Əsl
ziyalı, əsl vətəndaş, əsl insan
Onun haqqında yazmağım heç də təsadüfi
deyil. Olub-keçənlərə, özümün və
onun ötən ömür yolumuza nəzər salanda əlimə
qələm götürüb yazmaqda özümü bəlkə
də tam haqlı sayıram. Axı bu
gün ətrafında olanlarının çoxundan bəlkə
də onu daha çox mən tanıyıram. Onunla tanışlığım hələ məktəb
illərindən başlayır. İlk vaxtlardan
üzü bəri əvvəlcə yoldaşlığa,
sonralar isə zaman-zaman bir-birini üstələyən
dostluğa, həmkarlığa və qohumluğa çevrilən
bu tanışlığın 60 ildən çox tarixçəsi
var. Bu illər ərzində yollarımız uzun müddət
paralel uzanıb, müxtəlif zamanlarda kəsişən,
üst-üstə düşən məqamları olub və
xeyli vaxtdır ki, bizi həm də qohumluq əlaqələri
birləşdirir - rəhmətlik qardaşım Fuadın
yeganə yadigarı, həyatımın mənası
saydığım Ülvi ilə onun qızı Cəmilənin
o gözəl ailəsində indi bir-birindən
işıqlı, gözəl balalar böyüyüb ərsəyə
çatıblar.
Onun haqqında yazmağı özümə bir də
ona görə borc bilirəm ki, unudulmaz Heydər Əliyevlə
işlədiyim vaxtlardan Ulu öndərin tez-tez təkrarladığı
və həmişə önəm verdiyi bir fikri heç vaxt yadımdan
çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən,
ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən,
bu və ya digər sahədə xidmətləri olan insanlardan
düşəndə Ulu öndər həmişə deyərdi:
Biz gərək belə adamların qədrini bilək,
onların dəyərini verək, xidmətlərini yüksək
qiymətləndirək. Bununla biz təkcə
onlara olan hörmət və ehtiramımızı bildirmirik.
Onları millətimizə tanıdırıq.
Millətə belə adlar, belə simalar
lazımdır ki, həmişə öz övladları ilə
öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə
görə qürur duysun. Belə
insanların adlarını qorumaq, yaşatmaq və gələcək
nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq
borcudur.
Bu gün müasirimiz olan Hafiz Paşayev də, heç
şübhəsiz ki, millətimiz, xalqımız
üçün belə dəyərli və nadir insanlardan
biri, qürur duyduğumuz şəxsiyyətlərdəndir.
Taleyinə
Prezident Heydər Əliyevin etimadı qismət olmuş biri
kimi onun bu və ya digər mövzularda düşüncələrini
paylaşdığı unudulmaz söhbətlərinə
şahidlik etmək Ulu öndərin çox gərgin iş
rejimində vaxt ayırıb bizə bəxş etdiyi
böyük tarixi və əvəzsiz mükafatlar idi. Həmin
söhbətlərində bu mövzuya toxunarkən o
böyük insan fikirlərini bizim üçün bir qədər
də dərinləşdirərək deyərdi: Biz indi əsl
mənada müstəqil dövlətimizi qururuq. Biz dövlətçilik psixologiyamızı
inkişaf etdirməliyik. Bunun
üçün milli mənsubiyyətimizi, milli dəyərlərimizi,
ənənələrimizi qabartmalı, tarixi şəxsiyyətlərimizi,
görkəmli insanlarımızı təbliğ etməliyik.
Bu, bizim xalqımıza hava və su kimi
lazımdır. Öz dövlətini quran
xalqın buna çox böyük ehtiyacı var.
Ulu öndərin bu vəsiyyəti bizim üçün
müəyyən etdiyi bir yol, əsas fəaliyyət
proqramı və istiqamətidir. Bu günlərdə Hafiz Paşayev
unudulmaz Heydər Əliyevin layiqli davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
“Şərəf” ordeni ilə təltif olunanda bu yüksək
mükafatın arxasında hansı hikmətin
dayandığı mənim üçün qürurverici
olduğu qədər də, çox anlaşılan idi...
Hafiz Paşayevin simasında alim, pedaqoq, diplomat və rəhbər
işçi kimi xüsusiyyətlər bir insan kimi sadəliyi,
səmimiyyəti, təvazökarlığı, yüksək
mədəniyyəti və əsl ziyalılığı ilə
görünməmiş dərəcədə üzvi şəkildə
birləşib.
Zəngin
potensialı, yüksək təşkilatçılıq
qabiliyyəti, demokratik düşüncəsi, müasirliyi,
novatorluğu, yeniliklərə və təşəbbüslərə
açıq olması, zamanla ayaqlaşmaq və daha irəlini
görmək bacarığı məşğul olduğu hər
bir işdə, çalışdığı hər bir vəzifədə
ona həmişə hörmət, ehtiram və nüfuz
qazandırıb.
O,
böyük bir nəslin parlaq nümayəndəsi, müdrik
insan və gözəl bir ailə başçısı kimi,
özünün bütün davranışı, həyat və
fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi
dəyərlər qalasını ucaltmışdır. Onu sevənlər, içdən ona tapınanlar və
ona bağlananlar onun insaniyyət və alicənablıq
qalasına qəlbən pənah gətirib
sığınanlardır.
Amma bu qala da boş yerdə, özü-özünə
yaranmayıb.
Hafiz Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti
və elmi tarixində şöhrət tapmış parlaq
şəxsiyyətlərdən biri, yetmiş illik
ömrünün tam yarım əsrini çətin, lakin mənalı
və şərəfli bədii, elmi və pedaqoji
yaradıcılıq işinə həsr etmiş Mir Cəlal
Paşayevin ocağında dünyaya gəlmişdir.
Böyük ədibin varisi olan Hafiz Paşayev onun ədəbi
irsində xüsusi yer tutan, bədii məfkurəsinin
leytmotivi sayılan “Bir gəncin manifesti” romanında tərənnüm
etdiyi mənəvi dəyərlər sistemini müasir dönəmdə
özündə tam şəkildə təcəssüm
etdirir. Ədəbi zirvəyə aparan yoluna cığır
açan və müəllifə böyük oxucu
auditoriyası qazandıran, bu gün də qəlbləri riqqətə
gətirən “Bir gəncin manifesti” romanında əsas qəhrəman
Baharı o dönəmin mürəkkəb və qorxulu
ictimai-siyasi mühitində, haqsızlığa, ədalətsizliyə
qarşı mübarizə aparan gənc kimi təsvir edərkən
Mir Cəlal Paşayev personajın mənəvi
dünyasının və dəyərlərinin ədəbi
material üzərində manifestini yaratmışdı. Mir Cəlal Paşayevin oğlu Hafiz Paşayev isə
həmin ədəbi materialın qayəsinin, müsbət qəhrəmanın
daxili dünyasının və etik normalarının bu
gün müasir real həyatda inikasıdır.
Ədəbi
yaradıcılığa dövri mətbuatda dərc olunan
şeirləri ilə başlayan Mir Cəlal Paşayev sonralar
öz qələmini müxtəlif ədəbi janrlarda
sınayaraq bir-birindən dəyərli, koloritli əsərlər
yazmış, real həyat lövhələrini əks etdirən
saysız-hesabsız oçerklər, hekayələr, novellalar
müəllifi kimi tanınmış, böyük tərbiyəvi-əxlaqi
əhəmiyyətə malik dərin məzmunlu romanları ilə
həyat fəlsəfəsini və ədəbi məfkurəsini
ortaya qoymuşdur. Mir Cəlal Paşayevin fəaliyyəti
təkcə ədəbi yaradıcılıq amplitudası ilə
məhdudlaşmırdı. O, Azərbaycan elminin, ədəbiyyatşünaslığının,
təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş,
bir-birindən sanballı fundamental nəzəri əsərlər
yazmışdı.
Azərbaycanın
alı məktəblərinin flaqmanı sayılan Bakı
Dövlət Universitetinin hörmətli, sevimli müəllimi,
nüfuzlu professoru kimi bu gün də xatirələrdə
yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, mənəvi
təmizlik, səmimiyyət mücəssəməsi, ailəsini,
övladlarını hədsiz məhəbbətlə sevən
sadiq bir ailə başçısı idi. Onun bir ifadəsi isə
indi də dillər əzbəridir: “Həyatımda
yaratdığım ən böyük əsər ailəmdir”.
Bu ailənin hər bir üzvü Mir Cəlal ruhunun və
mənəviyyatının daşıyıcısı olub,
istər öz şəxsi həyat nümunəsi ilə, istərsə
də ictimai həyatda rolu ilə bütövlükdə cəmiyyətin
saflığına xidmət edir. Bunu Hafiz Paşayevin
timsalında açıq-aydın görmək olar.
Hafiz Paşayev özü də bunu inkar etmir. Söhbətlərindən
birində dediyi kimi, “mənim stilim sonradan
düşünülməyib, mənim stilim atamdan, anamdan gəlir
- o həyatdan ki, biz görmüşük, o evdən ki, biz
yaşamışıq. Bizə
bütün bunları onlar, valideynlərimiz veriblər, necə
varıqsa eləyik”.
Prezident İlham Əliyevin Diplomatik Akademiyanın
yaradılması ilə bağlı
tapşırığı Hafiz Paşayevi özünüifadə
üçün bəlkə də ən doğru ünvana
yetirmişdir.
“ADA” Universitetində onun təkcə geniş
biliyi, zəngin təcrübəsi, təşkilatçılıq
qabiliyyəti deyil, həm də mənəvi dünyası
öz əksini tapır. Vətənini hədsiz
məhəbbətlə sevən, Vətən sevgisi hər
şeydən üstün olan bir insan üçün Vətənə
xeyir verməyin, Vətənə xidmətin ən kompleks məkanı
bəlkə də Vətən üçün vətəndaş
yetişdirən bir ocaq yaratmaqdır.
“ADA” Universitetinin arxitekturası da Hafiz Paşayevin ruhuna
çox uyğun gəlir. Burada Qız
qalasının, vaxtilə qonşuluğunda
yaşadığı köhnə “İnturist”in də elementlərini
görmək olar. İstər memarlıq üslubu və
həllinə görə, istərsə də mühəndis-kommunikasiya
qurğularının mükəmməlliyi və səmərəliliyi
baxımından Azərbaycanda ilk dəfə orijinal bir sistem
ilə təchiz olunmuş, Amerikada həm iqtisadi, həm ekoloji
baxımdan “ağıllı bina” kimi qiymətləndirilən
bu tikilinin daxilindəki universitet ab-havası da sanki Hafiz
Paşayevin ruhuna və qayəsinə uyğundur. Bura sanki elm məbədidir, bilik evidir, burada hər
şey rahat və cəlbedicidir, burada hər bir tələbə
və müəllim özünü doğma divarlar
arasında olduğu kimi hiss edir.
Heç
şübhəsiz ki, “ADA” Universitetinin əldə etdiyi
uğurlardan biri də bu ali təhsil
ocağında yaradılmış mühitdir. Hafiz
Paşayevin şəxsi keyfiyyətləri ona universitetdə
belə bir mühit - elmə və davamlı təhsilə,
açıq müzakirələrə, fikir mübadiləsinə
sövq edən bir məkan yaratmağa imkan vermişdir. Bu gün “ADA” icmasının üzvü olan hər
kəs - istər müəllim, istər tələbə, istərsə
də digər işçilər üzvi bir vəhdət təşkil
edirlər. Onların hamısı bir istək
və bir məqsəd ətrafında birləşmişdir -
dürüstlük, sədaqət, şəffaflıq, akademik
əxlaq, şərəf və məsuliyyətlə Vətənə
xidmət. Bu, Hafiz Paşayevin ali məqsədidir
və bu məqsədini universitetdə gerçəkləşdirə
bilmişdir. Hafiz Paşayev inanır ki, bu
günün məzunları “ADA” Universitetinin adını, onun
dəyərlərini hər zaman layiqincə yaşadacaqlar.
O, həmçinin Universitetdə çalışan müəllimlərin
şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi
keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə
böyük əhəmiyyət verərək deyir:
- Müəllimlərimiz
bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı,
dünyagörüşü, dəyərləri, Vətən
sevgisi hər bir tələbənin aldığı
başlıca dərsə çevrilir.
Bu gün Hafiz Paşayev “ADA” Universitetini yaratmaqla həm
də bir təhsil oazisi yaradıb. Bu il ilk bakalavr
buraxılışını həyata keçirən bu
universitet sanki Hafiz Paşayevin simasıdır. Universitetdə
təhsil işinin təşkili, universitet mühiti ilə
Hafiz Paşayev sanki özünü ifadə edir, tarixən və
bu gün də “qara qızıl”ı ilə tanınan ölkəsinin
“insan qızılı” ilə zənginləşməsinin fərqindədir.
Hər bir dövlətin və xalqın sabahı barədə
təsəvvürün onun bugünkü gəncləri tərəfindən
yaradıldığı qənaətində olan Hafiz
Paşayev tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq
hissləri ilə seçilən məzunlar yetişdirilməsini
başlıca vəzifəsi hesab edir.
Buna
görə də “ADA” Universitetinin tələbələri tədris
ili ərzində vətəndaşlıq
məsuliyyəti və ictimai fəallığa istiqamətlənən
layihələr həyata keçirir. Ən yaxşı layihələr
Hacı Zeynalabdin Tağıyev adına
mükafata layiq görülür.
Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın dediyi kimi, Hafiz Paşayev ömrünün hər
bir mərhələsində, çalışdığı
hər bir vəzifədə Azərbaycanın
maraqlarını hər şeydən üstün tutub. Onun istər
siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə
- Azərbaycanın güclənməsinə, inkişafına
xidmət edib. “ADA” Universitetinin
yaradılmasında və bugünkü nailiyyətlərində
onun rolu əvəzsizdir.
Hafiz Paşayev haqqında danışarkən onun ailəyə
münasibətindən xüsusi söz açmalı olursan. Yuxarıda
dediyim kimi, bu münasibətlər ailəsini
özünün ən böyük əsəri adlandıran
Mir Cəlal ənənələri üzərində
yaşayır. Bu münasibətlərin
kökü nəsillərin qarşılıqlı təsiri
formasında, Hafiz Paşayevin öz-özünü qiymətləndirdiyi
kimi, onun valideynlərindən gəlir. Və
bu münasibətlər Hafiz Paşayevin doğmalarına, ailə
üzvlərinə, ətrafındakılara heç bir
deformasiyaya uğramadan, sevgi, səmimilik və sədaqət dərəcəsini
zərrə qədər də itirmədən tam həcmdə
transformasiya olunur. Bunu canı qədər sevdiyi
qardaşı hörmətli Arif müəllim də,
bacıları Elmira xanım və Ədibə xanım,
sidq-ürəkdən bağlı olduğu həyat
seçimi Rəna xanım da, hamısını bir məxrəcdə
“balalarım” adlandırdığı oğul-qız
övladları Camal və Cəmilə, nəvələri
Fuad, Musa, Cəlil və Əmir də eyni dərəcədə
özlərində hiss edirlər. Deyərdim ki,
valideynə, bacı-qardaşa, ailəyə və övlada
münasibət Hafiz Paşayev bütövlüyünün
ayrılmaz tərkib hissəsidir.
Təbii ki, Hafiz Paşayev haqqında danışarkən
onun müstəqil Azərbaycanın Amerika Birləşmiş
Ştatlarındakı səfiri kimi fəaliyyəti ilk
növbədə göz önünə gəlir. Tale elə gətirmişdir
ki, bu dövrdə mən onunla həm də çox sıx əməkdaşlıq
şəraitində işləmişəm. Mən Azərbaycanın
səfiri və əsl Vətən oğlu kimi Hafiz
Paşayevin necə fədakarcasına və gərgin işlədiyinin
də, Azərbaycan naminə hansı çətinliklərə
sinə gərdiyinin də, eyni zamanda, Amerikanın nüfuzlu
siyasi dairələrində nə qədər böyük
hörmət və ehtiramla
qarşılandığının da şahidiyəm. Bu
hörmət və ehtiramı o, Amerikada bir alim kimi fizika sahəsində
tədqiqatlar apardığı 70-ci illərdən, eyni
zamanda, bir diplomat kimi, yüksək peşəkarlığı
və ali dəyərlərlə
yaşayan bir ziyalı kimi şəxsi keyfiyyətləri
hesabına qazanmışdır.
Bəlkə
elə buna görə də onun xidmətləri,
daşıdığı vəzifələr, fəaliyyəti
ilə bağlı tutduğu məqamlar müxtəlif olsa da,
mənim üçün o, həmişə Azərbaycanın
müstəqilliyinin ilk çağlarında, Amerika kimi
fövqəldövlətlə Azərbaycanın diplomatik
münasibətlərinin ən çətin nöqtədən
qaldırılaraq bugünkü səviyyəyə yüksəldilməsində
indinin özündə də bütün varlığı ilə
çalışan səfir Hafiz Paşayev kimi qalacaq.
Əslində o, elə həmişə səfir olub və
bu gün də sözün hərfi və məcazi mənasında
səfirdir - Vətəninin Səfiri, xalqının Səfiri. Onun həyat
yolu isə bütövlükdə əsl ziyalı, əsl vətəndaş,
əsl insan haqqında manifestdir.
Dilarə Seyidzadə
tarix elmləri doktoru, professor
Yeni Azərbaycan.-
2016.- 14 may.- S.3