Azərbaycanın regionlarında ixrac tutumlu məhsullar istehsal etmək imkanları genişlənir

 

Respublikada bitkiçiliyin pambıqçılıq, tütünçülük kimi istiqamətlərini, həmçinin baramaçılığı inkişaf etdirməklə ölkəyə qeyri-neft sektorundan valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür

Son vaxtlar ölkəmizdə qlobal təsirlər nəticəsində yaranmış vəziyyət respublikanın bütün regionlarının potensialından geniş istifadə edilməsi, perspektivli sahələrə maksimum diqqət yetirilməsi, yeni nəsil iqtisadi islahatlar həyata keçirilməsi, nəzərdə tutulan tədbirlərin səmərəliliyinə nail olmaq üçün zəruri hüquqi-normativ baza yaradılması zərurətini gündəmə gətirib. Yeni iqtisadi şəraitdə Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bütünlüklə neft amilindən asılılığı aradan qaldırmağa, iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına istiqamətlənib. Yaranmış vəziyyətdə müəyyənləşdirilən vəzifələr iqtisadiyyatın neftdənkənar sahələrinin imkanlarından maksimum bəhrələnməklə, ənənələri dirçəltməklə neft gəlirlərinin azaldığı dövrdə də inkişafın ardıcıllığını qoruyub saxlamağarespublikaya lazımi həcmlərdə valyuta daxilolmalarını təmin etməyə hesablanıb.

Yeni şəraitdə regionlarda aqrar sektorun potensialından daha səmərəli istifadə edilir

İndiki dövrdə Azərbaycan daxili resurslarına əsaslanaraq iqtisadiyyatın bir sıra sahələrinin intensiv inkişafına nail olmaqla öz dayanıqlılığını təmin etməyə qadir ölkədir. Yaranmış vəziyyətdə ölkəmizdə iqtisadiyyatın neftdənkənar sahələri sırasında regionlarda aqrar sektorun inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı sahəsində tarixən mövcud olan güclü ənənələr, həmçinin ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşaması aqrar sektorun geniş inkişaf perspektivlərini şərtləndirən mühüm amillər qismində çıxış edir. Qlobal kataklizmlər fonunda isə Azərbaycanın bölgələrində aqrar sektorun inkişafının önəmi daha da artıb. İndiki şəraitdə Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında geniş potensiala malik aqrar sektorda intensiv metodların tətbiqi, dövriyyəyə yeni torpaqların cəlb olunması, bitkiçilik kimi perspektivli sahələrə diqqətin artırılması yolu ilə istehsalın genişləndirilməsi də vacib rol oynaya bilər. Aqrar sektorun intensiv inkişafına nail olmaqla, əslində, bir neçə məqsədə çatmaq - həm ölkənin ərzaq təminatını möhkəmlətmək, həm ixrac imkanlarını artırmaq, eləcə də əhalinin məşğulluğu kimi ciddi sosial məsələnin həllinə töhfə vermək mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində indiki şəraitdə aqrar sektorun inkişafının önəmini xüsusi vurğulayaraq deyib: “Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz”.

Ölkəmizin bölgələrində geniş potensiala malik aqrar sektorun üstün inkişafına hər cür maliyyə və texniki dəstək verilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Regionlarda aqrar sektora hərtərəfli dəstək verilməsi, öz növbəsində, bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib. Onu da qeyd etmək lazımdır ki, aqrar sahədə məhsul istehsalının artımı yalnız əkin sahələrinin artırılması hesabına deyil, əsasən intensiv metodlardan daha geniş istifadə olunması hesabına baş verib. Əvvəllər respublikamızda hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatların sayı barmaqla göstəriləcək qədər az idisə, artıq belə təsərrüfatların sayı əhəmiyyətli dərəcədə artıb.

regionlarda aqrar sektorda ixrac tutumlu məhsulların istehsalı diqqət mərkəzində saxlanılır

İndiki şəraitdə ölkənin aqrar sektorunda ixrac tutumlu məhsulların istehsalının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev istər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı, istərsə də Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasıdakı nitqlərində ölkəmizin neft gəlirlərinin azalmasını aqrar sektorda ixrac tutumlu məhsul istehsalının artırılması, o cümlədən də pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı hesabına kompensasiya etməyin mümkün olduğunu bildirib. Həqiqətən də, Azərbaycanda bitkiçiliyin bu və digər sahələrini geniş inkişaf etdirmək və beləliklə də, xarici istehlak bazarlarında geniş şəkildə təmsil olunmaq, ölkəyə qeyri-neft sektorundan valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində indiki şəraitdə ölkəmizə valyuta daxilolmalarının azalmasının kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya edilməsinin zəruriliyini diqqətə çatdırıb: “İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik”.

Artıq ölkənin regionlarında ixrac tutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, habelə yerlərdə aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrup indiyədək respublikanın bir sıra regionlarında, o cümlədən Kürdəmirdə, Zərdabda, Hacıqabulda, Qaxda müşavirələr keçirib. Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların mütəxəssislərinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, fermerlərin iştirakı ilə keçirilən müşavirələrdə işçi qrupun rəhbəri Azər Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlardan, dövlətimizin başçısının tapşırığı ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, bu sahədə ixracyönümlü pambıqçılığın və baramaçılığın inkişaf perspektivlərindən bəhs edib. Fermerlərlə, sahibkarlarla görüşlərdə hazırda regionlarda aqrar sektorun bir sıra sahələrinin inkişafı üçün geniş imkanlar yaradıldığını söyləyən A.Əmiraslanov cari mövsümdə torpaq sahələrinin ayrılması, toxum və səpin aqreqatlarının gətirilməsi kimi çətin mərhələnin keçildiyini deyib. Prezident Administrasiyasının şöbə müdiri yaxın günlərdə respublikamıza becərmə aqreqatlarının, sentyabr ayında isə pambıqyığan texnikanın gətiriləcəyini, pambıqçılara subsidiyaların verilməsi istiqamətində lazımi işlərin aparıldığını diqqətə çatdırıb.

Pambıqçılıqda məhsuldarlığı artırmaq üçün geniş imkanlar var

Azərbaycanın regionlarında aqrar sektorda kifayət qədər yaxşı təcrübə və nəticələr qazanılmış sahələr sırasında pambıqçılığı, tütünçülüyü, baramaçılığı xüsusi qeyd etmək mümkündür. Hər üç sahədə zəngin ənənələr formalaşıb.

Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiyairriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Pambıqçılığa diqqət çəkən başqa bir amil satış bazarları ilə bağlıdır. Məlumdur ki, hazırda qlobal miqyasda satış bazarları uğrunda sərt rəqabət gedir. Pambıq isə elə bir strateji məhsuldur ki, onun satışı ilə bağlı hər hansı problem yoxdur, dünya birjalarında bu məhsula həmişə böyük tələbat var.

Qəzetimizə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, artıq respublikamızda Prezident İlham Əliyevin verdiyi müvafiq tapşırıqlara uyğun olaraq pambıqçılığın inkişafı istiqamətində zəruri tədbirlər görülməyə başlanılıb: “Gəlirli sahə olan pambıqçılığın inkişafı qarşıya məqsəd qoyulub. Hədəflərə çatmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Bölgələrdən alınan məlumatlara əsasən, cari il mayın ortalarınadək təxminən 47 min 500 hektar sahədə pambıq əkini üçün şum aparılıb və 38 min 850 hektar sahədə çiyid səpini həyata keçirilib. Bu il ölkə üzrə pambığın əkin sahəsini 50-55 min hektara çatdırmağı qarşımıza hədəf qoymuşuq. Həm texnika, həm də gübrə və toxumla bağlı bütün məsələlər öz həllini yüksək səviyyədə tapıb. Nazirliyin mütəxəssisləri, elmi-tədqiqat institutlarının əməkdaşları bölgələrə səfərlərə gedərək fermerlərə öz tövsiyələrini verirlər” .

Ölkənin 24 rayonunda torpaq mülkiyyətçiləri ilə pambıq əkininə dair müqavilələr bağlanıb

Dövlətin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq bölgələrdə pambıq becərilməsinə diqqət artıb. Əkin sahələrinin genişləndirilməsi bundan sonra ölkəmizdə pambıq istehsalının artacağına böyük əminlik yaradır. İndiyədək pambıq əkini üzrə respublikanın 24 rayonunda torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanıb. Kənd təsərrüfatının bu sahəsində təxminən 6 min nəfər işlə təmin olunub.

Ayrı-ayrı rayonlarda pambıq əkini daha intensiv şəkildə həyata keçirilib. Pambıqçılıq sahəsində zəngin ənənələrə malik Bərdə rayonunda 2416 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb. Rayonda pambıq əkininin gedişinə həsr olunan müşavirə keçirilib. İnzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, rayonda fəaliyyət göstərən pambıq emalı zavodlarının nümayəndələrinin, kənd təsərrüfatı, meliorasiyasu təsərrüfatı müəssisələrinin rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qatıldıqları müşavirədə pambıq əkini sahəsində görülmüş işlərdən danışılıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib. Diqqətə çatdırılıb ki, rayonda pambıqçılığın inkişaf etdirilməsi üçün MTZ 80 və T 28 traktorlarına, kombaynlara, rotasion malaya və məhsuldar toxuma ehtiyac var.

Biləsuvar rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən rayonun gəlirləri də əsasən aqrar sahədə məhsul istehsalından əldə olunur. Rayonda pambıqçılığın inkişaf etdirilməsi qərara alınıb. Cari ildə rayonda əhalinin məşğulluğunun təmin edilməsində xüsusi əhəmiyyət daşıyan pambıqçılığın inkişafı üçün 6 min hektar sahədə pambıq əkini nəzərdə tutulub.

Saatlıda cari mövsümdə 8 min 21 hektar ərazidə pambıq becərilməsi nəzərdə tutulub. Bu məqsədlə uzun illərdən bəri rayonun Bəylər kəndi ərazisində, eləcə də Arazqırağı və Mil-Muğan kollektorunun ətrafında istifadəsiz qalan torpaqlar əkin dövriyyəsinə qaytarılıb. Hazırda iri fermerlərlə yanaşı, 3-4 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ qızıl” yetişdirməyə başlayıblar. Onlar müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikaları, toxum, dərman preparatları və gübrələrlə təmin olunurlar. Gələcəkdə rayonda pambıq sahələrinin 15 min hektara çatdırılması nəzərdə tutulub.

Bu il ilk dəfə olaraq Cəlilabad rayonunda da pambıq əkini aparılıb. Rayonda pambıq əkini üçün sınaq məqsədi ilə ilkin olaraq 400 hektar sahə ayrılıb. Bu ərazilər rayonun nisbətən aran hissəsində yerləşən Təzəkənd və Sabirabad kəndlərini əhatə edir. “AqrolizinqASC-nin Cəlilabad filialının mühəndisi Namiq Niftəliyev bildirib ki, məhsul istehsalçılarına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyindən rayona traktor verilib, gələcəkdə başqa aqreqatlar da gətiriləcək. Pambıq əkini rayonda ilk dəfə həyata keçirildiyi üçün bu işə mütəxəssislər cəlb olunub.

Tütün kimi gəlirli sahəyə də diqqət artıb

Tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılıb. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İmran Cümşüdov bildirib ki, respublikamızda tütün kimi gəlirli sahəyə də diqqət artıb: “Hazırda respublikamızda tütünün əkini ilə 4 şirkət - “Araz”, “İntertobacco”, “İlham”, “Tobako hause” MMC kimi qurumlar məşğul olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir. Cari il may ayının birinci ongünlüyünə olan məlumata əsasən, 1941 hektar ərazidə tütün əkini üçün şum aparılıb, müəyyən becərmə işləri həyata keçirilib və lazımi qədər şitil tədarük edilib. Artıq 813 hektar sahəyə şitil köçürülübbu işlər intensiv şəkildə davam etdirilir. Qarşıya cari ildə 3 min hektar ərazidə tütün əkilməsi ilə bağlı hədəf qoyulub. Respublikamızda 2015-ci təsərrüfat ilində 1,6 min hektar ərazidə tütün əkilmişdi. Tütünçülük bir sıra bölgələr üçün ənənəvi sahə olduğundan biz onun əkin sahəsini genişləndirməyi qərara almışıq. Bu həm iqtisadi, həm də sosial məsələdir. Tütün əkib-becərən fermerlər yüksək gəlir əldə edirlər, eyni zamanda, insanlar işlə təmin olunurlar. Ona görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tütün əkiləcək sahələrin genişləndirilməsi işləri intensiv qaydada həyata keçirilir”.

Zaqatala respublikamızda ənənəvi tütünçülük rayonlarından biri hesab olunur. Cari ildə rayonun təsərrüfatlarında 600 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün yetişdirilməsi ilə əlaqədar indiyədək “İntertobacco” MMC ilə 490 mülkiyyətçi arasında müqavilə bağlanıb. Bu, ən azından 980 nəfərin tütünçülük sahəsində mövsümi işlə təmin olunması deməkdir. İstehsalçılarla “İntertobacco” MMC arasında bağlanmış müqaviləyə əsasən, əkin üçün nəzərdə tutulan 600 hektar sahənin 500 hektarına tütünün ətirli “Virciniyasortu əkiləcək. 100 hektar sahədə isə Zaqatala rayonunda əvvəlki illərdə rayonlaşdırılmış ənənəvi tütün sortları əkiləcək. Hazırda tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil surətdə davam etdirilir. İndiyədək 365 hektarda şum aparılıb, 287 hektar sahəyə tütün şitili köçürülüb.

Balakən rayonunda da tütünçülük diqqət mərkəzində saxlanılır. Cari ildə rayonda 200 hektar sahədə “İtiyarpaqtütün sortunun əkilməsi nəzərdə tutulub. Bu məqsədlə 500-dək ailə ilə müqavilə bağlanılıb, həmin ailələrə toxumpolietilen örtük verilib, tütün şitili yetişdirilib. İstixanalarda yetişdirilən tütün şitilləri artıq sahələrə köçürülür. İndiyədək rayonun müxtəlif kəndlərində 20 hektardan çox ərazidə tütün şitilləri açıq sahələrə köçürülüb.

Qax rayonunda 2016-cı ildə 300 hektarda tütün əkilməsi nəzərdə tutulub. RayondaİntertobaccoMMC-nin tütün istehsalı və emalı müəssisəsi fəaliyyət göstərir. Müəssisədə 60 ədəd odla tütün qurutma kamerası quraşdırılıb. Yaş tütün sahələrdən birbaşa müəssisəyə gətirilərək bu kameralarda qurudulur. Qurudulmuş tütün daha sonra cəmiyyətin Zaqatala rayonunda fəaliyyət göstərən emal zavoduna göndərilir.

Uzun fasilədən sonra oğuzlu fermerlər yenidən tütün əkininə maraq göstərməyə başlayıblar. Bu il rayonda 15 hektar sahədə tütün yetişdirilməsi nəzərdə tutulur. “İntertobacco” MMC ilə bağlanmış müqaviləyə görə, təsərrüfatlarda əsasən ətirli “Virciniyatütün sortu yetişdiriləcək. Şitillər fermerlərə cəmiyyət tərəfindən pulsuz verilir. Tütün əkini sahələrinin gələcəkdə daha da artırılması nəzərdə tutulur.

Bəsləsən, atlas olar tut yarpağından...

AzərbaycandaBəsləsən, atlas olar tut yarpağındandeyiminin geniş yayılması təsadüfi deyil. Bu, ilk növbədə, onunla bağlıdır ki, respublikamızda baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Azərbaycanın 30-dan çox inzibati-ərazi vahidində, o cümlədən Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ Naxçıvanın düzən dağətəyi zonalarında yerli əhalinin baramaçılıq sahəsində zəngin təcrübəsi var.

Prezident İlham Əliyevin yeni iqtisadi şəraitdə ixrac tutumlu məhsul istehsalının genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi istiqamətlərdən biri də baramaçılığın inkişaf etdirilməsi ilə bağlıdır. İmran Cümşüdov bildirib ki, regionlarda baramaçılığın inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilir. Çindən və İrandan gətirilən barama toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilib. “Çin Xalq Respublikasından gətirilən 800 qutuİran İslam Respublikasından alınan 750 qutu ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya edilərək respublikanın 23 rayonundan olan fermerlərə pulsuz paylanılıb. Aprelin 27-də stansiyada əlavə olaraq, daha 200 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulub. Barama yetişdirmək arzusunda olan fermerlər ipəkqurdu almaq üçün stansiyaya müraciət edə bilərlər. İstehsalçıların barama tədarükünə iyunun əvvəllərində başlaması gözlənilir. Ümumiyyətlə, bu il respublikamızda 75 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır”, - deyə İ.Cümşüdov bildirib.

İ.Cümşüdov baramaçılığın ailələrə böyük gəlir gətirəcəyini də diqqətə çatdırıb: “Baramaçılıq kifayət qədər gəlirli sahədir. Ötən ilədək bir kiloqram yaş baramanın qiyməti 3 manat idi. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarından sonra cari ildən etibarən 1 kiloqram yaş baramanın tədarük qiyməti 8 manata qaldırılıb. Bu isə o deməkdir ki, baramaçılıqla məşğul olan ailələr çox qısa müddətdə - cəmi 40 gün ərzində böyük gəlir əldə etmək imkanı qazanacaqlar”.

Hazırda respublikanın baramaçılıq ənənələrinə malik Ağcabədi, Ağdaş, Bərdə, Sabirabad, İmişli, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Göyçay, Ağdam, Ağstafa, Balakən, Ağsu, Tərtər, Qax, Qazax, Şəki, Şəmkir, Tovuz, Füzuli və İsmayıllı rayonlarında tut ipəkqurdlarının bəslənilməsi davam edir.

Bu sahədə qarşıya çıxan problemlərin həllində kümçülərə əməli kömək göstərmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin xüsusi işçi qrupu “Şəki İpək” ASC-nin rəhbər və mütəxəssisləri ilə birlikdə Sabirabad, İmişli, Füzuli, Tərtər, Ağdam, Bərdə, Ağcabədi və Zərdab rayonlarında ipəkqurdlarının bəslənilməsi prosesinin gedişi ilə yerində tanış olublar.

Rayonlarda ipəkqurdlarının yemlənmə vəziyyəti və şəraiti ilə tanışlıq zamanı müəyyən edilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından götürülmüş ipəkqurdlarının hamısı baramaçılıq sahəsində nisbətən təcrübəli, yemləmə otaqlarının təşkili üçün zəruri şəraitə və yem tədarükü imkanlarına malik kümçülər arasında paylanılıb. Qeyd edilən rayonlarda ipəkqurdlarının yemlənməsində ciddi problemlərin olmadığı, rayon və kənd ərazilərində yolların kənarında və həyətyanı sahələrdə kifayət qədər tut (çəkil) ağaclarının mövcudluğu müəyyən edilib.

Mübariz ABDULLAYEV

Yeni azərbaycan.- 2016.- 21 may.- S.8