“Dövlət informasiya
siyasəti” monoqrafiyasının təqdimatı olub
Təqdimat mərasimində çıxış edənlər monoqrafiyanı Azərbaycan jurnalistikasına beynəlxalq media müstəvisində yeni baxış kimi səciyyələndiriblər
Mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun “Dövlət informasiya siyasəti (KİV timsalında)” monoqrafiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, elmi məsləhətçiləri AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu, rəyçiləri BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovdur.
Monoqrafiyanın təqdimat mərasimində çıxış edən Əflatun Amaşov müəllif haqqında məlumat verərək bildirib ki, Xalid Niyazov uzun müddət mətbuatda çalışıb, hazırda isə İTV-də yayımlanan “Media və zaman” proqramının rəhbəri və aparıcısıdır. Bir çox publisistik yazıların, kitabların müəllifidir. Eyni zamanda elmi fəaliyyətlə məşğuldur. O, monoqrafiyasında dövlət, cəmiyyət və media münasibətlərini müasir müstəvidə əks etdirib. Bu, Azərbaycan jurnalistikasına beynəlxalq media müstəvisində yeni bir baxışdır.
Üç fəsildən ibarət olan monoqrafiyada modernləşməkdə olan cəmiyyətin siyasi sisteminin dövlətin informasiya siyasətinə təsiri öyrənilib, inkişafın Azərbaycan modeli şəraitində dövlətin informasiya siyasətinin məqsəd və vəzifələri şərh edilib, siyasi sistemin modernləşməsi şəraitində dövlət informasiya siyasətinin formalaşması ilə bağlı tövsiyələr irəli sürülüb. Həmçinin KİV-in cəmiyyətdə siyasi sistemin optimallaşdırılmasında, dövlət informasiya siyasətinin modernləşmə prosesində rolu, müasir şəraitdə dövlət informasiya siyasətinin formalaşdırılmasının xüsusiyyətləri və digər aktual məsələlər araşdırılıb.
Ə.Amaşov qeyd edib ki, modernləşmə hələ XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika ilə birgə yaranıb və bu sahədə bir sıra islahatlar həyata keçirilib. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra siyasi modernləşmə də müvəqqəti dayanıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda modernləşmə istiqamətində davamlı addımlar atılmaqdadır.
Əsərdə dövlət informasiya siyasətinin tənzimlədiyi və ehtiva etdiyi münasibətlərin dairəsinə, həll etdiyi praktik və nəzəri-politoloji məsələlərin kontentinə görə çox geniş anlayış olduğu qeyd edilib. Həmçinin dövlət hakimiyyəti və idarəetmə orqanlarının informasiya-analitik təminatı problemlərinin, idarəetmə strukturlarının informasiyalaşdırılması, vahid informasiya məkanının yaradılması məsələlərinin öyrənilməsi zərurəti də önə çəkilib.
Milli Məclisin deputatı, Bakıda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirib ki, kitabda açıq cəmiyyət, bu cəmiyyətdə informasiya, KİV və dövlət məsələləri əksini tapıb. Bu baxımdan monoqrafiya ciddi elmi əsər kimi qiymətləndirilə bilər.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev çıxışında jurnalistikanın Azərbaycanda sadəcə ictimai fəaliyyət sahəsi kimi deyil, intellektual düşüncə sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahə akademik normalarla öyrənilməli, tədqiq edilməlidir. “Dövlət informasiya siyasəti” monoqrafiyası bu istiqamətdə ilk addım kimi təqdirəlayiqdir.
Jurnalistika sahəsində araşdırmaların dərin intellektual keyfiyyətlər tələb etdiyini bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, monoqrafiyanın tədqiqat mövzusunun aktuallığı, bölmə və paraqraflarının bir-birini tamamlaması əsərin elmi çəkisini artırır. Araşdırılan məsələlər hüquqi dövlət kontekstində nəzərdən keçirilir və müəllif medianın inteqrativ xüsusiyyətlərini önə çəkir.
BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, BDU-nun professoru İzzət Rüstəmov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildiriblər ki, jurnalistikaya yeni yanaşmanın məhsulu olan bu kitab Azərbaycan siyasi elminə bir töhfədir. Müəllifin məqsədi problemin Azərbaycan milli siyasətşünaslıq elmində, sosiologiya və jurnalistikasında ilk dəfə nəzəri-konseptual, sistemli və kompleks şəkildə araşdırılmasından ibarətdir.
Bildirilib ki, dövlət informasiya siyasəti tənzimlədiyi və ehtiva etdiyi münasibətlərin dairəsinə, həll etdiyi praktik və nəzəri-politoloji məsələlərin kontentinə görə çox geniş anlayışdır. Təqdim edilən elmi əsərdə dövlət informasiya siyasətinin ümumi anlayışı, siyasi sistemin müxtəlif institutları ilə qarşılıqlı əlaqəsi, cəmiyyətin informasiyalaşması və informasiya əldə etmə ehtiyaclarının təmin edilməsi prosesindəki iştirakına toxunmaqla, əsas ağırlıq KİV-in həmin siyasətin həyata keçirilməsindəki yerinə və roluna ayrılıb.
Kitabın müəllifi təqdimat mərasiminin iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, monoqrafiyada Azərbaycanın dövlət informasiya siyasəti və siyasi sistemin modernləşməsi qarşılıqlı əlaqə şəraitində nəzərdən keçirilib, dövlətin müasir informasiya siyasətinin təşəkkülündə siyasi institutların rolu müəyyənləşdirilib. Müəllif keçid transformasiyaları şəraitində vətəndaş cəmiyyəti ilə dövlət, hakimiyyətlə xalq arasında informasiya mübadiləsi və kommunikasiyanın spesifik vasitəsi kimi dövlət informasiya siyasətinin atributiv və texnoloji parametrlərini açıqlayan nəzəri modelin hazırlanmasına səy göstərib.
Elmi əsərdə, həmçinin informasiya
siyasətinin təhlilinin mümkün paradiqmal əsasları
araşdırılıb, daha optimal tədqiqat modelləri seçilib.
İnformasiya siyasətinin atributiv
xüsusiyyətləri açıqlanıb, onun
reallaşdırılmasının prinsip
və mexanizmləri təhlil edilib,
dövlətin informasiya-siyasi sferada rolu dəqiqləşdirilib,
“dövlət informasiya siyasəti”
anlayışının müəllif traktovkası verilib.
Yeni Azərbaycan
- 2016.- 26 may.- S.5