Azərbaycanın ekoloji təhlükəsizlik konsepsiyası
davamlı inkişafa hədəflənmiş
yeni yanaşmaları özündə ehtiva edir
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırov www.yap.org.az saytına müsahibə verib
Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq Dövlət proqramları qəbul edilir və icra edilir. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Bu kontekstdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həm ətraf mühitin mühafizəsi baxımından, həm də insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilir.
Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 15 illiyi tamam olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirir, hidrometeorologiya xidmətini təşkil edir, hidrometeoroloji müşahidələrin aparılmasını, proqnozlar hazırlanmasını və məlumatların yayılmasını təmin edir. Eyni zamanda, təbii ehtiyatların, faydalı qazıntıların, bitki örtüyü, flora, fauna (o cümlədən balıq), su və enerji mənbələrinin istifadə olunması prosesində ekoloji təhlükəsizliyin gözlənilməsi, ekoloji baxımdan torpağın bərpası və mühafizəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini də Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir və öz səlahiyyətləri çərçivəsində mineral-xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət edir.
Beləliklə, fəaliyyətinin 15 ili ərzində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun müsahibəsini təqdim edirik.
- Hüseyn müəllim, ətraf mühit probleminə böyük əhəmiyyət verilməsi və bu kontekstdə irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına sağlam ətraf mühitdə yaşamağa imkan yaradır. Bu baxımdan, ölkəmizdə həyata keçirilən ekoloji siyasəti necə xarakterizə edərdiniz?
- Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən layihələr sayəsində iqtisadi və sosial-siyasi sahələrdə inkişafa nail olunmuşdur.
Azərbaycan Respublikasında ətraf mühit məsələlərinə böyük əhəmiyyət verilməsi, o cümlədən irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına daha əlverişli təbii mühitdə yaşamağa imkan yaradır. İqtisadiyyatın inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirmişdir.
Müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkədə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmışdır. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi məsələsi hazırda aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu yeni ekoloji siyasət sonrakı dövrlərdə ətraf mühitin mühafizəsi baxımından, həm də insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması istiqamətində müstəsna əhəmiyyət kəsb edib. Bu barədə nə deyə bilərsiniz?
- Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində formalaşdırdığı yeni ekoloji siyasət insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına zəmin yaratmışdır.
Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Ümummilli lider Heydər Əliyevin adı ilə, Onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Azərbaycana rəhbərliyi dövründə ölkənin bütün sahələr üzrə inkişafında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində Onun xidmətləri ölçüyəgəlməzdir. Heydər Əliyev hələ sovet hakimiyyəti illərində var qüvvəsi ilə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, rifahı, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışmışdır.
Ulu öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1993-cü ildə yenidən hakimiyyətə gəlmiş Ulu öndərimiz ekoloji məsələləri bir daha ön cərgəyə çəkmiş, bu sahədə olan mövcud problemlərə xüsusi diqqət ayırmışdır. Bu dövrdə ətraf mühitlə bağlı bir sıra yeni qanunlar qəbul edilmişdir.
Ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə qoyulmuşdur. Belə ki, Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş yaraların sağalmasına daha böyük əzmkarlıqla başlanılmış, məhz bu sahədə həyata keçirilmiş mühüm qərarlardan biri kimi 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Respublikamızda bu dövrdə həyata keçirilən ekoloji siyasətdə ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edən problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmış, təbiətin mühafizəsi baxımından hüquqi-normativ aktların qəbul edilməsi sahəsində bir çox işlər görülmüşdür. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun Ulu öndər tərəfindən təsdiq olunmuş, 2000-ci ildə isə bu istiqamətdə daha iki qanun - “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edilmişdir.
O ağır keçid illərində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövlətinin yaşıllaşdırma, abadlaşdırma, ekologiya və ətraf mühitin qorunması sahəsində gördüyü işlərlə yalnız fəxr etmək olar. Bu dövrdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinin təməlində Ulu öndərin Azərbaycan təbiətinə vurğunluğu, əhalinin sağlamlığına və gələcək nəsillərin sağlam mühitdə böyüməsinə olan qayğısı dayanırdı.
- Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi diqqət mərkəzindədir...
- Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, ekoloji problemlərin həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Buna nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunmasının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iqtisadi inkişafla balanslaşdırılmış modern və çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Bu istiqamətdə qəbul edilmiş proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilmiş investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir.
Ölkədə mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyat”a sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Ölkəmizdə “yaşıl iqtisadiyyat”a keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanmış, digərləri yenidən qurularaq modernləşdirilmiş və yeni aztullantılı texnologiyalar tətbiq olunmuşdur.
Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində daha əməli tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması bu sahədə problemlərin azalmasına gətirib çıxarmışdır.
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulması ilə nəticələnmişdir. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir.
- Hüseyn müəllim, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin, o cümlədən təbii ehtiyatların və biomüxtəlifliyin mühafizəsi sahəsində hansı tədbirlər həyata keçirir?
- Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev Öz fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayğı göstərir.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək üçün bu istiqamətdə vaxtilə başlanılmış işləri davam etdirir, bu yöndə yeni-yeni layihələr həyata keçirilir. Ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. Bütövlükdə, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 il ərzində 100 min hektardan artıq sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 10 milyonlarla ədəd ağac əkilmişdir.
Yaşıllıqların artırılması sahəsində son 8 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3776 hektardan artıq ərazidə 5 milyona yaxın ağac əkilmiş, müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Bu layihələr çərçivəsində müxtəlif bölgələrdə 1850 ha sahədə 1 265 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artmışdır.
Ekoloji məsələləri, o cümlədən yaşıllaşdırma tədbirlərini gündəlik diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev bu il də ənənəvi olaraq Ulu öndər Heydər Əliyevin doğum günündə ağacəkmə kampaniyasında iştirak etmişdir. Ərazisi 12 hektar olan yaşıllıq sahəsində ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limon sərvi, leylandi ağacları əkilib.
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında nəzərəçarpacaq sıçrayışa nail olunmuş və bu sahə fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilmişdir. Qısa zaman ərzində Qafqazda ən böyük Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulmuş, Şirvan və Hirkan Milli parklarında ekoturizm şəhərcikləri yaradılmışdır. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülmüşdür. Alim və mütəxəssislərin iştirakı ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında toplanmış məlumatlar əsasında Azərbaycanın “Qırmızı Kitab”ının 2 cilddən ibarət 2-ci nəşri çap olunmuşdur.
Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır. Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılmışdır. Artıq burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə etmiş və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə 2007-ci ildən başlayaraq regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçmişdir.
Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi məqsədilə infrastruktur imkanları gündə 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 2000 m3 gücündə avadanlıq quraşdırılmış, Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilmişdir. Faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir. Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir.
Ətraf arid ərazidə salınmış yaşıllıqların suvarılması ilə bağlı Şirvan kanalı suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü 2 dəfə artırılaraq sutkada 5000 kubmetrə çatdırılmışdır.
Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə nazirlik tərəfindən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan şimal sahilboyu ərazilərində ümumilikdə gündə 7900 m3 çirkab sutəmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.
Hidrometeoroloji müşahidə sistemi modernləşdirilmiş, təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağın Kabaş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən avadanlıqlar quraşdırılmışdır. Qafqazda ən yüksək dağlıq “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, Bazardüzü - Şahdağ - Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə Mərkəzdə 3 avtomat meteoroloji stansiya qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur. Müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilir. Artıq günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuş avtomat meteostansiyaların sayı 67-yə çatmışdır. Fransadan məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sistemi və məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi alınmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində meteoroloji proqnozların özünü doğrultması 94-97% təşkil edir.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təchiz etmək üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunmuş, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunmuşdur. Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınmışdır ki, onlardan 253 yataq, o cümlədən 18 filiz, 55 qeyri-filiz, 179 inşaat materialları yataqları və 1 yeraltı şirin su yatağı məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir. Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artmışdır.
- Rəhbərlik etdiyiniz nazirliyin beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələri hansı səviyyədədir?
- ETSN tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Bununla bərabər, müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulur. Ətraf mühit sahəsində beynəlxalq müqavilələr çərçivəsində əməkdaşlığa da diqqət yetirilir. Azərbaycan Respublikası bu günə kimi 20-dən artıq ekoloji konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamış, bir sıra mühüm beynəlxalq tədbirlərin təşkilatçılığını həyata keçirmişdir.
Son illərdə Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq müqavilələrin müddəalarına, həmçinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Ətraf mühitə dair bir sıra yeni qanunlar qəbul edilmiş, mövcud qanunlara əlavə və dəyişikliklər edilmişdir. Qanunvericilik əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə etmişdir. Bununla bərabər, qanunların icrasının təmin edilməsi məqsədilə müvafiq normativ aktlar, qaydalar qəbul olunmuşdur.
- Hüseyn müəllim, ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması sahəsində Azərbaycanın təcrübəsi beynəlxalq ictimaiyyət tərəfindən necə qiymətləndirilir?
- Ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycan Respublikasının, başqa sahələrdə olduğu kimi, ətraf mühit sahəsində də beynəlxalq miqyasda nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-cı ildə açıqlanmış Ekoloji Fəaliyyətin Effektivliyi İndeksinə görə (Environmental Performance İndex) Azərbaycan 180 ölkə arasında 31-ci sırada, MDB ölkələri arasında 1-ci, Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə isə 2-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, qiymətləndirmədə ölkəmiz strateji əhəmiyyətli məsələlərə görə, o cümlədən iqlim və enerji sahələri üzrə 2-ci yerə, meşə örtüyündə dəyişiklik üzrə əldə olunan nailiyyətlərə görə 5-ci yerə, ətraf mühitin insan sağlamlığına təsiri üzrə isə 32-ci yerə layiq görülmüşdür.
Həqiqətən də, müstəqilliyini yenicə əldə etmiş bir ölkədə bu cür göstəricilərə nail olunması qazanılmış uğur kimi qiymətləndirilməlidir. Təbii ki, bu da Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə yönələn əsas fəaliyyət proqramının təcəssümü və ölkə başçımızın yürütdüyü davamlı ekoloji siyasətin nəticəsidir.
- Ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı gələcək gözləntilər nədən ibarətdir?
- Ümummilli
lider Heydər Əliyevin layiqli
davamçısı, ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
ilə sosial-iqtisadi inkişaf
sahəsində müəyyən olunmuş
düzgün siyasət indiyə qədər
ölkəmizə yalnız uğur gətirmişdir.
Əminliklə söyləmək olar ki, digər sahələrdə olduğu
kimi, ekoloji mühitin və təbii sərvətlərin
qorunması siyasətinin düzgün və
uğurla həyata keçirilməsi sayəsində
bundan sonra da ciddi nəticələrə
nail olunacaqdır.
Yeni Azərbaycan.-
2016.- 20 may.- S.6