Vətən üçün
canını verən oğullar heç vaxt unudulmayacaq!
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi yad edilib
Aprel ayının əvvəlində Talış kəndi ətrafında gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən böyük şücaət və igidlik göstərən, tutduğu mövqeləri bir addım belə tərk etmədən son damla qanına qədər vuruşan və qəhrəmancasına həlak olmuş Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Murad Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsindən 40 gün ötdü. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Murad Mirzəyevin xatirəsi dünən bir daha anılıb. Şəhid qəhrəmanımızın yaxınlarının, eləcə də döyüş yoldaşlarının, Azərbaycanın Müdafiə Nazirliyinin əməkdaşlarının, ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Milli Qəhrəmanımız dəfn olunduğu II Fəxri Xiyabanda yad olunub. İzdihamlı mərasimdə çıxış edən Murad Mirzəyevin silahdaşları Milli Qəhrəmanımızın xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını bildiriblər. Qeyd edilib ki, Murad Mirzəyev, eləcə də digər qəhrəmanlarımız Vətənimizin fəxridir. Onlar şəhidlik zirvəsinə çatmaqla Vətən, dövlət sevgisinin nümunəsini ortaya qoyublar.
Mərasimdə çıxış edən şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və xalqımıza öz təşəkkürünü bildirib. Oğlunun, o cümlədən digər şəhidlərimizin qəhrəmanlıqları ilə fəxr etdiyini deyən şəhid atası torpaqlarımızın mənfur düşmənlərdən azad olunacağına inamını ifadə edib: “Vətən uğrunda şəhid olanlar Vətən oğullarıdır. Murad da mənim olduğu qədər bu Vətənin övladıdır. Bütün şəhidlərimiz mənim balalarımdır”.
Tədbirdə çıxış edən Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov Milli Qəhrəman Murad Mirzəyevin müqəddəs bir amal uğrunda şəhd olduğunu dilə gətirib. İ.İsmayılov qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan xalqının igid oğullarının şücaət dolu döyüş yollarının təbliği ilə bağlı bir sıra layihələrin həyata keçirilməsinə başlayıb. İ.İsmayılov Murad Mirzəyev kimi oğulların şərəfli ömrünün gələcək nəsillərimizə örnək olduğunu vurğulayıb.
Daha sonra şəhid qəhrəmanımızın qəbri üstundə dualar oxunub, Vətən uğrunda şəhid olmuş Azərbaycan oğullarının xatirəsi yad edilib. Mərasim Yasamal rayonunda, şəhid qəhrəmanımızın yaşadığı həyətdə davam etdirilib. Mərasimə gələnlər Murad Mirzəyevin qısa, amma örnək həyatı boyunca əldə etdiyi təltif və diplomlarla, eləcə də fotostendlə tanış olublar. Qeyd edək ki, 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində dünyaya göz açan M.Mirzəyev 1991-ci ildə qəbul olduğu C.Naxçıvanski adına Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə (Kara Harb Okulu) daxil olub və 1998-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Daha sonra Murad Mirzəyev Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmətini davam etdirib. XTQ-də xidmət etdiyi müddətdə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra Briqada komandiri vəzifəsinə qədər yüksəlib. Xidmət etdiyi dövrdə 2 dəfə “Qüsursuz xidmətə görə”, 2 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, 3 dəfə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı” ilə təltif edilib. Murad türk, rus, ingilis və erməni dillərini mükəmməl bilirdi.
Murad Mirzəyevlə bağlı xatirələrini bizimlə bölüşən şəhid qəhrəmanımızın bibisi Leyla xanım Muradın hər zaman nümunəvi bir insan olduğunu deyib. M.Mirzəyevin hərb sahəsinə, eləcə də idmana uşaqlıqdan həvəs göstərdiyini söyləyən Leyla xanım qardaşı oğlunun intizamlı, hər bir mənada əsl hərbçi ömrü yaşadığını dilə gətirib. Kəndlərində, qohumlarında Muradı özünə örnək seçən bir sıra gənclərin də hərbi sahəyə üz tutduğunu vurğulayan Leyla xanım bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şəhid Murad Mirzəyevin dayısı Mərdan müəllim bacısı oğlunun şücaəti ilə fəxr etdiyini bildirib. Qohumluq əlaqəsi ilə yanaşı Muradla həm də həyatda dost olduqlarını dilə gətirən Mərdan müəllim Muradın məhz hərb üçün dünyaya gəldiyini vurğulayıb: “Həyatının bütün məqamlarında çox ciddi idi. Məsuliyyətliliyi, düzgünlüyü, qətiyyəti ilə seçilirdi. Hər kəsin sevimlisi idi. Çox böyük itkidir. İstər ailəmiz, istərsə də Azərbaycan xalqı üçün. Muradın göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək səviyyədə dəyərləndirilib, ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ölkə Prezidentinə təşəkkürümüzü bildiririk”.
Şəhid qəhrəmanımızla bağlı xatirələrini bölüşən Murad Mirzəyevin sinif yoldaşı Hacı Taleh də Muradın öz sinif yoldaşları üçün əziz olduğunu deyib. Uşaqlıqdan dost olduğu Murad Mirzəyevin vətənpərvər bir insan olduğunu dilə gətirən şəhid qəhrəmanımızın sinif yoldaşı Azərbaycan xalqının bütün şəhidləri ilə fəxr etdiklərini söyləyib.
Şəhid Murad Mirzəyev ailəli idi. Özündən sonra iki yadigarı
- oğlu Nurlan və qızı Dəniz qaldı. Murad Mirzəyevin atası Telman kişi bildirib
ki, Dəniz indi də deyir
ki, “atam düşmən erməniləri
öldürməyə gedib...”
Biz də şəhid qəhrəmanımıza Allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun!!!
Pərviz SADAYOĞLU
Yeni azərbaycan.-
2016.- 20 may.- S.6