HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ AZƏRBAYCANÇILIQ: MULTİKULTURALİZM MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZDƏNDİR

 

Ölkəmizin sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişdiyi nöqtədə yerləşməsi onun mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində bir ailə kimi yaşamışlar. “Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk” - söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olmuşdur. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, eyni zamanda, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bu dəyərlərin təşviqi istiqamətində dövlətimizin atdığı daha mühüm addım oldu. İnsanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı süni yaradılan fobiyalara qarşı mübarizədə istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dünyada daha da dərinləşən iqtisadi, hərbi böhranın, münaqişələrin yaratdığı çətinlikləri vaxtilə Azərbaycanın da yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, yaranan çıxılmaz vəziyyətdən ayrı-ayrı dövlətlər kimi dinc sakinlər də əziyyət çəkirlər: “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı”.

Bununla belə, ölkəmiz öz daxili resurslarına əsaslanaraq qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdıra bildi. Bu prosesdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların ölkəmizdə sabitliyin qorunması, iqtisadi inkişafın yüksəlməsi naminə bir araya gələrək eyni məqsəd naminə çalışması da mühüm rol oynadı.

Bir əsas məqamı da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqa “Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur” çağırışı da dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal ətrafında sıx birliyini təmin etmiş, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakları ilə Azərbaycan həqiqətlərinin təbliğinə öz böyük töhfələrini vermələrinə stimul olmuşdur. Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsinə böyük önəm verən Ümummilli lider Heydər Əliyev bu sahədə mühüm qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirilməsinə xüsusi diqqətlə yanaşmışdır. Ümummilli lider Heydər Əliyev 9 noyabr 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayındakı çıxışında vurğulamışdır ki, azərbaycançılıq xalqımızın çox böyük əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Milli dövlət ideologiyası kimi azərbaycançılıq bu gün hər vətəndaşın qarşısında dəqiq ifadəsini tapmış ideya kimi dayanır.

Bakıda gerçəkləşən dünya azərbaycanlılarının bütün qurultaylarında, türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edən tədbirlərdə, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında azərbaycanlıların vahid ideya ətrafında formalaşması, təşkilatlanması aktuallığını qoruyur. Dünya azərbaycanlılarının III qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, bizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin ifadəsidir. Azərbaycan xalqının, dövlətinin xilaskarı Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizə bəxş etdiyi və müstəsna əhəmiyyət daşıyan bu ideologiya ən mütərəqqi və müasir tələblər səviyyəsində bu gün də inkişaf etdirilir. Təkcə Türk dünyasına deyil, beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları artan Azərbaycan diasporunun güclənməsi, dost xalqlarla birgə fəaliyyəti dünyada mövqelərimizin möhkəmlənməsinə xidmət edir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, həyata keçirilən tədbirlər nəticəsində təşkilatlanma işinin sürətləndirilməsinin nəticəsidir ki, diaspor təşkilatlarımızın sayı artır. “Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir” - deyən cənab İlham Əliyev soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycan xalqının milli bayramları, əlamətdar günlər, 20 Yanvar və Xocalı faciələri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində çoxsaylı insanların iştirakı ilə keçirilən aksiyalar göstərir ki, təşkilatlar arasında koordinasiya işlərini yerinə yetirən diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə siyasi qüvvə kimi tanınırlar. Azərbaycan dövlətinin xarici ölkələrdə bir parçası, simvolu olan səfirlik, konsulluqlarımızla, diplomatik nümayəndəliklərlə birgə çalışan diaspor təşkilatları ölkəmizin xarici siyasətinin dünyada dəstəklənməsində, təbliğində yaxından iştirak edirlər. Bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin diaspor təşkilatları gücləri birləşdirməklə, siyasi, iqtisadi məsələlərin müzakirəsində vahid mövqedən çıxış edirlər.

Diasporumuzun güclənməsi o deməkdir ki, biz səsi dünyanın bütün qitələrindən eşidilən böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir. İndi qürurla deyə bilərik ki, bizim xaricdə yaşayan, çoxsaylı üzvləri ilə milli maraqlarımızın, adət-ənələrimizin, tariximizin, həqiqətlərimizin, inkişaf konsepsiyamızın təbliğində fəallıq göstərən böyük ailəmiz vardır. Çoxminli soydaşımızı birləşdirən bu ailənin bir vətəni var - Azərbaycan! 50 milyondan artıq soydaşımızı birləşdirən Azərbaycan dilinə maraq artır. Ulu öndər Heydər Əliyevin formalaşdırıb, təkmilləşdirdiyi ümumxalq ideologiyamız və təfəkkürümüz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Türk dünyasının həmrəyliyində əvəzsiz rolu etiraf edilən, türkdilli xalqların birliyinin də təminatçısı olan Azərbaycan belə əhəmiyyətli missiyada daşıdığı rola sadiqliyini dövlət siyasətinin əsas prioritetləri kimi qoruyur və qoruyacaq. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm məkana çevrilməsi ölkəmizə inamın güclənməsi, dünya miqyasında artan nüfuzunun ifadəsidir. Ölkəmizə olan bu inam bir daha təsdiqləyir ki, Avropa ilə Asiyanın qovşağında yerləşən, strateji əhəmiyyəti ilə seçilən ölkəmizdə əsasən iki güclü qüvvə qoşa qanad kimi inkişaf edir: Şərq təməli və Qərb təsiri. Son illərdə Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsi sivilizasiyaları birləşdirən dəyərlərə sadiqlikdən bəhrələnir. Bütün dünyanı düşündürən problemlərin müzakirəsi üçün Azərbaycanın etibarlı ünvan kimi seçilməsi ölkəmizdə mövcud olan sabitliyə verilən dəyər, davamlı inkişafımıza nikbin baxışlardır. Dünya güclərini birləşdirən “Böyük 20”lərin Türkiyədəki sammitində Prezident İlham Əliyevin iştirakının özü “bir millət, iki dövlət” məfhumunun həyatda təsdiqidir.

Təbii ki, bütün bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyev ideyalarının davam etdirilməsini aparılan məqsədyönlü siyasətin uğuru kimi diqqətə çatdırır, ölkəmizin keçdiyi inkişaf yolunda hər bir soydaşımızın payı olduğunu vurğulayır: “Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğinə, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsinə öz töhfələrini verirlər”.

Dünyada hərbi-siyasi münaqişələrin artdığı bir zamanda Azərbaycanın sabitlik diyarı kimi tanınması, dünya birliyində müsbət təəssürat yaradan ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlərin təbliğ olunması milli həmrəylik və birliyimiz nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdirlər və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur. Ümummilli lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.

Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Konstitusiyanın “Vicdan azadlığı” adlı 48-ci maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. İslam Əməkdaşlıq Təşkilatının üzvü, çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda kilsə, sinaqoq və digər dini məbədlər mövcuddur.

Ölkəmizin ev sahibliyi etdiyi dinlərarası, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Prezident İlham Əliyevin də söylədiyi kimi, milli dəyərlərimizə sadiq olmalıyıq və qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır.

Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə, dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstənsna xidmətlər göstərmiş, böyük siyasi irsin və dövlətçilik təcrübəsinin təməlini qoymuşdur. Son on iki ildə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar”.

“Multikulturalizmin alternativi yoxdur” - söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının və medianın bu məsələdə məsuliyyəti artmaqdadır: “Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm mərkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.

Azərbaycan dərin multikulturalizm köklərinə malik ölkə kimi qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsində də məqsəd Azərbaycanın multikultural cəmiyyətlərin inkişafına töhfələrini daha da artırmaqdır. Bir əsas məqamı da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun cari ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. “Multikulturalizm ili” çərçivəsində görülən və görüləcək tədbirlər ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və geniş təbliğ olunmasına stimul olacaq. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.

Düşünülmüş daxili və xarici siyasəti nəticəsində beynəlxalq əlaqələri möhkəmlənən, dünya siyasətinə təsir imkanları artan Azərbaycan öz prinsipial mövqeyinə sadiq qalaraq etibarlı tərəfdaş kimi tanınır, dəstəklənir. Azərbaycanın Qərb ilə Şərq arasında sivilizasiyalararası dialoq məkanına çevrilməsi də ölkədə davamlı olaraq qorunan siyasi sabitliyin, demokratik inkişafın nəticəsidir. Belə ki, Azərbaycanda son on iki il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya dövlətlərində təcrübə kimi yayılır, öyrənilir, nümunə göstərilir. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanıdır. “Bu bizim həyat tərzimizdir, eyni zamanda, siyasətimizdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” - söyləyən Prezident İlham Əliyev vurğulayır ki, respublikamız dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdəndir.

Ölkəmizin mühüm beynəlxalq tədbirlərin ev sahibinə çevrilməsinin daha bir nümunəsi olan Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğur olmaqla Azərbaycanın dünyada tanıdılması baxımından da əhəmiyyətli idi. Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi üçün Azərbaycanın seçilməsi bir daha göstərir ki, ölkəmiz nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni mərkəzdir. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana forumlarının Bakıda keçirilməsi də çox əlamətdar hadisələrdəndir. Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın humanitar sahədə, yəni dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Belə mühüm tədbirlər üçün Azərbaycanın seçilməsi onu deməyə əsas verir ki, bu artıq ənənəvi xarakter daşıyacaq. Artıq ənənə kimi davam etdirilən Bakı Beynəlxalq Humanitar forumları dünyanın müxtəlif yerlərindən yüzlərlə siyasi, elm və mədəniyyət xadimini aktual qlobal məsələlərlə bağlı fikir və təcrübə mübadiləsi aparmaq məqsədilə paytaxtımızda bir araya toplayır. “Bu, reallıqdır və bu reallığı biz yaratmışıq öz siyasətimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq” - söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, belə tədbirlər Azərbaycan diplomatiyasının uğurları kimi tarixə, yaddaşlara yazılır.

Azərbaycan mədəniyyətinin, milli-mənəvi sərvətlərinin qorunub saxlanılmasında böyük xidmətləri olan, Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış, ali dəyərlərə söykənən və ictimai rəğbət qazanmış Heydər Əliyev Fondunun proqram və layihələri də diqqəti cəlb edir. Mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə yönəldilən layihələrə üstünlük verən Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər əlamətdar hadisələr kimi yaddaşlarda iz salır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzularına həsr olunmuş beynəlxalq tədbirlərdə qlobal problemlərlə “yüklənən” dünyamızda ictimaiyyəti düşündürən həlli vacib məsələlərin müzakirəsi rəğbətlə qarşılanır. Humanizm prinsipi əsasında reallaşan təşəbbüs və layihələri ilə yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanınan, ən mötəbər təltiflərə layiq görülən Mehriban xanım Əliyeva Azərbaycanı dünya birliyində yüksək səviyyədə təmsil edir, tanıdır, mədəniyyətimizi təbliğ edir.

24 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarına beynəlxalq baxışın yüksək səviyyədə olduğu ölkəmizə gələn qonaqların etiraflarında da öz əksini tapır. Azərbaycanı çox zəngin mədəni irsə, tarixə, milli-mənəvi dəyərlərə malik ölkə adlandıran qonaqlar qısa müddətdə həqiqi mənada dinamik inkişafın yaratdığı möcüzələrin şahidi olduqlarını etiraf edərək vurğulayırlar ki, Azərbaycan xalqının yüksək mədəniyyətə, intellektə malik olması insanların səmimi münasibətlərindən də hiss olunur.

Bir sözlə, Şərqlə Qərb arasında körpü olan Azərbaycan xalqların birlik və əməkdaşlıq əlaqələri üçün əlverişli sülh və sabitlik məkanıdır. Azərbaycanın sivilizasiyalararası dialoqların təşkilindəki təşəbbüsləri dəstəklənir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Ölkəmizdə cəmiyyətin maraqları ilə dövlət siyasəti yanaşı dayanır. Yəni bəşəriyyətin gələcəyi üçün vacib amil olan birgəyaşayış qaydalarının təbliği sahəsində Azərbaycan təcrübəsi daim öyrənilməlidir. Müsəlman ailəsinin bir parçası kimi xalqımızın istəyi budur ki, dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclənsin. Bu istəyə əsas verən amil multikulturalizmin ölkəmizdə artıq alternativi olmayan həyat tərzinə çevrilməsidir.

Hüseyn Paşayev

Yeni Azərbaycan.- 2016.- 13 may.- S.5