Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
filialı açılıb
Mayın 13-də Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə şəhəri icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Akademik Zərifə Əliyeva Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi Elmar Qasımov, şəhər səhiyyə idarəsinin rəisi professor Əlikram Məmmədov, tibb müəssisələrinin əməkdaşları, eləcə də bir sıra xarici qonaqlar iştirak ediblər.
Oftalmologiya Mərkəzi ilə tanış olan qonaqlara məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsi üçün şəhərin mərkəzi hissəsinə yaxın, tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Mərkəzdə 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanacaq.
Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb.
Mərkəzin Gəncə filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yaranan anatomik pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv, tor qişanın qopması və görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçiriləcək.
Tədbir iştirakçıları Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokuna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər.
Səhiyyə ocağının açılışı münasibətilə Heydər Əliyev Mərkəzində elmi konfrans keçirilib. Konfransda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov görkəmli alimin həyatı və elmi-ictimai fəaliyyəti barədə məlumat veriblər. Qeyd olunub ki, Zərifə xanım Əliyeva nəinki Azərbaycanda, eləcə də keçmiş MDB məkanında oftalmologiya sahəsinin inkişafına sanballı töhfələr verib. Onun monoqrafiyaları, elmi məqalələri bu gün də öz aktuallığını saxlayır və tədris vəsaiti kimi istifadə olunur.
Konfransda “Azərbaycanda qlaukomalı xəstələrin
dispanserizasiyası”, “Yerli steroid
preparatlarının uzun müddət
istifadəsi nəticəsində buynuz
qişasının travmatik zədələnmələrinin
fəsadları”, “Bizim təcrübəmizdə
arxa polyar
kataraktanın cərrahi müalicəsi” və digər mövzularda məruzələr dinlənilib,
müzakirələr aparılıb.
Yeni Azərbaycan.-
2016.- 14 may.- S.3