Torpaq əgər uğrunda ölən varsa, Vətəndir
Xalqımız Vətən
uğrunda şəhid olan Mahir Mirzəyevin xatirəsini əbədi
yaşadacaq
İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməməsi, münaqişənin mümkün qədər uzanması üçün bütün təxribatlara əl atır. Elə bu il aprelin əvvəlində də düşmən cəbhə boyu təxribatlara əl atdı, mövqelərimizə hücum etdi. Amma Azərbaycan Ordusu düşmənə tutarlı cavab verdi, işğalçılar xeyli itkilərə məruz qaldılar. Həmin vaxt düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Mahir Sabir oğlu Mirzəyevdir. Qeyd edək ki, Mahir 1994-cü il fevralın 17-də Bakıda dünyaya gəlib. Anası Gülzar xanım Fatmayı orta məktəbində müəllimə işlədiyi üçün o, 2000-2005-ci illər ərzində, yəni 5-ci sinfə qədər orada oxuyub. Daha sonra isə ailə Nərimanov rayonuna köçdüyü üçün Mahir 36 saylı tam orta məktəbdə təhsilini başa vurub.
“Mahir deyirdi ki, əsgərlik kişilik məktəbidir”
Atası Sabir müəllim deyir ki, orta məktəbdə
oxuduğu illərdə oğlu haqqında müəllimlərdən
yalnız xoş sözlər eşidib: “Məktəbdə əlaçı
idi. Mahir hər bir işdə fərqlənirdi. Çox
yaxşı oxumaqla yanaşı, hər bir işdə mənə
kömək edirdi. 2011-ci ildə ali məktəbə imtahan
verdi və 600-dən çox bal toplayaraq Dövlət
İqtisad Universitetinə ödənişsiz qəbul olundu. Bu ali məktəbi
də uğurla başa vurandan sonra magistraturaya qəbul olundu.
Dedi ki, hərbi xidmətə gedib qayıdandan sonra magistratura
təhsilimi davam etdirəcəyəm. O deyirdi ki, əsgərlik
kişilik məktəbidir və hər kəs vətən
qarşısında borcunu verməlidir”.
Atası deyir ki, Mahir hər bir işdə mahir idi. Çünki o, bir çox
işləri bacarırdı: “Təhsil ala-ala kompüter
kurslarına gedərək bu sahədə yaxşı bilik
qazanmışdı. Eləcə də 2015-ci
ildə ölkəmizdə keçirilən ilk Avropa
Oyunlarının könüllüsü oldu. Həmçinin “ASAN xidmət”də də
könüllü kimi fəaliyyət göstərib. Buna görə də müvafiq təşkilatlar tərəfindən
ona sertifikatlar, təşəkkürnamələr verilib”.
Beləliklə,
Mahir ali təhsilini başa vurduqdan sonra
2015-ci ilin iyul ayında Nərimanov rayonundan hərbi xidmətə
göndərilib və Tərtər istiqamətində cəbhə
xəttində qulluq edib. Atasının dediyinə
görə, sonuncu dəfə evə yanvarın 17-dən 27-dək
məzuniyyətə gəlib. Onun bu gəlişi
ailə üçün toy-bayrama çevrilib. Amma nə
biləydilər ki, bu, onun son gəlişidir...
Sabir
müəllim deyir ki, Mahir hərbi xidmətdə də
nümunəvi olub: “Onun komandiri ilə görüşəndə
Mahir haqqında çox xoş sözlər dedi. Mən övladımla qürur duyuram. Mahirin arzusu torpaqlarımızın işğaldan
azad edilməsi idi. O, bu yolda da şəhid oldu. Həmişə deyirdi ki, mənimlə fəxr edəcəksiz”.
Sabir Mirzəyev
övladının torpaqlarımızın
işğalçılardan azad edilməsində
iştirakından qürur duyduğunu bildirib: “Mən qürur
duyuram ki, yeganə oğlumun torpaqlarımızın
işğaldan azad olunmasında xidməti var, o, bu yolda şəhid
oldu. Lazım gələrsə, mən də əlimə
silah götürüb övladımın yolunu davam etdirməyə
hazıram”.
“Gözləyirdik
toyunu edək...”
“Valideynləri işlədiyi üçün çox
zaman onu mən saxlayırdım, 7 yaşına qədər mən
böyütdüm. Elə gözəl uşaq idi ki... Bir müddət bir
yerdə yaşadıq, kiçik oğlumu evləndirdim, onlara
da ev aldıq, köçüb ayrı
yaşadılar. Amma Mahir mənə tez-tez
baş çəkirdi. Məktəbdə əlaçı
idi, öz biliyinə ali məktəbə
daxil oldu”. Bunu isə şəhidin nənəsi
Yaygül Mirzəyeva deyib.
Onun
sözlərinə görə, Mahirin özü hərbi xidmətə
can atırdı. Çünki torpaqlarımızın
işğal altında olması ona rahatlıq vermirdi:
“Danışanda deyirdim ki, özünü gözlə. O da
cavabında deyirdi ki, ay nənə, vətənə canım
qurban. Əsgərliyə getməsindən də
çox razı idi. Mənim balam çox
tərbiyəli, mərifətli idi. Bizdə
qalanda özü üçün yeməkləri də
hazırlayırdı, heç kimi incitməzdi. Bir dəfə deməzdi ki, nənə, mənə
bir stəkan çay ver. Ötən ildə də
bacısı Aygülün toyu oldu. Gözləyirdik
ki, hərbi xidmətdən qayıtsın və onun toyunu edək.
Mən həmin günü arzulayırdım.
Bu ilin yanvarında da məzuniyyətə gəlmişdi.
Təsəlli tapıram ki, məzuniyyətdə
olduğu 10 günün 4 gününü öz yanımda
saxladım. Əsgərlikdən də
razı idi, deyirdi ki, orada hər şeylə təmin edirlər.
O həm də mömin idi, oruc tutub, namaz qılırdı. Mahir mənim ilk nəvəmdir. Bəlkə də,
buna görə onun ölümü məni çox
yandırır... O, üç evin oğul nəvəsi idi...
Balam elə ağıllı, kamallı idi... Dəfn
olunandan bir gün sonra yuxuma girdi. Məni
çağırdı ki, gəl həyətdə güllərə
bax. Baxdım, o, ağ çiçəklərin
arasında dayanıb mənə baxırdı... Mənim arzum budur ki, Mahirin qanı yerdə
qalmasın, torpaqlarımız düşmənlərdən
azad olunsun. Bundan sonra şəhidlərimizin
ruhu rahatlıq tapacaq”.
“Qardaşım
arzusuna çatdı...”
Mahir həm də qayğıkeş qardaş olub. Bacısı
Aygülü dinləyərkən belə qənaətə gəlmək
olur. Aygül Mirzəyeva qardaşının həmişə
ona dayaq olduğunu bildirib: “Biz bir yerdə
böyümüşük, oynamışıq,
deyib-gülmüşük. O, həmişə yanımda olub,
həmişə dəstək olub. Dərslərimdə
də kömək edib, heç zaman məni tək
qoymayıb. Həmişə mənə məsləhət
verirdi, düz yola yönəldirdi, vaxtımı boş
keçirməməyi məsləhət görürdü.
Mənə deyirdi ki, həmişə
gününü elə yaşa ki, sanki son günündü.
Onun məsləhəti ilə oxudum, ali məktəbə
qəbul oldum. Özü də çox fəal
idi, bir yerdə dayanmırdı, ingilis və ərəb dillərini
öyrəndi. Mahirin arzusu Qafqaz Universitetinə
daxil olmaq idi. O, yüksək bal
toplayaraq Dövlət İqtisad Universitetinə daxil olaraq
bakalavr təhsilini uğurla bitirdi. Magistraturaya isə Qafqaz
Universitetinə qəbul olundu, dedi ki, əsgərliyə
gedib-gələndən sonra bu təhsilimi davam etdirəcəm”.
Aygül
deyir ki, Mahir məzuniyyətə gələndə ona
sürpriz edib: “Sürpriz də bu idi ki, evə mənim ad
günümdə gəlmişdi. Mənə əsgərlik
həyatından danışdı. O, məzuniyyətə
gələndə tamam dəyişmişdi. Üzündə
nur var idi, kökəlmişdi. Artıq məzuniyyəti
başa vurub gedəndə evdə hamı ilə
görüşdü, amma qayıdıb bir də
sağollaşdı. Anama dedi ki, başını dik tut,
mənə nəsə olsa, ağlamayın, həmişə
mənimlə fəxr edin. Dedi və getdi... Qardaşımın
yoxluğu ağır itkidir. Qısa olsa
da, amma şərəfli ömür yaşadı. Təskinlik onda tapırıq ki, şəhidlik zirvəsinə
yüksəldi. Torpaqlarımızın
işğaldan azad olunması onun ən böyük arzusu id.
Əsgərliyə gedəndə də sinif
yoldaşlarına, müəllimlərinə deyibmiş ki,
gedirəm şəhid olmağa və bu arzusuna da
çatdı...”
“O, təkcə
bizim ailənin deyil, bütün Azərbaycanın oğludur”
Ümumiyyətlə, Mahir həmişə
özünün davranışları ilə də
yaxınlarının hörmətini, rəğbətini
qazanıb.
Onun bibisi Zemfira xanım bu keyfiyyətləri ilə
yanaşı, Mahiri mərd, qorxmaz oğul kimi də
xatırlayır: “Mahir anadan olanda 3-4 yaşına qədər
bizim yanımızda böyüyüb. Çox
sadə, sözəbaxan, tərbiyəli oğlan idi. Nə
iş tapşırsan, əməl edirdi və heç nəyə
də etiraz etmirdi. İndi onun haqqında
danışmaq asan deyil. İnanmıram ki,
Mahir yoxdur. O, ailəmizin fəxri idi. Əsgərliyə
gedən arıq oğlan idi. Amma 6 ay sonra məzuniyyətə
gələndə əsl əsgər
görünüşü almışdı. Belə bir deyim var ki, əsgərlik kişilik məktəbidir.
Mən bunu Mahirin timsalında da gördüm.
O, çox mərd, qorxmaz oğul idi. Onun şəhidlik
zirvəsinə ucalması da bunu təsdiqləyir”.
Əmisi
Samir Mirzəyev də deyir ki, Mahir əsl qəhrəman idi:
“O, təkcə bizim ailənin deyil, bütün Azərbaycan
xalqının oğludur”.
Amma Mahirin digər bir müsbət xüsusiyyəti
özündən kiçiklərə də böyük
hörmətlə yanaşması idi. Əmisi qızı Xədicənin
dediklərindən belə aydın olur. Xədicə
deyir ki, Mahirin yoxluğu ağır itki olsa da, Vətən
uğrunda şəhid olub: “Mahir keçən il iyulun 6-da hərbi
xidmətə getdi. Ayın 5-də isə mənim
ad günüm idi. Mənim ad günüm
həm də onun yolasalma mərasimi kimi də oldu. Mənə
dedi ki, inşallah, bir il sonra sənin ad
günündə qayıdacam və birbaşa sənin ad
gününə gələcəm. O deyirdi ki, vətən
bizim hər şeyimizdir və mənə həmişə vətənpərvər
olmağı tövsiyə edirdi”.
Bir
sözlə, Mahir həm ailədə, həm qohumları, həm
də dost-tanışları arasında həmişə hörmət
qazanıb, etibarlı dost kimi özünü doğruldub. Elə
sinif yoldaşı Tural İbrahimov da Mahiri belə
xatırlayır: “O, dərslərini əla oxuyardı, həmişə
başqalarından fərqlənərdi. Müəllimlər
də həmişə ondan razı idilər. Mən hərbi xidmətə ondan tez getmişdim.
Məzuniyyətə gələndə gəlib
məndən əsgərlik həyatı ilə
maraqlanırdı və orduda xidmət etməyi çox
arzuladığını deyirdi. Elə
oldu ki, mən xidmətimi başa vurdum. Mahir mənə
dedi ki, “sən gəldin, indi də mən
gedirəm”. O, məzuniyyətə gələndə də
görüşdük, söhbət etdik. Söhbətimizdə
mənə bir daha aydın oldu ki, Mahir çox vətənpərvərdir,
o, vətən yolunda da özünü qurban verdi...”
Qeyd edək ki, Mahirin dəfn mərasimi Biləcəri qəsəbəsində
nənəsigilin evində olub. Şəhidin dəfn
mərasimi izdihamlı bir mitinqə çevrilib. Vətən uğrunda canını fəda edən
Mahir Mirzəyevi son mənzilə böyük izdihamla yola
salıblar.
Dəfn mərasimində Nərimanov və Binəqədi
rayonunun rəhbərliyi, millət vəkilləri, Müdafiə
Nazirliyinin əməkdaşları iştirak ediblər. Eləcə də
ictimaiyyət nümayəndələri bu ailəyə
böyük mənəvi dəstək göstəriblər.
Şəhid Mahir Mirzəyevin qırx mərasimi
isə mayın 19-da keçirilib. Şəhidin
təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə
görə” 3-cü dərəcəli medal onun atasına təqdim
edilib. Həmçinin rayon rəhbərliyi, Milli Məclisin
deputatları, Müdafiə Nazirliyinin əməkdaşları,
şəhidin yaxınları, gənclər və ictimaiyyətin
nümayəndələri şəhidin ərazi
bütövlüyü uğrunda canını fəda etdiyi
torpağa tapşırıldığı məkana gələrək
onun məzarını ziyarət ediblər.
Eyni
zamanda, Mahirin təhsil aldığı 36 saylı tam orta məktəbdə,
Dövlət İqtisad Universitetində və “ASAN xidmət” mərkəzində
də onun xatirəsinə həsr olunmuş guşə
yaradılıb. Şəhidin ailəsi
insanların bu mənəvi dəstəyinə görə təskinlik
tapır. Onların yeganə arzuları
budur ki, torpaqlarımız işğaldan azad edilsin,
bütün şəhidlərin ruhu şad olsun. Azərbaycan dövlətinin siyasəti, ordumuzun
gücü məhz bu məqsədə xidmət edir.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 26 may.- S.6