Yol-nəqliyyat infrastrukturunun yenilənməsi Azərbaycanın
bölgələrinin inkişafının mühüm
komponentlərindən birinə çevrilib
Bu istiqamətdə layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində görülən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Beləliklə, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Eyni zamanda, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Beləliklə, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Belə ki, yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. O cümlədən 2015-ci ildə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
Bunlarla yanaşı, Ağstafa rayonunda isə 4 avtomobil körpüsünün tikintisinə başlanılıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən aparılan tikinti işləri nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində reallaşdırılır. Körpülər Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşa edilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcək.
Yeri gəlmişkən, ötən il avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon manatı Sabirabad rayon İcra Hakimiyyətinə ayrılıb. Sərəncamla Maliyyə Nazirliyinə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb. Qeyd edək ki, ötən ilin dekabrında Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində bu yolun müəyyən hissəsinin açılışında iştirak edib.
Bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev cari il yanvarın 8-də “İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan İmişli rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb. Digər tərəfdən, Hacıqabul-Horadiz avtomobil yolundan İmişli şəhəri istiqamətində isə 7 kilometr uzunluğunda yolun tikintisi davam edir. Bəndbərkitmə işləri başa çatıb, yol yatağı genişləndirilib. Hazırda asfalt örtüyünün döşənməsi işləri görülür. Tikintinin sürətlə aparılması üçün əraziyə kifayət qədər müxtəlif təyinatlı texnika və lazımi qədər işçi qüvvəsi cəlb edilib. Yolun inşasının yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub. Yol istifadəyə verildikdən sonra rayonun bir neçə yaşayış məntəqəsi və İmişli şəhərindən Hacıqabul-Horadiz avtomobil yoluna daha rahat çıxmaq mümkün olacaq.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il aprelin 29-da Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Açılış mərasimində də qeyd olunduğu kimi, son illərdə ölkədə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafını göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsidir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, ölkəmizin regionlarını birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yolboyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun yenidən qurulması layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 suötürücü borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqlarının, elektrik dirəklərinin quraşdırma işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, yol nişanları qoyulub, piyada səkiləri tikilib, drenaj işləri görülüb. Onu da qeyd edək ki, bu yolun əsaslı şəkildə yenidən qurulmasına Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martında başlanılmışdı.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində paytaxt Bakıda da intensiv işlər həyata keçirilir. Hər halda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində reallaşdırılan layihələr də bunu təsdiqləyir. Bu kontekstdə vurğulamaq yerinə düşər ki, 2016-cı ilin arxada qalan ayları ərzində Bakının müxtəlif rayonlarında müvafiq işlər görülüb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, paytaxtın Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, Milli Gimnastika Arenasının, habelə əhalinin istifadəsində olan kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlərin yerləşdiyi və nəqliyyatın intensiv hərəkət etdiyi Mikayıl Əliyev küçəsi uzun illərdir ki, təmir olunmamışdı. Küçədə yağış-kanalizasiya sularının axıdılması sisteminin olmaması küçədə müəyyən problemlər yaradırdı. Həm küçənin asfalt-beton örtüyü tez sıradan çıxır, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Mikayıl Əliyev küçəsinin də yenidən qurulmasına başlandı. Bildirildi ki, görülən işlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən küçədə yağış-kanalizasiya sularının axıdılması üçün 2 kilometrdən artıq yeni sistem qurulub. Küçə boyunca yağış suları üçün barmaqlıqlar qoyulub, kommunikasiya xətlərinin dəmir-beton yataqları hündürləşdirilib, baxış lyükləri yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb. Uzunluğu 2800 metr, hərəkət hissəsi 4-6 zolaqlı olan yolun yenidən qurulması zamanı köhnə asfalt örtüyü təmizlənib, zəruri yerlərdə yol yatağı bərkidilib və küçəyə yeni asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində küçə boyu hər iki istiqamətdə yeni piyada səkiləri yaradılıb, işıqlandırma sistemi qurulub. Bununla da şəhərin mərkəzi ilə 450 min nəfərdən çox əhalinin yaşadığı 8-ci kilometr, Əhmədli və Günəşli qəsəbələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşıb. Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Rüstəm Rüstəmov küçəsi və Babək prospekti ilə kəsişmələrdəki bir səviyyəli dairə şəkilli yol qovşaqları da yenidən qurulub, zəruri yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları və göstərici xətlər çəkilib. Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, paytaxtın Nizami rayonunun Çobanzadə küçəsi də əsaslı təmir olunub. Uzunluğu 2340 metr olan küçəyə yeni asfalt-beton örtük döşənib, avtobus dayanacaqları quraşdırılıb. Bundan əlavə, Naxçıvani küçəsinin də əsaslı təmiri başa çatıb. Uzunluğu 840 metr olan küçənin eni genişləndirilərək 9 metrə çatdırılıb. Yeni asfalt-beton örtüyü çəkilən küçədə bütün infrastruktur yüksək səviyyədə qurulub.
Qeyd etmək lazımdır ki, hazırda bəhs olunan istiqamətdə müəyyən olunmuş tədbirlər ardıcıl olaraq davam etdirilir. Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin (Qəndob-Rusiya sərhədi) yenidən qurulması işlərinə başlanılıb. I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 kilometr, hərəkət zolaqlarının sayı 4, ayırıcı zolağının eni 5 metr, örtüyün tipi asfalt-betondur. Layihə üzrə yol yatağının eni 28 metr, hərəkət zolaqlarının eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 metr, çiyinlərin eni 3,75 metr olacaq. Yolda hesabi sürət 120 kilometr/saat nəzərdə tutulub. Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi nəzərdə tutulub. Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşası aparılır. İşlər tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Eyni zamanda, “Azəravtoyol” ASC tərəfindən Tovuz rayonunun Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə başlanılıb. Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisi işləri Prezident İlham Əliyevin 19 fevral 2016-cı il tarixli imzaladığı Sərəncamla “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. 50 kilometr uzunluğunda mövcud avtomobil yolu 4-cü texniki dərəcəlidir, çınqıl və torpaq örtüklüdür. Layihə çərçivəsində ilkin mərhələdə yolun Əyyublu-Alakol kəndləri arasında olan 17 kilometrlik hissəsinin 3-cü texniki dərəcəyə uyğun salınması nəzərdə tutulub. Digər mərhələlərdə isə yolun qalan hissələrinin tikintisi aparılacaq. Layihə çərçivəsində tikintisi aparılan 2 hərəkət zolaqlı yolun torpaq yatağının eni 12 metr, bərkidici zolaq da daxil olmaqla hərəkət hissəsinin eni 8 metr, hər iki istiqamət üzrə çiyinlərin eni 2 metr təşkil edəcək. Həmçinin 17 kilometrlik hissəyə 2 qat olmaqla 135 min kvadratmetr yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Aparılan tikinti işləri zamanı Zəyəmçay üzərində yerləşən körpü də əsaslı təmir olunacaq. Sözügedən körpünün uzunluğu 74 poqonmetr, eni 11 metrdir. Əsaslı təmir zamanı körpüdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri yaradılacaq, körpünün kənarlarına 148 poqonmetr məhəccərlər və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında 148 poqonmetr təkərqaytaranlar quraşdırılacaq. Bundan başqa, tikinti işlərinin aparıldığı 17 kilometrlik hissədə 16 yeni suötürücü boru tikiləcək, əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından 46 yerdə borular qoyulacaq. Hazırda layihəyə uyğun olaraq torpaq işləri görülür, yol 1 metr dərinlikdə qazılır və yol yatağı ilə yol əsasının tikintisi işləri aparılır. Tikinti işləri ilə bağlı əraziyə lazımi sayda canlı qüvvə və yol texnikası cəlb olunub. Avtomobil yolunun tikintisi ilə 16 yaşayış məntəqəsinin 50 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmçinin, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun da yenidən qurulması işlərinə başlanılıb. İlkin mərhələdə 154 kilometr uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Sözügedən avtomobil yolunun uzunluğu 16,5 kilometrdır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndiriləcək, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq. Hazırda Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır. Layihəyə görə, yol geyimi konstruksiyasının qalınlığı 72 santimetr olacaq. Həmin hissədə Kürəkçay üzərində biraşırımlı, 18 poqonmetr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, bir alt keçidin və 7 düzbucaqlı keçidin tikintisi də aparılacaq. Bütün işlər müvafiq cədvələ uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.
Bakının “Azadlıq” prospektinin təmiri işlərinə də başlanılıb. İlkin mərhələdə prospektin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 kilometrlik hissəsinin təmir edilməsi planlaşdırılır. Təmir işlərinin ümumi avtonəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur. Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər. İşlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kvadratmetr ərazinin asfaltlanması planlaşdırılır. Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa ediləcək. Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub. “Cib”li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metr olacaq. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Beləliklə, respublikamızda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr uğurla yerinə yetirilir və əhəmiyyətli nəticələr əldə olunur.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 14 may.- S.8