Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının XIV hesabat-seçki
konfransı keçirilib
26-da Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XIV hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri və başqaları iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə şuranın keçdiyi yola nəzər salıb, sonuncu konfransdan ötən müddətdə görülən işlərdən, reallaşdırılan layihələrdən danışıb. Son dörd ildə Şuranın başda Azərbaycan Prezidenti olmaqla dövlətin yüksək diqqət və qayğısı ilə tam əhatə edildiyini vurğulayan Ş.Seyidzadə bu müddətdə qurumun üzvlərinin sayının 72-dən 114-ə çatdığını deyib. Bildirib ki, ARGTMŞ fəaliyyətində daim ona göstərilən etimadı doğruldaraq ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak etməyə çalışıb, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Tədbirdə sonuncu konfransdan ötən müddətdə fəallığı ilə seçilən gənclər təşkilatlarının təmsilçiləri mükafatlandırılıblar.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, bu gün Ədliyyə Nazirliyində 3 minədək qeyri-hökumət təşkilatı qeydiyyata alınıb ki, onların da 300-ü gənclər təşkilatıdır. Üzvlərinin sayına görə ARGTMŞ-nin Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olduğunu deyən T.Süleymanov şuranın beynəlxalq əlaqələrini sürətlə genişləndirərək Avropa Gənclər Forumuna və digər nüfuzlu gənclər platformalarına üzv olmasının əhəmiyyətini qeyd edib. Prezident Administrasiyasının rəsmisi Forumun qərarına əsasən, 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilən Gəncənin Avropa İttifaqının hüdudlarından kənarda, habelə MDB-də bu etimada layiq görülən ilk şəhər olmasının əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərlə əlaqədar imzaladığı Sərəncamın dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisi olduğunu nəzərə çatdıran T.Süleymanov həmin sənəddə üç vacib amilin xüsusi vurğulandığını qeyd edib. Birinci amilin Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin olduğunu bildirən şöbə müdirinin müavini deyib: “Həqiqətən də, müstəqillik dövründə Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan nadir ölkələrdən biridir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondu da fəaliyyət göstərir. Bundan başqa, Azərbaycanda digər ölkələrdən fərqli olaraq, gənclər təşkilatları ilə yanaşı, fərdi şəxslərin də layihələri dövlət tərəfindən dəstəklənir. Fondun fəaliyyət göstərdiyi dörd il ərzində keçirilən səkkiz müsabiqə çərçivəsində 3226 layihə maliyyələşdirilib ki, onların da üçdə ikisi fərdi gənclərin payına düşür”.
Sərəncamda qeyd olunan ikinci amil kimi, Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olduğunu vurğulayan T.Süleymanov bu baxımdan son illərdə ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirləri xatırladıb. Qeyd edib ki, dövlətimizin başçısının imzaladığı Sərəncamda qeyd olunan üçüncü amil isə Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının yüksək səviyyədə olmasıdır.
ARGTMŞ-nin konfederativ qurum kimi fəaliyyətini yüksək qiymətləndirən Prezident Administrasiyasının rəsmisi hesabat-seçki konfransının işinə və Şuranın fəaliyyətinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Şuranın sıralarında bu gün ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən minlərlə gəncin yetişdiyini diqqətə çatdırıb. O, Gənclər Fondunun Şura ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq qurumun fəaliyyətini yüksək qiymətləndirib.
Dünya Gənc Türk Yazarlar Birliyinin Məşvərət Şurasının sədri Əkbər Qoşalı, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək Şuranın XIV hesabat-seçki konfransının 28 May - Respublika Günü ərəfəsində keçirilməsini əlamətdar hadisə kimi qeyd ediblər. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ARGTMŞ-nin rolunu xüsusi qeyd edən natiqlər Şuranın yerli və beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin və layihələrin həyata keçirilməsində fəal iştirak etdiyini bildiriblər.
Fasilədən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində ARGTMŞ-in baş katibi Seymur Hüseynov şuranın sədri seçilib. Sədr müavinləri vəzifəsinə isə İlyas İsmayıllı və Aysun Zeynalova seçiliblər.
Konfransda şuranın mərkəzi nəzarət-təftiş komitəsinin və idarə heyətinin yeni tərkibi də müəyyənləşib, qurumun 2012-2015-ci illərdəki fəaliyyətinə dair hesabatlar dinlənilib.
Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurası
1995-ci ildən fəaliyyət göstərir. Şuranın məqsədi
gənclərin bilik və
bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə
yönəltməkdir. Bu gün Azərbaycanın ən böyük
gənclər platforması olan Şura 114 gənclər təşkilatının
sıralarında minlərlə gənci öz
ətrafında birləşdirən konfederativ
qurumdur. ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun,
Türk Dünyası Gənclər Birliyinin tamhüquqlu üzvü, 2002-ci ildən BMT-nin
İqtisadi və Sosial
Şurasının məşvərətçi statuslu üzvüdür. Qurum, həmçinin
İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun təsisçisi və
tamhüquqlu üzvü,
Dünya Azərbaycanlı Gənclər Birliyinin, “Böyük
İpək Yolu” Beynəlxalq Gənclər
İttifaqının həmtəsisçisidir. Şura 2014-cü ilin
dekabrında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər
platformasını birləşdirən Dünya
Gənclər Assambleyasının tamhüquqlu
üzvü olub.
Yeni Azərbaycan.-
2016.- 27 may.- S.5