Dağıstan Mədəniyyəti
Günləri çərçivəsində Xaçmaz
və Qusarda zəngin bədii proqram təqdim olunub
Mayın 13-də Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Azərbaycanda keçirilən Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Xaçmaz və Qusar şəhərlərində olub.
AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərinin girəcəyindəki Çənlibel parkında mehribanlıqla qarşılanan qonaqlar Xaçmazın görməli yerləri ilə yaxından tanış olublar.
Qonşu respublikanın yüksək vəzifəli şəxsləri, eləcə də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxinin təmsil olunduğu nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Qonaqlar muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Qardaş respublikanın nümayəndələri “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə baxıblar.
Nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, önünə gül dəstləri düzüblər.
Qardaş respublikanın nümayəndələri Ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Şəhərlə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Dağıstanın tanınmış incəsənət nümayəndələrinin və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konserti Xaçmazın və ətraf rayonların yüzlərlə sakini izləyib. Dağıstanın incəsənət ustaları və məşhur “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblı, “Xasavyurt” Uşaq-Gənclər Rəqs Ansamblı möhtəşəm ifaları ilə tamaşaçı alqışları qazanıb.
Tədbirdə Dağıstan Respublikası hökuməti sədrinin birinci müavini Anatoli Qəribov çıxış edərək Azərbaycanda dostları ilə görüşməkdən, ünsiyyətdə olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, belə görüşlər qardaş xalqlar arasında dostluğun və gələcək əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.
Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrı da xaçmazlı tamaşaçıların görüşünə gəlib. Teatrın kollektivi Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Ac həriflər” tamaşasını təqdim edib.
Qardaş respublikanın
nümayəndələri günün ikinci yarısında Qusar
şəhərindəki general Mahmud Əbilov adına meydanda
konsert proqramı ilə
çıxış ediblər. Bununla
yanaşı, qusarlı teatrsevərlər Süleyman
Stalski adına Ləzgi Dövlət Dram Teatrı kollektivinin təqdimatında
“Üç gün”
adlı səhnə əsərini izləmək imkanı
qazanıblar.
Yeni Azərbaycan.-
2016.- 14 may.- S.3