Suraxanıda pulsuz
tibbi müayinə aksiyası uğurla yekunlaşır
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşır.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Suraxanıda 214 min 400 nəfər sakinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinəsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada keçirilir. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. Mayın 12-dək rayonda 166 min 707 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Müayinədən keçən 5 min 116 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 235 nəfəri stasionar müalicəyə cəlb edilib, 256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirib ki, əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda, onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayinə edirlər. İndiyədək xəstəxanada 25 min 173 nəfər tibbi müayinədən keçib. Müayinə olunanlardan 1527 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Onların 66 nəfəri stasionar müalicəyə götürülüb, 117 nəfər isə hospitalizasiya olunub.
Baş həkim deyib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Qaraçuxur qəsəbəsi sakini Əlağa Hüseynov xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətəndaşların qayğısına qaldığına görə dövlət başçısına minnətdarlıq edib.
Digər qəsəbə sakini
Türkan Fətullayeva deyib:
“Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla
qarşıladılar. Belə şəraiti bizə
yaratdığına görə Prezidentimizə minnətdarlığımızı
bildiririk”.
Yeni Azərbaycan.- 2016.- 13 may.- S.5