Azərbaycanda turizmin inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi müəyyən edilib

 

Turizm sahəsində həyata keçirilən uğurlu siyasət regionların, o cümlədən qərb regionunun dinamik sosial-iqtisadi inkişafına müstəsna töhfələr verir

Azərbaycanın qlobal təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitə uğurla adaptasiya olunması və sosial-iqtisadi inkişafın davamlılığını təmin etməsi bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində ölkəmizdə özəl bölmənin inkişafının davamlı şəkildə dəstəklənməsi mühüm yer tutur. Zamanında respublikanın bütün bölgələrində iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin inkişafının stimullaşdırılması bu gün etibarlı platforma qismində çıxış edərək ölkəmizin yeni qlobal çağırışlara yüksək dayanıqlılığına möhkəm təminat yaradır.

Bir sözlə, son 12 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Və bu siyasət 2016-cı ilin birinci rübündə də davam edib. Aprelin 9-da keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında birinci rübdə iqtisadi islahatların daha da sürətlə aparıldığını vurğulayan Prezident İlham Əliyev, ümumiyyətlə, 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını, ilin əvvəlindən bu istiqamətdə çox fəal işlərin getdiyini, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarların qəbul edildiyini qeyd etdi.

Dövlət başçısı sözügedən çıxışında bildirib ki, qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin edilməli, yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Bu məqamda vurğulamaq yerinə düşər ki, bütün dünyada turizm sahəsi qeyri-neft sektorunun aparıcı sahələrindən biri hesab olunur. Bir sıra ölkələrdə hətta dövlətin gəlirlərinin əsas hissəsi turizm hesabına formalaşır. Eyni zamanda, son illərdə Azərbaycanda da bu sahə inkişaf etməkdədir.

Beləliklə, Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbu istiqamətdə atılan addımlar ölkənin hər yerində, həmçinin qərb regionunda, o cümlədən Naftalan şəhərində artıq öz bəhrəsini verir. Bunun nəticəsidir ki, 2016-cı ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan şəhəri də daxil olub.

Məlumat üçün bildirək ki, son illər nadir müalicəvi xüsusiyyətə malik nefti ilə məşhur olan Naftalan şəhərinin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib. Dövlət başçısının tapşırığına uyğun olaraq Naftalan şəhərində turizm sahəsində aparılmış islahatlar bu şəhəri nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırıb. Beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri - “Chinar Hotel & Spa Naftalan”, “Naftalan hotel Qaşaltı” və “Garabag Resort & Spa” istifadəyə verilib. Burada müalicə və istirahət üçün çox gözəl imkanlar yaradılıb. Naftalanda fəaliyyət göstərən 8 turizm obyektində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı var.

Həmin obyektlərdə yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Təkcə 2015-ci ilin dekabr ayında Naftalanda 1300 nəfər turist olub. Hətta bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün hotellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər təşkil olunur.

Ümumiyyətlə, 2015-ci il şəhərin turizm sektoru üçün çox uğurlu olub. Bəhs edilən dövrdə şəhərə gələn xariciyerli turistlərin sayı 16 min nəfəri ötüb, son 5 illə müqayisədə 6 dəfə artıb. Eyni zamanda, xarici qonaqların Naftalana gəlməsində də müsbət dəyişikliklər müşahidə olunub. Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən, - Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, - ümumilikdə 42 ölkədən 3000 nəfər xarici turist gəlib.

Həmçinin ötən il Naftalanla, eləcə də şəhərdə fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzlərindəki Naftalan vannaları və Naftalan nefti ilə həyata keçirilən digər müalicə prosedurları ilə tanışlıq, əməkdaşlıq əlaqələri qurmaq və müalicə almaq məqsədilə şəhərə bir çox fəxri qonaqlar da gəlib. Bunlardan Dağıstan Respublikasının Prezidentini, Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkilini, Litva bələdiyyələrinin nümayəndələrini, Türkiyə Cümhuriyyətinin Gəncə bölgəsi üzrə Baş Konsulunun müavininis. qeyd etmək olar. Onlar respublikamızın, o cümlədən Naftalanın uğurlu inkişafını, görülən işlərin yüksək qiymətə, təqdirəlayiq olduğunu bildirib və xalqımızın qonaqpərvərliyinə heyran olduqlarını vurğulayıblar. Artıq digər ölkələrin kurort şəhərləri Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa can atır. Hazırda Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə turizm və digər sahələrdə əməkdaşlıq edir.

Son illər turizmin inkişafı ilə bərabər şəhərin infrastrukturu da yenilənib. Naftalan şəhərində bütün sahələrdə uğurlu nəticələr əldə edilib. Şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenisi ilə əvəz edilib. Uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtüyü əsaslı təmir olunub, şəhərdaxili yollara yeni bardürlər düzülüb, piyada yolları və yeni asfalt örtüyü salınıb. Həmçinin yeni istirahət parkları salınıb və yeni salınan parklarda köşklər, uşaq oyun meydançaları da quraşdırılıb.

Eyni zamanda, Naftalanın yeni inkişaf planına əsasən, şəhərin müalicə-turizm şəraitinin daha da təkmilləşdirilməsi planlaşdırılır. Şəhərin bir hissəsi sanatoriya, digər hissəsi isə yaşayış üçün nəzərdə tutulur. Naftalanın maksimum şəkildə yaşıllaşdırılması, şəhərin təqribən 500-600 ha yaşıllıqla bürünməsi təklif olunur. Naftalan şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən vaxtı ilə 5 000 turist qəbul edən Naftalanın yenilənmə dövründən sonra 10 000 turist qəbul edəcəyi planlaşdırılır. Burada xüsusi kotec və mehmanxanaların inşası nəzərdə tutulur. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunub. Planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvanquşçuluq fermasının tikintisi, mövcud hava limanının bərpası məsələləri də yer alıb. Qeyd edək ki, şəhərdə turizmsanatoriya mərkəzləri ilə yanaşı, mikrorayonların ərazilərinin genişləndirilməsi nəzərdə tutulub. Şəhər əhalisinin sayının isə 20 minə çatdırılması təklif olunur. Eyni zamanda, hazırda yeni turizm obyektlərinin tikintisi məqsədilə işlər aparılır. Belə ki, Naftalanda turizm sektorunun inkişafını daha da sürətləndirmək, dünyada nadir müalicəvi Naftalan palçıq neftinin əvvəlki şöhrətini geri qaytarmaq və şəhəri beynəlxalq səviyyədə tanınan istirahət-sağlamlıq, turizm mərkəzinə çevirmək məqsədilə “Kəpəz” adlı bir sanatoriya tikilərək istifadəyə verilib.

Son illərdə kurort şəhəri Naftalanda istifadəyə verilən müasir istirahət və sağlamlıq mərkəzləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin sayının çoxalması Naftalanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də şəhərə gələn turistlərin sayının artmasına zəmin yaradır. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində göstərilən diqqəti nümayiş etdirir.

Orijinal memarlıq üslubunda yaradılan bu gözəl istirahət məkanında turistlərə ən yüksək səviyyədə xidmət göstəriləcək. Yaşıllıqlarla əhatə olunmuş 100 yerlik sanatoriya bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Sanatoriyanın müalicə korpusunda funksional diaqnostika kabinetləri, biokimyəvi laboratoriyalar xidmət göstərir. Digər mühüm cəhət burada onlarla sakinin işlə təmin olunmasıdır.

Beləliklə, görünən odur ki, turizm sahəsində həyata keçirilən uğurlu siyasət həm ümummilli tərəqqiyə, həm də regionların dinamik sosial-iqtisadi inkişafına müstəsna töhfələr verir. Ümumiyyətlə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların da payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2016.- 19 may.- S.8