Qarabağın xristian məlikləri erməni deyildilər
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoydur.
- İlhami müəllim, qafqazşünasların demək olar ki, hamısının ümumiləşmiş fikrinə görə, Qarabağ məlikləri milliyyətcə erməni olub. Düzdür, alimlərimiz arasında bunun əksini düşünənlər də var. Ancaq onlar öz fikirlərini tutarlı faktlarla əsaslandıra bilmirlər. Bu barədə sizin fikriniz necədir?
- Qarabağın xristian məliklərini erməni sayanlar çoxdur. “Qarabağnamə” müəllifləri də öz əsərlərində onları bəzən ümumi adla erməni adlandırırlar. Bəzən də tuğlu erməni, harovlu erməni ifadələrini işlədirlər. Bu da ondan irəli gəlir ki, XIX əsrdə yaşamış “Qarabağnamə” müəlliflərinin qədim mənbələrdən və orta əsr salnamələrindən xəbərləri yox idi.
Nə Mxitar Qoş, nə Gəncəli Kirakos, nə Yesayi Həsən Cəlalyan demirlər ki, biz erməniyik. Deyirlər ki, biz albanıq, tuğluyuq, dizaxlıyıq, carlıyıq və s.
Mənim topladığım tarixi və etnolinqvistik faktlar birmənalı şəkildə deməyə imkan verir ki, Qarabağın beş mahalının beşinin də məlikləri erməni deyildilər. Onlar xristian dinli bulqarlar, çuvaşlar, qıpçaqlar idilər. Qarabağın Ballıca, Mehdisen, Harov, Çanaxçı və bilmədiyim bir çox kəndlərinin əhalisi keçən əsrin ortalarına qədər öz dilini unutmamışdı. Onlar evlərində erməni dilində yox, öz dillərində danışırdılar.
Mənim atamın ovçu Şəmil adlı mehdişenli bir tanışı vardı. O deyirdi ki, biz erməni deyilik, erməni tatıyıq. Mən onların dilindəki qeyri-erməni sözlərini topladım. Ancaq Bakıda jurnalların heç biri onları çap etmək istəmədi. Ozamankı dost-tanışlarımdan bircə Aqil Abbas ürəkli çıxdı. “Qorxulu” cümlələri pozandan sonra məqalələrimi “Elm və həyat”, “Azərbaycan təbiəti” jurnallarında nəşr etdirdi.
- Qarabağlı ermənilərin çoxunun rus işğalına qədər erməni dilində danışmadığını erməni dilçiləri bilirlərmi?
- Əlbəttə, bilirlər. Ancaq nə zaman danışmağı, nə zaman susmağı yaxşı bacarırlar. Heç rusların İrandan Azərbaycana köçürtdükləri bəzi erməni kəndlərinin əhalisi də erməni deyildi. Sərab mahalından Tərtərə köçürülən Bəyim Sarov kəndinin camaatı XIX əsrin sonlarına qədər öz dilində danışırdı. Onlar xristian olduqlarına görə bizimlə qaynayıb-qarışmadılar. Tədricən ermənilər arasında əriyib itdilər.
İ.İ.Şopen yazır ki, İranın Sərab şəhərində bir qızın qəbrinin üstündə iki daş sütun var. Yerli əhali o qəbri və sütunları ziyarətə gəlir. Belə daş sütunlar Tərtərin Bəyim Sarov kəndinin qəbiristanında da vardı. Nə islamiyyətə, nə də xristianlığa uyğun gəlmədiyinə görə 30-cu illərdə onları uçurtdular.
- Qız qəbirlərinin üstündəki qoşa sütunlar nəyi bildirir?
- Bu, arxaik forması Sarıkin olan Sarı gəlin kultu ilə bağlıdır. Sarı gəlin kultu günəş və gözəllik kultudur. Sultaniyyə şəhərinin arxiyepiskopu İohan de-Qalonifontibus (XIV əsr) yazır ki, sarıkinlər gözəl bir qızın bütünə və ümumiyyətlə, gözəl şeylərə sitayiş edirlər. Kin, ken Ön Asiyanın türk dillərinə qohum olan qədim iltisaqi dillərində qadın deməkdir. Çoxlarına məlum deyil ki, Sarı gəlinin timsalında günəşə və gözəlliyə sitayiş edən əcdadlarımız Fələstində Musa peyğəmbərdən qabaq yaşayırdılar. Onlar Karfagen şəhərini salanda pun, Makedoniyalı İsgəndərin zamanında buntürk adlanırdılar. Sarıkinlər VII əsrdə İslam dinini qəbul etdilər və Siciliyada Sarıkin müsəlman əmirliyini yaratdılar. Tarixi mənbələrdə Sarı, Saruq, Sarıkin adlanan Sərab mahalı onların qədim yurdudur. Sərab mahalından Qarabağa köçürülən sarovlular öz gözəllik ilahələrinə Bəyim Sarov, yəni Sarı Bəyim deyirdilər. Bəy, xan matriarxat dövründə qadın titulları idi. O sözlər indi dilimizdə xanım, bəyim kimi işlənir.
Ancaq elə nəsillər vardı ki, ermənilər yüz illərlə onları erməniləşdirə bilmədilər. 1915-ci ildə Osmanlı dövləti erməniləri ölkədən Suriyaya sürgün etməyə məcbur oldu. Növbə Bayburt mahalının Amışqa kəndinə çatanda əhali köçməyib İslam dinini qəbul etdi. Dedilər ki, biz xristian olsaq da, erməni deyilik. Beyrəklə bir erməni zadəgan qızının nəslindənik (Bartolğd V.V. Kniqa moeqo deda Korkuta. Baku, YNE, XXI, 1999.s.209).
- Dədəmiz Qorqudun kitabında Bamsı Beyrək “Parasarın Bayburt hasarından pırlayıb uçan” epiteti ilə verilir. Doğrudanmı Beyrək Bayburtda bir “erməni zadəgan qızı” ilə evlənmişdi?
- Bamsı Beyrək, Qanturalı yalnız Selcan xatunu, Dapta xatunu almamışdılar. Onlar “çoxlu əlləri xınalı kafir qızlarını” özlərinə arvad eləmişdilər. Oğuzların alplıq və ərənlik düşüncəsinə görə, igidlərin öz qadınlarından başqa çoxlu kənizləri olurdu. Onlar bu yolla öz nəsillərini artırır və bamsı, amsı və s. adı alırdılar. “Dədə Qorqud” dastanları yazıya alınanda artıq bu ənənə unudulmuşdu. Bəylərin bircə arvadı - halalı olurdu. V.V. Bartold, Yaqubovski bamsı, amsı ləqəblərini “çoxlu qadına sahib olan” kimi izah edirlər.
Kənizdən olan uşaqlar atadan qalan dövlətdən pay alırdılar, ancaq siyasi hakimiyyətə iddiaçı olmurdular.
Əhməd bəy Cavanşir yazır: “Yeqan Tuğ və Dizax kəndlərinin məliyi idi. O, Pənah xana tabe olmaq istəmirdi. Ancaq axırda məğlub oldu və xanın hakimiyyətini tanıdı” (Əhməd bəy Cavanşir 1960.s.20).
Rusların Qafqaza gəlişindən sonra xristian yeqanlar Yeqanyan, müsəlman yeqanlar Məlik Yeqanov soyadını qəbul etdilər. Yeqan və ya Eqan qədim türk etnoslarından biridir. Kesariyalı Prokopi yazır ki, Bizans imperatoru Yustinianın Eqan adlı hun əsilli sərkərdəsi vardı (Trever 1959.s.238). Bundan xeyli sonra Osmanlıların Yeqan Sultan adlı bir əmiri olmuş, o, 1589-cu ildə Yalançı İsmayılla döyüşdə öldürülmüşdür (Faruk Sümər 1992.s.284).
XVI əsrdə Səfəvilərin Ustaclu tayfası arasında Yaqan və Yuqan adlı nəsillər vardı (Petruşevskiy 1949.s.94). Bu məlumatlar onu göstərir ki, yeqanların az bir qismi xristianlaşmış və erməniləşmişdir. Onların çoxu Səfəvi və Osmanlı dövlətlərinin hərbi aristokratiyasına daxil olmuşdur.
Yeqanların bir hissəsi Dunay çayı boyuna köçmüş, burada kiçik bir feodal knyazlığı yaratmışdır. Övliya Çələbi yazır ki, Yaqanoğlu adlı bir Maçar bəyi XVII əsrin ortalarında Osmanlı dövlətinə qarşı çıxdı (Gvliə Çelebi 1983.s.213).
Vaxtilə Masallıda Yeqan adlı kəndin olması göstərir ki, yeqanlar Xəzər dənizinin şərqindən Dunay çayı sahillərinə qədər ucsuz-bucaqsız ərazilərə yayılmışlar. Xarəzmşah Təkəşin qızlarından biri Yaqandoğdu ləqəbi daşıyırdı (Petruşevskiy 1949.s.224). Mahmud Kaşğarinin divanında Yaqan sözü “erkək fil” mənasında verilmişdir. Ön Asiyanın bir çox iltisaqi dillərində isə eqan “buğa” deməkdir (Marr 1903.s.77).
- Q.Ə.Qeybullayev yazır ki, Dizak mahalının adı fars və erməni dillərindəki diza “qala” sözündəndir (Qeybullaev 1986.s.114-115, 141). Bu fikrə münasibətiniz necədir?
- Erməni mənbələrində Dzaq adlı nəsil, Dzaquans adlı qala və monastır vardır (Şopen 1852.s.55; Ormanən 1913.s.47). Qrabar dilli mənbələrdə bir qayda olaraq etnik adların ilk hecasının “e”, “i” saitləri yazılmır. Ona görə də dzaq sözü dizaq kimi oxunmalıdır.
Dizaquans isə dizaklı deməkdir. Nizami Gəncəvidəki Dizaknak mahalı erməni tarixçilərinin əsərlərindəki Dzaquans, yəni Dizaklıdır. Dizaklı nəsli eradan öncə II minillikdə Cənubi Azərbaycanda, orta əsrlərdə hardasa Gəncə ilə Şəki arasında yaşayırdı. Vaxtilə Qutqaşen şəhərində yaşayan Dizaxlı məhəlləsinin əhalisi “Xəmsə”dəki Dizaknak nəslinin son qalıqlarıdır. Dizak nəsli Orta Asiyada da yaşayırdı. Özbəkistanın Cizak şəhərinin (Qeoqrafiçeskiy atlas mira. 1965.s.200) adı orta əsr mənbələrində Dizak kimi yazıya alınmışdır. Dizak yer adlarının etimoloji mənasını fars və erməni dillərinin tarixi leksikasında axtarmaq qafqazşünaslıqda 200 ildən bəri davam edən antitürk düşüncənin davamıdır. Ermənilər dizax sözünün mənasını yaxşı bilirlər. Bilməsəydilər, onu dəyişib Hədrüt eləməzdilər. Onların iddiasına görə, Hadrut şəhərinin adı İran dillərindəki həddi du rud, yəni iki çayın arası deməkdir.
Dizak nəsli eradan öncə II minillikdə Elamın qonşuluğunda yaşayanda farsların ayağı hələ indiki İrana dəyməmişdi. Assuriya mixi yazılı abidələrində göstərilir ki, Dızak nəslinin ölkəsi (mətndə bit-Tizaki) Suziananın yaxınlığında yerləşir (Dğəkonov İ.M.Pervobıtno-obhinnıy stroy na territorii Midii. Moskva, 1954.s.46). I Cahan savaşı ərəfəsində İstanbul şəhərinin arxiyepiskopu olan Malaxiya Ormanyan yazır ki, Dizax nəslindən Zaxariya adlı bir din xadimi 755-778-ci illərdə ermənilərin böyük bir nəslinin patriarxı olmuşdur (Ormanən Malaxiə. Armənskaə üerkovğ. Moskva, 1913.s.47). Zaxariya erməni deyildi. Ermənilərin təriqətini qəbul etmiş xristian qıpçaq idi. M.Ormanyan bunu birbaşa deməsə də, dolayısı ilə etiraf edir. Yazır ki, “erməni” adı altında gizlənən kilsə xadimlərinin çoxu erməni deyildi. Onlar türk soyadları daşıyırdılar (Ormanən 1913.s.29, 40, 41, 43, 45, 47, 50, 78, 84, 127, 198, 204, 205, 208).
- Kiyev şəhərində yaşayan qarabağlı Artur Ağacanov yazır ki, İrəvan erməniləri qarabağlı xristianları “dönmə erməni” adlandırırlar. Bu, doğrudanmı belədir?
- Bəli, onlar
qarabağlı erməniləri tənə ilə şorduvats, yəni dönmə
adlandırırlar. Ağacanov kimi ziyalıların cəbhədəki
uğurlarımızdan dərhal sonra bunu gündəmə gətirməsi diqqətəlayiq
haldır. Üzeyir Hacıbəylinin
“Arşın malı alan” operettası əsasında
film çəkiləndə Mehdişen, Ballıca, Çanaxçı kəndlərində
qonşularımız neçə-neçə qıza Gülçöhrə
adı qoydular. Bu
istiqamətdə ideoloji işimiz
lazımi səviyyədə təşkil olunsa,
müəyyən nəticələrə nail
olmaq mümkündür.
Yeni Azərbaycan.- 2016.- 17 may.- S.4