nə də AXC-”Müsavat” cütlüyü Azərbaycanı düşdüyü ağır siyasi və iqtisadi durumdan xilas etmək gücündə deyildi. Belə bir ağır tarixi dövrdə xalqın yekdil arzusunu ifadə edən tanınmış ziyalılardan 91 nəfəri 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə Ulu öndər Heydər Əliyevə Azərbaycanı fəlakətlərdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahişi ilə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciət etdi.
1992-ci il oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda” proqram xarakterli çağırışı ilə xalqın səbirsizliklə, böyük inamla gözlədiyi cavabı verən Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Beləliklə, 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının 550 nəfərin iştirakı ilə təsis konfransı keçirildi, partiyanın yaradılması haqqında qərar qəbul olundu. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Amma partiya quruculuğuna yenə də əngəl olmağa cəhdlər göstərildi. Təbii ki, bu prosesdə AXC-”Müsavat” cütlüyünün demokratik prinsiplərdən, vətəndaş azadlığı dəyərlərindən uzaq olan ünsürləri mane ola bilmədilər.
Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir
Təsis konfransından keçən qısa müddətdə Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət, həmçinin ideoloji-təşkilati baxımdan Azərbaycan cəmiyyətinin ən nüfuzlu və inanılmış siyasi təşkilatına çevrildi. Partiya quruculuğu, ictimai-siyasi sabitliyin yaradılması ölkədə genişmiqyaslı quruculuq-abadlıq işlərinin və iqtisadi islahatların aparılması ilə müşayiət olundu. Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 7 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti arasında neft sazişi imzalandı. Bu saziş gənc Azərbaycan dövlətinin tarixində yeni bir səhifə açdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin Müqaviləsi” Azərbaycanın qapılarını xarici sərmayədarların üzünə açmaqla yanaşı, uzun illər sovet imperiyasının hərbi gücünün artırılmasına xidmət edən əvəzsiz təbii sərvətimiz olan nefti xalqımıza qaytardı. “Əsrin Müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edən Ulu öndər Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq”.
Ulu öndər demişdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də, ondan da çox yaşayacaqdır. Azərbaycan xalqının sosial-iqtisadi rifah halının yaxşılaşmasına xidmət edən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi imzalanıb, inşası həyata keçirildikdən sonra Ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Söz yox ki, bu layihələrin reallaşması Ulu öndər Heydər Əliyevin uğuru, Onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi. Statistik məlumatlara əsaslanaraq demək olar ki, ümumilikdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin həyata keçirilməsi nəticəsində 1995-2003-cü illərdə ölkəmizdə ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artmışdır. Bu dövrdə Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur.
Yeni dövrün yeni LİDERİ
2003-cü ildən sonra Azərbaycanda yeni dövrün əsası qoyuldu, desək, səhv etmərik. Çünki cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın davamlılığını təmin etdi. Ümummilli lider Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində “Mən Ona Özüm qədər inanıram”, - deməklə Özünün layiqli siyasi davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən Prezident İlham Əliyev Ulu öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini uğurla davam etdirir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uzunmüddətli inkişaf strategiyasının son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi öz bəhrələrini verir. Prezident İlham Əliyev bildirib ki, biz Ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək, çox böyük uğurlara imza atmışıq: “Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəlməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və genişləndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən 10 ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur”.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu həyata keçirən Prezident İlham Əliyev həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Cənab İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya Sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn cənab İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz Onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. Cənab İlham Əliyev həm də AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Onun qətiyyəti, dərin məzmunlu çıxışları ilə Azərbaycan həqiqətləri, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağda Ermənistanın işğal edilən yaşayış məskənlərində əhaliyə qarşı törədilən soyqırım aktları barədə faktlar və sübutlar avropalı parlamentarilərin diqqətinə çatdırılmışdır. Məhz bu cür müdrik, aktiv siyasi-diplomatik fəaliyyətin nəticəsi olaraq 2011-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilmişdir. Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı kimi Təhlükəsizlik Şurasının iclasına Sədrlik etmişdir.
Söz yox ki, illər on illəri əvəz etsə də, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət dəyişməyəcək. Çünki bu siyasət sosial-iqtisadi rifah, sülh və əmin-amanlıq, siyasi sabitlik, bir sözlə, gözəl və firavan həyat deməkdir. Azərbaycan dövləti və xalqı daim Ümummilli lider Heydər Əliyev yolu və ideyaları ilə uğurlara imza atacaq və böyük zirvələri fəth edəcəkdir.
Misirxan VƏLİYEV
Yeni Azərbaycan.-
2016.- 12 aprel.- S.5