Ölkəmizdə
yol tikintisi uğurla davam etdirilir
Dövlət
proqramlarının icrası nəticəsində bu istiqamətdə
regionlarda mühüm addımlar atılıb
Azərbaycanda həyata keçirilən uğurlu
inkişaf strategiyası regionların davamlı sosial-iqtisadi tərəqqisinə
də mühüm töhfələr verir. Bu kontekstdə
regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilən Dövlət proqramları çərçivəsində
görülən işlər bölgələrin tarazlı
inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, kommunal
infrastruktur daha da yaxşılaşdırılıb, rabitə
və digər xidmətlərin səviyyəsi yüksəlib,
çoxsaylı sənaye, kənd təsərrüfatı,
xidmət, ticarət müəssisəsi fəaliyyətə
başlayıb.
Beləliklə, dövlət
başçısının müvafiq fərmanları ilə
təsdiqlənən və ölkəmizdə 2004-cü ildən
uğurla reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları çərçivəsində
həyata keçirilən layihələr Azərbaycanı
infrastruktur təminatı baxımından dünyanın ən
qabaqcıl ölkələri sırasına
çıxarıb.
Bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat
infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini
xarakterizə edən əsas cəhətlərdəndir. Yuxarıda da
vurğuladığımız kimi, son 12 ildə regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
çərçivəsində respublikanın bütün
bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində
irimiqyaslı layihələr həyata keçirilib, dünya
standartlarına cavab verən yeni yollar çəkilib, yol
ötürücüləri, körpülər, yeraltı və
yerüstü piyada keçidləri tikilib. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına
uyğun olaraq bütün ölkə boyu yaradılan
müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın
tranzit imkanları əhəmiyyətli dərəcədə
artıb və respublikamız bütövlükdə regionun nəqliyyat
mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat
infrastrukturunun yenilənməsi ilə bağlı statistika
kifayət qədər zəngindir. Dövlət
proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və
avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə
tutulub. Artıq nəzərdə tutulan
layihələrin bir çoxu yüksək səviyyədə
tamamlanıb.
Eyni zamanda, hazırda da bu yöndə işlər
uğurla davam edir. Məlumat üçün bildirək ki,
Prezident İlham Əliyev mayın 13-də Gədəbəy
rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun
tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam
imzalayıb. Sərəncama əsasən yeddi min nəfər
əhalinin yaşadığı 5 yaşayış məntəqəsini
birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyətinə 2,5 milyon manat ayrılıb.
Onu da
bildirək ki, “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na əsasən
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin (Qəndob-Rusiya sərhədi)
yenidən qurulması işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, I
texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 kilometr, hərəkət zolaqlarının
sayı 4, ayırıcı zolağının eni 5 metr,
örtüyün tipi asfalt-betondur. Layihə üzrə yol
yatağının eni 28 metr, hərəkət
zolaqlarının eni 3,75 metr olmaqla hərəkət hissəsinin
eni isə bir istiqamət üzrə 7,5 metr, çiyinlərin
eni 3,75 metr olacaq. Yolda hesabi sürət 120
kilometr/saat nəzərdə tutulub.
Layihədə
23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli
böyük yol ötürücüsü, 4 ədəd
müxtəlif səviyyəli kiçik yol
ötürücüsü, 15 ədəd körpü, beynəlxalq
qaz və neft boruları üzərində yük
ötürücü 7 ədəd qurğu, kəndlərarası
düzbucaqlı qurğu ilə 27 yol keçidi, 313 yerdə
müxtəlif diametrlərdə suötürücü borular
və digər dəmir-beton qurğuların tikintisi, elektrik,
rabitə, su və qaz xətlərinin köçürülməsi
nəzərdə tutulub.
Hazırda sözügedən avtomobil yolunda torpaq işləri
görülür, yol yatağı və yol əsası
tikilir, bundan başqa, su və yeraltı keçidlərin,
körpülərin inşası aparılır. İşlər
tərtib olunmuş cədvələ uyğun həyata
keçirilir və vaxtında yekunlaşdırılması
üçün əraziyə lazımi sayda qüvvə cəlb
olunub.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” çərçivəsində Gəncə şəhərinin
Zazalı-”İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun
tikintisi də davam etdirilir. Layihəyə uyğun olaraq
hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun
olaraq 12-18,5 metrə qədər genişləndirilir.
Avtomobil yolunun ilk 8 kilometrlik hissəsi 3-cü
texniki dərəcəyə uyğun yenidən qurulur. Burada 2 hərəkət zolaqlı olmaqla yol
yatağının eni 12 metr, yolun hərəkət hissəsinin
eni isə 8 metr olacaq. Yolun 8-19 kilometrlik
hissəsi isə 2-ci texniki dərəcəyə uyğun
tikilməklə 4 hərəkət zolağından ibarət
olacaq. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə
12 metr təşkil edəcək.
Layihəyə
uyğun olaraq yol boyu hər bir istiqamət üzrə 2 metr
enində çiyinlərin, yaşayış məntəqələrindən
keçən hissələrdə vətəndaşların təhlükəsizliyini
təmin etmək üçün isə 2 metr enində piyada
səkilərinin tikintisi işləri aparılır. Piyada səkilərinin kənarlarına və zəruri
olan yerlərə 51 min poqonmetr səki daşının
düzülməsi nəzərdə tutulub. Bundan başqa, tikinti işləri çərçivəsində
əkin sahələrinə suların ötürülməsi
üçün avtomobil yolunun altından borular qoyulacaq, drenaj
işləri üzrə zəruri olan yerlərdə
açıq beton küvetlər tikiləcək. Hazırda sözügedən yolda torpaq işləri
görülür, mövcud yol 1 metrə qədər
qazılaraq yeni yol yatağı və yol əsası tikilir,
mövcud dəmir yolu üzərində yerləşən
avtomobil körpüsü təmir olunur. Sözügedən
körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət
hissəsinin eni isə 7 metrdir. Körpüdə
hər bir istiqamət üzrə 1 metr enində piyada səkiləri
də tikilib.
Yenidənqurma işləri çərçivəsində
yolun 8-ci kilometrliyində yerləşən Gəncə
çayı üzərindəki körpünün isə təmiri
yekunlaşıb. İki aşırımlı
körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət
hissəsinin eni isə 8 metrdir. Körpüdə
vətəndaşların təhlükəsiz hərəkəti
üçün 1 metr enində piyada səkisi də tikilib.
Torpaq işləri yekunlaşandan sonra yolun hərəkət
hissəsinə ikiqat olmaqla yüksək keyfiyyətli
asfalt-beton örtüyünün döşənməsi
işləri aparılacaq. Ümumilikdə
200 min kvadratmetr ərazinin asfaltlanması nəzərdə
tutulub. Tikinti işləri tərtib
olunmuş cədvələ uyğun aparılır və
vaxtında yekunlaşdırılması üçün əraziyə
lazımi sayda qüvvə cəlb olunub.
Yolun tikintisi ilə yol üzərində yerləşən
yaşayış məntəqələrinin sakinlərinin Gəncə
şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan
ilə dövlət sərhədi yoluna rahat və maneəsiz
şəkildə gediş-gəlişi təmin olunacaq.
Qeyd edək ki, Dövlət proqramı çərçivəsində
Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri
də davam etdirilir. Uzunluğu 34 kilometr olan yolun III texniki dərəcəyə
uyğun yenidən qurulması layihəsi çərçivəsində
torpaq yatağının eni 13 metr, hərəkət hissəsinin
eni 9 metr, hərəkət zolaqlarının sayı 2,
çiyinlərin eni isə 2 metrdir. Yolun tikintisinə
lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Artıq yolun 7 kilometrdən çox hissəsində
əsaslı tikinti işləri görülüb. Tikinti işlərinin aparıldığı hissədə
yararsız qrunt qazılaraq çıxarılıb və kənara
daşınıb, yeni yol əsası tikilib, karbonat materialı
tökülərək kipləşdirilib.
Yenidənqurma
işlərinin aparıldığı ərazinin 5 kilometrlik
hissəsinə ikiqat olmaqla 20 santimetr
qalınlığında, 1,5 kilometrlik hissəyə isə
bir qat olmaqla 10 santimetr qalınlığında müasir
standartlara cavab verən asfalt-beton örtüyü döşənib.
Bir kilometrlik hissədə isə yeni asfalt-beton
örtüyünün döşənməsi
üçün yol tam hazır vəziyyətə gətirilir.
Bundan əlavə, ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yolun tikintisi işləri çərçivəsində 300 min kvadratmetr sahəyə 3 qat olmaqla 25 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.
Onu da vurğulayaq ki, yol tikintisi ilə əlaqədar beynəlxalq maliyyə təşkilatları ilə fəal əməkdaşlıq edilir. Ötən ay “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında “Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi imzalanması da buna sübutdur. “Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə” üzrə kredit sazişi çərçivəsində 140 milyon ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 milyon ABŞ dollarıdır. Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Bu, magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.
Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci kilometrlik hissələrinin 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 kilometrlik hissələrinin yenidən qurulması layihələri daxildir.
Sazişin imzalanması mərasimində qeyd olunub ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70 faizdən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27,50 metr, ayırıcı zolağın eni 5 metr, hərəkət hissəsinin eni 15 metr, çiyinlərin eni isə 7,5 metrdir. Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci kilometrlik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə - smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29,5 metr, ayırıcı zolağın eni 1metr, bərkidici zolaq 1,5 metr, hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 metr, səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2016.- 27 may.- S.8